Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 24

Bakı şəhəri, 30 yanvar 2018-ci il

“Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinədən keçməsi Qaydası”nın təsdiq edilməsi haqqında

“Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 iyun tarixli 1471 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinədən keçməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.az və www.xalqqazeti.com saytlarında tanış ola bilərsiniz.

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2018-ci il 30 yanvar

tarixli 24 nömrəli qərarı ilə

təsdiq edilmişdir.                      

 

Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin

tibbi müayinədən keçməsi

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 18.2.10-cu maddəsinin icrası məqsədi ilə hazırlanmışdır və təhsilverənlərin (bundan sonra - təhsilverənlər) tibbi müayinədən keçməsi qaydasını müəyyən edir.

1.2. Təhsilverənlərlə əmək müqaviləsi bağlanılarkən onların yaşadığı ərazi üzrə ambulator və ya stasionar tibbi xidmət göstərən tibb müəssisəsindən sağlamlıq haqqında arayışın təqdim olunması vacibdir. 

1.3. Təhsilverənlər “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 18.2.10-cu maddəsinə uyğun olaraq ildə bir dəfə dövlət tibb müəssisələrində dövri tibbi müayinədən dövlət hesabına keçirlər.

1.4. Bu Qayda mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bütün məktəbəqədər təhsil müəssisələrinə şamil edilir və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri bu Qaydaya əməl edilməsinə görə məsuliyyət daşıyırlar.

 

2. Dövri tibbi müayinələr

 

2.1. Təhsilverənlər dövri müayinələrdən işəgötürənin göndərişi əsasında keçirlər. Dövri müayinələr bu Qaydaya əsasən həkim komissiyası tərəfindən həyata keçirilir.

2.2. Dövri tibbi müayinələr aşağıdakı məqsədlər üçün həyata keçirilir:

2.2.1. təhsilverənlərin sağlamlıq vəziyyətinin müəyyən edilməsi;

2.2.2. xəstəliklərin, o cümlədən peşə xəstəliklərinin erkən aşkarlanması və qarşısının alınması;

2.2.3. işçinin sağlamlıq vəziyyətinə görə əmək fəaliyyətini davam etdirə bilməməsinin müəyyən edilməsi;

2.2.4. işçilərin sağlamlığının qorunması və bərpası məqsədi ilə vaxtında profilaktik və reabilitasiya tədbirlərinin həyata keçirilməsi;

2.2.5. infeksion və parazitar xəstəliklərin yayılmasının qarşısının alınması;

2.2.6. təhsilalanların sağlamlığının qorunması.

2.3. Dövri tibbi müayinənin sonunda həkim komissiyası tərəfindən şəxsin sağlamlığı barədə müvafiq tibbi rəy tərtib edilir. Tibbi rəy iki nüsxədə tərtib olunur. Bir nüsxəsi dövri tibbi müayinəni keçən şəxsin iş yerinə rəsmi qaydada göndərilir, ikinci nüsxəsi isə ambulator xəstənin tibbi kartına əlavə olunur, həmçinin “Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi”nə (VESKS) daxil edilir.

 

3. Dövri tibbi müayinələrin növləri və keçiriləcəyi yer

 

3.1. Dövri tibbi müayinələr şəxsin yaşadığı və ya iş yerinin yerləşdiyi ərazi üzrə ambulator və ya stasionar tibb müəssisəsində aparılır.

3.2. Dövri tibbi müayinələr tibb müəssisəsində yaradılmış həkim komissiyası tərəfindən həyata keçirilir.

3.3. Həkim komissiyasının tərkibi tibb müəssisəsinin rəhbəri tərəfindən müəyyən edilir.

3.4. Təhsilverənlər üçün tibbi müayinələr aparan komissiyanın tərkibinə aşağıdakı həkimlər daxil edilir:

3.4.1. terapevt;

3.4.2. otorinolarinqoloq;

3.4.3. narkoloq;

3.4.4. infeksionist;

3.4.5. psixiatr;

3.4.6. dermatoveneroloq.

3.5. Təhsilverənlər aşağıdakı dövri tibbi yoxlama və müayinələrdən keçməlidirlər:

3.5.1. ağciyərlərin flyuoroqrafiyası, həkim göstərişinə əsasən ağciyərlərin rentgenoqrafiyası;

3.5.2. qanın analizi (QİÇS-ə, hepatit B, C-yə, sifilisə);

3.5.3. nəcisin analizi (helmitozlara və patogen ibtidailərə yoluxma ilə bağlı);

3.5.4. süzənək testi;

3.5.5. bağırsaq infeksiyaları ilə bağlı  bakteriya gəzdiriciliyinə görə müayinə.

 

 

4. Dövri tibbi müayinədən keçmiş şəxslərin işə buraxılmaması

 

4.1. Tibbi müayinədən imtina edildikdə və dövri tibbi müayinədən keçmiş şəxslərdə aşağıdakı xəstəliklər aşkar edildikdə, onların işə buraxılmasına yol verilmir:

4.1.1. tam sağalma təsdiq edilənə qədər vərəm xəstəliyinin bütün klinik formaları;

4.1.2. tam sağalma təsdiq edilənə qədər sifilis xəstəliyi;

4.1.3. tam sağalma təsdiq edilənə qədər süzənək xəstəliyi;

4.1.4. helmintozlara (qurda yoluxma) və patogen ibtidailərə (amöbiaz, balantidiaz, ləmblioz) yoluxmalar;

4.1.5. kəskin və xroniki bağırsaq infeksiyalarının bütün klinik formaları;

4.1.6. kəskin virus infeksiyaları;

4.1.7. kəskin bakterial infeksiyalar;

4.1.8. bakterial infeksiyalarla bağlı bakteriyagəzdirənliyin bütün formaları;

4.1.9. ruhi xəstəliklər;

4.1.10. narkoloji xəstəliklər (narkomaniya, alkoqolizm, toksikomaniya);

4.1.11. ağıreşitmə.

 

5. İşəgötürənlərin və təhsilverənlərin vəzifələri

 

5.1. İşəgötürənlər aşağıdakı vəzifələri həyata keçirirlər:

5.1.1. hər il dekabr ayının 1-dən gec olmayaraq, dövri tibbi müayinələrdən keçməli olan təhsilverənlərin siyahısını təsdiq edirlər;

5.1.2. siyahıda dövri tibbi müayinə keçməli olan təhsilverənlərin adının, soyadının, atasının adının, vəzifəsinin, təvəllüdünün, həmçinin tibbi müayinələr keçiriləcək müalicə-profilaktika müəssisəsinin adının qeyd olunmasını təmin edirlər;

5.1.3. siyahı tərtib edilən gündən 3 gün ərzində siyahıda qeyd olunmuş təhsilverənləri dövri tibbi müayinə keçməsi üçün göndərişlə təmin etmək və onların dövri tibbi müayinədən keçmələrinə nəzarət edirlər.

5.2. Təhsilverənlər aşağıdakı vəzifələri həyata keçirirlər:

5.2.1. işəgötürənin göndərişi əsasında 15 gün müddətində dövri tibbi müayinədən keçirlər;

5.2.2. müayinənin nəticəsi barədə işəgötürəni məlumatlandırırlar.

 

__________________

          №-li nüsxə

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında