№ 517
Bakı şəhəri, 28 noyabr 2017-ci il
“Gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiyasının keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə
“Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 688-VQD nömrəli Qanununun tətbiqi və “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 243 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 iyul tarixli 1523 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiyasının keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri
Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.az və www.xalqqazeti.com saytlarında tanış ola bilərsiniz.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2017-ci il 28 noyabr
tarixli 517 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
Gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiyasının keçirilməsi
QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin (bundan sonra – Əsasnamə) 114-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və gömrük orqanlarının vəzifəli şəxslərinin (bundan sonra - vəzifəli şəxslər) attestasiyasının keçirilməsi qaydasını müəyyən edir.
1.2. Attestasiyanın keçirilməsinin əsas məqsədləri aşağıdakılardır:
1.2.1. kadrların düzgün seçilməsi, yerləşdirilməsi və tərbiyə edilməsi;
1.2.2. vəzifəli şəxslərin tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi;
1.2.3. vəzifəli şəxslərin potensial imkanlarından istifadə etmək mümkünlüyünün aşkara çıxarılması, onların peşə səriştəliyinin artırılmasının stimullaşdırılması.
1.3. Attestasiya zamanı hər bir vəzifəli şəxsin işgüzar və mənəvi keyfiyyətlərinin obyektiv qiyməti verilir, tutduğu vəzifəsinə uyğunluğu və onun xidməti istifadəsinin perspektivi müəyyənləşdirilir, xidmətdə irəli çəkilmək və təhsil almağa göndərilmək üçün namizədlərin ehtiyatı müəyyən edilir.
1.4. Gömrük orqanlarında hər bir vəzifəli şəxs 5 (beş) ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilir.
1.5. Attestasiyanın keçirilməsinin müddətləri, cədvəli və bu Qaydanın 2.3-cü bəndində göstərilən sualların hazırlanmasında istifadə olunan hüquqi aktların və digər məlumat mənbələrinin siyahısı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri (bundan sonra – sədr) tərəfindən təsdiq edilir və attestasiyanın başlanılmasına ən geci 1 (bir) ay qalmış attestasiyadan keçən vəzifəli şəxslərin nəzərinə çatdırılır.
1.6. Yalnız müvafiq vəzifələrdə azı bir il çalışan vəzifəli şəxslərin attestasiyası keçirilə bilər. Uşağa qulluq etmək üçün məzuniyyətdə olan vəzifəli şəxslər xidmət keçməsini davam etdirməyə başladıqdan sonra 1 (bir) ildən tez olmayaraq attestasiyadan keçməlidirlər.
1.7. Eyni vəzifədə azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş vəzifəli şəxslər attestasiya olunmurlar.
1.8. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri tərəfindən vəzifəyə təyin edilən vəzifəli şəxslərin attestasiyası bu Qaydanın tələblərinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində yaradılan attestasiya komissiyası tərəfindən həyata keçirilir.
2. Attestasiyanın keçirilməsi qaydası
2.1. Attestasiya kollegial, obyektiv surətdə keçirilir. Attestasiya komissiyasının tərkibini sədr təsdiq edir.
2.2. Attestasiya komissiyası kollegial orqandır. O, azı beş nəfərdən təşkil edilməlidir və bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır.
2.3. Attestasiya komissiyasının üzvləri tərəfindən vəzifəli şəxslərə yalnız tutduğu vəzifəyə, vəzifə təlimatına, ixtisasına dair, icra etdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarına və qulluq funksiyalarına aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan vəzifəli şəxslərə onun xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onun siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.
2.4. Attestasiyadan keçməli olan vəzifəli şəxsə attestasiyanın başlanılmasına ən azı 2 (iki) həftə qalmış onların bilavasitə rəhbəri tərəfindən hazırlanmış xidməti xasiyyətnamə verilir. Həmin vəzifəli şəxs ona verilən xasiyyətnamə ilə tanış olmalıdır.
2.5. Xasiyyətnamədə vəzifəli şəxslərin xidməti fəaliyyətinə qiymət verilir, fərdi xüsusiyyətləri, güclü və zəif cəhətləri, keçən dövr ərzindəki işinin nəticələri göstərilir. Sonrakı attestasiyalarda komissiyaya əvvəlki attestasiyanın attestasiya vərəqəsi də təqdim edilir.
2.6. Vəzifəli şəxslər attestasiyadan keçirilərkən, onun bilavasitə rəhbəri attestasiyaya dəvət edilə bilər. Attestasiya komissiyası attestasiyadan keçən vəzifəli şəxslərin fəaliyyəti haqqında onun məlumatını dinləyir və təqdim edilmiş materialları nəzərdən keçirir.
2.7. Vəzifəli şəxs üzrlü səbəb olmadan attestasiya komissiyasının iclasına gəlmədikdə, o attestasiyadan keçirilməmiş hesab edilir və həmin vəzifəli şəxs barədə Əsasnamənin 69-cu maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri tətbiq edilə bilər.
2.8. Vəzifəli şəxs üzrlü səbəbdən attestasiya komissiyasının iclasına gəlmədikdə, o attestasiyadan keçirilməmiş hesab edilir. Həmin işçi attestasiya komissiyasının növbəti iclasında bu Qaydaya uyğun olaraq attestasiyadan keçməlidir.
2.9. Attestasiyasının nəticələri əsasında attestasiya komissiyası vəzifəli şəxslərə aşağıdakı qiymətlərdən birini verir:
2.9.1. tutduğu vəzifəyə uyğun gəlir;
2.9.2. işini yaxşılaşdırsa və komissiyanın tövsiyələrini yerinə yetirsə, 1 (bir) ildən sonra təkrar attestasiyadan keçmək şərtilə tutduğu vəzifəyə uyğun gəlir;
2.9.3. tutduğu vəzifəyə uyğun gəlmir.
2.10. Attestasiya komissiyası attestasiyanın nəticələri əsasında ayrı-ayrı vəzifəli şəxslərin qazandıqları müvəffəqiyyətlərə görə mükafatlandırılması, irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi, attestasiyadan keçən vəzifəli şəxslərin müvafiq istiqamət üzrə əlavə təhsilə cəlb edilməsi, qulluq fəaliyyətinin, işinin nəticələrinin yaxşılaşdırılması, aşağı vəzifəyə, eləcə də digər hər hansı vəzifəyə keçirilməsi, xüsusi rütbəsi aşağı salınmış vəzifəli şəxsin ştat üzrə tutduğu vəzifədən asılı olmayaraq öz əvvəlki xüsusi rütbəsinə bərpa olunması və ya tutduğu vəzifədən azad edilməsi haqqında tövsiyələr verə bilər. Bu halda attestasiya komissiyası irəli sürdüyü tövsiyələri əsaslandırmalıdır.
2.11. Vəzifəli şəxslərin fəaliyyətinə verilən qiymət və attestasiya komissiyasının tövsiyələri attestasiyadan keçən vəzifəli şəxslərin iştirakı olmadan açıq səsvermə yolu ilə qəbul edilir.
2.12. Attestasiya və səsvermə attestasiya komissiyasının üzvlərinin ən azı üçdə iki hissəsinin iştirakı ilə keçirilir. Səsvermənin nəticələri səs çoxluğu ilə müəyyən edilir. Səslər bərabər olduqda, attestasiyadan keçən vəzifəli şəxs tutduğu vəzifəyə uyğun hesab edilir. Attestasiya komissiyasının üzvü olan vəzifəli şəxslər attestasiyadan keçərkən, səsvermədə iştirak etmirlər. Attestasiyanın nəticələri səsvermədən dərhal sonra vəzifəli şəxsə bildirilir.
2.13. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 65-ci maddəsinə uyğun olaraq, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş vəzifəli şəxs attestasiyadan keçirildikdə, səlahiyyətli struktur bölmənin nümayəndəsi attestasiya komis-siyasının iclaslarında iştirak etməlidir.
3. Attestasiyanın nəticələrinin rəsmiləşdirilməsi
3.1. Attestasiyanın nəticələri (qiymət və tövsiyələr), attestasiya zamanı verilən suallar və cavablar 1 (bir) nüsxədə tərtib edilən, attestasiya komissiyasının sədri, katibi və komissiyanın səsvermədə iştirak etmiş digər üzvləri tərəfindən imzalanan və nümunəsi bu Qaydanın əlavəsində göstərilən attestasiya vərəqəsinə yazılır.
3.2. Attestasiyadan keçən vəzifəli şəxslərin attestasiya vərəqəsi və xasiyyətnaməsi onun şəxsi işində saxlanılır və onların bir surəti attestasiyadan keçən vəzifəli şəxsə verilir.
3.3. Attestasiya komissiyasının verdiyi qiymət əsas götürülərək, tövsiyələr nəzərə alınmaqla və qüvvədə olan qanunvericiliyə uyğun olaraq, ayrı-ayrı vəzifəli şəxsin qazandığı müvəffəqiyyətlər müqabilində mükafatlandırılması, irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi, yuxarı vəzifəyə keçirilməsi, xüsusi rütbəsi aşağı salınmış vəzifəli şəxsin ştat üzrə vəzifədən asılı olmayaraq öz əvvəlki xüsusi rütbəsinə bərpa olunması, xidməti fəaliyyətlə bağlı müvafiq istiqamət üzrə əlavə təhsilə cəlb edilməsi, attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun gəlmədiyi aşkara çıxan vəzifəli şəxsin aşağı vəzifəyə, eləcə də digər vəzifəyə keçirilməsi və ya tutduğu vəzifədən azad edilməsi haqqında qərarlar sədr tərəfindən qəbul edilir.
3.4. Bu Qaydanın 3.3-cü bəndində nəzərdə tutulmuş qərarlar vəzifəli şəxslərin attestasiyadan keçdiyi gündən sonra ən geci 2 (iki) ay müddətində qəbul edilir. Bu müddət keçdikdən sonra attestasiyanın nəticələri əsasında vəzifəli şəxslərin aşağı vəzifəyə keçirilməsi və ya tutduğu vəzifədən azad edilməsi haqqında qərarlar qəbul edilə bilməz.
3.5. Vəzifəli şəxslərin üzrlü səbəbdən işə gəlmədiyi, ezamiyyətdə və məzuniyyətdə olduğu vaxt həmin 2 (iki) ay müddətinə daxil edilmir.
3.6. Vəzifəli şəxslər attestasiyanın nəticələrindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və ya məhkəmə qaydasında şikayət edə bilərlər.
_______________________
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.