Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 308

Bakı şəhəri, 27 iyul 2017-ci il

“Kredit tarixçələrini təşkil edən neqativ məlumatların “Elektron hökumət” portalında yerləşdirilməsi, yenilənməsi və kredit büroları tərəfindən əldə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

“Kredit büroları haqqında” Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 384-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 dekabr tarixli 1145 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Kredit tarixçələrini təşkil edən neqativ məlumatların “Elektron hökumət” portalında yerləşdirilməsi, yenilənməsi və kredit büroları tərəfindən əldə edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə  www.cabmin.gov.az və www.xalqqazeti.com  saytlarında tanış  ola bilərsiniz.

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2017-ci il 27 iyul

tarixli 308 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

Kredit tarixçələrini təşkil edən neqativ məlumatların “Elektron hökumət” portalında  yerləşdirilməsi, yenilənməsi və kredit büroları tərəfindən əldə edilməsi

Q A Y D A S I

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Kredit büroları haqqında” Azərbaycan Res-publikası Qanununun 17.5-ci maddəsinə əsasən hazırlanmışdır və kredit tarixçələrini təşkil edən neqativ məlumatların (bundan sonra - məlumatlar) “Elektron hökumət” portalında (bundan sonra - Portal) yerləşdirilməsi, yenilənməsi və kredit büroları tərəfindən əldə edilməsi qaydasını müəyyən edir.

1.2. Aşağıdakı məlumat təchizatçıları məlumatları bu Qaydanın 2.2-ci bəndi ilə müəyyən edilmiş qaydada təqdim edirlər:

1.2.1. mərkəzi və yerli icra hakimiyyəti orqanları, məhkəmələr (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə qərarının icrası üzrə tədbirləri özləri keçirdikdə), notariuslar və məcburi icra orqanları;

1.2.2. Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası (baxdıqları inzibati xətalar haqqında işlər üzrə bu Qaydanın 2.5.1-ci və 2.5.2-ci yarımbəndlərində nəzərdə tutulmuş məlumatlar barədə).

1.3. Məlumatların bu Qaydanın 1.2-ci bəndində nəzərdə tutulmuş məlumat təchizatçıları tərəfindən Portalda yerləşdirilməsi, yenilənməsi və kredit büroları tərəfindən əldə edilməsi üçün zəruri olan texniki imkanları Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Portal vasitəsilə təmin edir.

1.4. Bu Qaydada “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan anlayışlardan istifadə edilmişdir.

 

2. Məlumat təchizatçıları tərəfindən məlumatların Portalda yerləşdirilməsi və onların yenilənməsi

 

2.1. Bu Qaydanın 1.2-ci bəndində nəzərdə tutulmuş məlumat təchizatçıları kredit tarixçəsinin subyekti barədə neqativ məlumatları onun razılığını almadan Portalda yerləşdirirlər.

2.2. Bu Qaydanın 2.5.1-ci və 2.5.2-ci yarımbəndlərində nəzərdə tutulmuş məlumatlar fəaliyyətlərinə aid olan hissədə məhkəmələr (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi istisna olmaqla), məcburi icra orqanları və notariuslar tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vasitəsilə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanları (o cümlədən, strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların adından), Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası tərəfindən isə birbaşa Portalda yerləşdirilir.

2.3. Kredit büroları, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanları (o cümlədən, strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların adından), Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası öz informasiya sistemlərini Portala inteqrasiya edirlər.

2.4. Bu Qaydanın 2.3-cü bəndində göstərilən informasiya sistemlərinin Portala inteqrasiyası aidiyyəti qurumların müraciəti əsasında, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli 813 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron hökumət” portalı haqqında Əsasnamə”yə müvafiq olaraq həyata keçirilir.

2.5. Məlumat təchizatçıları Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyən edilən kredit tarixçəsi subyektinin eyniləşdirilməsi üçün tələb olunan məlumatları göstərməklə Portalda aidiyyəti üzrə aşağıdakı məlumatları yerləşdirirlər:

2.5.1. ödənilməli olan cərimənin və digər sanksiyanın, alimentin, vergilərin və sosial sığorta haqlarının, digər icbari ödənişlərin, dəbbə pulunun, sığorta haqqının, notarial qaydada təsdiq olunmuş borc müqavilələrindən irəli gələn borcun, kommunal borcların məbləği və onun ödənilməsi müddəti;

2.5.2. kredit tarixçəsi subyektinin ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının qiymətləndirilməsinə təsir edən hər hansı digər məlumat, bu şərtlə ki, həmin məlumatların kredit tarixçəsinə daxil edilməsi qanunazidd olmasın.

2.6. Məlumat təchizatçıları bu Qaydanın 2.5.1-ci və 2.5.2-ci yarımbəndlərində nəzərdə tutulmuş məlumatları onları əldə etdikləri tarixdən 1 (bir) iş günü ərzində Portalda yerləşdirirlər.

2.7. Bu Qaydanın 2.6-cı bəndində göstərilmiş qaydada Portalda yerləşdirilmiş məlumatların yenilənməsi onlarda dəyişikliyin olduğu vaxtdan 1 (bir) iş günü ərzində aparılır.

2.8. Məlumatların yerləşdirilməsi və yenilənməsi aidiyyəti dövlət qurumlarında təyin edilmiş məsul şəxslər tərəfindən həyata keçirilir. Həmin şəxslər Portalda gücləndirilmiş elektron imza sertifikatı əsasında autentifikasiyadan keçdikdən sonra məlumatların yerləşdirilməsini və ya yenilənməsini həyata keçirirlər.

 

3. Məlumatların kredit büroları tərəfindən  əldə edilməsi

 

3.1. Kredit bürolarının Portalda yerləşdirilmiş məlumatlara çıxışı gücləndirilmiş elektron imza sertifikatı vasitəsilə autentifikasiyadan keçən məsul şəxslər tərəfindən təmin edilir.

3.2. Kredit büroları Portalda yerləşdirilmiş məlumatları real vaxt rejimində sorğu əsasında veb servislər vasitəsilə elektron formada əldə edirlər.

3.3. Kredit bürosu sorğu etdiyi məlumatı qəbul etməyə borcludur və bu halda kredit tarixçələrinin məlumat bazasında bu məlumatın Portaldan əldə edildiyi qeyd olunur.

 

4. Yekun müddəalar

 

4.1. Bu Qaydanın 1.2-ci bəndində nəzərdə tutulmuş məlumat təchizatçıları aidiyyəti məlumatı müvafiq qaydada Portalda yerləşdir-mədikdə və ya vaxtında yeniləmədikdə, qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

4.2. Portalda yerləşdirilmiş məlumatların məzmununa, dəqiqli-yinə, tamlığına və etibarlılığına görə Portalın operatoru məsuliyyət daşımır.

_________________

                            

           №-li nüsxə


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında