Azərbaycan ərazisində martın 1-dən daşqınlarla bağlı qar ölçmə işlərinə başlanacaq

 

 

Martın 1-dən Azərbaycan ərazisində daşqınlarla bağlı qar ölçmə işlərinə başlanacaq.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev açıqlama vermişdir. Qar ölçmə işləri Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində 28 marşrut üzrə aparılacaq. Bu məqsədlə Milli Hidrometeorologiya Departamenti tərəfindən 2 ekspedisiya təşkil olunacaq və yaz-yay gursululuq dövrünün proqnozlaşdırılması ilə əlaqədar qar örtüyündə martın 20-dək ölçmə işləri aparılacaq.

Qeyd edək ki, ölkə ərazisində aprel, may, iyun aylarında gözlənilən yağıntı, temperaturun dəyişməsi ilə bağlı proqnozlar da hazırlanacaq. Azərbaycan ərazisi ilə yanaşı, Gürcüstan və Türkiyə ərazisindəki qar ehtiyatları ilə bağlı da məlumatlar əldə ediləcək. Bundan sonra təhlillər və hesablamalar aparılacaq. Martın sonunda yaz-yay gursululuq dövrünün proqnozu tərtib olunacaq və müvafiq qurumlara göndəriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən aldığımız digər məlumatda bildirilir ki, Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə fevral ayının I ongünlüyü üçün monitorinq həyata keçirmişdir.

Fevral ayının birinci ongünlüyündə Kür çayında suyun sərfi yanvar ayının üçüncü ongünlüyünə nisbətən saniyədə 5 kubmetr artaraq 140 kubmetr təşkil etmişdir. Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunmuşdur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçmişdir.

Belə ki, Şıxlı-2 məntəqəsində fenollar 3, mis birləşmələri 2, Ağstafaçay məntəqəsində fenollar 2, mis birləşmələri 3, Ağstafaçay su anbarında fenollar 3, mis birləşmələri 4 dəfə yol verilən qatılıq həddini keçmişdir.

Fevral ayının birinci ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz və Bəhramtəpə məntəqələrində suyun əsas çirkləndiricilərindən olan fenollar 2, mis birləşmələri 4, I Şahsevəndə fenollar 2, mis birləşmələri 3 dəfə yol verilən qatılıq həddini keçmişdir.

Suyun oksigen rejimi bütün məntəqələrdə sanitar norma daxilində dəyişmişdir.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında