Ətraf mühitin qorunması dövlətin strateji fəaliyyət istiqamətlərindəndir

 

 

Son illər ölkəmizdə ətraf mühitin mühafizəsi   sahəsində  böyük  layihələr həyata  keçirilir. Ekoloji vəziyyətin sağlamlaşdırılması üçün  həyata  keçirilən  bu layihələr  su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, biomüxtəlifliyin qorunması, yaşıllıqların artırılması, atmosferin mühafizəsi, torpaqların deqradasiyasının qarşısının alınması, o cümlədən neft və digər tullantılarla çirklənmiş torpaqların təmizlənməsi, bərk sənaye və məişət tullantılarının, o cümlədən, təhlükəli tullantıların idarə olunmasının təkmilləşdirilməsi sahələrinə yönəldilmişdir.

Ötən müddət ərzində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq olunan “Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair”, “Azərbaycan Respublikasında Hidrometeorologiyanın İnkişafı Proqramı” və digər proqramlarda nəzərdə tutulmuş tədbirlər ardıcıllıqla həyata keçirilib. Dövlət başçısının sərəncamı ilə ətraf mühitlə bağlı problemlərin həllinə yönəldilən mühüm və çox qiymətli sənəd olan “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nın icrasını təmin etmək məqsədilə ölkənin gərgin ekoloji vəziyyətdə olan bölgələrinin, əsasən də Bakı şəhəri və Abşeron yarımadasının ətraf mühitinin sağlamlaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Kompleks Tədbirlər Planından irəli gələn ətraf mühitin qorunmasına yönəldilmiş Bakı Buxtasının, Bibiheybət zonasının, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ətrafının, Abşeron yarımadasındakı göllərin, neftlə çirklənmiş torpaqların, lay suları altında qalmış sahələrin və digər istehsal tullantıları ilə çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, bərk məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsi və s. tədbirlər uğurla həyata keçirilib.

Azərbaycan ətraf mühitin mühafizəsi  sahəsindəki son on illik  fəaliyyətinə görə  dünyada  ikinci yerdə qərarlaşıb. ABŞ-ın Yel və Kolumbiya universitetləri tərəfindən hazırlanan “Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksi” (Environmental Performance Index) adlı sənəddə Azərbaycanın bu mövqeyi öz əksini tapmışdır. Sənədə əsasən Azərbaycan ətraf mühitlə bağlı xəstəliklərin azalması sahəsində birinci yerdədir.“Buna insan sağlamlığına mənfi təsir edən ekoloji problemlərin aradan qaldırılması istiqamətində görülmüş işlər zəmin yaradıb. Belə ki, təhlükəli tullantıların idarə olunması sahəsində dəyişikliklər, o cümlədən 300 min tona yaxın civə tərkibli toksiki tullantıların müasir təhlükəli tullantılar poliqonunda tam zərərsizləşdirilməsi, əhalinin içməli su ilə, o cümlədən regionlarda 340 minə yaxın əhalinin Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə cavab verən içməli su ilə təmin edilməsi, bərk məişət tullantıları və çirkab suların idarə olunmasındakı irəliləyişlər, neftlə çirklənmiş ərazilərin reabilitasiyası və s. belə nəticələrin əldə olunmasına gətirib çıxarıb.

Azərbaycan, həmçinin, meşələrlə bağlı qiymətləndirmədə hər 3 komponent üzrə - meşə ehtiyatlarının vəziyyəti, meşə örtüyünün dəyişməsi və meşə itkiləri sahəsində - həm ətraf mühitin vəziyyətinin indeksi, həm də ekoloji inkişafın göstəricilərinə görə ən yüksək nəticə göstərərək 132 dövlət arasında birinci yeri tutub.

Ötən il də ətraf mühitin mühafizəsi  ilə bağlı   bir sıra tədbirlər  həyata keçirilmişdir. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsini həyata keçirən qurumları tərəfindən 2013-cü il ərzində hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 2995 akt və 774 protokol tərtib olunub və aşkar edilmiş, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 1180 müddətli “məcburi göstəriş” verilib.

Su ehtiyatlarının mühafizəsi üzrə   görülmüş  işlər də  öz nəticəsini vermişdir. Bu sahədə 304 akt və 70 protokol tərtib olunub, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 160 müddətli “məcburi göstəriş” verilib.

Atmosfer havasının  çirklənməsi də ətraf mühitə  çox  güclü  təsir  göstərir. Ona görə  də ETSN  havanın  çirklənməsinin qarşısını almaq üçün  davamlı tədbirlər həyata  keçirmişdir. Bu  sahə üzrə 345 akt və 73 protokol tərtib olunub, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 280 müddətli “məcburi göstəriş” verilib. Torpağın mühafizəsi üzrə 178 akt və 87 protokol, yerin təkinin mühafizəsi üzrə 176 akt və 78 protokol, məişət tullantıları üzrə 397 akt və 95 protokol , istehsalat tullantıları üzrə 479 akt və 56 protokol tərtib olunmuşdur ki, onların da icrası müvafiq orqanlar tərəfindən nəzarətə götürülmüşdür.

Flora və  fauna ehtiyatlarının mühafizəsi  də nazirliyin daim diqqət mərkəzində olmuşdur. Hazırda  bu istiqamətdə  işlər  uğurla davam etdirilir.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında