Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

№ 205

Bakı şəhəri, 12 may 2017-ci il

“Su mühafizə zonalarında və sahil mühafizə zolaqlarında balıq və digər su bioresurslarının xüsusi mühafizə rejiminin tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

“Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 27 iyun tarixli 1015-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 avqust tarixli 243 nömrəli Fərmanının 1.10-cu bəndinin icrasını təmin     etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Su mühafizə zonalarında və sahil mühafizə zolaqlarında balıq və digər su bioresurslarının xüsusi mühafizə rejiminin tətbiq edilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri

Qeyd: Qərarlara edilmiş əlavələrin tam mətni ilə  www.cabmin.gov.az və www.xalqqazeti.com saytlarında tanış ola bilərsiniz.

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2017-ci il 12 may

tarixli 204 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

 

Su mühafizə zonalarında və sahil mühafizə zolaqlarında

balıq və digər su bioresurslarının xüsusi mühafizə rejiminin tətbiq edilməsi

 

Q A Y D A L A R I

 

1. Ümumi müddəa

 

1.1. Bu Qaydalar “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə əsasən hazırlanmışdır və su mühafizə zonalarında və sahil mühafizə zolaqlarında balıq və digər su bioresurslarının mühafizəsi məqsədi ilə xüsusi mühafizə rejiminin tətbiq qaydasını müəyyən edir.

 

2. Su mühafizə zonalarında və sahil mühafizə zolaqlarında balıq və digər su bioresurslarının xüsusi mühafizə rejimi

 

2.1. Su obyektlərinin ekoloji tələblərə uyğun vəziyyətdə saxlanması, yerüstü və yeraltı suların çirklənməsinin, zibillənməsinin və tükənməsinin qarşısının alınması, habelə balıq və digər su bioresurslarının məskunlaşdığı mühitin qorunub saxlanması üçün su mühafizə zonaları müəyyən edilir.

2.2. Su mühafizə zonalarında su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilir.

2.3. Su mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir və onların ərazisində təbiətdən istifadəyə əlavə məhdudiyyətlər tətbiq edilir.

2.4. Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçüləri, sərhədləri və istifadə rejimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları”na uyğun olaraq müəyyən edilir.

2.5. Su  obyektlərinin balıq və digər su bioresurslarının mühafizəsi üçün xüsusi əhəmiyyət kəsb edən hissələrində sahil mühafizə zolaqlarının eni sahilyanı torpaqların mailliyi və digər xüsusiyyətlərindən asılı olmayaraq 100 metrdən az olmamaq şərtilə müəyyən edilir.

2.6. Su mühafizə zonalarının xüsusi rejimi su obyektlərinin hidroloji, hidrokimyəvi, hidrobioloji, sanitar-gigiyenik, ekoloji vəziyyətinin yaxşılaşdırılması və onların sahilyanı ərazilərinin abadlaşdırılması üzrə təbiəti mühafizəsi üzrə  kompleks tədbirlərin yerinə yetirilməsini təmin edir.

2.7. Bu Qaydaların 2.4-сü bəndinə uyğun olaraq müəyyən olunmuş su mühafizə zonalarında və sahil mühafizə zolaqlarında qiymətli balıq növlərinin kürütökmə və qışlama yerləri olan çayların, onların qollarının, göllərin və digər sututarların, habelə balıqartırma müəssisələrinin fəaliyyət göstərdiyi sahələrdə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə razılaşdırılmış  təqdimatı əsasında xüsusi qorunan ərazi elan edilir.

2.8.  Xüsusi qorunan ərazidə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi  tərəfindən müəyyən edilən müddətlərdə balıq və digər su bioresurslarının kürütökmə yerlərinə miqrasiyasının təmin edilməsi üçün Azərbaycan Respublikasının Su Məcəlləsinin 82-ci maddəsində müəyyən olunmuş qadağalarla yanaşı, “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq aşağıdakı tədbirlər  həyata keçirilir:

2.8.1. balıq və digər su bioresurslarının kürütökmə yerlərində motorlu su nəqliyyatının hərəkətinin məhdudlaşdırılması;

2.8.2. nəzarət, elmi tədqiqat və akvakultura ovu istisna olmaqla balıq və digər su bioresurslarının ovunun qadağan edilməsi;

2.8.3. balıq və digər su bioresurslarının həvəskar və idman ovunun məhdudlaşdırılması və qadağan edilməsi.

2.9. Xüsusi qorunan ərazinin  təbii vəziyyətini dəyişdirə biləcək  işlər yalnız Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığı ilə həyata keçirilə bilər.

2.10. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti su obyektlərinin istifadəsinə və mühafizəsinə dövlət nəzarəti çərçivəsində su mühafizə zonalarında və sahil mühafizə zolaqlarında balıq və digər su bioresurslarının xüsusi mühafizə rejiminin tətbiqi sahəsində aşağıdakı səlahiyyətlərə malikdirlər:

2.10.1. su obyektlərinin istifadəsi və mühafizəsi qaydalarının pozulması nəticəsində dövlətə vurulan zərərin ödənilməsi məqsədi ilə  tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə, təşkilatlara və digər hüquqi şəxslərə, Azərbaycan  Respublikasının vətəndaşlarına, əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə qarşı iddia qaldırmaq;

2.10.2. su obyektlərinin istifadəsi və mühafizəsi qaydalarını pozan şəxsləri cinayət məsuliyyətinə cəlb etmək məqsədi ilə  müvafiq sənədləri hüquq-mühafizə orqanlarına göndərmək;

2.10.3. suların istifadəsinə və mühafizəsinə dair müəyyən edilmiş qaydalar pozulduqda həmin işləri və bu mənbələrin suyundan istifadə  olunmasını dayandırmaq.

2.11. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin su mühafizə zonalarında və sahil mühafizə zolaqlarında qiymətli balıq növlərinin kürütökmə  və qışlama yerləri olan çayların, onların qollarının, göllərin və digər sututarların, habelə balıqartırma müəssisələrinin fəaliyyət göstərdiyi xüsusi qorunan ərazidə baş verən neqativ proseslərin vaxtında aşkara çıxarılması və qiymətləndirilməsi, bu proseslərin inkişafının proqnozlaşdırılması və zərərli təsirinin qarşısının alınması, həyata keçirilən balıq mühafizə tədbirlərinin səmərəliliyinin təmin edilməsi məqsədi ilə aşağıdakı  hüquqları vardır:

2.11.1. balıqçılıq su obyektlərinin balıq təsərrüfatı monitorinqi çərçivəsində onların ixtioloji və hidrogeoloji göstəricilərinə müntəzəm müşahidələr aparmaq və zəruri nümunələr götürmək;

2.11.2. dövlət orqanlarının, bələdiyyələrin, fiziki və hüquqi şəxslərin balıq və digər su bioresurslarının mühafizəsinə təhlükə yaradan, “Ekoloji təhlükəsizlik haqqında” və “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarına və xüsusi mühafizə rejiminə zidd olan fəaliyyətlərini dayandırmaq;

2.11.3. balıq və digər su bioresurslarının xüsusi mühafizə rejimini pozan şəxslərin sənədlərini yoxlamaq, nəqliyyat vasitələrini saxlamaq, qanunvericiliklə müəyyən edilmiş qaydada nəqliyyat vasitələrini, gəmiləri, ov alətlərini, balıq və digər su bioresurslarının əldə edilməsinin qanuniliyini yoxlamaq, hüquqpozmaya səbəb olmuş alətləri, cihazları və əşyaları, qanunsuz əldə edilmiş balıq və digər su bioresurslarını, qanunsuz ov alətlərini götürmək;

2.11.4. balıq və digər su bioresurslarının xüsusi mühafizə rejiminin pozulmasına görə  qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokollar tərtib etmək.

2.12. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi balıq və digər su bioresurslarının xüsusi qorunan ərazidə xüsusi mühafizə rejiminin tətbiqi və onun müddətləri barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyini, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətini, yerli icra hakimiyyəti orqanlarını və bələdiyyələri rəsmi qaydada  məlumatlandırmalıdır.

2.13. Su mühafizə zonalarında və sahil mühafizə zolaqlarında təsərrüfat fəaliyyətlərini həyata keçirən hüquqi və fiziki şəxslər xüsusi qorunan ərazidə xüsusi mühafizə rejiminin tətbiq müddətləri barədə  Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi internet səhifəsi və kütləvi informasiya vasitələri vasitəsilə məlumatlandırılır. Nazirlik zərurət olduqda hüquqi və fiziki şəxsləri əlavə olaraq yazılı məlumatlandırır.

2.14. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən su mühafizə zonalarında və sahil mühafizə zolaqlarında qiymətli balıq növlərinin kürütökmə və qışlama yerləri olan çayların, onların qollarının, göllərin və digər sututarların, habelə balıqartırma müəssisələrinin fəaliyyət göstərdiyi  xüsusi qorunan ərazidə əhalini məlumatlandırmaq üçün mühafizə olunmasını göstərən məlumatlandırıcı və şəraitdən asılı olaraq müvafiq qadağanı ifadə edən xəbərdarlıq nişanları və ya xəbərdarlıq lövhələri quraşdırılır.

 

_________________

          №-li nüsxə


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında