Xəzəryanı ölkələr dənizin ekoloji problemlərinin həllinə xüsusi diqqət yetirməlidirlər

Zəngin təbii sərvətləri olan Xəzər dənizinin qayğıları da az deyil. Onun əsas problemlərindən biri dənizin səviyyəsinin tez-tez qalxıb-enməsidirsə, digər dərdi suyunun çirklənməsi və ekoloji şəraitin dəyişməsidir.

Xəzər dənizi tarixən insanları cəlb edib və onların öz ətrafında məskunlaşmasına səbəb olub. Xəzərin çirklənmə mənbələri onun hövzəsində, sahillərində və akvatoriyalarında yerləşən şəhərlərin və sənaye obyektlərinin çirkabının dənizə axıdılmasıdır. Eyni zamanda, dəniz nəqliyyatından və neft mədənlərindən daxil olan müxtəlif çirkləndiricilər də Xəzərə ciddi ziyan vurur.

Xəzərətrafı zonalarda 15 milyon nəfərə kimi əhali yaşayır. Onların da həyat və fəaliyyəti bilavasitə dənizlə bağlıdır. Dünyanın ən məhsuldar su hövzəsi olan Xəzər yeganə dənizdir ki, nərə balıqlarının böyük ehtiyatı (təxminən 95 faizi) burada cəmləşmişdir. Nərə cinsli balıqlar da dünya bazarında çox qiymətli sayılan qara kürünün “istehsalçısıdır”. Məhz buna görə də həmin balıqların Xəzərdəki genofondu ciddi şəkildə qorunmalıdır.

Digər tərəfdən, Xəzər neft-qaz ehtiyatı potensialına görə də dünyanın ən iri karbohidrogen xammalı mərkəzlərindən biridir. Balıq təsərrüfatı və sanitar-toksiki xüsusiyyətləri baxımından Xəzərin durumu hələ Sovetlər Birliyinin sonlarında böhran dövrünün başlanğıcı kimi qiymətləndirilirdi. 1992-ci ildə Volqa hövzəsi və Xəzərin sahil zonası “ekoloji fəlakət zonası” adlandırılmışdı.

Xəzəri çirkləndirən əsas mənbələr təmizlənməmiş sənaye məhsulları və kənd təsərrüfatı tullantıları, çay və dəniz gəmiçiliyi, quruda, dəniz sahillərində, habelə suyun dərin qatlarında qaz və neft buruqlarının istismarı, dəniz dibinin dərinləşdirilməsi işləri, atmosferdən və çaylar vasitəsilə uzaq zonalardan çirkli və zəhərli maddələrin gəlməsi və sairdir. Yeri gəlmişkən, qeyd edək ki, təkcə çaylar vasitəsilə hər il Xəzərə 40-45 kubkilometr çirkab daxil olur. Onun da 60 faizi Volqa çayının payına düşür. Əgər bu çirkli sular dənizin üst qatında bərabər paylansaydı, onda il ərzində həmin qatın qalınlığı 10-11 santimetrə çatardı. Xəzərin çirklənməsində Kür və Ural çayları da az rol oynamır. Tbilisi, Rustavi şəhərlərinin və sənaye müəssisələrinin çirkabı, həmçinin kənd təsərrüfatında işlədilən müxtəlif toksiki maddələr Kür çayı vasitəsilə Xəzərə daxil olur.

Dənizin sahillərində yerləşən Bakı, Sumqayıt, Mahaçqala, Həştərxan, Türkmənbaşı, Rəşt, Ənzəli şəhərlərindən dənizə axıdılmış  məişət tullantıları da əsas çirkləndirici mənbə hesab edilir. Bundan əlavə, dəniz neft yataqlarının istismarı və neft məhsullarının daşınması, dəniz nəqliyyatı da Xəzərin çirklənməsinə səbəb olur. Dəniz dibi qruntlarından götürülən nümunələrin tərkibində neft məhsulları, fenollar, bəzi rayonlarda isə civə olması müəyyən edilmişdir. Ən çox çirklənmiş sahə Bakı buxtası olmaqla, burada dib qruntlarının çirklənməsi bentosun azalmasına, bəzi yerlərdə isə faunanın məhv olmasına gətirib çıxarır. Dəniz sularının çirklənməsi Xəzərin ekoloji şəraitində böyük gərginliyə səbəb olmuş, onun bir sıra sahil bölgələrində ekoloji böhran yaratmışdır.

Dənizin ekoloji şəraitinə Volqa və Kür hövzələrində bir sıra sututarların yaradılması da mənfi təsir göstərmişdir. Dənizin səviyyəsi aşağı düşdüyü zaman şorluğu artır, balıqların sahil zonalarında qidalanma bölgələrinin məhsuldarlığı və sahəsi azalır. Dənizin səviyyəsi qalxdıqca suların, xüsusilə böyük çayların delta bölgələrinə yanaşan sahələrdə şorluğu azalır, balığın yem ehtiyatı artır.

Dənizin ən çox çirklənmiş sahələri ekoloji böhran sahələridir. Xəzərin çirklənməsindən danışarkən bunlar nəzərə alınmalıdır: çirkabın qeyri- bərabər paylanması dənizin ayrı-ayrı sahələrinin ciddi şəkildə çirklənməsinə səbəb olur. İkincisi, sahilboyu yaranan çirklənməni bir zonadan başqa yerə aparır. Tullantılar isə əsasən suyun üzündə - üst qatında toplaşaraq “su – atmosfer” zonası yaradır. Onda yığılmış çirkab qatı hesabına dənizin bioloji əhəmiyyətli sahələrinə çox ciddi ziyan dəyir.

Xəzər üçün ən təhlükəli çirklənmə tərkibində zərərli kimyəvi maddələr olan tullantıların dənizə axıdılmasıdır. Bunlardan neft karbohidrogenlərini, karbohidrogenləri, karbonukleidləri, xlor üzvi birləşmələrini və ağır metalları göstərmək olar. Abşeron yarımadası və Manqışlağın yarısını əhatə edən dəniz neft sənayesi və sualtı neft boruları vasitəsilə axan karbohidrogenlər buna misaldır.

Xəzəryanı ölkələrdə baş verən ictimai-siyasi proseslər, ziddiyyətli münaqişələr də dənizin ekomühitinə öz təsirini göstərib. Məsələn, 1991-ci ildən başlanan rus-çeçen müharibəsi dənizin ekosistemində müəyyən problemlər yaradıb. Hövzədə il ərzində 20-30 hərbi tullantı qeydə alınır. Burada texnogen qəzaların sayı da artıb. Belə ki, Xəzərin Rusiya sahillərində karbohidrogenlərin miqdarı Çeçenistandakı münaqişə ilə əlaqədar xeyli çoxalmışdı.

Azərbaycanın yataqlarının birgə istismarı ilə əlaqədar “Əsrin müqaviləsi” (1994) adlı saziş imzalanmışdır. Dünyanın məşhur neft korporasiyalarının qoşulduqları bu saziş ölkəmizin xam neftini dünya bazarına çıxarmaq məqsədi daşıyır. Regiondakı digər neft istehsalçıları da eyni maraqdan çıxış edirlər. Qazaxıstan və Türkmənistanda da, Abşeronda olduğu kimi, neft-qaz istehsalı mərkəzləri açılıb. Dənizin ekologiyası nə qədər nəzərə alınsa da, baş verən bəzi qəzalar zamanı çirklənmələr baş verir.

Xəzərin ekoloji problemləri onun səviyyəsinin vaxtaşırı dəyişməsi ilə də əlaqədardır. 1978-ci ildən dənizin səviyyəsi tədricən qalxaraq ciddi təhlükəyə səbəb olmuşdur. Belə ki, suyun səviyyəsinin 2,5 metr qalxması sahil zolağının il ərzində 1-2 kilometr məsafəsinin dənizin altında qalması ilə nəticələnmişdir.

10-15 il əvvəl ölkəmizin cənub bölgəsində – Lənkəran-Astara zonasında sahil zolağında yerləşən bir sıra yaşayış məntəqələri və təsərrüfat sahələri fəlakətlə üzləşdi, əhaliyə, dövlətə xeyli ziyan dəydi. Burada bir məsələni xatırlatmaq yerinə düşər. Keçmişdə ulu babalarımız heç vaxt hövzə kənarında məskunlaşmayıblar. Yalnız mövsümi xarakter daşıyan fəaliyyətlə məşğul olublar. Çünki onlar yarana biləcək təbii hadisələri düzgün qiymətləndiriblər.

Müasir insanlar isə keçmişdən öyrənmək əvəzinə, sanki, təbiəti ram edirmişlər kimi dənizin qırağında möhtəşəm sənaye obyektləri, neft-qazçıxarma qurğuları, çoxmərtəbəli yaşayış binaları və s. inşa edir, fermer təsərrüfatları yaradırlar.

 Xəzər həm də hidrodinamiki təhlükəyə məruz qalır. Bunlardan başqa, dənizin dibi palçıq vulkanlarına meyillidir. Kükürd tərkibli neft çıxarılan sahələr daha təhlükəlidir. Güclü zəlzələ baş verərsə, havaya 1000 atmosfer təzyiqlə milyon ton kükürd tərkibli karbohidrogen daxil ola bilər. Bu da qlobal fəlakətdir. İri tankerlərlə neftin daşınması da Xəzərin çirklənməsinə səbəbdir. Yeni limanların tikilməsi, gəmi istehsalı, neft və neft məhsullarının nəqli və s. suyun çirklənməsinin əsas səbəblərindəndir. Xəzərin çirklənmə mənbəyini yalnız fiziki-kimyəvi səbəblərlə əlaqələndirmək olmaz. Problemin əmələ gəlməsində bioloji çirklənmənin də payı var. Söhbət Volqa-Don kanalı vasitəsilə Azov-Qara dəniz hövzəsindən gələn yad orqanizmlərdən gedir. Belə ki, bu yaxınlarda Türkmənistana aid sektorda meduzalar (aurella aurita, mneniopsis leudyi) aşkar edilmişdir. Bu meduzalar Xəzərdə çoxalaraq vətəgə əhəmiyyətli iri balıqların qidasını yeyib tükəndirir. Məsələn, bu meduzalar kilkə ilə qidalanırlar. Kilkənin azalması onlarla qidalanan müxtəlif su heyvanlarının tükənməsi ilə nəticələnir.

Neft-qaz istismarına geniş yer verilməsi balıqçılıq təsərrüfatına mənfi təsirini göstərir. Suyun ifrat çirklənməsi balıq sənayesinə ciddi ziyan vurur. Hesablamalara əsasən, bu səbəbdən nərə balığı təsərrüfatına dəyən zərər 6 milyard, kürü biznesinə dəyən ziyan isə 10 milyard dollar təşkil edir. Xəzərə yalnız bir dövlətin yox, 5 sahilyanı ölkənin qayğı göstərməsi vacibdir. Xəzərin statusu tam müəyyənləşmədikcə dənizin nərə balığı ehtiyatı, canlıların rəngarəngliyi, ekosistemi tənəzzülə uğraya bilər. Bir sözlə, Xəzərin ekoloji problemlərinə kompleks yanaşmaq çox vacibdir.

 

İsaq ƏMƏNULLAYEV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında