Bakıda birinci Azərbaycan Ətraf Mühit Forumu keçirilmişdir

Martın 18-də Bakıda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşkilatçılığı ilə birinci Azərbaycan Ətraf Mühit Forumu keçirilmişdir.

AzərTAc xəbər verir ki, “Azərbaycanın yaşıl sabahını birlikdə quraq” şüarı altında keçirilən tədbirdə IDEA-nın layihə direktoru Anara İsmayılova İctimai Birliyin fəaliyyəti haqqında məlumat vermişdir.

Sonra IDEA İctimai Birliyi tərəfindən hazırlanmış sosial videoçarx nümayiş etdirilmişdir.

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Forumda çıxış edərək bildirmişdir ki, son illər ölkəmizdə ətraf mühitin mühafizəsi ilə bağlı mühüm işlər görülmüşdür. Yaşıllıqların qorunması, yeni yaşıllıqların salınması, tullantıların idarə edilməsi sahəsində uğurlar əldə olunmuşdur. Bu işlərin həyata keçirilməsində əlbəttə, vətəndaş cəmiyyəti təşkilatlarının da üzərinə mühüm vəzifələr düşür. IDEA İctimai Birliyinin bu istiqamətdə fəaliyyəti təqdirəlayiqdir.

 Nazir demişdir ki, son vaxtlar ölkəmizdə yaşıllıqların artması istiqamətində mühüm irəliləyişlər vardır. Bəzi dağlıq ərazilərdə insanların yanacaq kimi odundan istifadə etmələrinə görə vaxtilə meşələrin qırılması nəticəsində müəyyən problemlər yaranmışdı. İndi isə peykdən əldə olunan şəkillərdən də görünür ki, Qəbələ, İsmayıllı və başqa ərazilərdə 300-500 hektarlıq açıq yaşıl rəngdə olan örtüksüz ərazilər tünd yaşıl rəngə çevrilir. Bunun nəticəsində meşələrimizin ərazisi 0,4 faiz artmışdır.

H.Bağırov bildirmişdir ki, nazirlikdə ətraf mühitlə bağlı Ekoloji Şura formalaşmışdır. İclaslarında iştirakın sərbəst olduğu Şurada iri layihələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədləri müzakirə edilir. Bundan sonra həmin sənədlər QHT-lərin rəyləri nəzərə alınmaqla formalaşdırılır.

Nazir, həmçinin son illər Abşeron yarımadasında ekoloji problemlərin həlli istiqamətində görülən işlərdən də danışmışdır.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek dünya əhalisinin sayının artmasının, urbanizasiya səviyyəsinin yüksəlməsinin, sənayenin inkişafının, həmçinin təbii fəlakətlərin ətraf mühitə təsirindən danışmışdır. O demişdir ki, müasir dövrdə ətraf mühitin mühafizəsində dövlət qurumları ilə yanaşı, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin də böyük rolu vardır.

A.Broek bildirmişdir ki, təmsil etdiyi təşkilat Azərbaycan hökuməti ilə ətraf mühitin mühafizəsi sahəsində birgə layihələr həyata keçirir və son illər bu əməkdaşlıq daha da inkişaf etmişdir.

Rezident əlaqələndirici Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və IDEA İctimai Birliyinin bu istiqamətdə gördüyü işlərin, xüsusilə də ətraf mühitin mühafizəsi işinə gənclərin cəlb olunmalarının əhəmiyyətini qeyd etmişdir. O, Forumun ətraf mühitin qorunması sahəsində gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələrə mühüm töhfə verəcəyini vurğulamışdır.

Daha sonra “Hər kağızı bir yarpağa dəyişək” layihəsi ilə bağlı hazırlanmış videoçarx nümayiş etdirilmişdir.

Forum işini iki paneldə davam etdirmişdir. Heydər Əliyev Mərkəzinin humanitar və sosial layihələr departamentinin direktoru Vüqar Məmmədovun moderatorluğu ilə keçirilən “Ekoloji problemlərə milli baxış, onların həlli yolları və bu işdə QHT-lərin rolu” mövzusunda birinci paneldə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Zakir İbrahimov çıxış edərək bildirmişdir ki, Azərbaycanda ətraf mühitin qorunmasına xüsusi diqqət yetirilir. IDEA İctimai Birliyinin ətraf mühitin qorunması sahəsində yerli və beynəlxalq layihələr reallaşdırması, mövcud ekoloji problemlərin həllinə diqqət yetirməsi təqdirəlayiqdir.

Diqqətə çatdırılmışdır ki, tullantıların idarə edilməsi də ekoloji problemlərin həlli prosesinin bir hissəsidir. Bu baxımdan “Təmiz Şəhər” ASC-nin fəaliyyəti xüsusi qeyd edilməlidir. Əsas məqsəd tullantıların yerləşdirilməsini və utilizasiyasını müasir standartlara cavab verən şəkildə qurmaq, idarə etmək, bu prosesi mütəşəkkil qaydada həyata keçirməkdir.

Bildirilmişdir ki, tullantıların vahid və kompleks şəkildə zərərsizləşdirilməsi sistemi tətbiq edilir. Tullantıların ən müasir zərərsizləşdirmə üsullarından biri yandırma və ondan alınan enerjinin istehsalıdır. Bakıda belə zavodun tikilməsi Azərbaycan hökuməti tərəfindən tullantıların idarə edilməsi sahəsində infrastrukturun inkişafı ilə bağlı həyata keçirilən ən önəmli tədbirlərdən biridir.

Daha sonra paneldə “Meşələrin inkişafı və mühafizəsi sahəsində beynəlxalq qurumlar ilə dövlətin birgə əməkdaşlığı”, “Azərbaycanda xüsusi mühafizə olunan təbiət əraziləri sisteminin səmərəliliyi və təmsil olunma dərəcəsi”, “Abşeron yarımadasında Azərbaycan SSRİ dövründən qalmış ekoloji problemlərin həllində ictimaiyyətin rolu”, “Azərbaycanda su problemləri və bu sahədə beynəlxalq əməkdaşlıq” mövzularında məruzələr dinlənilmişdir.

 “Azərbaycanda ətraf mühitin qorunması sahəsində QHT və dövlət strukturları arasında əməkdaşlığın bu günü və sabahı” mövzusunda paneldə isə “Ətraf mühitin mühafizəsində yaşıl iqtisadiyyatın rolu”, “Azərbaycanda biomüxtəlifliyin mühafizəsinin əsas problemləri”, “Dayanıqlı inkişaf üçün ekoloji maarifləndirmənin müasir problemləri və onların həlli yolları”, “Bərk məişət tullantılarının ətraf mühitə təsiri”, “Azərbaycan regionlarının inkişafında ekoloji menecment strategiyasının tətbiq edilməsinin vacibliyi”, “İqlim dəyişikliyi sahəsində QHT və dövlət əməkdaşlığı” mövzularında müzakirələr aparılmışdır.

Sonda Forumun Bəyannaməsi qəbul olunmuşdur.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında