Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 276

Bakı şəhəri, 6 iyul 2017-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 10 aprel tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi Qaydaları”nda dəyişikliklər edilməsi haqqında

“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 3.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 10 aprel tarixli 84 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 306; 2009, № 11, maddə 936; 2017, № 3, maddə 503) ilə təsdiq edilmiş “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.3-cü bəndə “zəmanət məbləğinin” sözlərindən sonra “0,5 (sıfır tam onda beş) faizindən az və” sözləri əlavə edilsin.

2. 3.2-ci bənddə “Qaydalara uyğun istifadə üzrə səlahiyyətlər” sözləri “Qaydaların tələblərinə uyğun istifadə edilməsi səlahiyyətləri” sözləri ilə əvəz edilsin.

3. 3.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“3.3. Əsas borcalan dövlət zəmanəti ilə təmin edilmiş borc öhdəliyini tam və ya qismən icra edə bilmədiyi və ya müəyyən olunmuş qaydada icra edə bilmədiyi və defolt baş vermək təhlükəsi yarandığı və bu öhdəliyin icrasının zəmanətçi tərəfindən yerinə yetirilməsi tələb olunduğu təqdirdə, verilmiş dövlət zəmanətinin müddəalarına əsasən öhdəliyin yerinə yetirilməsi bu Qaydaların 3.2-ci və 3.5-ci bəndlərinin tələblərinə əməl etməklə, Fonda toplanmış vəsaitlər hesabına bir büdcə ili ərzində təmin edilir.”.

4. Aşağıdakı məzmunda 3.4-1-ci bənd əlavə edilsin:

“3.4-1. Əsas borcalan rəsmi müraciətinə axırıncı maliyyə ili üçün müvafiq qaydada təsdiq edilmiş gəlirlər və xərclər smetasının icrası barədə hesabatı, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, axırıncı maliyyə ili üçün maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə, həmçinin kredit təşkilatlarına borcları barədə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının mərkəzləşdirilmiş kredit reyestrindən çıxarışı və ya kredit bürosundan müvafiq kredit tarixçəsindən kredit hesabatını və digər borcları haqqında məlumatı əlavə edir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi əsas borcalandan təqdim edilmiş sənədlərə dair izahat və əlavə məlumat tələb etmək hüququna malikdir.”.

5. 3.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.5. Əsas borcalanın təqdim etdiyi məlumatlar Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq strukturu tərəfindən təhlil edildikdən sonra nəticə barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilir və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul edilir.”.

 6. 3.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

“3.6. Dövlət zəmanətinin şərtlərinə uyğun olaraq, Fond tərəfindən il ərzində hər bir əsas borcalanın əvəzinə həyata keçirilən ödənişlərin sonradan Fonda bərpa edilməsi məqsədi ilə növbəti ilin ikinci ayının son iş gününədək həmin əsas borcalan Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə müqavilə imzalayır. Həmin müqavilənin şərtləri əsas borcalanın maliyyə vəziyyəti nəzərə alınmaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən edilir.”.

7. 3.7-ci bənd ləğv edilsin.

8. 4.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“4.3. Fondun vəsaitləri dövlət zəmanəti ilə təmin edilmiş borc öhdəliklərinin valyuta strukturuna uyğun olaraq, nüfuzlu beynəlxalq reytinq agentlikləri (Standard & Poor's, Fitch Ratings, Moody's, bundan sonra – beynəlxalq reytinq agentlikləri) tərəfindən verilmiş minimum “A” kredit reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində yerləşən banklarda, habelə Azərbaycan Respublikasında bank lisenziyasına malik və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş reytinqi Azərbaycan Respublikasının (suveren) borc reytinqindən maksimum 1 (bir) pillə aşağı olan banklarda depozitlərə (tələbli və müddətli) və ya bu banklar tərəfindən buraxılmış borc kağızlarına yerləşdirilir.”.

9. 5.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5.1. Fondun vəsaitinin uçotu “Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq struktur bölməsi tərəfindən aparılır.”.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında