Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 279

Bakı şəhəri, 7 iyul 2017-ci il

“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin işçilərinin xüsusi geyim forması, fərqlənmə nişanlarının təsvirləri və onların təchizatına dair Normalar”ın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi haqqında Əsasnamə”nin 5.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər ­Kabineti QƏRARA ALIR:

1. “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin işçilərinin xüsusi geyim forması, fərqlənmə nişanlarının təsvirləri və onların təchizatına dair Normalar” təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin işçilərinin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təminatı Azərbaycan Respublikasının dövlət büdcəsində Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin və onun rayon (şəhər) müfəttişliklərinin saxlanılması xərcləri və maddi-texniki təminatı üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə  www.cabmin.gov.az və www.xalqqazeti.com saytlarında tanış  ola bilərsiniz.

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2017-ci il 7 iyul

tarixli 279 nömrəli qərarı ilə

tədiq edilmişdir.

 

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin işçilərinin xüsusi geyim forması, fərqlənmə nişanlarının təsvirləri və onların təchizatına dair Normalar

 

1. Ümumi müddəalar

 

1.1. “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin işçilərinin xüsusi geyim forması, fərqlənmə nişanlarının təsvirləri və onların təchizatına dair Normalar” (bundan sonra - Sənəd) Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi haqqında Əsasnamə”nin 5.5-ci bəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin (bundan sonra - Dövlət Müfəttişliyi) işçilərinin xüsusi geyim formalarını, fərqlənmə nişanlarının təsvirlərini, nümunəsini və onların təchizat normalarını müəyyən edir.

1.2. Dövlət  Müfəttişliyinin işçiləri vəzifə səlahiyyətlərini yerinə yetirərkən,  bu Sənədlə müəyyən edilmiş fərqlənmə nişanı olan xüsusi geyim formalarını (bundan sonra - geyim forması) geyinməlidirlər. 

1.3. Bu Sənədin tələblərinə riayət etmək Dövlət  Müfəttişliyinin işçiləri üçün məcburidir. Geyim formasının bütün əşyaları qəbul edilmiş təsvir və qaydaya uyğun olmaqla, normal vəziyyətdə saxlanılmalıdır.

1.4. Dövlət  Müfəttişliyinin işçilərinin geyim forması qış və yay dəstlərindən ibarətdir və onun hazırlanması, işçilərə verilməsi, habelə mövsümə görə yay və qış formalarına keçmə müddətləri Dövlət Müfəttişliyinin rəisinin əmri ilə tənzimlənir.

 

2.  Dövlət Müfəttişliyinin işçilərinin geyim formasının və fərqlənmə nişanlarının təsviri

 

2.1. Dövlət Müfəttişliyinin işçilərinin geyim forması qış və yay formalarından ibarətdir:

2.1.1. qış forması – tünd-boz rəngli papaq, tünd-boz rəngli palto, tünd-boz rəngli plaş, tünd-boz rəngli qış gödəkcəsi və gödəkcə, tünd-boz rəngli pencək, tünd-boz rəngli şalvar (qadınlar üçün yubka), pambıq parçadan ağ və mavi rəngli uzunqol köynək, qara rəngli qalstuk, tünd-boz rəngli şərf, qara rəngli  əlcək, qara rəngli corab, qara rəngli kəmər və isti içlikli qara rəngli uzunboğaz çəkmədən ibarətdir;

2.1.2. yay forması – tünd-boz rəngli furajka (qadınlar üçün şlyapa), tünd-boz rəngli parçadan şalvar (qadınlar üçün yubka), ağ və mavi rəngli qısaqol köynək, qara rəngli corab və ayaqqabıdan ibarətdir.

2.2. Dövlət  Müfəttişliyinin işçilərinin geyim formasının təsviri:

2.2.1. papaq – tünd-boz rəngli xəz dəridən qulaqlı papaq (rəis və onun müavini üçün təbii qaragül dərisindən (şəkil 1.1), digər işçilər üçün isə süni xəzdən) hazırlanır (şəkil 1.3). Ön tərəfdə, ortada Dövlət Müfəttişliyinin emblemi və onu əhatə edən palıd yarpaqlarını əks etdirən kokardası vardır. Dövlət Müfəttişliyinin rəisi və onun müavini üçün emblem parçadan hazırlanır və onu əhatə edən palıd yarpaqları qızılı rəngli saplarla toxunur. Digər kateqoriyalar üçün isə emblem qızılı metaldan hazırlanır (qadınlar üçün müvafiq olaraq şəkil 1.2 və 1.3); 

2.2.2. furajka – tünd-boz rəngli kostyumluq parçadan tikilir. Oval formalı dibcikdən, təpə, dövrə, günlük  hissələrdən və kiçik forma düymələrindən ibarətdir. Furajkanın  təpə və dibciyinin alt hissəsinin kənarında ensiz zoğalı rəngli zolaq, ortasının kənarında eni 40 mm olan qara rəngli məxmərdən zolaq, iki kiçik düymə ilə bərkidilmiş qızılı rəngli toxunma qaytanı və Dövlət Müfəttişliyinin emblemi və onu əhatə edən palıd yarpaqlarını əks etdirən kokardası vardır. Dövlət Müfəttişliyinin rəisi və onun müavini üçün emblem parçadan hazırlanır və onu əhatə edən palıd yarpaqları qızılı rəngli saplarla toxunur. Digər kateqoriyalar üçün isə emblem qızılı metaldan hazırlanır. Günlüyü qara rənglidir və laklanmışdır (şəkil 16.4). Dövlət Müfəttişliyinin rəisi və onun müavini üçün furajkanın günlüyünün sağ və sol hissələrində qızılı rəngli saplarla toxunma palıd yarpağı nişanı vardır (şəkil 2.1). Digər kateqoriyalar üçün ( şəkil 2.2); 

2.2.3. şlyapa – tünd-boz rəngli parçadan tikilir, oval formalı dibcikdən, təpə, dövrə, günlük hissələrindən, qızılı rəngli çənəaltı qayışcıqdan və kiçik forma düymələrindən ibarətdir. Kənarları yanlardan və arxadan azca qaldırılmışdır. Kənarlarının eni 9 sm-dir. Şlyapanın qabaq hissəsinin ortasında Dövlət Müfəttişliyinin emblemi və onu əhatə edən palıd yarpaqlarını əks etdirən kokardası vardır. Dövlət Müfəttişliyinin rəisi və onun müavini üçün furajkanın emblemi parçadan hazırlanır və onu əhatə edən palıd yarpaqları qızılı rəngli saplarla toxunur. Digər kateqoriyalar üçün isə emblem qızılı metaldan hazırlanır,  günlüyünün sağ və sol hissələrində qızılı rəngli saplarla toxunma palıd yarpağı nişanı vardır (şəkil 3.1). Digər kateqoriyalar üçün (şəkil 3.2); 

2.2.4. palto – tünd-boz rəngli yun parçadan tikilir, qızılı rəngdə üç böyük forma düyməsi ilə düymələnir, ikibortludur, qatlanan yaxalıqlıdır, yaxalıq taxılıb-çıxarılan və papağa uyğun tünd-boz rəngli xəzdəndir. Layları yanlardan köklənmiş və qapaqlı yan kəsmə ciblidir. Kürəkdə, ortada, aşağıda şlitsa ilə tamamlanan tikiş vardır. Bel səviyyəsində paltonun böyür tikiş yerlərinə bərkidilmiş qızılı rəngli iki böyük forma düyməsi ilə düymələnən tənzimləyici kəmərcik vardır. Qolları ikitikişli, köbəli, içəridən tikiləndir. Vatinlə istiləşdirilmiş astarın ətəkləri sərbəstdir. Astarında iki kəsmə qoltuq cibi vardır. Yun parçadan hazırlanan paltonun elə həmin parçadan da tikilmiş taxılıb-çıxarılan çiyinüstü nişanlar üçün kəmərcikləri vardır. Kəmərciklər qızılı rəngli orta forma düymələri ilə düymələnir. Paltonun sağ (qadınlar üçün sol) bortuna yaxanı düymələmək üçün paltonun rənginə uyğun adi düymə tikilmişdir. Paltonun sol qolunun xarici səthinə Dövlət Müfəttişliyinə aid olduğunu bildirən qolüstü fərqlənmə nişanı tikilir. Rəis və  onun müavini üçün paltonun qollarında ensiz zoğalı rəngli zolaq vardır, yaxalığı təbii boz rəngli qaragül dərisindəndir və taxılıb-çıxarılandır (şəkil 4.1). Digər işçilər üçün yaxalığı boz rəngli  süni xəzdən hazırlanır və taxılıb-çıxarılandır (şəkil 4.2) (qadınlar üçün müvafiq olaraq  şəkil 5.1 və 5.2).  Döşəmədən paltonun ətəyinədək olan məsafə 40-42 sm-dir;   

2.2.5. plaş – tünd-boz rəngli parçadandır, birbortludur, öz rəngində üç düymə ilə (gizli) düymələnir, qatlanan yaxalıqlı və açıq yaxalıdır. Yan kəsmə cibləri və plastik toqqalı kəməri vardır. Kürəkdə, ortada, aşağıda şlitsa ilə tamamlanan tikiş vardır. Qolları ikitikişli, içəridən tikilən kəmərciklidir. Astarında iki kəsmə qoltuq cibi vardır. Kostyum parçasından hazırlanan plaşın və onun kəmərinin elə həmin parçadan tikilmiş taxılıb-çıxarılan çiyinüstü nişanlar üçün kəmərcikləri vardır. Kəmərciklər plaş rəngli forma düymələri ilə düymələnir. Plaşın yaxalığının künclərinə rəis və onun müavini üçün qızılı sapla toxunma palıd yarpaqları (şəkil 18.1), digər kateqoriyalar üçün isə qızılı rəngdə metal yaxalıq nişanları bərkidilir (şəkil 18.4). Plaşın sol qolunun xarici səthinə Dövlət Müfəttişliyinə aid olduğunu bildirən qolüstü fərqlənmə nişanı tikilir. Döşəmədən plaşın ətəyinədək olan məsafə 40-42 sm-dir (şəkil 6.1 və 6.2). Qadınlar üçün müvafiq olaraq düymələr sola düymələnir (şəkil 7.1 və 7.2);

2.2.6. qış gödəkcəsi – tünd-boz rəngli plaş parçasından tikilir, qatlanan yaxalıqlıdır. Yaxalıq xəzdəndir və taxılıb-çıxarılandır. Gödəkcənin qızılı rəngli düymə ilə düymələnən taxılıb-çıxarılan çiyinüstü nişanlar üçün kəmərcikləri vardır. Gödəkcənin taxılıb-çıxarılan süni və ya təbii xəzdən istiləşdirilmiş astarı vardır. Gödəkcə birbortludur, qızılı rəngli dörd düymə ilə düymələnir və açıq yaxalıdır, yan kəsmə cibləri və plastik toqqalı kəməri vardır. Gödəkcənin sol qolunun xarici səthinə Dövlət Müfəttişliyinə aid olduğunu bildirən qolüstü fərqlənmə nişanı tikilir. Rəis və onun müavini üçün yaxalığı təbii boz rəngli qaragül dərisindəndir (şəkil 8.1 və 8.2), digər işçilər üçün yaxalığı boz rəngli  süni xəzdəndir (şəkil 8.3 və 8.4); 

2.2.7. gödəkcə – tünd-boz rəngli kostyum parçasından tikilir, qatlanan yaxalıqlıdır. Gödəkcənin qızılı rəngli düymə ilə düymələnən taxılıb-çıxarılan çiyinüstü nişanlar üçün kəmərcikləri vardır. Gödəkcə birbortludur, qızılı rəngli dörd düymə ilə düymələnir və açıq yaxalıdır, yan kəsmə cibləri və plastik toqqalı kəməri vardır. Gödəkcənin sol qolunun xarici səthinə Dövlət Müfəttişliyinə aid olduğunu bildirən qolüstü fərqlənmə nişanı tikilir (şəkil 9.1 və 9.4); 

2.2.8. pencək – tünd-boz rəngli kostyum parçasından tikilir, birbortludur (rəis və  onun müavini üçün ikibortludur), arxası bütövdür, hər iki tərəfdən düz yerləşdirilmiş üstlüyü  qatlanan yan cibləri, üstündə bir sırada yerləşən 3 ədəd iri düymələri, qatlanan yaxalığının künclərinə rəis və onun müavini üçün qızılı sapla toxunma palıd yarpaqları (şəkil 18.2), qalan kateqoriyaları üçün isə qızılı rəngdə metal yaxalıq nişanları bərkidilir (şəkil 18.3). Rəis və onun müavininin pencəyinin qollarının aşağı hissəsində  zoğalı rəngli  zolaq, qolunun aşağı arxa hissəsində bir sırada yerləşən 2 ədəd kiçik düymələr vardır. Pencəyin çiyinlərində çiyinüstü fərqlənmə nişanı bərkitmək üçün kəmərciklər tikilir, sol qolunda geyim formasının Dövlət Müfəttişliyinə aid olduğunu bildirən qolüstü fərqlənmə nişanı tikilir (rəis və onun müavini üçün şəkil 10.1, digər kateqoriyalar üçün isə şəkil 10.2). Qadınlar üçün sola düymələnir  (rəis və onun müavini üçün şəkil 11.1, digər kateqoriyalar üçün isə şəkil 11.2);

2.2.9.  şalvar – tünd-boz rəngli parçadan, düzünə 1 zoğalı rəngli nazik kantlı (3 mm)  və manjetsiz (rəis və onun müavini üçün düzünə 2 zoğalı rəngli kantlı (25 mm) tikilir (rəis və onun müavini üçün şəkil 12, qalan kateqoriyalar üçün isə şəkil 13);

2.2.10. qadınlar üçün yubka –  yubka düzbiçimlidir, arxa iki hissədən ibarətdir, orta tikişin sonunda şlits vardır. Yubka kəmərinin eni 4,5 sm-dir. Kəmərə öndə iki və arxada iki ədəd 4,5 sm hündürlüyündə körpücük tikilir. Yubka astarlıdır. Ətəyin uzunluğu diz xəttindən 5 sm aşağı olmalıdır (rəis və onun müavini üçün şəkil 14, digər kateqoriyalar üçün isə şəkil 15);

2.2.11. köynək – uzunqol və qısaqol olmaqla, ağ və mavi rəngdədir. Köynəklərin çiyinlərində çiyinüstü fərqlənmə nişanı bərkitmək üçün kəmərciklər tikilir, sol qolunda geyim formasının Dövlət Müfəttişliyinə aid olduğunu bildirən qolüstü fərqlənmə nişanı tikilir (rəis və onun müavini üçün  şəkil 12,  digər kateqoriyalar üçün isə şəkil 13. Qadınlar üçün müvafiq olaraq  şəkil 14 və 15);

2.2.12. qalstuk – qara parçadan tikilir, əsas hissədən, daimi düyündən və boyunluqdan ibarətdir;

2.2.13. şərf – tünd-boz rəngli trikotaj və ya yun parçadan toxunma olur;

2.2.14. əlcək – beşbarmaqlı olub qara rəngli zərif dəridən tikilir;

2.2.15. corab – qara rəngli iplikdən toxunur, qısaboğazlıdır. Boğazının yuxarı hissəsi rezinlə toxunur;

2.2.16. kəmər – qara rəngli göndən, toqqası isə tünd-boz rəngli metaldan hazırlanır;

2.2.17. uzunboğaz çəkmə – isti içlikli qara rəngli, üstü yumşaq, altlığı göndən və ya digər materialdan olur;

2.2.18. ayaqqabı – qara rəngli, üstü yumşaq, altlığı göndən və ya digər materialdan olur.

2.3. Dövlət  Müfəttişliyinin işçilərinin fərqlənmə nişanlarının təsviri:

2.3.1. Dövlət Müfəttişliyinin emblemi – dairəvi olmaqla içərisi mavi fonda, dairənin aşağı hissəsində torpaq şəkli üzərində düzünə sünbül, sünbülün üzərində çarpaz şəklində ştangen pərgar və jizel təsvir olunur (şəkil 16.1);

2.3.2. qolüstü nişan – ölçüləri 74-94 mm olmaqla yuxarı hissəsi yarımoval, aşağı hissəsi isə korbucaqlıdır. Fonu qara rəngli, kənarları tünd-sarı haşiyəlidir. Ortasında  Dövlət  Müfəttişliyinin emblemi, yuxarıda Azərbaycan Respublikasının Dövlət bayrağının təsviri vardır. Qolüstü nişanın yuxarı hissəsində dairəvi “Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi” sözləri, aşağı hissədə iri hərflərlə “KTN” abreviaturası həkk olunur (şəkil 16.5) və geyim formasının sol qolunun yuxarı nöqtəsindən 60 mm məsafədə tikilir;

2.3.3. döş nişanı – 45-60 mm ölçüdə, aşağı hissəsində yarımdairəvi kəsikli fiqurlu hazırlanır. Onun üzərində Azərbaycan Respublikasının Dövlət bayrağının təsviri, bayrağın üzərində Dövlət Müfəttişliyinin emblemi əks olunur. Yuxarı hissədə  üstdə  “Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi” sözləri yazılır. Həmin sözlərin altında döş nişanının ardıcıl dörd  rəqəmdən ibarət nömrəsi yazılır. Aşağıda  iri hərflərlə “KTN” abreviaturası həkk olunur (Dövlət Müfəttişliyinin rəisinin və onun müavininin geyim forması istisna olmaqla, digər işçilərin geyim formasının ön hissəsinin döş nahiyəsində sol tərəfdə düymə ilə bərkidilir (şəkil 16.6);

2.3.4. düymə – geyim formasında istifadə edilən düymələr qızılı rəngli metaldan hazırlanır, diametrləri 22 mm və 14 mm olmaqla, üzərində Dövlət  Müfəttişliyinin embleminin təsviri olur (şəkil 16.2);

2.3.5. qalstuk sıxacı – 0,8x7 sm ölçüdə qızılı rəngli metal lövhəcikdən ibarətdir. Üzərində Dövlət Müfəttişliyinin emblemi və emblemin kənarlarında uzunluğu 18 mm olan budaq şəkli həkk olunur (şəkil 16.3);

2.3.6. palıd yarpağı ilə əhatə olunmuş aypara – qızılı rəngli metaldan basma üsulu ilə hazırlanır, arxasına çiyinüstü nişana bərkitmək üçün nazik metal tutacaq lehimlənir (şəkil 16.7);

2.3.7. ulduzlar – qızılı rəngli metaldan basma üsulu ilə hazırlanır, arxasına çiyinüstü nişana bərkitmək üçün nazik metal tutacaq lehimlənir və çiyinüstü nişanlarda mərkəz xətti istiqamətində uzununa bərkidilir. Dövlət Müfəttişliyinin işçiləri tutduqları vəzifəyə uyğun olaraq, çiyinüstü nişanlarla (ulduzlarla) aşağıdakı formada   fərqlənirlər (şəkil 16.8);

2.3.7.1. Dövlət Müfəttişliyinin rəisi – çiyinüstü nişanın üzərində 26 mm diametrində səkkizguşəli iki ulduz,  aşağı hissəsində ortada palıd yarpağı ilə əhatə olunmuş aypara bərkidilir (şəkil 17.1);

2.3.7.2. Dövlət Müfəttişliyinin müavini – çiyinüstü nişanın üzərində 26 mm diametrində səkkizgüşəli bir ulduz, aşağı hissəsində ortada palıd yarpağı ilə əhatə olunmuş aypara bərkidilir (şəkil 17.2);

2.3.7.3. Dövlət Müfəttişliyinin aparatında baş məsləhətçilər – çiyinüstü nişanın üzərində 22 mm diametrində səkkizguşəli üç ulduz, aşağı hissəsində ortada palıd yarpağı ilə əhatə olunmuş aypara bərkidilir (şəkil 17.3);

2.3.7.4. Dövlət Müfəttişliyinin aparatında aparıcı məsləhətçilər – çiyinüstü nişanın üzərində 22 mm diametrində səkkizguşəli iki ulduz, aşağı hissəsində ortada palıd yarpağı ilə əhatə olunmuş aypara bərkidilir (şəkil 17.4); 

2.3.7.5. Dövlət Müfəttişliyinin aparatında texniki işçilər – çiyinüstü nişanın üzərində 17 mm diametrində səkkizguşəli  iki  ulduz bərkidilir (şəkil 17.8);

2.3.7.6. Dövlət Müfəttişliyinin rayon (şəhər) müfəttişliklərinin rəisləri – çiyinüstü nişanın üzərində 22 mm diametrində səkkizguşəli bir ulduz, aşağı hissəsində ortada palıd yarpağı ilə əhatə olunmuş aypara bərkidilir (şəkil 17.5);

2.3.7.7. Dövlət Müfəttişliyinin rayon (şəhər) müfəttişliklərinin baş məsləhətçi müfəttişləri – çiyinüstü nişanın üzərində 17 mm diametrində səkkizguşəli  dörd ulduz bərkidilir (şəkil 17.6);

2.3.7.8. Dövlət Müfəttişliyinin rayon (şəhər) müfəttişliklərinin məsləhətçi müfəttişləri – çiyinüstü nişanın üzərində 17 mm diametrində səkkizguşəli  üç ulduz bərkidilir (şəkil 17.7).

2.3.7.9. Dövlət Müfəttişliyinin rayon (şəhər)  texniki işçiləri – çiyinüstü nişanın üzərində 17 mm diametrində, səkkizguşəli  iki  ulduz bərkidilir (şəkil 17.8).

 

3. Dövlət Müfəttişliyinin işçilərinin geyim formasının və fərqlənmə nişanlarının təchizat norması

      

Sıra №-si

Əşyaların adı

Bir nəfər üçün əşyanın miqdarı

İstifadə müddəti

(il)

Qeyd

1

2

3

4

5

 

  1. Qış geyimləri

1.1.

papaq

1

4

 

1.2.

palto (çiyinüstü və qolüstü nişanla birlikdə)

1

5

 

1.3.

plaş (çiyinüstü və qolüstü nişanla birlikdə)

1

5

 

1

2

3

4

5

1.4.

qış gödəkcəsi (çiyinüstü nişanla birlikdə)

1

4

 

1.5.

gödəkcə (çiyinüstü və qolüstü nişanla birlikdə)

1

4

 

1.6.

pencək (çiyinüstü və qolüstü nişanla birlikdə)

1

2

 

1.7.

şalvar (qadınlar üçün yubka)

1

2

 

1.8.

köynək uzunqol (ağ və mavi,

çiyinüstü nişanla birlikdə)

2

2

 

1.9.

qalstuk

1

2

 

1.10.

şərf

1

5

 

1.11.

əlcək

1 cüt

5

 

1.12.

kəmər

1

5

 

1.13

uzunboğaz çəkmə

1 cüt

2

 

1.14.

qalstuk sıxacı

1

5

 

 

  1. Yay geyimləri

2.1.

furajka (qadınlar üçün şlyapa)

1

2

 

2.2.

şalvar (qadınlar üçün yubka)

1

3

 

2.3.

köynək qısaqol (ağ və mavi,

çiyinüstü nişanla birlikdə)

2

2

 

2.4.

ayaqqabı

1 cüt

1

 

 

 

_____________________


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında