№ 118
Bakı şəhəri, 31 mart 2017-ci il
“Yaşıllıqların bərpası Qaydası”nın təsdiq edilməsi haqqında
“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 iyun tarixli 190 nömrəli Fərmanının 1.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Yaşıllıqların bərpası Qaydası” təsdiq edilsin (əlavə olunur).
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.az və www.xalqqazeti.com saytlarında tanış ola bilərsiniz.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2017-ci il 31 mart
tarixli 118 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
Yaşıllıqların bərpası
QAYDASI
-
Ümumi müddəalar
1.1. Bu Qayda “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 14.2-ci və 15.1-ci maddələrinə əsasən hazırlanmışdır və meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisində olan yaşıllıqların bərpası və bərpa dəyərinin hesablanması qaydalarını müəyyən edir.
1.2. Yaşıllıqların salınmasını, bərpasını və genişləndirilməsini sürətləndirən tədbirlərin proqnozlaşdırılması və maliyyələşdirilməsi yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə istiqamət-lərindən hesab olunur.
1.3. Yaşıllıqların salınması, bərpası və genişləndirilməsi tədbirlərini həyata keçirmək məqsədi ilə beynəlxalq təşkilatlar və digər donorlar tərəfindən maliyyə vəsaitinin, qrantların və digər yardımların ayrılması dəstəklənir.
1.4. Yaşıllıqların bərpası ilə bağlı müvafiq tədbirlər dövlət büdcəsindən maliyyələşən aidiyyəti qurumlar üçün nəzərdə tutulmuş vəsaitlər daxilində həyata keçirilir.
2. Yaşıllıqların bərpası işinin təşkili
2.1. Yaşıllıqların bərpası götürülmüş (kəsilmiş), zədələnmiş və ya məhv edilmiş yaşıllıqların və ya onların hissələrinin əvəzinə onlara bərabər yeni bitkilərin əkilməsini və (və ya) yaşıllığın salınmasını nəzərdə tutur.
2.2. Yaşıllıqların bərpasının əsas məqsədi mövcud yaşıllıqlarda sanitariya-gigiyena və fitosanitar normalarına uyğunluğu təmin etmək, bitkilərin cins və növ tərkibini yaxşılaşdırmaq, yaşıllıq ərazilərindən səmərəli istifadə etmək, daimi becərmə və əlavə əkinlər aparmaqla yaşıllıq sahələrinin azalmasına yol verməməkdir.
2.3. Yaşıllıqların (ağaclıqların) bərpası aşağıdakı hallarda aparılır:
2.3.1. yaşıllıqlar götürüldükdə (kəsildikdə);
2.3.2. yaşıllıqlar zədələndikdə;
2.3.3. yaşıllıqlar məhv edildikdə;
2.3.4. yaşıllıqların təbii istismar müddəti bitdikdə.
2.4. Yaşıllıqların məhv edilməsi, zədələnməsi və götürülməsi (kəsilməsi) dedikdə, Qanunun 1.0.8-ci, 1.0.9-cu və 1.0.12-ci maddələri ilə müəyyən olunmuş mənalar ifadə edilir.
2.5. Yaşıllıqların təbii istismar müddətinin bitməsi yerli iqlim və torpaq şəraitindən asılı olaraq onların yaş dövrünü başa vuraraq, hissə-hissə quruyub kök sisteminin zəifləməsi nəticəsində təbii qocalmasını nəzərdə tutur.
2.6. Yaşıllıqların təbii istismar müddəti bitdikdə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində yerli icra hakimiyyəti orqanlarının, bələdiyyə mülkiyyətində olan torpaqlarda isə bələdiy-yələrin qərarı ilə yaşıllıqlar əsaslı rekonstruksiya olunur.
2.7. Əsaslı rekonstruksiya iqtisadi cəhətdən səmərəsiz olduqda, təbii istismar müddəti bitmiş yaşıllıqlar torpaqdan çıxarılır və yaşıllığın bərpası məqsədi ilə həmin ərazilərdə bu Qaydaya uyğun yeni yaşıllıqlar salınır.
2.8. Yaşıllıqlarda rekonstruksiya işlərinin həcmi hər ilin sentyabr ayında “Meşə əkinlərində, qoruyucu meşəliklərdə, tinglik sahələrində meşələrin təbii bərpasına köməklik və cavan ağaclıqlar yetişdirib qiymətli ağaclıqlar kateqoriyasına keçirilən sahələrdə inventarlaşma işlərinin aparılmasına dair texniki göstəriş”lər rəsmi statistik hesabat əsasında aparılan inventarlaşma zamanı müəyyən edilir.
2.9. Yaşıllıqların təbii istismar müddətini uzatmaq məqsədi ilə onların yaş dövrlərinə və digər ekoloji və fitosanitar xüsusiyyətlərinə uyğun olaraq budama işləri aparılır.
2.10. Zədələnmə və ya məhv olma hallarında yaşıllıqlar həmin yerdə eyni və ya yerli şəraitə daha yaxşı uyğunlaşan münasib bitki cinsləri və növlərindən istifadə olunmaqla bərpa edilir.
2.11. Yaşıllıqların bərpası yaşayış məntəqələrinin ərazi planlaşdırılması sənədlərinə əsasən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmış ərazilərdə həyata keçirilir.
2.12. Yaşıllıqların bərpası 1(bir) il müddətində həyata keçirilir.
3. Yaşıllıqların bərpası məqsədi ilə yeni bitkilərin əkilməsi və (və ya) yaşıllığın salınması
3.1. Yaşıllıqların bərpası məqsədi ilə yeni bitkilərin əkilməsi və (və ya) yaşıllığın salınması yaşıllıq üçün ayrılmış ərazinin əkinə hazırlanmasına, əkin materialının əldə olunmasına və bitkilərin əkilməsinə (yerləşdirilməsinə) yönəldilmiş tədbirlərdən ibarətdir.
3.2. Yaşıllıqlar bərpa edilərkən və (və ya) genişləndirilərkən yerli, habelə yerli şəraitə yaxşı uyğunlaşan həmişəyaşıl, uzunömürlü və yaşıllaşdırma üçün daha münasib, faydalı bitki cinsləri və növlərindən istifadəyə üstünlük verilir.
3.3. Yaşıllıqların salınmasını həyata keçirəcək subyektlər işlərin həcmini, onların aparılma vaxtını, üsullarını, toxumların və əkin materiallarının tədarükü məsələlərini, həmçinin əkiləcək bitki cinslərini müəyyənləşdirir.
3.4. Yaşıllıqlar bərpa olunarkən ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizlik və fitosanitar nəzarəti haqqında qanunvericiliyə, ərazi planlaşdırılması sənədlərinin tələblərinə riayət edilməli, yerli iqlim şəraiti və torpaqların xüsusiyyəti nəzərə alınmaqla faydalı bitki cinsləri və növləri seçilməlidir.
3.5. Yaşıllıqların salınması yaşayış məntəqələrinin ərazi plan-laşdırılması sənədlərinə əsasən hidromeliorativ tədbirlər nəzərə alınmaqla aparılır.
3.6. Yaşıllıqları əvvəlki yerində bərpa etmək mümkün olmadıq-da, bərpa işləri yaşıllığın yerləşdiyi torpağın mülkiyyətçisinin öz ərazi-sində və ya istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və yaxud bələdiyyənin başqa ərazidən ayırdığı torpaq sahəsində həyata keçirilir.
3.7. Yaşıllıqların götürülməsi (kəsilməsi) halında yaşıllıqların bərpası yaşıllığı götürən (kəsən) subyektlər tərəfindən və ya onların vəsaiti hesabına istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, fiziki və hüquqi şəxslər, qeyri-hökumət təşkilatları tərəfindən aparılır.
3.8. Yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın təsviri (yaşı, boyu və gövdəsinin ölçüsü barədə məlumat), bərpa dəyərinin məbləği və ödənilməsi, bərpaolunma müddəti və qaydası yaşıllığın götürülməsi barədə istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində yerli icra hakimiyyəti orqanlarının, bələdiyyə mülkiyyətində olan torpaqlarda isə bələdiyyələrin müvafiq qərarlarında əks olunmalıdır.
3.9. Yaşıllıqların zədələnməsi, məhv edilməsi və təbii istismar müddətinin bitməsi hallarında yaşıllıqların bərpası üzrə tədbirlər istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrində yerli icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlarda isə bələdiyyələr tərəfindən həyata keçirilir.
3.10. İstifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrində yerli icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlarda isə bələdiyyələr tərəfindən yaşıllıq salınacaq torpaq sahələri və maliyyə mənbələri təsdiq edildikdən sonra ərazilər üzrə layihə-smeta sənədlərinin tərtibatına başlanılır.
3.11. Layihə-smeta sənədlərində görüləcək işlərin aqrotexniki qaydalara uyğun texnoloji ardıcıllıqla icra edilməsi nəzərdə tutulur. Layihədə torpaq və iqlim şəraitinə uyğun olaraq istifadə olunacaq əkin materiallarının baş, köməkçi və digər cinslərinin ölçüləri, miqdarı, qarışdırma və yerləşdirmə sxemləri, alınma mənbələri göstərilir.
3.12. Layihədə salınacaq yaşıllıqların tam istismar ölçülərinə çataraq istismara başlanması və son istismar müddəti göstərilir.
3.13. Texniki-iqtisadi əsaslandırmada, ətraf mühitə təsirin qiymətləndirilməsində, habelə şəhərsalma və tikinti layihə sənəd-lərində layihədən əvvəlki və sonrakı dövrlərdə həmin ərazidəki yaşıllıqların vəziyyətini əks etdirən məlumatlar tam və dürüst əks olunmalıdır. Yeni layihələndirilən obyektlərdə yaşıllıqların salınması mütləq həmin yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun nəzərdə tutulmalıdır.
3.14. Layihədə nəzərdə tutulan bütün işlər başa çatdıqdan sonra istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrində yerli icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlarda isə bələdiyyələr tərəfindən təşkil olunmuş qəbul komissiyası işləri qəbul edib sənədləşdirir.
4. Yaşıllıqların bərpa dəyərinin qiymətləndirilməsinin təsnifatı
4.1. Yaşıllığın götürülməsi (kəsilməsi), zədələnməsi və ya məhv edilməsinə görə bərpa dəyəri ödənilir. Bu zaman Qanunun 15.2-ci maddəsi ilə müəyyən edilmiş istisnalar nəzərdə tutulur.
4.2. Yaşıllıqların bərpa dəyəri yaşıllıqların salınmasına, becərilməsinə və mühafizəsinə çəkilən xərclər də daxil olmaqla, yaşıllıqların zədələnməsi, məhv edilməsi və götürülməsi (kəsilməsi) zamanı onların dəyərinin müəyyən edilməsi üçün aparılan qiymətləndirmədir.
4.3. Dövlət və bələdiyyə mülkiyyətində olan yaşıllıqların bərpa dəyərini təşkil edən vəsait müvafiq olaraq ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna və bələdiyyə büdcəsinə ödənilir.
4.4 Yaşıllığın götürülməsi ilə əlaqədar torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin götürülən yaşıllığa çəkdiyi xərc yaşıllıqların bərpa dəyəri hesablanarkən nəzərə alınır və həmin vəsait onlara ödənilir.
4.5. Yaşıllıqların bərpa dəyərinin hesablanması üçün mülkiyyət və təşkilati-hüquqi formasından, yerləşdiyi ərazidən və funksional təyinatından asılı olmayaraq yaşıllıqların aşağıdakı təsnifatı tətbiq olunur:
4.5.1. ağaclar;
4.5.2. kollar;
4.5.3. canlı çəpərlər;
4.5.4. gül-çiçəklər;
4.5.5. ot bitkiləri.
4.6. Ağac və kolluqlar ədədlə sayılır. Əgər ağacın bir neçə gövdəsi varsa, bərpa dəyərinin hesablanması zamanı hər gövdəsi ayrıca nəzərə alınır.
4.7. Əgər ikinci dərəcəli gövdə əsas gövdədən 0,5 metr məsa-fədə yerləşirsə, bu gövdə ayrı ağac kimi hesablanır.
4.8. Canlı çəpərlərin hesablanması kol bitkisinin uzunluğuna görə müəyyən edilir. Canlı çəpərdə kolların sayının hesablanması zamanı çəpər birsıralı olan halda bir metrdə kəsilən kolların sayı 3 ədədə bərabər, ikisıralı çəpərdə isə 5 ədədə uyğun götürülür.
4.9. Təbii bitən kolların və ağacların olduğu cəngəlliklər (vahid bağlı örtük yaradan ağaclar və (və ya) özü bitən və əkilən kolluqlar) hesablanarkən hər 5 kvadratmetr 1 ağaca bərabər götürülür.
4.10. Ot bitkilərinin, gül-çiçəklərin hesablanması otlu və ya gül-çiçəkli bitkilərin tutduğu ərazinin kvadratmetrinə görə müəyyən edilir.
5. Yaşıllıqların bərpa dəyərinin hesablanması qaydası
5.1. Yaşıllıqların götürülməsi (kəsilməsi), zədələnməsi və ya məhv edilməsi zamanı onların bərpa dəyərinin hesablanması bu bitkilərin cinsi, növü, yaşı və digər keyfiyyət göstəriciləri nəzərə alınmaqla, həmin tarixə olan bazar qiymətləri əsasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilir.
5.2. Yaşıllıqların bərpa dəyəri ağaclar üzrə 1 ağac, kollar üzrə 1 kol, canlı çəpərlər üzrə 1 metr kol bitkisi, gül-çiçəklər üzrə 1 kvadratmetr gül-çiçək və ot bitkiləri üzrə 1 kvadratmetr ot örtüyü ilə hesablanır.
5.3. Yaşıllıqların bərpa dəyəri öz dekorativ və ekoloji potensiallarının bərpaolunma müddətindən asılıdır və bitkilərin əkilməsi, onlara qulluq edilməsi layihə-smeta xərcləri üzrə baza qiymətləri əsasında müəyyən olunur.
5.4. Yaşıllıqların həqiqi bərpaolunma dəyəri aşağıdakı qaydada hesablanır:
HBD = [SD + (SM x BD)] x S
Burada:
HBD - həqiqi bərpa dəyəri, manatla;
SD - yaşıllığın salınmasının smeta dəyəri;
SM - 1(bir) il müddətində yetişdirmə prosesində yaşıllığa qulluq üzrə smeta məsrəfləri;
BD - bərpaetmə dövrünün illərinin sayı;
S - bərpa edilməli olan yaşıllıqların sayı (müvafiq olaraq ağaclar və kollar üzrə ədədlə, canlı çəpərlər üzrə metrlə, gül-çiçəklər və ot örtüyü üzrə kvadratmetrlə).
5.5. Yaşıllığın salınmasının smeta dəyəri hesablanarkən əkin zamanı işlərin qiyməti, əkin materialının (ağacın) qiyməti (ağac cinslərinin qrupuna görə dəyəri), ilk 1(bir) il müddətində sahənin istismara verilməsinə qədər ağaca göstərilən qulluq üzrə məsrəflər nəzərə alınır.
5.6. Şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində yerləşən ağaclar və kollar öz ekoloji xüsusiyyətinə və bərpa dövrünə görə aşağıdakı qruplara bölünür:
5.6.1. iynəyarpaqlı (şam, sərv, tuya, ardıc, sidr və digər ağaclar) bitkilər - (çoxqiymətli) - 10 il;
5.6.2. enliyarpaqlı (palıd, fıstıq, qoz, şabalıd, cökə, ağca- qayın, çinar, meyvə və digər ağaclar) növlərin 1-ci qrupu - (çox- qiymətli) - 7 il;
5.6.3. enliyarpaqlı (qara ağac, göyrüc, azat, dəmirağac, yemi-şan, zeytun və digər ağaclar) növlərin 2-ci qrupu - (qiymətli) - 5 il;
5.6.4. enliyarpaqlı (qovaq, söyüd, iydə, yalançı akasiya, maklyura, yabanı nar və digər yabanı ağaclar) növlərin 3-cü qrupu - (azqiymətli) - 3 il.
Qeyd. Yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin pozulması nəticəsində yaşıllıqların zədələnməsi, məhv edilməsi, kəsilməsi (götürülməsi) zamanı təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən bərpa dəyəri deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 421 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənil-məsi Qaydası”na uyğun olaraq yaşıllıqlara vurulmuş ziyan ödənilir.
__________________
№-li nüsxə
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.