Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 493 

Bakı şəhəri, 16 noyabr 2017-ci il

 

“Dövlət vergi orqanlarının vəzifəli şəxslərinin attestasiyası Qaydası”nın təsdiq edilməsi barədə

“Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 692-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 iyul tarixli 1521 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Dövlət vergi orqanlarının vəzifəli şəxslərinin attestasiyası Qaydası” təsdiq edilsin (əlavə olunur).

Yaqub EYYUBOV
 Azərbaycan Respublikası
Baş nazirinin birinci müavini

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə  www.cabmin.gov.az və www.xalqqazeti.com  saytlarında tanış  ola bilərsiniz.

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2017-ci il 16 noyabr

tarixli 493 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

Dövlət vergi orqanlarının vəzifəli şəxslərinin attestasiyası

Q A Y D A S I

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət  haqqında Əsasnamə”nin 55-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq hazırlanmışdır və dövlət vergi orqanlarının vəzifəli şəxslərinin (bundan sonra – vəzifəli şəxslərin) attesta-siyasının keçirilməsi qaydalarını tənzimləyir.

1.2. Attestasiyanın keçirilməsinin əsas məqsədləri aşağıda-kılardır:

1.2.1. kadrların peşəkarlıq, işgüzarlıq və mənəvi keyfiyyətlə-rinin qiymətləndirilməsi;

1.2.2. kadrların tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyi barədə nəticə çıxarılması.

1.3. Attestasiyanın vaxtı və keçirilməsi forması, bu Qaydanın 2.8-ci bəndində nəzərdə tutulmuş sualların hazırlanmasında istifadə olunan hüquqi aktların və digər mənbələrin siyahısı Azərbaycan Respublikasının vergilər naziri (bundan sonra – vergilər naziri) tərəfindən təsdiq edilir və attestasiyanın başlanılmasına ən geci 1 (bir) ay qalmış attestasiya olunacaq vəzifəli şəxslərin nəzərinə çatdırılır.

1.4. Yalnız müvafiq vəzifədə azı 1 (bir) il xidmət edən və  5 (beş) ildə bir dəfədən çox olmayaraq vəzifəli şəxslərin attestasiyası keçirilə bilər.

1.5. Aşağıda qeyd olunan vəzifəli  şəxslər attestasiyaya cəlb edilmirlər:

1.5.1. vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış əlil olmuş vəzifəli şəxslər;

1.5.2. Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş vəzifəli şəxslər;

1.5.3. bir vəzifədə (peşədə) 5 (beş) ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan vəzifəli şəxslər;

1.5.4. hamilə qadınlar;

1.5.5. uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);

1.5.6. bir vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq, tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş vəzifəli şəxslər.

2. Attestasiyanın təşkili və keçirilməsi

2.1. Attestasiya vergilər nazirinin əmri ilə tərkibi təsdiq edilən eyni hüquqa malik bir və ya bir neçə attestasiya komissiyası tərəfindən keçirilir.

2.2. Attestasiya komissiyası (bundan sonra – Komissiya) azı beş nəfərdən ibarət olmaqla, sədrdən, məsul katibdən və digər üzvlərdən təşkil olunur. Komissiyanın tərkibinə müstəqil ekspertlər də daxil edilə bilər. Komissiyanın səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə müəyyən edilir.

2.3. Attestasiya müsahibə, yazılı və ya test imtahanı formasında keçirilə bilər. Test üsulu istifadə edilməklə keçirilən attestasiya xüsusi proqram təminatı vasitəsilə təşkil edilir.

2.4. Attestasiyadan keçməli olan hər bir vəzifəli şəxs barəsində Komissiyaya attestasiyanın başlanılmasına iki həftə qalmış həmin vəzifəli şəxsin işlədiyi strukturun rəhbəri tərəfindən hazırlanmış xidməti xasiyyətnamə verilir. Vəzifəli şəxs onun barəsində verilmiş xasiyyətnamə ilə tanış olmalıdır.

2.5. Xasiyyətnamədə vəzifəli şəxsin xidməti fəaliyyətinə hərtərəfli qiymət verilir, onun fərdi xüsusiyyətləri, güclü və zəif cəhətləri, keçən dövr ərzindəki əmək fəaliyyətinin nəticələri yetərli faktlarla və təhlillərlə əks etdirilir.

2.6. Komissiya attestasiya olunan vəzifəli şəxsin xidməti fəaliyyəti haqqında məlumatı dinləyir və təqdim olunmuş müvafiq sənədləri nəzərdən keçirir. Attestasiya olunan vəzifəli şəxs barədə Komissiyada müzakirə tələbkarlıq və obyektivlik şəraitində aparılmalıdır. Vəzifəli şəxs attestasiyadan keçirilərkən, onun işlədiyi strukturun rəhbəri attestasiyada iştirak etmək hüququna malikdir. 

2.7. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş vəzifəli şəxs attestasiyadan keçirildikdə, Azərbaycan Respublikası Vergilər Nazirliyinin korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müəyyən edilən müvafiq vəzifəli şəxsi və ya struktur bölməsinin nümayəndəsi Komissiyanın iclasında iştirak etməlidir.

2.8. Attestasiyanın keçirilməsinin formasından asılı olmayaraq, vəzifəli şəxslərə yalnız tutduğu vəzifəyə, vəzifə təlimatına, icra etdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqlarına, qulluq funksiyalarına aid olan məsələlərlə əlaqədar suallar verilməli və ya təqdim edilməlidir.

2.9. Vəzifəli şəxslərə onların xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi və ya təqdim edilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolveril-məzdir.

2.10. Attestasiya zamanı verilmiş və ya təqdim edilmiş suallar və onların cavabları tam əhatəli, konkret və lakonik olmalıdır.

2.11. Attestasiya test formasında keçirildikdə, vəzifəli şəxsə bu Qaydanın 2.8-ci bəndinin tələblərinə uyğun olaraq 100 sual (25 sual çətin, 30 sual orta, 45 sual sadə olmaqla), yazılı formada keçirildikdə 20 sual (5 sual çətin, 6 sual orta, 9 sual sadə olmaqla) təqdim edilir. Test və yazılı formada təqdim edilmiş sualların cavablandırılması üçün 3 (üç) saat vaxt müəyyən edilir. Sualların azı 70 faizini doğru cavablandıran vəzifəli şəxslər imtahandan keçmiş hesab edilirlər.

2.12. Müsahibə formasında attestasiya hər bir vəzifəli şəxslə fərdi qaydada, vəzifəli şəxsin bilik səviyyəsinin, işgüzarlıq və mənəvi keyfiyyətlərinin qiymətləndirilməsinə yönəlmiş sualların, tapşırıqların verilməsi, vəzifəli şəxs tərəfindən həmin sualların cavablandırılması, tapşırıqların həll edilməsi yolu ilə keçirilir.

 Müsahibənin nəticələri Komissiya üzvlərinin səs çoxluğu ilə müəyyən edilir. Səslər bərabər olduqda, vəzifəli şəxs müsahibədən keçmiş hesab edilir. Attestasiya komissiyasının üzvü olan vəzifəli şəxs müsahibədən keçərkən, səsvermədə iştirak etmir.

2.13. Attestasiyadan keçməli olan vəzifəli şəxslər hər hansı səbəbdən attestasiyada iştirak etmədikdə, attestasiyadan keçirilməmiş hesab edilirlər və həmin vəzifəli şəxslər sonradan tərtib edilmiş qrafikə uyğun olaraq attestasiyadan keçirilirlər.

2.14. Attestasiyadan keçməli olan vəzifəli şəxslər üzrsüz səbəbdən attestasiyada iştirak etmədikdə, həmin vəzifəli şəxslər barəsində intizam tənbeh tədbirləri tətbiq edilir.

 

3. Attestasiyanın nəticələrinin rəsmiləşdirilməsi və

bununla bağlı digər məsələlər

 

3.1. Komissiya vəzifəli şəxsin attestasiyasının nəticələri üzrə aşağıdakı 3 (üç) qiymətdən birini verir:

3.1.1. tutduğu vəzifəyə uyğundur;

3.1.2. tutduğu vəzifəyə uyğun deyildir;

3.1.3. işini yaxşılaşdırsa və Komissiyanın tövsiyələrini yerinə yetirsə, 1 (bir) ildən sonra təkrar attestasiyadan keçmək şərtilə tutduğu vəzifəyə uyğundur.

3.2. Komissiya attestasiyanın nəticəsinə görə əsaslandırılmış şəkildə vəzifəli şəxs barəsində həvəsləndirmə tədbirinin görülməsi, onun vəzifədə irəli çəkilməsi və ya bu məqsədlə yaradılmış ehtiyat kadrlar siyahısına daxil edilməsi, əlavə təhsilə və ya təlimlərə cəlb edilməsi, aşağı vəzifəyə və ya digər vəzifəyə keçirilməsi və tutduğu vəzifədən azad olunması haqqında tövsiyələr verə bilər.

3.3. Komissiya tərəfindən vəzifəli şəxsin fəaliyyətinə verilən qiymət və bu fəaliyyətlə əlaqədar tövsiyələr attestasiyadan keçirilən vəzifəli şəxsin iştirakı olmadan səsvermə yolu ilə qəbul edilir. Attestasiya və səsvermə Komissiyanın üzvlərinin ən azı üçdə iki hissəsinin iştirakı ilə keçirilir. Səsvermənin nəticələri səs çoxluğu ilə müəyyən edilir. Səslər bərabər olduqda, attestasiya olunan vəzifəli şəxs tutduğu vəzifəyə uyğun hesab edilir. Komissiyanın üzvü olan vəzifəli şəxs attestasiyadan keçərkən səsvermədə iştirak etmir.

3.4. Attestasiyanın nəticələri (qiymət və tövsiyələr), habelə attestasiya zamanı verilən suallar və cavablar bu Qaydaya əlavə olunan formada 1 (bir) nüsxədə tərtib edilən, sədr, katib və Komissiyanın səsvermədə iştirak etmiş digər üzvləri tərəfindən imzalanan attestasiya vərəqəsinə yazılır. Attestasiya olunan vəzifəli şəxsin attestasiya vərəqəsi və xasiyyətnaməsi onun şəxsi işində saxlanılır. Attestasiya olunan vəzifəli şəxsin attestasiya vərəqəsi və xasiyyətnaməsi ilə tanış olmaq və surətlərini almaq hüququ vardır.

3.5. Vəzifəli şəxslər attestasiyadan keçdikdən sonra attestasiyanın nəticələri Komissiya tərəfindən 15 (on beş) gün ərzində vergilər nazirinə təqdim edilir. Vergilər naziri Komissiyanın verdiyi qiymət və tövsiyələri nəzərə alaraq, 30 (otuz) gün ərzində müvafiq qərar qəbul edir. Bu müddət keçdikdən sonra attestasiyanın nəticələrinə görə vəzifəli şəxsin aşağı vəzifəyə keçirilməsi və ya tutduğu vəzifədən azad edilməsi yolverilməzdir.

3.6. Vəzifəli şəxsin xəstəlik, məzuniyyət və ezamiyyət dövrü 30 (otuz) günlük müddətə daxil edilmir.

3.7. Komissiyanın verdiyi qiymət və tövsiyələr əsasında vergilər naziri tərəfindən qəbul edilmiş qərardan vəzifəli şəxs 30 (otuz) gün müddətində inzibati və ya məhkəmə qaydasında şikayət edə bilər. Şikayətə Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada baxılır.

 

 

“Dövlət vergi orqanlarının

vəzifəli şəxslərinin attestasiyası

 Qaydası”na

əlavə

 

ATTESTASİYA VӘRӘQӘSİ

 

1. Soyadı, adı, atasının adı_________________________________

2. Doğulduğu tarix  _______________________________________

3. Təhsili və ixtisasının artırılması barədə məlumat _­­­­____________

______________________________________________________

(təhsil müəssisəsi, bitirdiyi tarix   ______________________________________________________

ixtisası, elmi dərəcəsi, elmi adı, ixtisasartırma kursu

______________________________________________________

ixtisasını harada və nə vaxt artırmışdır)

 

4. Attestasiya keçirilən zaman tutduğu vəzifə və bu vəzifəyə təyin olunduğu (seçildiyi,   təsdiq edildiyi) vaxt ______________________

 

5. Ümumi əmək stajı (o cümlədən, vergi orqanlarında stajı) _______

______________________________________________________

6. Attestasiya olunan şəxsə verilən suallar və cavablar___________

______________________________________________________

7. Attestasiya komissiyası üzvlərinin rəy və təklifləri______________

 

 

8. Attestasiya olunan şəxsin rəy və təklifləri ____________________

 

 

9. Səsvermənin nəticələrinə görə vəzifəli şəxsin fəaliyyətinə qiymət verilməsi_______________________________________________

10. Səslərin miqdarı:

10.1. vəzifəyə uyğundur___________________________________

10.2. vəzifəyə uyğun deyil_________________________________

10.3. işini yaxşılaşdırsa və attestasiya komissiyasının tövsiyələrini yerinə yetirsə, 1 (bir) ildən sonra təkrar attestasiyadan keçmək şərtilə tutduğu vəzifəyə uyğundur_________________________________

11. Attestasiya komissiyasının tövsiyələri (səbəbləri göstərilməklə)__

______________________________________________________

12. Qeyd _______________________________________________

____________________________________________________________________________________________________________

 

Attestasiya komissiyasının sədri:                              _____________             

                                                                                                   imza

Attestasiya komissiyasının məsul katibi:                   _____________             

                                                                                                   imza

Attestasiya komissiyasının üzvləri:                            _____________             

                                                                                                   imza

1.

2.

3.

4.

və s.

Attestasiyanın tarixi:                                                            __________________             

                                                                                      tarix                              

 

 

Attestasiya vərəqəsi ilə tanış olmuşdur_______________________

                                                       (attestasiya olunan şəxsin imzası və tarix)

 

13. Attestasiyanın nəticələrinə görə Azərbaycan Respublikası vergilər nazirinin qərarı və onun qəbul olunduğu tarix_____________

__________________________________________________

          №-li nüsxə


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında