№ 334
Bakı şəhəri, 23 avqust 2017-ci il
“Balıqçılıq təsərrüfatı ekspertizasının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında
“Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 27 iyun tarixli 1015-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 avqust tarixli 243 nömrəli Fərmanının 1.9-cu bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Balıqçılıq təsərrüfatı ekspertizasının aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2017-ci il 23 avqust
tarixli 334 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
Balıqçılıq təsərrüfatı ekspertizasının aparılması
Q A Y D A S I
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 28-ci maddəsinə əsasən hazırlanmışdır və balıqçılıq təsərrüfatı ekspertizasının aparılması qaydasını müəyyən edir.
1.2. Balıqçılıq su obyektlərinin vəziyyətinə təsir edə bilən müəssisələrin, qurğuların və digər obyektlərin tikintisi və yenidən qurulması layihələrinin Qanuna və ekoloji tələblərə uyğunluğunu müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən balıqçılıq təsərrüfatı ekspertizası aparılır.
1.3. Balıqçılıq su obyektlərinin təsir dairəsində yerləşən aşağıdakı tikinti işləri layihələrinin balıqçılıq təsərrüfatı ekspertizası məcburidir:
1.3.1. su mühafizə zonalarında və sahilboyu zolaqlarda (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri istisna olmaqla) suların vəziyyətinə təsir edən sənaye, hidroenergetika, neftayırma, kimya və neft-kimya, ağac və gön-dəri emalı obyektlərinin tikintisi və yenidən qurulması;
1.3.2. balıqçılıq su obyektlərində faydalı qazıntıların hasil edilməsi, geoloji-kəşfiyyat, partlayış, qazma, dibdərinləşdirmə işlə-rinin aparılması, yeraltı qurğuların tikintisi;
1.3.3. kabellərin çəkilməsi, qaz, neft və kimya məsullarının nəqli üçün sualtı boru kəmərlərinin və terminallarının quraşdırılması;
1.3.4. dərman preparatlarının, pestisidlər, herbisidlər, mineral gübrələr, radioaktiv və zəhərli kimyəvi maddələrin istehsalı, saxlanılması, istifadəsi, zərərsizləşdirilməsi və məhv edilməsi;
1.3.5. sənaye, məişət, kommunal su buraxıcılarının, su anbarlarının, kanalizasiya qurğularının, boru kəmərlərinin, meliorasiya və irriqasiya şəbəkələrinin tikintisi və quraşdırılması;
1.3.6. akvakultura təsərrüfatlarının tikintisi və yenidən qurulması.
2. Balıqçılıq təsərrüfatı ekspertizasının təşkili və aparılması
2.1. Balıqçılıq su obyektlərinin vəziyyətinə təsir edə bilən müəssisələrin, qurğuların və digər obyektlərin tikintisi və yenidən qurulması layihələrinin Qanuna və ekoloji tələblərə uyğunluğuna dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra - Nazirlik) rəyi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra - Məcəllə) 75.4-cü maddəsinə görə tikintiyə icazə verən orqanların sorğusu əsasında verilir.
2.2. Sorğu qeydiyyata alındığı vaxtdan 15 gün müddətində balıqçılıq təsərrüfatı ekspertizasının rəyinin qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edilir.
2.3. Balıqçılıq su obyektlərinin vəziyyətinə təsir edə bilən müəssisələrin, qurğuların və digər obyektlərin tikintisi və yenidən qurulması ilə bağlı ətraf mühitə təsirin qiymətləndirilməsi (bundan sonra - ƏMTQ) üçün tələb olunan sənədlərin nümunəvi forması Nazirlik tərəfindən müəyyən edilir və Nazirliyin internet səhifəsində yerləşdirilir. Bu nümunə nəzərə alınmaqla hazırlanmış sənədlərin Qanuna və ekoloji tələblərə uyğunluğunun balıqçılıq təsərrüfatı ekspertizası bu Qayda ilə müəyyən edilən qaydada həyata keçirilir.
2.4. Balıqçılıq təsərrüfatı ekspertizasının aparılması üçün təqdim edilmiş ƏMTQ sənədinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qaydanın tələblərinə uyğunluğu 3 (üç) gün müddətində yoxlanılır və sənədlər (materiallar) bu Qayda ilə müəyyən edilən tələblərə müvafiq olmadığı halda, sifarişçi sənədlərin (materialların) tam həcmdə təqdim edilməsi müddətləri barədə məlumatlandırılır.
2.5. Sifarişçidən bu Qaydada nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edilə bilməz.
2.6. Sifarişçiyə bu Qaydanın 2.4-cü bəndində göstərilən məlumatın göndərilməsi inzibati icraatın müddət axımını dayandırır.
2.7. İşin həlli üçün zəruri olan əlavə sənədlər və ya məlumatlar 15 gündən gec olmayaraq sifarişçi tərəfindən təqdim olunur.
2.8. Əlavə sənədlər və ya məlumatlar 15 gün müddətində təqdim olunmadıqda, ərizəyə baxılması ilə bağlı müddətin axımı dayandırılır, yalnız həmin sənəd və məlumatlar təqdim olunduğu andan müddət axımı bərpa olunur.
2.9. Balıqçılıq təsərrüfatı ekspertizasının aparılması üçün bu Qayda ilə müəyyən edilən sənədlər (materiallar) tam həcmdə təqdim edilmədiyi halda, balıqçılıq təsərrüfatı ekspertizası aparılmır.
2.10. Ekspertizanın mürəkkəbliyi və ya əlavə tədqiqat aparılmasına ehtiyac yaranması səbəbindən balıqçılıq təsərrüfatı ekspertizasının aparılması ilə əlaqədar bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan müddətdən daha artıq müddət tələb olunduğu hallarda, balıqçılıq təsərrüfatı ekspertizasının aparılması müddəti hər dəfə 15 gün olmaqla, ən çoxu iki dəfə uzadılır. Balıqçılıq təsərrüfatı ekspertizasının müddətinin uzadılması barədə sifarişçiyə məlumat verilir.
2.11. Balıqçılıq təsərrüfatı ekspertizasının aparılmasına mütəxəssislər və ştatdankənar ekspertlər qismində ekspertiza obyektinə dair müvafiq biliklərə malik alimlər və mütəxəssislər cəlb edilə bilər.
2.12. Ekspertiza aşağıdakıları müəyyən edir:
2.12.1. balıqçılıq su obyektlərinin vəziyyətinə təsir edə bilən müəssisələrin, qurğuların və digər obyektlərin tikintisi və yenidən qurulması layihələrinin Qanuna və ekoloji tələblərə uyğunluğunu;
2.12.2. balıqçılıq su obyektlərinin vəziyyətinə mənfi təsir edə bilən fəaliyyətlərin və onların bütün mümkün təsirlərinin ətraflı təsvirini;
2.12.3. balıqçılıq su obyektlərinin vəziyyətinə mənfi təsir edə bilən fəaliyyətlərin təsirlərinin yumşaldılması üzrə nəzərdə tutulan tədbirlərin kafiliyini.
2.13. Ekspertizanın gedişində:
2.13.1. ekspertiza tədqiqatının istiqamətləri müəyyən olunur;
2.13.2. müxtəlif istiqamətlər üzrə tədqiqat aparmaq üçün ekspertlərə texniki tapşırıqlar verilir;
2.13.3. ekspertlər tərəfindən fərdi rəylər hazırlanır;
2.13.4. fərdi ekspert rəyləri əsasında yekun rəy hazırlanır.
2.14. Ekspertizanın mənfi rəyi iki növ ola bilər:
2.14.1. ekspertizanın rəyində təsvir edilən şərh və tövsiyələr nəzərə alınmaqla, təqdim olunan sənədlərin (materialların) yenidən işlənilib hazırlanması barədə;
2.14.2. Qanuna və ekoloji tələblərə uyğun olmadığı səbəbindən balıqçılıq su obyektlərinin vəziyyətinə təsir edə bilən müəssisələrin, qurğuların və digər obyektlərin tikintisi və yenidən qurulması layihələrinin həyata keçirilməsinin yolverilməzliyi barədə.
2.15. Aparılan ekspertizanın yekunu olaraq, Nazirlik tərəfindən balıqçılıq təsərrüfatı ekspertizasının rəyi verilir.
2.16. Balıqçılıq təsərrüfatı ekspertizasının müsbət rəyində aşağıdakı nəticələr öz əksini tapmalıdır:
2.16.1. balıqçılıq su obyektlərinin vəziyyətinə təsir edə bilən müəssisələrin, qurğuların və digər obyektlərin tikintisi və yenidən qurulması layihələrinin Qanuna və ekoloji tələblərə uyğun olması;
2.16.2. balıqçılıq su obyektlərinə zərərli təsirin Qanunun 25-ci maddəsinə uyğun yol verilən normalar həddində olması;
2.16.3. ekspertiza obyekti olmuş layihənin həyata keçirilməsinin mümkünlüyü.
2.17. Balıqçılıq təsərrüfatı ekspertizasının mənfi rəyi olduqda, sifarişçi orada göstərilən şərh və qeydlər nəzərə alınmaqla, sənədləri (materialları) yenidən işlədikdən sonra təkrar ekspertizaya təqdim edə bilər. Təkrar ekspertizaya müraciət və onun aparılması ilkin ekspertizaya olan müraciət və onun aparılma qaydasına uyğun həyata keçirilir.
_______________
№-li nüsxə
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.