Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

№ 285

Bakı şəhəri, 11 iyul 2017-ci il

“Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında

 “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan ­Respublikası Prezidentinin 2016-cı il 8 avqust tarixli 1008 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları” təsdiq edilsin (əlavə olunur).

Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə  www.cabmin.gov.az və www.xalqqazeti.com  saytlarında tanış  ola bilərsiniz.

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2017-ci il 11 iyul

tarixli 285 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və  sənədlərin qəbulu

 

QAYDALARI

 

1. Bu Qaydalar “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.5-ci maddəsinə əsasən hazırlanmışdır və dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısını və sənədlərin qəbulu qaydalarını müəyyən edir.

2. Müsabiqənin test imtahanının nəticələri haqqında məlumat Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (bundan     sonra – Mərkəz) internet portalında verilir. Test imtahanından keçmiş namizəd imtahanın nəticələri elan edildiyi gündən 10 (on) iş günü müddətində Mərkəzin internet portalında (bundan sonra – portal) bu Qaydaların əlavəsində göstərilmiş dövlət qulluğu üzrə müraciət formasını (bundan sonra – Forma) doldurur. Namizədin Forma vasitəsilə təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri həmin Formaya əlavə edilir:

2.1.  tam orta təhsil, orta ixtisas təhsili və ya ali təhsil haqqında sənədin surəti;

2.2. əmək kitabçasının surəti (olduğu halda).

Qeyd. Tam orta təhsil və orta ixtisas təhsili haqqında sənəd namizədin yardımçı dövlət qulluğu vəzifəsinə iddia etdiyi halda əlavə edilir.

3. Formaya daxil edilmiş məlumatların və sənədlərin düzgünlüyü dövlət orqanları tərəfindən aparılan aşağıdakı elektron informasiya ehtiyatları əsasında yoxlanılır:

3.1. “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi;

3.2. “Tələbə-məzun” dövlət elektron məlumat sistemi;

3.3. Azərbaycan Respublikası Dövlət Qulluqçularının Reyestri;

3.4.  fərdi uçot sistemində sığortaolunanların məlumat bazası;

3.5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  mərkəzləşdirilmiş  informasiya sistemi;

3.6. Milli Təhsil Məlumat Bazası;

3.7. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Vahid elektron informasiya sistemi.

4. Bu Qaydaların 3-cü hissəsinə uyğun olaraq Formaya daxil edilmiş məlumatların və sənədlərin düzgünlüyünün yoxlanılması mümkün olmadığı halda, Mərkəzin tələbi əsasında namizəd bu Qaydaların 2-ci hissəsində nəzərdə tutulan sənədlərin müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əsillərini 5 (beş) iş günü müddətində Mərkəzə təqdim etməlidir.

Qeyd. Skan edilmiş sənədlər tam, ardıcıl, oxunaqlı və aydın olmalıdır.

5. Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə müsahibə elan edildikdə, namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq həmin müsahibədə iştirak edə bilər.

6. Müsahibədə iştirakla bağlı müraciət etmək istəyən namizəd Forma vasitəsilə portala daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, bu Qaydaların 2-ci və 3-cü hissələrində nəzərdə tutulmuş qaydada portalda müvafiq düzəlişləri edir, həmin məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq edir və müsahibə elanı verildiyi gündən 30 (otuz) gün müddətində həmin müsahibədə iştirak üçün portal vasitəsilə müvafiq dövlət orqanına elektron müraciət edir.

7. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 17 sentyabr tarixli 143 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının ümumi şərtləri”nin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

8. Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.

9. Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

10. Mərkəz müvafiq dövlət qulluğu vəzifəsi üzrə müsahibədə iştirakla bağlı qeydiyyatdan keçmiş namizədin müraciətinin və müraciətə əlavə edilmiş aşağıdakı sənədlərin (elektron şəxsi işini) bu Qaydaların 6-cı hissəsi ilə müəyyən edilmiş müddət başa çatdığı gündən 3 (üç) iş günü ərzində portal vasitəsilə vakant vəzifənin aid olduğu dövlət orqanına təqdim olunmasını təmin edir:

10.1. vakant vəzifə göstərilməklə, müsahibədə iştirak üçün müraciət;

10.2.    şəxsiyyəti təsdiq edən sənədin surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

10.3. kadrlar uçotunun şəxsi vərəqəsi;

10.4. təhsil haqqında sənədin surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

10.5. əmək kitabçasının surəti (olduğu halda) və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

10.6. müvafiq dövlət qulluğu vəzifəsi üzrə malik olduğu sertifikat barədə Mərkəzin informasiya ehtiyatlarından çıxarış.

11. Namizəd bu Qaydaların 7-ci hissəsi ilə müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatların verilməsi aşkar edildikdə, namizədin test imtahanında və (və ya) müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul olunur və 3 (üç) iş günü müddətində portal vasitəsilə namizədə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

12.  Namizədin nəticələri etibarsız hesab edildiyi halda, onun müsabiqədə iştirak etməsi ilə bağlı etdiyi ödənişlər geri qaytarılmır.

13. Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər bu barədə qərar qəbul edildikdən sonra 5 (beş) iş günü müddətində vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün Mərkəz tərəfindən dövlət orqanının rəhbərinə təqdim olunur.

14. Dövlət orqanı Mərkəz tərəfindən təqdim olunmuş nami-zədlərin dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmamasını Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 568 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanında dövlət qulluğuna qəbul edilmək üçün müraciət etmiş şəxsin dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmamasının qabaqcadan yoxlanılması Qaydaları”na uyğun olaraq yoxlayır.

 

_________________


 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında