Azərbaycanın milli parkları biomüxtəlifliyin qorunmasında əhəmiyyətli rol oynayır

Qloballaşan dünyamızda  ekoloji problemlər    ciddi narahatlıqlar doğurur.  Təbiəti xilas etmək üçün indi  dünya  ekoloqları yollar axtarır, alimlər  ciddi axtarışlar aparırlar.  Dünyada bioloji müxtəliflyin qorunması  ekoloji siyasətin prioritet istiqamətlərindəndir. Mütəxəssislərin fikrinə görə, bioloji müxtəlifliyin tükənməsinin ən başlıca səbəbi təbii resurslardan düzgün istifadə edilməməsi, ətraf mühit amillərinin çirklənməsi və qlobal iqlim dəyişkənlikləri ilə əlaqədardır.  2020-ci ilə qədər flora və fauna növlərinin 20 faizdən çoxunun kökünün kəsilməsi təhlükəsi gözlənilir.

Azərbaycan Respublikası Prezidentinin 24 mart  2006-cı il tarixli sərəncamı ilə  ölkəmizdə bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı təsdiq edilmişdir. Milli Strategiya və Fəaliyyət Planında bildirilir ki, təbii sərvətlərin mühüm tərkib hissəsi olan bioloji müxtəliflik bütün yaşayış mühitlərində, o cümlədən quruda, dənizdə, habelə digər su ekosistemləri və ekoloji komplekslərində canlı orqanizmləri özündə birləşdirir. XX əsrin ortalarından etibarən bioloji müxtəlifliyə və ekosistemlərə təhlükə törədən amillərin sayı artmış, insan fəaliyyəti nəticəsində ekosistemlər deqradasiyaya uğramış, bir çox fauna və flora növləri, cinslər məhv olmuş və ya onların sayı kəskin surətdə azalmağa başlamışdır. Bioloji müxtəlifliyin belə itkisi onun qorunub saxlanılması və davamlı istifadəsinə dair ciddi tədbirlərin görülməsini tələb edir. Azərbaycanda  bu istiqamətdə  həyata  keçirilən  tədbirlər  sırasında milli  parkların yaradılmasını  xüsusi olaraq  qeyd etmək lazımdır. Milli parklar  xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna malik olan ərazilərdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaranmazdan  əvvəl Azərbaycan Respublikasında milli parklar mövcud deyildi. 2003-cü ildən başlayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən akademik Həsən Əliyev adına Ordubad, Şirvan, Ağ göl, 2004-cü ildə Hirkan, Altıağac, 2005-ci ildə  Abşeron, 2006-cı ildə Şahdağ, 2008-ci ildə isə Göygöl milli parkları yaradılmışdır. 2008-ci ildə Hirkan Milli Parkının ərazisi genişləndirilərək 40358 hektara çatdırılmışdır. 2009-cu il 25 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncami ilə Ordubad Milli Parkının ərazisi Şahbuz Dövlət Təbiət Qoruğu, Şahbuz, Culfa, Ordubad rayonlarının torpaqları hesabına genişləndirilərək sahəsi 42797,4 hektara çatdırılmışdır. Eyni sərəncamla Milli Parkın adı dəyişdirilərək akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyul tarixli sərəncamı ilə Şahdağ Milli Parkının ərazisi 14613,1 hektar genişləndirilərək, 130508,1 hektara çatdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 noyabır tarixli sərəncamı ilə Yalama Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin meşə fondu torpaqların hesabına 11772,45 hektar ərazidə Samur-Yalama Milli parkı yaradılmışdır.

Hazırda  milli parklar ölkə ərazisinin 3,7  faizini təşkil edir. Hirkan Milli Parkı Azərbaycanın cənub-şərqində, Lənkəran və Astara inzibati rayonlarının ərazisində yerləşir. Ərazisi 21435 hektardır. Milli park Talış dağlarının öz unikal təbiət kompleksləri ilə fərqlənən təbii ərazilərini əhatə edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 23 aprel tarixli qərarı ilə Hirkan Milli Parkının ərazisi genişləndirilərək 40358 hektara çatdırılmışdır. Milli parkın yaradılmasında əsas məqsəd həmin ərazidə təbiətin kompleks şəkildə qorunması, relikt və endemik bitki növlərinin mühafizəsi, Azərbaycan Respublikasının"Qırmızı Kitab"ına daxil edilmiş tipik flora və fauna növlərinin qorunub saxlanılması, ətraf mühitin monitorinqinin həyata keçirilməsi, ictimaiyyətin məlumatlandırılması, eləcə də tədqiqatlar, turizm və istirahət üçün şəraitin təşkilidir.

Ərazinin bitki aləminin zənginliyi burada çoxsaylı heyvanların yaşamasına imkan yaratmışdır.      Hirkan meşələrinin UNESCO-nun Ümumdünya Mədəni və Təbii İrs Siyahısına daxil edilməsi üçün layihə-smeta sənədləri hazırlanaraq, Ümumdünya İrs Siyahısına göndərilmişdir.  Şirvan Milli Parkı Kür-Araz ovalığının cənub-şərqi Şirvan düzənliyində ümumi ərazisi 65580 hektar olan xüsusi mühafizə olunan təbiət ərazisinin 54373,5 hektarında Şirvan Milli Parkı, 6232 hektarında Şirvan Dövlət Təbiət Qoruğu və 4930 hektarında isə Bəndovan Dövlət Təbiət Yasaqlığı yerləşir.

Milli parkın yaradılmasında  əsas məqsəd yarımsəhra landşaftının başlıca komponentlərini, Azərbaycan Respublikasının “Qırmızı kitabı”na düşmüş ceyranları və o ərazi üçün səciyyəvi olan fauna növlərini qoruyub saxlamaq, ekoloji monitorinqi həyata keçirmək, əhalini ekoloji maarifləndirmək, turizm və istirahət üçün şərait yaratmaqdır.

Milli parkın ərazisində relyefin, bitki və torpaq örtüyünün müxtəlifliyi burada bir sıra təbii landşaft sahələrini ayırmağa imkan verir. Ərazinin əsas hissəsini yovşanlı, şoranotlu yarımsəhra xırda təpəliklər və şoranotlu yarımsəhra düzənliyi təşkil edir. Qədim sahil tirələri, laqunlar müəyyən sahələrdə aydın nəzərə çarpır. Külək vasitəsilə yaranan əsas relyef forması-düyün təpəcikləri ceyranların sığınacağı və mühafizəsi üçün çox sərfəlidir.  Azərbaycan və dünya miqyasında təhlükədə olan quşlardan milli parkın ərazisində 34 növə rast gəlinir. Onlardan 14-ü yalnız Azərbaycanın “Qırmızı Kitab”ına, 10-u ancaq “Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin Siyahısı”na, 10-u isə həm Azərbaycanın  “Qırmızı Kitab”ına (1989), həm də  “Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin Siyahısı”na (2002) daxil edilmişdir.

Göygöl Milli Parkı Göygöl Dövlət Təbiət Qoruğunun bazasında və ona bitişik meşə və dövlət torpaqlarının hesabına yaradılmışdır.  Göygöl Dövlət Təbiət Qoruğu 1925-ci ildə Azərbaycanda yaradılmış ilk qoruqdur. Göygöl və onun ətrafının meşə landşaftı öz təbiət zənginliyi və füsunkarlığı ilə dünyada məşhurdur. Azərbaycan SSR Nazirlər Sovetinin 14 iyul 1965-ci il tarixli  qərarına əsasən qoruq yenidən təşkil edilmişdir. Ərazisi 6739 hektar idi. Kiçik Qafqaz sıra dağlarının şimal-şərq hissəsində dəniz səviyyəsindən 1000-3060 metr hündürlükdə yerləşir.

Qoruq içməli su mənbəyi kimi Göygölün suyunun saxlanılması və təmizliyinin təmin edilməsi, Kiçik Qafqazın tipik landşaftının, faunasının və florasının qorunub saxlanılması, mühafizəsi və öyrənilməsi məqsədilə yaradılmışdır.

Abşeron Milli Parkı Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında yaradılmışdır. Milli Park Abşeron yarımadasının cənub-şərq qurtaracağında – Şah Dili ərazisində yerləşir. Ərazidə yarımsəhra və quru bozqırların mülayim isti iqlim tipi hakimdir. Abşeron Milli Parkının yaradılmasında məqsəd vəhşi təbiətin mühafizəsini, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanmasını təmin etmək, o cümlədən ekoturizm üçün mövcud olan təbii imkanları dəyərləndirməkdən ibarətdir. Abşeron Milli Parkında 50- dən artıq quş və heyvan növlərinə rast gəlinir. Milli parkda 25-ə qədər bitki növü mövcuddur. Abşeron milli parkının Xəzər dənizi ərazisində dunyada nadir hesab olunan Xəzər suitisinə rast gəlinir və bu suiti əsasən may-avqust aylarında Milli Parkın ərazisindəki suiti burnunda müşahidə olunur. Xəzər suitisi pərayaqlıların yeganə nümayəndəsidir ki, dünya okeanının ən kiçik suitisi kimi “Ginnes”in rekordlar kitabına daxil edilib. Altıağac Milli Parkı Azərbaycanın şimal-şərqində, Xızı və Siyəzən inzibati rayonlarının ərazisində yerləşir. Altıağac Milli Parkı 1990-cı ildə yaradılmış Altıağac Dövlət Təbiət Qoruğu və ona həmsərhəd olan dövlət meşə fondu torpaqlarının bazasında yaradılmışdır. Ərazisi 11035 hektardır.

Milli parkın yaradılmasında əsas məqsəd Böyük Qafqazın cənub-şərq yamaclarının təbii landşaftlarının, flora və fauna növlərinin qorunub saxlanılması, bərpası, təbii komplekslərin mühafizəsinin gücləndirilməsi, ekoloji monitorinqin həyata keçirilməsi, eləcə də, tədqiqatlar, turizm və istirahət (rekreasiya) üçün şəraitin yaradılması və əhalinin ekoloji cəhətdən maarifləndirilməsinin təşkilidir.

Altıağac Milli Parkının adının mənşəyi məsafə ölçü vahidi olan “ağac” sözündən götürülmüşdür. Milli park Şamaxıdan altı ağac məsafəsində yerləşdiyindən ona və kəndlərin birinə Altıağac adı verilmişdir (bir ağac təqribən 5-6 km-ə bərabərdir). Milli parkın ərazisində qonur dağ-meşə, çürüntülü-karbonatlı dağ-meşə, qəhvəyi dağ-meşə, bozqırlaşmış dağ-çəmən və s. torpaq tipləri yayılmışdır. Ağgöl Milli Parkı isə Ağcabədi və Beyləqan rayonlarının inzibati ərazisində yerləşir. Bura əvvəl yasaqlıq, sonra qoruq, 2003-cü ildən isə milli park kimi yaradılmışdır. Bu göl təkcə bataqlıqdan ibarət deyil. Onun ətrafında müxtəlif növ quşlar, heyvanlar toplanmışdır. Şahdağ Milli Parkı 115895 hektar təşkil edir ki, bundan İsmayıllı və Pirqulu Dövlət Təbiət Qoruqları 21014 hektar, Quba, Qusar, İsmayıllı, Qəbələ, Oğuz və Şamaxı rayonlarının inzibati ərazilərində olan dövlət meşə fondu torpaqları 81797 hektar və həmin rayonların hüdudlarındakı yüksəkliklərdə yerləşən və istifadəsiz yaylaqlar 13084 hektar təşkil edir.

Şahdağ Milli Parkının yaradılmasında məqsəd çoxlu sayda endemik və nəsli kəsilməkdə olan növlər və transsərhəd köçəri heyvanlar da daxil olmaqla qlobal əhəmiyyətli dağ meşələri və yüksək dağlıq ərazilərdə yerləşən otlaqlar ekosisteminin bərpası, qorunması və idarə edilməsi, torpağın münbit qatının qorunub saxlanılması, ərazi üçün xarakterik olan fauna və flora növlərinin qorunması, artırılması və zənginləşdirilməsi, həmçinin, təbii kompleksin sabitliyinin tənzimlənməsi, elmi-tədqiqat işlərinin aparılması üçün daha əlverişli şəraitin yaradılması, eləcə də ətraf mühitin monitorinqi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və böyük turizm potensialı olan ərazidə ekoturizmin inkişafının təmin edilməsidir.

Göründüyü kimi, Azərbaycanda milli parkların yaranması dövlətin diqqət mərkəzindədir. Onların qorunması biomüxtəlifliyin saxlanmasında əhəmiyyətli rol oynayır.

 

Mehdi MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında