Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 218

   Bakı şəhəri, 23 may 2017-ci il

 

“Mühüm balıqçılıq su obyektlərinin siyahısı və sudan istifadənin məhdudlaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 722 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 fevral tarixli 445 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Mühüm balıqçılıq su obyektlərinin siyahısı və sudan istifadənin məhdudlaşdırılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

Artur Rasi-zadə ,
Azərbaycan Respublikasının Baş naziri  

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.az və www.xalqqazeti.com saytlarında tanış ola bilərsiniz.

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2017-ci il 23 may

tarixli 218 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

Mühüm balıqçılıq su obyektlərinin siyahısı və sudan

istifadənin məhdudlaşdırılması

 

Q A Y D A S I

  1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən hazırlanmışdır və mühüm balıqçılıq su obyektlərinin siyahısını və Azərbaycan Respublikasının balıqçılıq su obyektlərində qiymətli növ balıq və digər su bioresurslarının artırılması, bərpası və qorunması üçün sudan istifadənin məhdudlaşdırılması qaydasını müəyyən edir.

 1.2. Balıq və digər su bioresurslarının məskunlaşdığı mühitə, balıqçılıq su obyektlərinə və sahilboyu zolaqlara (zonalara) zərərli təsir göstərə bilən müəssisələrin, qurğuların, digər obyektlərin layihələndirilməsi, yerləşdirilməsi, tikintisi, yenidən qurulması və istifadəsini həyata keçirən hüquqi və fiziki şəxslər balıq və digər su bioresurslarının mühafizəsi, artırılması, yerdəyişməsi və qışlaması üçün əlverişli şərait yaratmalı, onların məskunlaşma və nəsilartırma mühitinin toxunulmazlığını təmin etməlidirlər.

1.3. Hidroenergetika müəssisələri mühüm balıqçılıq su obyektlərinin istifadəsinə, su anbarlarının doldurulması və istismar rejiminə dair müəyyən olunmuş qaydalara riayət etməli, qiymətli növ balıq və digər su bioresurslarının kürütökmə yerlərinə buraxılmasını təmin etməlidirlər.

 1.4. Mühüm balıqçılıq su obyektlərinin siyahısı bu Qaydanın  əlavəsi ilə müəyyən edilir.

1.5. Mühüm balıqçılıq su obyektlərində Azərbaycan Respubli-kasının Su Məcəlləsinin 69-cu maddəsinə əsasən sudan istifadə edənlərin hüquqları balıqçılığın mənafeyi hesabına məhdudlaşdırıla bilər.

 

2. Mühüm balıqçılıq su obyektlərində sudan istifadənin

məhdudlaşdırılması qaydası

2.1. Mühüm balıqçılıq su obyektlərində qiymətli növ balıq və digər su bioresurslarının artırılması, bərpası və qorunması məqsədi ilə aşağıdakı tədbirlərin həyata keçirilməsi qadağan edilir:

2.1.1. balıqların kürütökmə yerlərində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığı olmadan bənd çəkmək və dağılmış bəndləri bərpa etmək;

2.1.2. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinın, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin razılığı ilə sanitariya, hidrotexniki və meliorasiya tədbirlərinin görülməsi halları istisna olmaqla, mühüm balıqçılıq su obyektlərində qalaqlar yaratmaq və ya su axınının qarşısını kəsmək, göllərdən və limanlardan suyu buraxmaq;

2.1.3. balıqçılıq su obyektlərini sənaye emalı məhsulları ilə çirkləndirilməsi və zibilləndirilməsi, təmizlənməmiş və zərər-sizləşdirilməmiş  çirkab sularının axıdılması,  həmin sututarların sahillərində və subasar yerlərində tullantıları toplamaq;

2.1.4. dibdərinlətmə və dibtəmizləmə işləri zamanı qazılmış torpağı balıqların kürütökmə yerlərinə və qışladığı çuxurlara yığmaq;

2.1.5. suyun götürülməsi məqsədi ilə balıqqoruyucu vasitələrlə təchiz olunmayan hidrotexniki və digər qurğuları istismar etmək.

2.2. Mühüm balıqçılıq su obyektlərində qiymətli növ balıqların kürütökmə yerlərinə sərbəst və təhlükəsiz miqrasiyasını təmin etmək üçün hər ilin mart ayının 1-dən may ayının 30-dək və sentyabr ayının   1-dən noyabr ayının 30-dək olan müddətlərdə, sel, daşqın, sürüşmə və digər təbii fəlakət halları istisna olmaqla, su sərfi rejiminin dəyişdirilməsinə yol verilmir.

2.3. Balıqçılıq su obyektlərində, o cümlədən mühüm balıqçılıq su obyektlərində ovçuluq məqsədi ilə sudan istifadənin məhdudlaşdırılması “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun  9-cu  maddəsində nəzərdə tutulmuş qaydalara uyğun aparılır. 

2.4. Sel, daşqın, sürüşmə və digər təbii fəlakət halları ehtimalı olan dövrlərdə, habelə mövsümlə bağlı su təsərrüfatı obyektlərinin normal fəaliyyətinin təmini zərurəti ilə əlaqədar bu Qaydanın 2.2-ci bəndində göstərilən müddətlər istisna olmaqla, mühüm balıqçılıq su obyektlərində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti ilə razılaşdırılmaqla sudan istifadə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən məhdudlaşdırılma tədbirləri çərçivəsində həyata keçirilir.

2.5. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu Qaydanın 2.4-cü bəndinə uyğun məhdudlaşdırılma tədbirlərini hazırlayır və onların razılaşdırılması məqsədi ilə  Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə təqdim  edir.

2.6. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müraciətini aldığı vaxtdan ən geci 5 (beş) iş günü müddətində mühüm balıqçılıq su obyektlərində sudan istifadənin məhdudlaşdırılma tədbirlərinə dair rəylərini  Azərbaycan Respub-likasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim etməlidirlər. Bu müddətdə rəy təqdim olunmadıqda, məhdudlaşdırılma tədbirləri razılaşdırılmış hesab edilir.

2.7. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi mühüm balıqçılıq su obyektlərində sudan istifadə üzrə  nəzərdə tutulan məhdudlaşdırılma tədbirləri barədə kütləvi informasiya vasitələri və internet resursları ilə dövlət orqanları, bələdiyyələri və əhalini məlumatlandırmalıdır.

2.8. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən mühüm balıqçılıq su obyektlərinin qiymətli növ balıqların kürütökmə yerlərində sudan istifadənin məhdudlaşdırılmasına dair məlumatlandırıcı və şəraitdən asılı olaraq müvafiq qadağanı ifadə edən xəbərdarlıq nişanları və ya xəbərdarlıq lövhələri yerləşdirilməlidir.

2.9. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları tərəfindən daimi olaraq qiymətli növ balıqların kürütökmə yerlərində balıqkeçirici və balıqqoruyucu qurğuların üzərində müşahidələr aparılır və mühüm balıqçılıq su obyektlərinin su mühafizə zonalarında və sahil mühafizə zolaqlarında yerləşən sənaye, energetika, kənd təsərrüfatı və digər obyektlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydalara və tələblərə əməl olunmasına nəzarət edilir.

________________________

 

 

“Mühüm balıqçılıq su obyektlərinin siyahısı və sudan istifadənin məhdudlaşdırılması  Qaydası”na

əlavə

 

Mühüm balıqçılıq su obyektlərinin

SİYAHISI

1. Xəzər dənizi, onun körfəzləri, dənizə axan çaylar, onların qolları və mənsəbləri.

2. Kür çayı və onun qolları.

3. Araz çayı və onun qolları.

4. Mingəçevir su anbarı.

5. Şəmkir su anbarı.

6. Yenikənd su anbarı.

7. Varvara su anbarı.

8. Sarısu gölü.

9. Candargöl.

 

 

____________________

 

         №-li nüsxə


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında