Ölkənin ekoloji problemləri dövlətin diqqət mərkəzindədir 23 may ekoloqların peşə bayramıdır

Ulu öndər Heydər Əliyevin ad günü ərəfəsində yaradılmış ağacəkmə ənənəsi ətraf mühitin mühafizəsində əvəzsiz rol oynayır

 

 

 

 

 

 

 

 

 

 


Biz Abşeron yarımadasını neftlə çirklənmiş yerlərdən, gölməçələrdən təmizləyəcəyik. Torpaqların və göllərin bərpası məsələləri də öz həllini tapmalıdır... Biz bu gün Bakının ətrafında çox bərbad mənzərə yaradan, müxtəlif məişət tullantıları ilə, neft tullantıları ilə, digər zəhərli maddələrlə çirklənmiş bu gölləri təmizləyəcəyik.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 


Dövlət başçımızın səkkiz il qabaq – ­­­ 2010-cu il fevralın 2-də ekoloji problemlərə həsr olunmuş müşavirədəki çıxışında səsləndirdiyi bu fikirlər, təkliflər artıq çoxdandır ki, ölkəmizin reallıqlarına çevrilib. Xüsusilə diqqət çəkən məsələ odur ki, cənab Prezident bu məsələni təkcə dövlət başçısı kimi deyil, həm də adi bir vətəndaş, ailə başçısı olaraq daim diqqət mərkəzində saxlayır.

Gənc kimyaçı mütəxəssis kimi ekologiyanın saflaşdırılması, bu sahədə mühüm işlərin görülməsi məni də fərəhləndirir. Bu istiqamətdə görülən hər bir işə diqqət yetirməyə çalışıram. Fikrimi əsaslandırmaq üçün rəsmi qəzetlərin hər ilin may ayında “Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə aksiyasında iştirak edib” sərlövhəsi ilə yaydığı materiallara müraciət etməyimiz kifayətdir.

Əslində, bu sətirlərin qələmə alınmasının ilk səbəbi də elə cənab Prezidentin ağacəkmə aksiyasında iştirakından hazırlanmış televiziya materialı oldu. Bir neçə gün əvvəl – mayın 10-da efirə gedən materialda qeyd edilirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Qala-Türkan magistral avtomobil yolunun ətrafında salınan yaşıllıq sahəsində ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə aksiyasında iştirak ediblər.

Ölkənin yeni ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev görülən işlərlə bağlı verdiyi məlumatda bildirib ki, dövlətimizin başçısının tapşırıqlarına və tövsiyələrinə uyğun olaraq, 2008-2018-ci illərdə ölkənin əsas magistral avtomobil yolları boyunca 4443 hektar sahədə salınan yaşıllıqlarda 5 milyon 436 min müxtəlif növ ağac və kol bitkiləri əkilib. Həmin ağacların əkildiyi sahələr damcılı suvarma sistemi ilə təchiz edilib. Əsasən zeytun, badam, nar, innab, püstə, qoz və fındıq ağaclarının əkilməsinə üstünlük verilib.

Bildirilirdi ki, ulu öndər Heydər Əliyevin doğum günündə Qala-Türkan magistral avtomobil yolunun ətrafında salınan yaşıllıq massivində Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətinin tinglik sahələrində kökübağlı şəraitdə yetişdirilən 7 minə yaxın ağac əkilib.

Xatırladaq ki, həm ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə, həm də son 15 ildə ekologiyanın və ətraf mühitin mühafizəsi Azərbaycan dövlətinin qarşısında duran əsas istiqamətlərdən biri olaraq qalıb.

Ölkəmizin zəngin flora və faunasının qorunması, Bakının yaşıllıqlar şəhərinə çevrilməsi istiqamətində xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən bütün dövrlərdə çox böyük işlər görülüb.

Ölkəmizin bəxti onda gətirib ki, ulu öndər tərəfindən əsası qoyulan təbiətin qorunması ənənəsini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Təsadüfi deyil ki, Azərbaycanda reallaşdırılan milli inkişaf strategiyasının prioritet sahələrindən biri də məhz ətraf mühitin mühafizəsini və insanların sağlam təbii şəraitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir. Hamının yadındadır , Prezident İlham Əliyev tərəfindən 2010-cu il ölkəmizdə “Ekologiya ili” elan edilmişdi. Həmin qərar Azərbaycan dövlətinin ətraf mühitin qorunmasına verdiyi önəmin təzahürü idi.

Xatırladaq ki, Prezident İlham Əliyev neftlə və digər istehsalat tullantıları ilə çirklənmiş ərazilərin, lay suları altında qalan torpaqların ekoloji vəziyyətinin yaxşılaşdırılmasına da xüsusi diqqətlə yanaşır. Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə bağlı ölkədə ciddi əməli işlər görülüb. Oğuz-Qəbələ-Bakı şirin su kəməri barədə danışan Prezident qeyd edib ki, böyük məbləğdə vəsait xərclənmiş bu layihənin heç bir kommersiya məqsədi yoxdur. Yəni məqsəd vətəndaşlara təmiz su verilməsini təmin etməkdir.

Quru səhra kimi görünən yüz kilometrlərlə yol kənarlarında son illər milyonlarla ağac əkilib, yeni park və xiyabanlar salınıb. Bir vaxtlar neft tullantıları ilə çirklənən indiki “Ağ şəhər” və digər ərazilərdə həyata keçirilən mühüm layihələr nəticəsində neft çöküntüləri təmizlənib. Böyük Şor gölü ətrafındakı bataqlıqlar qurudularaq yerində dünyanın ən möhtəşəm idman qurğularından olan “Olimpiya” stadionu inşa edilib, parklar, xiyabanlar salınıb.

Yaxud, iki yüz ilə qədər müddət ərzində mazutla çirklənmiş Bibiheybət buxtasındakı bataqlıqların yerində Su İdmanı Kompleksi, “Yarat” müasir incəsənət mərkəzi, “Jurnalist şəhərciyi” Bakı Ali Neft Məktəbinin yeni təlim, tədris, istirahət və idman kompleksi inşa edilib. Hazırda bu ərazilər paytaxtın yeni yaşayış və mədəniyyət komplekslərinə, Prezident İlham Əliyevin dediyi kimi, müasir ekoloji layihələrə çevrilib.

Bütün bunlar ətraf mühitin qorunmasına, xüsusilə də vətəndaşların sağlam mühitdə yaşamasına xidmət edir. Ekoloji vəziyyətin yaxşılaşdırılması üçün tədbirlərin görülməsi, həmçinin qanunsuz ağac kəsilməsinə qarşı dövlətimizin başçısının nümayiş etdirdiyi qətiyyətli mövqeyin təməlində isə yalnız bir amal dayanıb: insanların sağlamlığının qorunması.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da ölkəmizdə yeni yaşıllıqların salınmasına və mövcud yaşıllıq sahələrinin qorunmasına xüsusi diqqət yetirir. Bu məsələdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihələrin də mühüm rolu var.

Qeyd olunmalıdır ki, həyata keçirilən ekoloji layihələr Azərbaycanın bütün regionlarını əhatə edir. Bu gün vətəndaşların ağacəkmə aksiyalarında, yaşıllıqlar salınmasında, şəhər və rayonlarımızda təmizlik işlərində fəal iştirakı buna əyani sübutdur. Ekspertlərin fikrincə, hazırda Azərbaycanda ekologiyanın qorunması, əhalinin sağlamlığının təmin edilməsi istiqamətində görülən işlər bir çox ölkələrə nümunə ola bilər.

Prezident Kitabxanasının elektron resurslarından öyrəndiyimiz məlumatda isə bildirilir ki, bu ənənə ötən illərdə də davam etdirilib. Məsələn, keçən il mayın 10-da Qala-Türkan magistral avtomobil yolunun ətrafında salınan yaşıllıq massivində 9 minə yaxın ağac əkilmişdi. Dövlətimizin başçısı və birinci xanım həmin ağacəkmə kampaniyasında da iştirak etmişdilər.

Yeri gəlmişkən, bu il aprelin 17-də AMEA Naxçıvan Bölməsindəki “Heydər Əliyev lektoriyаsı”nda keçirilən “Ümummilli lider Heydər Əliyev və Azərbaycan təbiəti” adlı müzakirədə kifayət qədər maraqlı məlumatlar səsləndirilmişdi. Bölmənin sədri, akademik İsmayıl Hacıyev ulu öndər Heydər Əliyevin Azərbaycan təbiətinə daim xüsusi önəm verdiyini, onun təbii və ilkin toxunulmazlığını qorumağı vacib saydığını söyləmiş və əlavə etmişdi ki, dahi liderin rəhbərliyi ilə qəbul edilmiş ekoloji qərarlar, qanunlar, sərəncamlar ölkəmizin təbiətinin qorunmasına, ekoloji vəziyyətin yaxşılaşdırılmasına, ətraf mühitin mühafizəsinə və təbii sərvətlərdən səmərəli istifadə edilməsinə yönəldilirdi.

Akademik xüsusi vurğulayıb ki, ulu öndərin müdrik siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev təbiətə dövlət qayğısını daim diqqət mərkəzində saxlayır. Təbiətin mühafizəsi ilə əlaqədar yeni şəraitə uyğun milli proqramlar hazırlanır. Dövlət başçısının imzası ilə həyata keçirilən bu proqramlar Azərbaycan Respublikası təbiətinin daha da zənginləşdirilməsinə, təbii sərvətlərimizin etibarlı mühafizəsinə xidmət edir.

Akademik Tariyel Talıbov isə bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə respublikada həyata keçirilən qlobal təbiəti mühafizə tədbirlərinin təşəbbüskarı və təşkilatçısı olub. Həmin illərdə ekologiya, təbiətin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadəyə dair 8 qanun və Azərbaycan KP MK-nın, Nazirlər Sovetinin 32 qərarı olub.

Bir sözlə, bu gün ölkəmizdə ana təbiətə diqqət və qayğı, onu daha da zənginləşdirmək, təbii sərvətlərdən səmərəli və düzgün istifadə etmək, ətraf mühitin qorunması və ekoloji tarazlığın bərpası ən zəruri məsələdir.

Yeniyetmələri, məktəbliləri bu ruhda tərbiyə etmək hamımızın borcudur. Sağlam təbiət sağlam həyat deməkdir. Sağlamlığımızı qorumaq isə hamımızın borcudur.

Günel ƏMƏNULLAYEVA,
kimya üzrə fəlsəfə doktoru, dosent

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında