Sumqayıtda ağacəkmə kampaniyası genişlənir

Bir neçə həftədir ki,  Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın layihəsi əsasında “Ümumrespublika yaşıllaşdırma” aksiyası ilə bağlı Sumqayıtın bütün ərazilərini əhatə edən ağacəkmə kampaniyası davam edir. Şəhərin bütün təsərrüfatları, idarə və müəssisələri “yaşıl marafon”a qoşulub.

Son illərdə Sumqayıtın yaşıl libası onun gözəlliyini daha da artırıb. Dənizkənarı parkda, Heydər Əliyev Parkında, küçə və yaşayış ərazilərində kütləvi şəkildə ağaclar əkilir, yaşıllıqlara daimi qulluq göstərilir. Şəhər icra hakimiyyətində keçirilən müşavirədə bu məsələ geniş müzakirə edilib, ərazilərin yaşıllaşdırılması şəhər təsərrüfatının strukturları arasında bölüşdürülüb. Əkin yerlərinə su xətlərinin çəkilməsi, torpaqların hamarlanması, çalaların qazılması intensiv aparılır.

Ölkə rəhbərliyinin tapşırıq və tövsiyələrinə əsasən, “marafon” iştirakçıları Bakı-Quba magistral yolunun Sumqayıt ərazisinə düşən sahələrində “Yaşıllıq dəhlizi”nin yaradılması tədbirlərini reallaşdırırlar. Yerli iqlimə uyğun olaraq nar ağaclarının əkininə üstünlük verilir. Burada 30 mindən artıq müxtəlif ağac növlərinin əkilməsi nəzərdə tutulur.

Şəhər mənzil kommunal təsərrüfatı istehsalat istismar birliyinin yaşıllaşdırma idarəsi bütün bu tədbirlərin önündə gedir. İdarənin rəisi İlyas Həsənovun bildirdiyinə görə,  hazırda  Bakı-Quba yolunun yaşıllaşdırılması və abadlaşdırılmasına xüsusi diqqət yetirilir. Yolun 27-29-cu kilometrliyindəki ərazidə artıq xeyli yaşıllıq sahəsi yaradılıb. Oraya münbit torpaq daşınaraq hamarlanıb, yaşıl təpəciklər düzəldilib, çəmən gülləri əkilib, dekorativ ağac kolları basdırılıb. Yaşıllaşdırma idarəsinin bağbanları həmin ərazidə 2000-dən çox nar kolu, Eldar şamı və sərv ağacı əkməyi planlaşdırırlar. Artıq bu işin yarısı görülüb.

Digər təsərrüfatlar magistral yolun Hacı Zeynalabdin qəsəbəsinə qədər olan hissəsində hazırlıq işləri görürlər.

Eyni zamanda, Sumqayıtın Heydər Əliyev Parkında 500, Nəsimi adına mədəniyyət və istirahət parkında 200 Eldar şamı əkilib. Şəhərin 15-ci məhəlləsində qəzalı yataqxana binası söküldükdən sonra orada geniş abadlıq tədbirləri görülməklə 200 sərv ağacı əkilib. Ayrı-ayrı yerlərdə isə çəmənliklər 5 mindən artıq mövsümü gül əkini ilə süsləndirilib.

Sumqayıtlılar “yaşıl marafon”un təşkilinə hamılıqla dəstək verir və iməciliklərdə fəallıq göstərirlər. Təkcə “Azərikimya” İstehsalat Birliyinin kollektivi  sənaye ərazilərində iməciliklər zamanı 1000 ədəd çinar, nar, meliya, sərv, şam, əncir, ərik, gilənar, badam və xurma ağacı əkib. Kimyaçılar Səməd Vurğun küçəsi boyunca yolun hər iki tərəfində ötənilki iməciliklərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstəriblər. Bundan başqa, 17-ci mikrorayondakı 5 nömrəli uşaq bağçasının təmir-abadlıq işləri çərçivəsində həmin ərazidə 100 ağac da əkilib.

Əli ƏLİYEV,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında