Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 429

Bakı şəhəri, 13 oktyabr 2017-ci il

“Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndəsi və onun aparatı haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndəsinin aparatının nümunəvi strukturu”nun təsdiq edilməsi barədə

“Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 sentyabr tarixli 1588 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndəsi və onun aparatı haqqında Əsasnamə” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndəsinin aparatının nümunəvi strukturu” təsdiq edilsin (2 nömrəli əlavə).

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə  www.cabmin.gov.az və www.xalqqazeti.com  saytlarında tanış  ola bilərsiniz.

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2017-ci il 13 oktyabr

tarixli 429 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

1 nömrəli əlavə

 

Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndəsi və onun aparatı haqqında

 

ƏSASNAMƏ

 

  1.  Ümumi müddəalar

 

  1. Bu Əsasnamə “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 sentyabr tarixli 1588 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndəsinin (bundan sonra – ticarət nümayəndəsi) və onun aparatının fəaliyyət qaydalarını müəyyən edir.
  2. Ticarət nümayəndəsi və onun aparatı öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnaməni, digər qanunvericilik aktlarını, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiya qərarlarını, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin əmr və sərəncamlarını (bundan sonra - təşkilati-sərəncamverici sənədlər), bu Əsasnaməni rəhbər tutur və müvafiq səfirlik və konsulluğun yerləşdiyi ölkənin qanunvericiliyini nəzərə alır.

1.3. Ticarət nümayəndəsi və onun aparatı səfirliyin və ya konsulluğun binasından kənarda yerləşdikdə, onun yerləşdiyi binada və ya onun ərazisində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılır və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və Azərbaycan dilində və təyin olunduğu dövlətin dövlət dilində (dillərində) “Azərbaycan Respublikasının (xarici ölkədəki səfirlik və ya konsulluğun adı) ticarət nümayəndəsi” yazısı olan lövhə vurulur.

1.4. Ticarət nümayəndəsinin və onun aparatının istifadəsində olan Azərbaycan Respublikasının mülkiyyəti olan daşınar və ya daşınmaz əmlak ticarət nümayəndəsinə təhkim edilir.

1.5. Ticarət nümayəndəsinin və onun aparatının saxlanılması xərcləri və fəaliyyətinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ayrılan vəsaitlər və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına həyata keçirilir.

1.6. Ticarət nümayəndəsi müvafiq bank hesablarına, üzərində onun vəzifəsi və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

1.7. Ticarət nümayəndəsi, onun aparatının işçiləri və onların ailə üzvləri təyin olunduqları dövlətin ərazisində beynəlxalq müqavilələrə uyğun olaraq imtiyaz və immunitetlərdən istifadə edirlər.

 

  1. Ticarət nümayəndəsinin fəaliyyət istiqamətləri

 

2.1.  “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 26 yanvar tarixli 1217 nömrəli Fərmanının 2.1-ci bəndinə uyğun olaraq, ticarət nümayəndəsi təyin olunduğu ölkə ilə Azərbaycan Respublikasının iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və iqtisadi maraqlarının qorunması, Azərbaycan mallarının və xidmətlərinin ixracının artırılması, ölkəmizin biznes mühitinin və investisiya imkanlarının təbliği istiqamətində tədbirlər görür.

                       

  1.  Ticarət nümayəndəsinin vəzifələri

 

  1.  Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, ticarət nümayəndəsinin vəzifələri aşağıdakılardır:
    1. təyin olunduğu ölkə ilə Azərbaycan Respublikasının iqtisadi-ticarət əlaqələrini genişləndirmək, bu  məqsədlə iqtisadi-ticarət əlaqələrinin vəziyyətini təhlil etmək, müvafiq istiqamətdə təkliflər hazırlamaq və onları həyata keçirmək;
    2. təyin olunduğu ölkədə ölkəmizin və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarını qorumaq və təmsil etmək, bu məqsədlə tədbirlər hazırlamaq və həyata keçirmək;
    3. Azərbaycan mallarının və xidmətlərinin təyin olunduğu ölkənin bazarlarına çıxışının genişləndirilməsi üçün tədbirlər görmək, müvafiq təkliflər hazırlayaraq həyata keçirmək;
    4. ixracın stimullaşdırılması ilə bağlı həyata keçirilən tədbirlərin təşkilində iştirak etmək və bu tədbirlərin səmərəliliyinin artırılması ilə bağlı tədbirlər görmək;
    5. Azərbaycan Respublikasının və təyin olunduğu ölkənin fiziki və hüquqi şəxsləri arasında işgüzar əlaqələrin qurulmasına köməklik göstərmək;
    6. təyin olunduğu ölkədə Azərbaycan Respublikasının fiziki və hüquqi şəxslərinin qarşılaşdığı problemləri öyrənmək və həlli istiqamətində müvafiq tədbirlər görmək, bu məqsədlə təkliflər hazırlamaq və həyata keçirmək;
    7. Azərbaycan malları və ya xidmətlərinin, ölkəmizin investisiya mühitinin təyin olunduğu ölkələrdə təbliği istiqamətində tədbirlər həyata keçirmək;
    8. təyin olunduğu ölkənin bazarlarına Azərbaycan malları və ya xidmətlərinin çıxışına, həmin bazarda tələbata və mövcud təkliflərə və  təyin olunduğu ölkələrin idxal-ixrac, daxili bazarda satış tələblərinə dair məlumatlar hazırlamaq, həmin məlumatları aidiyyəti dövlət orqanlarına təqdim etmək, habelə Azərbaycan Respublikasının fiziki və hüquqi şəxslərinə çatdırılması üçün tədbirlər görmək;
    9. təyin olunduğu ölkədə Azərbaycan Respublikasının ticarət-iqtisadi maraqlarına toxuna biləcək tədbirlərə dair məlumatlar hazırlamaq, həmin məlumatları aidiyyəti dövlət orqanlarına təqdim etmək, belə halların aradan qaldırılması istiqamətində tədbirlər görmək;
    10.  təyin olunduğu ölkədə həyata keçirilən dövlət satınalmaları, satın alınan mallar və xidmətlər barədə məlumatlar hazırlamaq, həmin məlumatların Azərbaycan Respublikasının müvafiq malları və xidmətləri təchiz edə biləcək fiziki və hüquqi şəxslərinə çatdırılması ilə bağlı tədbirlər görmək;
    11.  təyin olunduğu ölkə ilə Azərbaycan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq sahəsində fəaliyyət göstərən hökumətlərarası komissiyaların, işçi qruplarının fəaliyyətinə köməklik göstərmək;
    12.  təyin olunduğu ölkə ilə Azərbaycan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq sahəsində dövlətlərarası və ya hökumətlərarası danışıqların təşkilində və aparılmasında, bu sahədə beynəlxalq müqavilələrin razılaşdırılmasında və bağlanılmasında iştirak etmək;
    13.  təyin olunduğu ölkə ilə Azərbaycan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq sahəsində beynəlxalq müqavilələrin icrasına köməklik göstərmək;
    14.  təyin olunduğu ölkəyə Azərbaycan malları və xidmətlərinin ixracı ilə bağlı yaranan maneələri öyrənmək və belə maneələrin aradan qaldırılması üçün tədbirlər görmək, bu məqsədlə təkliflər hazırlamaq və onları həyata keçirmək;
    15.  fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək.

 

  1. Ticarət nümayəndəsinin hüquqları

 

  1. Ticarət nümayəndəsinin öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları vardır:
    1. fəaliyyət istiqamətlərinə və vəzifələrinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, qanunvericilik aktlarının, təşkilati-sərəncamverici sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
    2. bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinin və vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar təyin olunduğu xarici ölkədə dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə, həmçinin Azərbaycan Respublikasının dövlət orqanlarına, hüquqi və fiziki şəxlərinə müvafiq qaydada sorğular ünvanlamaq və onlardan müvafiq məlumatları (sənədləri) almaq;
    3. fəaliyyət istiqamətləri və vəzifələri üzrə təyin olunduğu ölkənin dövlət orqanları və işgüzar dairələri ilə əlaqələr qurmaq;
    4. yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyət istiqamətləri və vəzifələri üzrə keçirilən müxtəlifsəviyyəli yerli və beynəlxalq tədbirlərdə və layihələrdə iştirak etmək;
    5. fəaliyyət istiqamətləri və vəzifələri üzrə ölkə daxilində və xarici ölkələrdə tədbirlər təşkil etmək, habelə keçirilən tədbirlərdə və bu kimi tədbirlərin keçirilməsinin təşkilində iştirak etmək;
    6. fəaliyyət istiqamətlərinə və vəzifələrinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

5. Ticarət nümayəndəsinin aparatının fəaliyyət istiqamətləri, vəzifələri və hüquqları

5.1. Ticarət nümayəndəsinin aparatı ticarət nümayəndəsinin cari fəaliyyətinin təşkili istiqamətində tədbirləri həyata keçirir.

5.2. Ticarət nümayəndəsinin aparatı fəaliyyət istiqamətlərinə uyğun olaraq, aşağıdakı vəzifələri həyata keçirir:

5.2.1. ticarət nümayəndəsinin fəaliyyəti ilə bağlı metodiki sənədlərin, məktubların və digər sənədlərin layihələrini hazırlayır;

5.2.2. ticarət nümayəndəsinin fəaliyyəti ilə bağlı daxil olan layihələri, təklifləri, müraciət və sənədləri təhlil edir, onları araşdırır və təkliflər hazırlayır;

5.2.3. ticarət nümayəndəsi tərəfindən verilmiş tapşırıqların icrasını təmin edir;

5.2.4. bu Əsasnaməyə əsasən ticarət nümayəndəsinə həvalə edilmiş vəzifə və hüquqların həyata keçirilməsi ilə bağlı təşkilati tədbirlərin görülməsini təmin edir;

5.2.5. ticarət nümayəndəsinin iş planının layihəsini hazırlayır, ticarət nümayəndəsinin fəaliyyəti ilə bağlı dövrlər üzrə hesabatlar tərtib edir;

5.2.6. fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

5.3. Ticarət nümayəndəsinin aparatı öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

5.3.1. fəaliyyət istiqamətlərinə və vəzifələrinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar və təkliflər hazırlamaq;

5.3.2. aparatın fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;

5.3.3. fəaliyyət istiqamətlərinə və vəzifələrinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

6. Ticarət nümayəndəsinin və onun aparatının  fəaliyyətinin təşkili

6.1. Ticarət nümayəndəsi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

6.2. Ticarət nümayəndəsinə “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulan qaydada ikinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbəsi verilir və “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ticarət nümayəndəsi diplomatik pasportla təmin edilir.

6.3. Ticarət nümayəndəsi öz funksiyalarını təyin olunduğu səfirlik və konsulluqların tərkibində həyata keçirir.

6.4. Ticarət nümayəndələri və onların aparatları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxildir.

6.5. Ticarət nümayəndəsi ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün şəxsən məsuliyyət daşıyır və Azərbaycan Respublikasının iqtisadiyyat nazirinə tabedir. Konsulluğa təyin olunan ticarət nümayəndəsi Azərbaycan Respublikasının həmin ölkədəki səfirliyinə təyin edilmiş ticarət nümayəndəsinin ümumi rəhbərliyi altında fəaliyyət göstərir. Ticarət nümayəndəsinin aparatının işçiləri ticarət nümayəndəsi tərəfindən onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyırlar.

6.6. Ticarət nümayəndələrinin aparatlarının işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən həyata keçirilir. Ticarət nümayəndəsinin aparatına ştatdankənar işçilərin işə qəbul edilməsi bu məqsəd üçün xərclər smetasında nəzərdə tutulmuş vəsaitlər dairəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırılmaqla, ticarət nümayəndəsi ilə işçi arasında bağlanılmış müqavilə əsasında həyata keçirilir.

6.7. Ticarət nümayəndəsi olmadıqda, onun səlahiyyətləri Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən ticarət nümayəndəsi aparatının işçilərindən birinə həvalə edilir.

6.8. Ticarət nümayəndələrinin aparatlarının işçilərinin sayını və ştat cədvəllərini ticarət nümayəndəsinin təyin olunduğu səfirlik və ya konsulluqlar üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla təsdiq edir.

6.9. Ticarət nümayəndələrinin aparatlarının maddi-texniki və maliyyə təminatını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir.

6.10. Ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə verilən təminatlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur.

6.11. Ticarət nümayəndəsi və onun aparatı müəyyən edilmiş qaydada xüsusi rabitə ilə təmin olunur.

6.12. Ticarət nümayəndəsinin və onun aparatının xərclər smetası Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilir.

6.13. Ticarət nümayəndəsi:

6.13.1. ticarət nümayəndəsinin aparatının fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

6.13.2. kargüzarlığın aparılmasını, arxiv işini, vətəndaşların qəbulunu təşkil edir, vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılmasını təmin edir və qanunvericiliklə müəyyən edilmiş qaydada digər tədbirlər görür;

6.13.3. ticarət nümayəndəsi aparatının işçiləri arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;

6.13.4. ona həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədi ilə hazırlanmış iş planlarını təsdiq edilməsi üçün Azərbaycan Respublikasının iqtisadiyyat nazirinə təqdim edir, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə icra edilməsinə nəzarət edir;

6.13.5. ona həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədi ilə əqdlər bağlayır və digər hüquqi hərəkətlər həyata keçirir, məhkəmədə iddiaçı və cavabdeh kimi çıxış edir;

6.13.6. ticarət nümayəndəsinin aparatının işçilərinə icrası məcburi olan göstərişlər verir;

6.13.7. ona həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədi ilə məktubları və digər sənədləri imzalayır;

6.13.8. fəaliyyət istiqamətləri və vəzifələri üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasında müzakirə olunmalı məsələləri müəyyən edir və bu barədə təkliflərini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəhbərliyinə təqdim edir, habelə bu Əsasnamənin 1.2-ci bəndində göstərilən qanunvericilik aktlarının və təşkilati-sərəncamverici sənədlərin vaxtında və lazımi səviyyədə icrasını təmin edir;

6.13.9. daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;

6.13.10. ticarət nümayəndəsi aparatının işçiləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi, habelə təşkilati-sərəncamverici sənədlərin qəbul edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəhbərliyinə təqdimatlar verir;

6.13.11. qanunvericiliyə uyğun olaraq, fəaliyyət prosesində xidməti məlumatların, dövlət və kommersiya sirlərinin qorunmasını təmin edir.

______________________

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2017-ci il 13 oktyabr

tarixli 429 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

2 nömrəli əlavə

 

Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndəsinin aparatının nümunəvi strukturu

Sıra                      №-si

Vəzifələrin adları

1.

Ticarət nümayəndəsi

2.

Baş məsləhətçi

3.

Məsləhətçi

4.

Mütəxəssis

 

________________________________

          №-li nüsxə


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında