Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizə ekoloji təcavüz

 

 

Azərbaycanın  füsunkar guşəsi olan  Qarabağ və onun ətraf rayonları neçə illərdir ki,  düşmən tapdağı altındadır. Buradakı  şəhər və kəndlərimiz yerlə-yeksan edilmiş, tarixi abidələrimiz  dağıdılmış, ən əsası isə,  bu yerlərin təbiətinə ekoloji təcavüz olunmuşdur. Ekologiya və Təbii  Sərvətlər Nazirliyinin  rəsmi saytında   bu barədə ətraflı məlumat  verilmişdir.

Məlumatda bildirilir ki, həmin ərazilərdə erməni işğalçılarının canlı təbiətə və bəşəriyyətə qarşı yönəlmiş əməlləri  barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Avropa Vəhşi Təbiətin və Təbii Ətraf Mühitin Mühafizəsi üzrə Bern Konvensiyasının baş katibinə, Biomüxtəliflik üzrə Konvensiyanın İcraçı katibinə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının katibliyinə, Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi üzrə Beynəlxalq Birliyin prezidentinə rəsmi müraciətlər edilmiş, bu istiqamətdə təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyi beynəlxalq təşkilatların diqqətinə çatdırılmışdır

Məlumat üçün bildirək ki, 1988-93-cü illər ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 1,7 milyon hektar ərazisi işğal olunmuşdur.  İşğal olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir. Bunlardan 70-i endemik növ olub, dünyanın heç bir yerində təbii halda bitmir. Qaracöhrə, ayıfındığı, Araz palıdı, yalanqoz, şərq çinarı, adi nar, meşə üzümü, pirkal, şümşəd, eldar şamı, adi xurma, söyüdyarpaq armud və s. növ ağaclar işğal olunmuş ərazidə məhv edilərək dünya florasının xəzinəsindən silinmək üzrədir. Eyni zamanda, bu ərazilərdə “Azərbaycan Respublikasının Qırmızı kitabı”na daxil edilmiş məməlilərin 4, quşların 8, balıqların 1, amfibiya və reptililərin 3, həşəratların 8, bitkilərin isə 27 növü qorunurdu.

Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi hazırda 890 min hektara çatdırılmışdır ki, bunun da 42997 hektarı erməni işğalçılarının tapdağı altındadır. Bəsitçay Dövlət Təbiət qoruğu, Arazboyu Dövlət Təbiət yasaqlığı, Qaragöl Dövlət Təbiət Qoruğu, Laçın rayon Dövlət Təbiət yasaqlığı, Qubadlı rayon Dövlət Təbiət Yasaqlığı və Daşaltı Dövlət Təbiət yasaqlığının ərazilərində olan qiymətli ağac və biomüxtəlifliyin  digər növləri bu gün də  talan edilir.

Nazirliyin məlumatında bildirilir ki, işğal olunmuş rayonlarda 247 min 352 hektar meşə sahəsi, o cümlədən 13 min 197 hektardan çox qiymətli meşə sahələri, 152 ədəd təbiət abidəsi və  5 ədəd geoloji obyekt qalmışdır. Hazırda işğal olunmuş  ərazilərdə məskunlaşmış ermənilər böyük əhəmiyyətə malik olan bu təbiət abidələrinin əksəriyyətini məhv etmişlər.  

Kəlbəcər rayonunda “Qırmızı kitab”a daxil edilmiş 968 hektar ərazini əhatə edən ayıfındığı ağacları da kütləvi şəkildə qırılaraq xaricə satılır. Rayon ərazisində 4 mindən artıq müxtəlif növ bitki vardır ki, bunlardan 200-ə qədəri dərman bitkiləri olmaqla, onlar da xarici şirkətlər tərəfindən kütləvi şəkildə talan olunaraq xaricə daşınır. Bu isə bitkilərin həmin ərazilərdə kökünün kəsilməsinə səbəb olur.

Şuşa şəhərindən cənubda, dəniz səviyyəsindən 1365 metr  hündürlükdə yerləşən, əhəng daşlarından ibarət uzunluğu 114 metr olan “Xan Mağarası” mühafizə olunurdu. Ayrı-ayrı mənbələrdən alınan məlumatlara görə, həmin abidələr amansızlıqla məhv edilir və digər məqsədlər üçün istifadə olunur. Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik bir çox göllər böyük antropogen təsirə məruz qalır. Bu ərazilərdə irili-xırdalı 7 relikt göl: Kəlbəcər və Laçın rayonlarının yaylaqlarında Böyük Alagöl, Kiçik Alagöl, Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı Qaragöl və Ağdərə rayon ərazisində (Tərtərin qolu olan Torağaçayda) Qaragöl kimi şirin su ehtiyatları bu gün işğal altındadır.

Hazırda işğal altında olan Sərsəng su anbarı Tərtər çayı üzərində 1976-cı ildə inşa edilmiş, ümumi su tutumu 560 milyon kubmetr, bəndinin hündürlüyü 125 metrdir.   İşğaldan qabaq 79 min hektar əkin sahəsi Sərsəng su anbarı vasitəsi ilə suvarılırdı.

Ən zəngin faydalı qazıntı yataqları ölkənin işğal olunmuş ərazilərində qalmışdır. Məlum olduğu kimi işğal edilmiş ərazilərdə 155 müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən: 5 qızıl, 6  civə, 2 mis, 1 qurğuşun və sink, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, 1 soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5  tikinti qumu, 9 gips, anhidrid və gəc, 1 perlit, 1obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları (əqiq, yəşəm, oniks, cad, pefritoid və s.) 11 şirin yeraltı su və 10 mineral su yataqları yerləşir ki, bu da respublikanın iqtisadi potensialında mühüm əhəmiyyət kəsb edirdi.

İşğal olunmuş ərazilərdən keçən təbii su mənbələrimiz də Ermənistan tərəfindən həddindən artıq çirklənməyə məruz qalır. Araz və Kür çaylarının qolları olan Oxçuçay və Ağstafaçayın Ermənistan tərəfindən ən ağır formada çirkləndirilməsi nəticəsində sözügedən çaylarda canlı aləmin yaşayışı üçün böyük təhlükə yaranmışdır. Erməni işğalçıları tərəfindən təmas xəttində yerləşən Ağdam, Füzuli, Cəbrayıl, Tərtər və Xocavənd rayonlarının əraziləri düşünülmüş şəkildə od vurularaq yandırılmışdır. Yanğınlar ermənilərin nəzarətində olan min hektarlarla ərazini əhatə etməklə, eyni zamanda, digər ərazilərə də yayılaraq ətraf mühitə və canlı təbiətə çox ciddi ziyan vurmuşdur.

Ümumilikdə götürdükdə Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan ordusunun əsgərləri tərəfindən qəsdən törədilmiş yanğınlar nəticəsində 96 min hektar otlaq, biçənək və yaşıllıqlar, həmçinin meşə sahələri yanaraq məhv olmuş, torpağın üst münbit qatı yararsız hala düşmüşdür. Yanğınlar zamanı ətraf mühitə 176 milyon manat  məbləğində ziyan dəymişdir. Eyni zamanda, Azərbaycanın təbii sərvətlərinin talan edilməsi və öz elindən-obasından didərgin düşmüş məcburi köçkünlərə vurulmuş mənəvi, ekoloji ziyan nəticəsində ölkəmizə təxmini hesablamalara əsasən 31,72 milyard manat  məbləğində ziyan dəymişdir.

Bütün bunlar bir daha təsdiq edir ki,  Ermənistan Azərbaycanın  işğal altında olan ərazilərinə, sözün əsl mənasında, ekoloji təcavüz edərək, onun  təbiətinə  sağalmaz yaralar vurmuşdur. Dünyada  qlobal ekoloji  böhranın  dərinləşdiyi bir vaxtda     beynəlxalq  təşkilatların, inkişaf etmiş ölkələrin buna laqeyd münasibəti  heç cür  başadüşülən deyil.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında