№ 422
Bakı şəhəri, 11 oktyabr 2017-ci il
“Nəzarət zərfi dövlətə məxsus banklar tərəfindən öz vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsi Qaydası”nın təsdiq edilməsi barədə
“Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanının 9.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Nəzarət zərfi dövlətə məxsus banklar tərəfindən öz vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.az və www.xalqqazeti.com saytlarında tanış ola bilərsiniz.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2017-ci il 11 oktyabr
tarixli 422 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
Nəzarət zərfi dövlətə məxsus banklar tərəfindən öz vəsaitləri
hesabına ipoteka kreditlərinin verilməsi
QAYDASI
-
Ümumi müddəalar
-
Bu Qayda “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanının (bundan sonra - Fərman) 9.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və nəzarət zərfi dövlətə məxsus banklar tərəfindən öz vəsaitləri hesabına ipoteka kreditlərinin, həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 3.1-3.3-cü bəndləri ilə müəyyən edilmiş tələblərə uyğun verilməsi qaydasını müəyyən edir.
-
Nəzarət zərfi dövlətə məxsus bankların öz vəsaitləri dedikdə, “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti istisna olmaqla, bankların aktivlərinin ipoteka kreditlərinə yönəldilə bilən sərbəst hissəsi başa düşülür.
-
Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.3.1. nəzarət zərfi dövlətə məxsus bank - səhmlərinin 50 faizdən artıq hissəsi birbaşa və ya dolayısilə dövlətə məxsus olan bank;
1.3.2. kreditlərin cəmləşməsi - müxtəlif təsnifatlar (kreditlərin növləri, aidiyyəti olan şəxslər, iqtisadiyyatın sektorları, coğrafi zonalar) üzrə kreditlərin cəmi;
1.3.3. kreditlərin mühüm cəmləşməsi – kreditin cəmləşməsinin banklar tərəfindən müəyyən edilmiş limitləri aşan həcmi.
-
Nəzarət zərfi dövlətə məxsus banklar tərəfindən öz vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsi
-
Nəzarət zərfi dövlətə məxsus banklar (bundan sonra - bank) tərəfindən öz vəsaitləri hesabına ipoteka kreditləri Fərmanla təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 3.1-3.3-cü bəndləri ilə müəyyən edilmiş tələblərə cavab verməlidir.
-
Bank tərəfindən öz vəsaitləri hesabına verilən ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin maksimal məbləği və həmin kreditlər üzrə illik faiz dərəcələri “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının Fondun vəsaiti hesabına verilən ipoteka kreditləri üzrə təsdiq etdiyi hədlərə uyğun olaraq bankın səhmdarlarının ümumi yığıncağı tərəfindən müəyyən edilir.
-
Bankın öz vəsaiti hesabına ipoteka kreditinin verilməsi Fərmanla təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 4-cü hissəsinə uyğun olaraq “Elektron hökumət” portalında olan “Elektron ipoteka” sistemi vasitəsilə həyata keçirilir.
-
Bank tərəfindən öz vəsaiti hesabına verilən kreditlər üzrə limitlər təsbit edilir və müntəzəm monitorinq, hesabat tərtib edilməsi ilə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.
-
Limitlər müəyyənləşdirilərkən aşağıdakı məsələlər nəzərə alınmalıdır:
-
hər bir növü üzrə ipoteka kreditinin maksimum məbləği və növlər üzrə ipoteka kreditlərinin cəmləşməsi;
-
ipoteka kreditlərinin ümumi həcminin depozitlərin həcminə nisbəti;
-
ipoteka kreditlərinin ümumi həcminin depozitlərin və cəlb edilmiş digər vəsaitlərin cəminə nisbəti;
-
bir borcalan və bir-biri ilə əlaqəli borcalanlar qrupu üzrə ipoteka kreditinin maksimum məbləği və belə kreditlərin cəmləşməsi;
-
coğrafi yerləşmə üzrə ipoteka kreditlərinin cəmləşməsi;
-
banka aidiyyəti olan şəxslərə verilən ipoteka kreditinin maksimum məbləği və belə kreditlərin cəmləşməsi;
-
eyni ödəmə müddətləri olan ipoteka kreditlərinin cəmləşməsi;
-
qeyri-işlək ipoteka kreditlərinin cəmləşməsi;
-
bankın filialı tərəfindən verilən ipoteka kreditlərinin maksimum məbləği və belə kreditlərin cəmləşməsi (filiala bu növ əməliyyatlara icazə verildikdə).
-
İpoteka kreditlərinin mühüm cəmləşməsi barədə bankın səhmdarlarının ümumi yığıncağına və müşahidə şurasına mütəmadi olaraq məlumat təqdim olunmalıdır.
Qeyd. Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
_______________________
№-li nüsxə
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.