Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 416 

 Bakı şəhəri, 11 oktyabr 2017-ci il

“Elmi fəaliyyətin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

“Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanının 1.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan ­Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

 “Elmi fəaliyyətin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə  www.cabmin.gov.az və www.xalqqazeti.com  saytlarında tanış  ola bilərsiniz.

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2017-ci il 11 oktyabr

tarixli 416 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

Elmi fəaliyyətin qrant maliyyələşdirilməsi

üzrə müsabiqələrin keçirilməsi

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun 37.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında fəaliyyət göstərən elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin, eləcə də alim və tədqiqatçıların elmi və elmi-texniki fəaliyyətinin dövlət vəsaiti hesabına qrant maliyyələş-dirilməsinin həyata keçirilməsi üzrə müsa­biqə­lərin təşkili və keçirilməsi  qaydasını müəyyən edir. 

1.2. Elmi fəaliyyətin qrant maliyyələşdirilməsi elmi tədqiqatların stimullaşdırılması və səmərəliliyinin artırılması, elmi-texniki poten-sialın səviyyəsinin yüksəldilməsi, elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin, eləcə də alim və tədqiqatçıların rəqabət qabiliyyətinin artırılması məqsədi ilə həyata keçirilir.

1.3. Elmi fəaliyyətin qrant maliyyələşdirilməsi üzrə müsabiqənin təşkili Azər­bay­can Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların Siyahısı”nda nəzərdə tutulmuş qurumlar tərəfindən həyata keçirilir.

1.4. Qrant verən qurum (bundan sonra – Donor) öz fəaliyyətini əməkdaşlıq, qarşılıqlı məsuliyyət və hesabatlılıq prinsipləri əsasında qurur. Donorla münasibətlərində qrant alan Resipiyent sayılır.

1.5. Müsabiqə, Donor tərəfindən onun nizamnaməsinə (əsasnaməsinə), həmçinin fəaliyyət sahələrinə və planına uyğun olaraq, elm sahəsində dövlət siyasətinin əsas prin­sipləri və “Elm haqqında” Azərbaycan  Respublikasının Qanununda təsbit olunmuş elmin inkişafı üzrə istiqamətlər əsas götürülməklə, hər bir müsabiqə üçün müəy­yənləşdirilən prioritetlər əsasında keçirilir.

1.6. Müsabiqələrin keçirilməsi və maliyyələşdirilməsi üçün layihələrin seçimi zamanı Azərbaycan Respublikasının siyasi, iqtisadi, sosial və mədəni inkişafına xidmət edən, elmin prioritet istiqamətlərinə uyğun, innovativ, fundamental və tətbiqi xarakterli kompleks tədqiqatları əhatə edən  layi­hələrə üstünlük verilir.

    1.7.  Müsabiqələrdə elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələri, elmi fəaliyyətlə məşğul olan digər hüquqi şəxslər (sahə elmi tədqiqat institutları, QHT-lər (ictimai birliklər və fondlar) statusundan, tabeliyindən və təşkilati-hüquqi formasından asılı olmayaraq və Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxslər (fərdi şəkildə alim, tədqiqatçı və mütəxəssislər və ya onların layihədə qoyulmuş problemin həlli üçün formalaşdırdığı müvəqqəti yaradıcı kollektivləri) yaşlarından, tutduqları vəzifədən, elmi adından və elmi dərəcəsindən asılı olmayaraq, bərabər hüquqlarla işti­rak edirlər.

1.8. Müsabiqənin keçirilməsi və nəticələri ilə bağlı yaranan mübahisələrə baxılması üçün donor qurumlarda apellyasiya komissiyaları yaradılır. Apellyasiya komissiyası yaranan mübahisələri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edir.

1.9. Müsabiqənin keçirilməsi barədə elan və onların nəticələri haqqında məlumatlar dövri mətbuatda və internet resurslarında yerləşdirilir.

1.10. Müsabiqənin keçirilmə müddəti, əhatə edilən elm sahələri və istiqamətləri, həmçinin layihənin ümumi maliyyələşdirmə həcmi müsabiqəni keçirən Donor tərəfindən müəyyən edilir.

 

2. Müsabiqəyə təqdim olunan layihələrə və iştirakçılara   dair tələblər

 

2.1. Müsabiqəyə təqdim olunan layihələrə dair əsas tələblər aşağıdakılardır:

2.1.1. layihəni müsabiqədə rəhbəri (birgə müsabiqələrə təqdim olunmuş müştərək layihələr üçün isə əlavə olaraq - həmrəhbər) təmsil edir;

2.1.2. layihənin rəhbəri və iştirakçıları Azərbaycan Respublikasının vətəndaşı olma­lı, son beş ildə və layihənin icrası dövründə Azərbaycan Respublikasının ərazisində daimi yaşamalı və elmi yaradıcılıqla məşğul olmalıdır;

2.1.3. layihə rəhbəri (həmrəhbəri) elmi dərəcəyə, elmi nailiyyətlərə, layihəyə rəhbərlik etmək və ya onu yerinə yetirmək təcrübəsinə, beynəlxalq elmi əlaqələrə malik olmalıdır;

2.1.4. layihə rəhbərinin və iştirakçılarının respublikada və xaricdə çap olunmuş məqalələri olmalıdır;

2.1.5. layihə ölkə və dünya elminin prioritet istiqamətlərinə uyğun olmalıdır;

2.1.6. layihənin icrası üçün tələb olunan məbləğ xərclərin istiqamətləri üzrə müvafiq meyarlarla (o cümlədən, elmi-texniki və iqtisadi-hüquqi meyar­larla) əsaslandırılmalıdır;

2.1.7. layihədə nəzərdə tutulmuş elmi tədqiqatların həcmindən və mürəkkəbliyindən asılı olaraq  layihə iştirakçıları zəruri maddi-texniki bazaya malik olmalıdırlar.

2.1.8. layihənin icra müddəti üç ildən çox olmamalıdır. 

2.2. Digər müsabiqələrdə iştirak etmiş və maliyyələşdirilmiş layihələr eyni mövzu üzrə təkrar olaraq müsabiqəyə təqdim edilə bilməz.

 

3. Müsabiqəyə təqdim olunan layihələrin tərtibatı   qeydə alınması

 

3.1. Layihələr müsabiqəyə iddiaçı tərəfindən elektron formatda “online„ rejimində təqdim olunur. Layihənin “online„ qəbulu təsdiq edildikdən sonra onun kağız üzərində imzalanmış bir nüsxəsi və müşayiətedici sənədlər Donorun ünvanına göndərilir. Layihə müsabiqəyə Donorun hər bir müsabiqə üçün konkret olaraq müəyyənləşdirdiyi müddət çərçivəsində təqdim olunur.

3.2. Donora aşağıdakı sənədlər təqdim olunur:

3.2.1. iddiaçı olan fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti;

3.2.2. iddiaçı olan hüquqi şəxs barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın və nizamnaməsinin surəti.

3.3. Bu Qaydanın 3.2.1-ci və 3.2.2-ci yarımbəndlərində göstərilən şəxslərin adından başqa şəxs ərizə ilə müraciət etdiyi halda, onun səlahiyyətini təsdiq edən etibarnamə və təqdim edilməsi nəzərdə tutulmuş sənədlərin surəti notariat qaydada təsdiq edilir.

3.4.   Təqdim olunan layihələrdə aşağıdakılar göstərilir: 

3.4.1. layihənin adı;  

3.4.2. layihənin annotasiyası və açar sözlər;  

3.4.3. layihənin məzmunu, həll olunması nəzərdə tutulan elmi problemlər, icra mərhələləri, gözlənilən nəticələr, tətbiq imkanları və onların əsas­lan­dırılması;

3.4.4. iddiaçı qismində çıxış edən fiziki və ya hüquqi şəxslər, layihə rəhbərinin və icraçıların elmi fəaliyyəti haqqında məlu­matlar və elmi işlərinin siyahısı;

3.4.5. layihənin xərclər smetası;  

3.4.6. layihənin xarakterindən asılı olaraq, Donorun tələb etdiyi elmi, bioqrafik və biblioqrafik məlumatlar.

3.5. Müsabiqəyə təqdim edilən bütün layihələr iki dildə - Azərbaycan dilində və Donorun müəyyənləşdirdiyi xarici dildə tərtib edilməlidir. Xarici dildə müsabiqəyə təqdim edilən sənədlərin notariat qaydasında təsdiq edilmiş tərcüməsi əlavə edilməlidir.

3.6. Yalnız bu Qaydanın tələblərə uyğun təqdim olunmuş layihələr ekspertiza mərhə­ləsinə buraxılır.

3.7. Müsabiqəyə təqdim olunan sənədlər geri qayta­rılmır. 

3.8. Müsabiqəyə təqdim olunmuş layihənin ideyasının obyektiv formada oriji­nal ifadəsi müəlliflik hüququnun obyekti kimi Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyində qey­diy­yat­dan keçirilir.

3.9. Donor müsabiqəyə layihələrin təqdim olunması müddətində, layihələrin tərtibatı və tələb olunan sənədlərlə bağlı yaranan sualların cavablandırılması, məsləhətlərin verilməsi və təlimatların hazırlanması üzrə işləri təşkil edir.

 

4. Müsabiqəyə təqdim olunan layihələrin ekspertizası

 

4.1. Müsabiqəyə təqdim olunan bütün layihələr ekspertizadan keçirilir. Ekspertizanın əsas məqsədi təqdim olunmuş layihələrin elmi səviyyəsinin və onların yerinə yetirilməsi imkanlarının qiymət­lən­diril­mə­sindən və maliy­yə­ləşdirilməsinin məqsədəuyğunluğunun müəy-yən edilməsindən ibarətdir.

4.2. Müsabiqəyə təqdim olunan layihələrin ekspertizası müsabiqəni keçirən Donor tərəfindən “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun 27-ci maddəsinin tələbləri nəzərə alınmaqla və Donorun hazırladığı daxili ekspertiza qaydaları əsasında aparılır. 

4.3. Layihələrin ekspertizası bu sahədə təcrübəsi olan yüksəkixtisaslı müstəqil ekspertlər və Donorun daimi fəaliyyət göstərən ekspert komissiyaları (və ya şuraları) tərəfindən aparılır. Müstəqil ekspertlər haqqında məlumatlar müsabiqə iştirakçılarına açıqlanmır.

4.4. Zəruri hallarda layihələr təkrar ekspertizaya göndərilir.

4.5. Layihələr barədə daxil olmuş rəylər, Donorun daimi ekspert komissiyası tərəfindən müzakirə edilir və ekspertizanın nəticələrinə dair arayış və tövsiyələr hazırlanır.

4.6. Qrant verilməsi barədə qərarda Resipiyent haqqında məlumatlar, qrant layihəsinin adı, layihənin məbləği, icra müddəti və  müsabiqənin adı gös­tə­rilir;

4.7. Qrant verilməsi və ya verilməməsi barədə məlumat layihə rəhbərinə elektron məktub və digər vasitələrlə çatdırılır.

4.8. Qrant verilməsindən imtina edilməsi barədə qərarda imtinanın səbəbləri göstərilir.

                                                 

5. Müsabiqənin qalibi olmuş  layihələrin maliyyələşdirilməsi

 

5.1. Layihənin yerinə yetirilməsi məqsədi ilə Donorla Resipiyent arasında ikitərəfli müqavilə bağlanılır. Müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və bu Qaydanın tələbləri nəzərə alınmaqla, hüquqi və maliyyə standartlarına uyğun formada Donor tərəfindən hazırlanır.

5.2. Müqavilədə tərəflərin öhdəlikləri, hüquq və vəzifələri, layihənin məqsədi, qısa elmi məzmunu, həll olunması nəzərdə tutulan məsələlər, mərhələlər və icra müddəti, gözlənilən nəticələr və tətbiq imkanları, layihənin maliyyələşdirilmə həcmi və qaydası, hesabatların təqdimedilmə müddəti, maliyyə, elmi və texniki monitorinq qaydaları öz əksini tapır.

5.3. Donorla layihənin rəhbəri arasında bağlanılmış müqavilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın 1.3-cü bəndinə uyğun olaraq qeydə alınır.

5.4. Layihənin maliyyələşdirilməsi üçün nəzərdə tutulan məbləğ mərhələlər nəzərə alınmaqla, müvafiq bank hesabına köçürülür. Qrant məbləğindən  rüsumlar və dövlət büdcəsinə müvafiq icbari ödənişlər tutulmur. Layihənin icrası zamanı vergilərlə bağlı məsələlər Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənir. Qrant məbləğinin məcburi dövlət sosial sığortasına cəlb olunması “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

5.5. Layihənin icra müddətindən asılı olaraq, maliyyələşdirilmə birdəfəlik və ya mərhələlər üzrə həyata keçirilir. 

5.6. Donor  verdiyi qrantın təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirir. Donor maliyyələşdirdiyi layihələr üzrə hesabatlar (rüblük, yarımillik, illik, aralıq və yekun) tələb etmək və maliyyə monitorinqini keçirmək, qiymətləndirmə aparmaq hüququna malikdir.

_______________________

          №-li nüsxə


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında