№ 532
Bakı şəhəri, 30 dekabr 2016-cı il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 avqust tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə Qaydası”nda dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 avqust tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“1.2. Fondun vəsaitləri Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 50 faizi hesabına formalaşır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən həmin Qanunda nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun 25 faizi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 12 iyul tarixli 985 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın 1.7-ci bəndində nəzərdə tutulmuş əlavə dəyər vergisi məbləğinin 20 faizi üzrə formalaşan büdcədənkənar gəlirlər də Fondda toplanılır.”;
1.2. aşağıdakı məzmunda 1.2-1 - 1.2-3-cü bəndlər əlavə edilsin:
“1.2-1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 22.2-ci maddəsinə əsasən vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 50 faizi vergi orqanları işçilərinin sosial müdafiəsi, o cümlədən vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə istifadə edilir.
1.2-2. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən həmin Qanunda nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun 25 faizi üzrə daxilolmalar vergi orqanları işçilərinin maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə istifadə edilir.
1.2-3. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 12 iyul tarixli 985 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın 1.7-ci bəndində nəzərdə tutulmuş əlavə dəyər vergisi məbləğinin 20 faizi üzrə daxilolmalar qeyd olunan Qaydanın 4.2-ci bəndində nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə istifadə edilir.”;
1.3. 2.1-ci bənddə “vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 50 faizi həcmində” sözləri “bu Qaydanın 1.2-ci bəndində nəzərdə tutulmuş həcmdə” sözləri ilə əvəz edilsin;
1.4. 2.8-ci bəndə “50 faizi” sözlərindən sonra “və əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin 20 faizi” sözləri əlavə edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən həmin Qanunda nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun 25 faizinin Fonda köçürülməsi “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 noyabr tarixli 462 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları”na uyğun olaraq həll edilir.”;
1.5. aşağıdakı məzmunda 3.1.6 – 3.1.8-ci yarımbəndlər əlavə edilsin:
“3.1.6. vergi orqanı işçilərinə məzuniyyət haqlarının və ezamiyyə xərclərinin ödənilməsi;
3.1.7. vergi orqanı işçilərinə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlərin ödənilməsi;
3.1.8. vergi orqanlarının xidmət heyətinə əməkhaqlarının ödənilməsi və həmin şəxslər vəfat etdikdə, onların vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş müavinətlərin ödənilməsi.”;
1.6. 5-ci hissənin adına “artırılmasına” sözündən sonra “və digər xərclərə” sözləri əlavə edilsin;
1.7. 5.1.4-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 5.1.5-ci və 5.1.6-cı yarımbəndlər əlavə edilsin:
“5.1.5. sosial sığorta haqlarının (vergi orqanlarının işçiləri ilə əlaqədar) və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqlarının (xidməti heyət üçün) ödənilməsi;
5.1.6. Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən icarəyə götürülmüş inzibati binalara görə icarə haqlarının ödənilməsi, habelə beynəlxalq təşkilatlara üzvlük və beynəlxalq tədbirlərdə iştirak haqlarının ödənilməsi.”.
2. Bu qərar 2016-cı il avqustun 13-dən qüvvəyə minir.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.