Bizi yaşadan, sağlamlaşdıran təbiət

23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı günüdür

Ana təbiətə olan qayğı, diqqət Vətən sevgisindən qaynaqlanır. Təbii ki, milli təəssübkeşlik hissi və Vətən segisi ilə yaşayan hər hansı bir insan heç vaxt doğma yurdun təbiətinə laqeyd qala bilməz. Axı, əbəs yerə demirlər ki, Vətən həyat mənbəyi olan təbiətdən başlanır. Başqa sözlə desək, suyu, çörəyi torpaqdan çıxan, sağlam həyat tərzini şəffaf ekoloji durumdan alan insan təbiətin bir parçasıdır. Bu baxımdan ata-babalarımız bizə məhsuldar torpaqları, zəngin yaşıl meşələri əmanət kimi qoyub getmişlər. Təbii ki, bizim də övladlıq borcumuz onları göz bəbəyi kimi qoruyub gələcək nəsillərə çatdırmaqdır.

Müstəqilliyini yenidən bərpa edən ölkəmizdə ekoloji durum dövlət qayğısı ilə əhatə olunub. Ümummilli liderimizin müstəqil Azərbaycan Respublikasının ilk illərində yeritdiyi uğurlu ekoloji siyasət məhz yaşıl libaslı meşələrimizin zənginləşməsinə, təbii resursların artırılmasına, xüsusi mühafizə olunan təbiət ərazilərinin genişlənməsinə, ətraf mühitin qorunmasına, mavi Xəzərin çirklənməsinin qarşısının alınmasına yönəldildi. Respublikada ekoloji durumun yaxşılaşması ilə bağlı yaradılan təməl möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən daha da möhkəmləndirildi. Təsadüfi deyil ki, indi həmişəkindən daha çox turist axınının yaşıl ünvanına çevrilən ölkəmizdə ətraf mühitin təmizliyi, biomüxtəliflyin layiqincə qorunması, park, qoruq və yasaqlıqlarımızın təbiət muzeylərinə çevrilməsi, bitki və heyvanat aləminin zənginliyi daha çox diqqət çəkir.

 Ölkəmizdə ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi dövlət qayğısı ilə əhatə olunaraq sistemli şəkildə həyata keçirilir. Hələ 1969-cu ildə ümummilli lider Heydər Əliyev respublikaya rəhbərliyə gəldiyi dövrdə “Azərbaycan təbiətinin mühafizəsi haqqında” Qanunun qəbul edilməsi onun bu sahəyə nə qədər böyük önəm verdiyini sübut edir. Sonralar ekoloji siyasət ardıcıl olaraq davam etdirilib. Ən əsası budur ki, respublikada ətraf mühitin mühafizəsi və onun qorunmasına nəzarəti gücləndirmək məqəsədilə idarəetmədə əsaslı dəyişiklik yaradılır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2001-ci il 23 may tarixli sərəncamı ilə Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Dövlət Hidrometorologiya Komitəsi, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi, “Azərmeşə” İstehsalat Birliyi vahid Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əvəz olundu. Nazirlik yarandığı gündən etibarən əsas diqqət ətraf mühitin mühafizəsi, sağlamlaşdırılması, ekoloji problemlərin həlli istiqamətinə, beynəlxalq və regional səviyyədə təbii ehtiyatların mühafizəsinə, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqinə, bir sözlə, dövlətin ekoloji siyasətindən irəli gələn vəzifələrin həyata keçirilməsinə yönəldilib.

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi Milli və Dövlət proqramlarında ekoloji siyasətin ardıcıl və müntəzəm şəkildə həyata keçirilməsi ilə əlaqədar mühüm vəzifələr müəyyənləşdirilib. İqtisadi inkişafla bərabər ətraf mühitin sağlamlaşdırılması, təbii sərvətlərdən xalqımızın rifahı naminə istifadə olunması daim ulu öndərin layiqli davamçısı cənab İlham Əliyevin diqqət mərkəzindədir.

Ekologiyanın qorunması, ətraf mühitin, xüsusən torpaqların mühafizəsi və meşələrin inkişafı sahəsində son bir neçə ildə ölkə ­Prezidentinin prinsipial mövqeyi nəticəsində mühüm işlər görülmüşdür. Uzun illər ərzində yaranmış ekoloji problemlər təhlil edilərək, onların kompleks həllinə yönəldilən 5 milli və dövlət proqramı təsdiq edilmiş, ekoloji və ətraf mühitin mühafizəsi sahəsində qanunvericilik aktları, hökumət qərarları təkmilləşdirilmiş, ölkəmiz dünyəvi əlaqələrini genişləndirərək 20-yə yaxın Beynəlxalq Konvensiyaya qoşulmuşdur. Dövlət başçısı ətraf mühitin mühafizəsinə, ekologiyanın qorunmasına, ölkəmizdə xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafına böyük diqqət göstərir.

Azərbaycan Respublikası Prezidentinin imzaladığı 2006-cı il 28 sentyabr tarixli sərəncam ilə respublikamızda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks tədbirlər planı təsdiq edilmişdir. Kompleks tədbirlər planında əksini tapmış məsələlər beynəlxalq qurumlar tərəfindən razılıqla qarşılanmış, dövlət başçısına təbiətimizə göstərdiyi böyük diqqət və qayğıya görə minnətdarlıq edilmişdir. İnsanların həyat tərzinin qorunmasında, rahatlığının təmin edilməsində sağlam qida həlledici rol oynayır. Lakin min illər boyu yaranmış sağlam ənənələri, formalaşmış mentaliteti süni vasitələr hesabına həyata keçirmək, reallaşdırmaq qəti yolverilməzdir. Geni dəyişdirilmiş bitki və heyvanların ölkəmizə gətirilməsi, çoxaldılması təbiətimizə də, süfrəmizə də ziyandır. Möhtərəm Prezidentimiz təbiətimizin təəssübkeşi kimi qətiyyətlə onun qayğısına qalır. Sağlam beynəlxalq və milli düşüncə təbiətimizi xüsusi incəliklə qorumağı tələb edir. İnsanlarımıza, təbiətimizə, torpağımıza belə fundamental yanaşmanın nəticəsidir ki, bütün dünya ölkəmizin bu sahədəki addımlarını diqqətlə qarşılayır, təqdir edir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva ölkəmizdə yaşıllıqların artırılmasına və qorunmasına xüsusi qayğı göstərir. IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü və dəstəyilə həyata keçirilən layihələrin də ekosistemin qorunmasında mühüm rolu var. Əlamətdar haldır ki, bu layihələr Azərbaycanın bütün regionlarını əhatə edir.

Ekoloji tarazlığın qorunması və ətraf mühitin mühafizəsini öz fəaliyyətində həmişə önə çəkən Azərbaycan Respublikasının ­Prezidenti cənab İlham Əliyev çıxışlarının birində demişdir: “İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır . İnsanların sağlamlığı, ekoloji vəziyyət, udduğumuz hava, içdiyimiz su – bütün bunlara biz çox böyük diqqət göstərməliyik...”

Dövlət başçısının uğurlu ekoloji siyasətinin nəticəsidir ki, indi Azərbaycanın zəngin meşələri, ecazkar bitki örtüyü ilə bərabər yüzlərlə parkı, qoruğu və yasaqlığı var. Möhtərəm Prezidentin sərəncamı və tapşırığı ilə Milli parkların, qoruqların, yasaqlıqların ərazisi genişləndirlir və yeniləri salınır. Qısa müddət ərzində beynəlxalq normativlərə uyğun olaraq xüsusi mühafizə olunan təbiət əraziləri genişləndirilərək 3,8 faizdən 10,3 faizə çatdırılıb.

Milli parklara, yaşıllıqlara, qoruqlara ölkəmizdə böyük diqqət və qayğı göstərilir. Onların sahələri genişləndirilir. Təbiətimizin biomüxtəlifliyinin qorunub saxlanması üçün hər cür şərait yaradılır. Təsadüfi deyil ki, respublika ərazisində 9 Milli Park, 11 Dövlət Təbiət Qoruğu və 24 təbiət yasaqlıqları fəaliyyət göstərir. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini, o cümlədən milli parklar 3,7 faizini təşkil edir.

Ekologiyanın qorunması, ətraf mühitin mühafizəsi, meşələrin inkişafı sahəsində son bir neçə ildə ölkədə böyük işlər görülmüşdür. Uzun illər ərzində yaranmış ekoloji problemlər təhlil edilərək, onların kompleks həllinə yönəldilən milli və dövlət proqramları təsdiq edilmiş, ekoloji və ətraf mühitin mühafizəsi sahəsində qanunvericilik aktları və hökumət qərarları təkmilləşdirilmiş, ölkəmiz beynəlxalq əlaqələrini genişləndirərək, beynəlxalq konvensiyalara qoşulmuşdur. Ətraf mühitin mühafizəsi, ekologiyanın qorunması, ölkəmizdə xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişaf etdilməsi istiqamətində məqsədyönlü ardıcıl tədbirlər davam etdirilir.

Bu gün bəşəriyyəti düşündürən ən mühüm və həyati problemlərdən biri, bəlkə də birincisi ekoloji durumla bağlı yaranmış problemlərdir. Müasir yaşayışı ekologiyasız təsəvvür etmək mümkün deyildir.

Azərbaycan təbiətinin bioloji zənginliklərindən çox yazılıb. Çox alimlər möcüzəli təbiətimizin gözəlliklərindən heyrətlənib. Bu cənnət guşəsinin qeyri-adiliyini görmək, duymaq üçün görkəmli alim, böyük təbiətşunas olmaq vacib deyil. Ən sadə insanlar da bu cənnət məkanın qeyri-adi mənzərəsindən qürur duyurlar. Qoruqlarımız, yasaqlıqlarımız, dağlarımız, su hövzələrimiz, ana Xəzər.... Bu gözəl məkanları saymaqla bitən deyil.

Hər dəfə üz-üzə gəldiyimiz xarici turistlərin dilindən qopan “çox gözəl təbiətiniz var, çox gözəl iqliminiz var, bu gözəllikdən doymaq olmur...” kəlmələri bizi nə qədər sevindirirsə, bir o qədər də məsuliyyətimizi artırır. Bəli, meşələrimizin də, çöl və düzlərimizin də, sularımızın da bioloji varlığını, müxtəlifliklərini həm qorumalı, həm də onlarla fəxr etməliyik. Bir çox nəğmələrimizdə də ekoloji məsələlərin ardıcıl qabartmağa çalışmış, bu zənginliklərin bir nəslin deyil, bütün xalqımızın, gələcək nəsillərimizin də sərvəti olduğunu bildirmişik. Təbiətə qayğının məsuliyyətini yalnız dövlət yox, hər kəs, hər bir ziyalı öz çiynində hiss etməlidir.

Çaylarımız, göllərimiz, Xəzərimiz misilsiz mənzərə yaradır. Bioloji mənzərə, gözəllik mənzərəsi, sərvət mənzərəsi! Azərbaycan ərazicə kiçik olsa da, heyvanat, bitki, quşların, bir sözlə, flora və faunasının zənginliyi baxımından dünyanın ən böyük ölkələri ilə rəqabət aparır. Təkcə Xəzərdə 1810 heyvanat, 733 növ bitki aləmi mövcuddur. Heyvanat aləminin 100 növünü və yarımnövünü balıqlar təşkil edir. Xəzər dənizi dünyanın ən böyük gölü olmaqla yanaşı, heyvanat aləminin biomüxtəlifliyi baxımından da çox əhəmiyyətlidir. Xəzərin Azərbaycan sahili quşların miqrasiya və qışlama qoruğu kimi böyük əhəmiyyət kəsb edir.

Azərbaycan ərazisinin 11,8 faizi meşələrdir. Dünyada mövcud olan 11 iqlim qurşağından 9-u ölkəmizin ərazisində müşahidə edilir. Meşələr suyun, oksigenin mənbəyi, hava təmizləyicisidir. Təbiətin min bir sirri, min bir məlhəmi insanlara xidmətidir. Ancaq bu şərtlə ki, onun elmi mahiyyətini dərk edəsən.

Prezident İlham Əliyev ağacların qanunsuz olaraq kəsilməsinin yolverilməz olduğunu və bu qanunsuzluqlara qarşı daim ciddi tədbirlər görülməsinin, belə hallara yol verən şəxslərin məsuliyyətə cəlb edilməsinin vacibliyini bildirərək demişdir: “Biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq. Ancaq içtimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekolgiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə hardasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir.

Ona görə aidiyyatı qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazilriyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır”.

Möhtərəm Prezidentin bütün sahələrdə olduğu kimi, ekologiya sahəsində də yeritdiyi uğurlu kadr siyasəti öz bəhrəsini verməkdədir. Bu baxımdan ekologiya və təbii sərvətlər nazirinin dəyişilməsi və bu məsul vəzifəyə Muxtar Babayevin təyin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Təbii ki, bu, Azərbaycan təbiətinə göstərilən daha bir diqqət və qayğının təzahürüdür. İndi Ekologiya və Təbii Sərvətlər Nazirliyində və nazirliyin əhatə etdiyi müəssisələrdə yeni ab-hava duyulmaqdadır. Bu da təsadüfi deyil. Yeni nazir ilk günlərdən öz fəaliyyətini icmaiyyətlə birgə qurub. O, respublika vətəndaşlarına müraciətlərində bildirib ki, biz hamımız təbiətin mühafizəsinə, təbii sərvətlərin, ətraf mühitin qorunmasına və zənginləşməsinə yönəldilən tədbirlərə qatılmağa, möhtərəm Prezidentin ekoloji durumun yaxşılaşması ilə əlaqədar imzaladığı sərəncam və tapşırıqlardan irəli gələn vəzifələrin yerinə yetirilməsinə öz töhfəmizi verməyə borcluyuq. Təsadüfi deyil ki, indi həmişəkindən fərqli olaraq ayrı-ayrı vətəndaşların ağac qırılması, ətraf mühitin məişət tullantıları ilə zibilləndirilməsi ilə bağlı siqnallarına diqqətlə yanaşılır. Məsələn, Bakı şəhərində Yeni Günəşli “A-B” yaşayış massivində yeni binanın tikintisi ilə əlaqədar ayrılan 0,3 hektar torpaq sahəsində bioloji inkişafda olan şam, sərv və tuya ağaclarının kəsilməsi təhlükəsi yaranmışdı. Vətəndaş Rövşən Qafarovun fəallığı sayəsində bu təhlükə aradan qaldırıldı. Cənab nazir sayıqlığına və ekologiya işçiləri ilə həmrəyliyinə görə ona öz təşəkkürünü bildirib və digər vətəndaşların da bu cür nəcib hərəkət edəcəyinə əminliyini vurğulayıb.

Xalq şairimiz Səməd Vurğun “Çinarın şikayəti” şeirində ürək yanğısı ilə yazmışdır:

Fəqət deyirlər ki, yoldaş mühəndis,

Məni bir arxasız, yurdsuz, kimsəsiz.

Zənn edib plana almışdır ki, mən

İndi çıxmalıyam öz kötüyümdən...

Demək, qalmayacaq məndən yadigar.

Ancaq mühəndisə bir sualım var:

Ömründə bir şitil, bir budaq belə

Mühəndis əkmişmi barı əlilə.

Ki, məni – bu boyda çinarı birdən

Qoparmaq istəyir durduğu yerdən?

Böyük şair vaxtilə qələmə aldığı bu misralarda uzaqgörən məqsəd güdmüşdür. Əlbəttə, başlıca fikir təbiətə qayğıdır. Amma, görünür, öz işinə məsuliyyətlə yanaşmayan insanlara bütün zamanlarda rast gəlinir. Bəziləri bilərəkdən, bəziləri isə bilməyərəkdən təbiətə qənim kəsilmişlər. Acı bir istehzadır ki, vicdansız bir sahibkarın iddiası ilə hesablaşıb təbiətə qandondurucu zərbə vurasan. Hansı məkanda olursa-olsun, təbiət, yaşıllıq bizim qayğıkeşimiz, xilaskarımızdır. Bizə nəfəs bəxş edir, qida verir, zövq və istirahət mənbəyimizdir. Nə yaxşı ki, dövlətimizin daşdan keçən qanunları, korrupsionerləri yerində susduran çərçivələri və ləyaqətli kadrları var. Təbiətə qayğı göstərməyi bacaran kadrlar lazımdır. O kadrlar ki, yurdumuzu ana qoynu kimi tanıyıb, ata ocağı kimi dəyərləndirsinlər:

Bizdə təbiətə qəsd edənlərin

Nə insan duyğusu, nə də haqqı var!

Azərbaycan Prezidentinin uğurlu ekoloji siyasəti təkcə ekoloqlarda deyil, bütün ictimaiyyətdə böyük ruh yüksəkliyi doğurur. İndi hamı başa düşür ki, Vətən sevgisi doğma yurdun təbiətinin qorunmasından başlanır. Əgər yurdun təbiəti zəngin və sağlamdırsa, deməli, insanlar da sağlam həyat tərzinə malikdirlər. Çünki sağlamlıq da, gümrahlıq da, saflıq və təmizlik də ana təbiətdən gəlir. Elə buna görə də ekoloqların qarşıdakı peşə bayramı təkcə onların deyil, bütün xalqımızın bayramıdır.

Bəxtiyar Hüseynov,
ekoloq-yazıçı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında