№ 526
Bakı şəhəri, 27 dekabr 2016-cı il
“Yaşıllıqların mühafizəsinə nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 iyun tarixli 190 nömrəli Fərmanının 1.1.12-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Yaşıllıqların mühafizəsinə nəzarətin həyata keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri
Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.az və www.xalqqazeti.com saytlarında tanış ola bilərsiniz.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2016-cı il 27 dekabr
tarixli 526 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
Yaşıllıqların mühafizəsinə nəzarətin həyata keçirilməsi
QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-IVQ nömrəli Qanununun 18.2-ci maddəsinə əsasən hazırlanmışdır və meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqların mühafizəsinə nəzarətin həyata keçirilməsi mexanizmini müəyyən edir.
1.2. Yaşıllıqların mühafizəsinə nəzarətin məqsədi yaşıllıqların vəziyyətinin dəyişməsinin müşahidə edilməsi, bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi və yaşıllıqların məhvinə yönəldilmiş halların aradan qaldırılması üçün müvafiq aqrotexniki və digər tələblərin yerinə yetirilməsini, istifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, fiziki və hüquqi şəxslər tərəfindən “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasını təmin etməkdən ibarətdir.
1.3. Yaşıllıqların mühafizəsinə nəzarət dövlət və ictimai nəzarət formalarında həyata keçirilir.
1.4. Yaşıllıqların mühafizəsinə dövlət nəzarətini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.
1.5. Yaşıllıqların mühafizəsinə ictimai nəzarət “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada fiziki şəxslərin və vətəndaş cəmiyyəti institutlarının, o cümlədən ictimai birliklərin təşəbbüsü əsasında təşkil olunur və həyata keçirilir.
1.6. Yaşıllıqların mühafizəsinə ictimai nəzarət dövlət nəzarətinin həyata keçirilməsindən asılı olmayaraq aparılır.
1.7. İstifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr yaşıllıqların qorunub mühafizə edilməsi ilə əlaqədar hər il üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmış yaşıllıqların mühafizəsi, istifadəsi və bərpası üzrə tədbirlər planları çərçivəsində həyata keçirirlər.
1.8. Yaşıllıqların mühafizəsini həyata keçirən istifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanları, bələdiyyələr yaşıllıqların mühafizəsi, istifadəsi və bərpası üzrə tədbirləri tərtib edərkən fiziki və hüquqi şəxslərin, vətəndaş cəmiyyəti institutlarının, o cümlədən ictimai birliklərin rəy və təkliflərinə baxmalıdırlar.
2. Yaşıllıqların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi qaydası
2.1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli şəxsləri yaşıllıqların mühafizəsi sahəsində dövlət nəzarətini təsdiq olunmuş iş planlarına uyğun olaraq və daxil olan şikayətlər əsasında il ərzində aparırlar. Yoxlanılan ərazinin miqyasından asılı olaraq yoxlamanın keçirilmə müddəti 3 (üç) - 7 (yeddi) iş günü müəyyənləşdirilir və əsaslandırmaqla həmin müddət yaşıllıqların mühafizəsinə dövlət nəzarətini həyata keçirən qurumun rəhbəri tərəfindən əlavə olaraq 5 (beş) iş günü müddətinə artırılır.
2.2. Yaşıllıqların mühafizəsi sahəsində dövlət nəzarətinin aparılması və həmin zaman məhdudlaşdırıcı tədbirlərin tətbiqi və bu barədə qərarların qəbul edilməsi sahibkarlıq subyektlərinə münasibətdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçirilir.
2.3. Fiziki və hüquqi şəxslər, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlar yaşıllıqların mühafizəsinə dövlət nəzarətini həyata keçirən səlahiyyətli şəxslərə müvafiq şərait yaratmalı, onların səlahiyyətlərinə aid edilən sənədləri və tələb olunduqda yazılı izahatlarını verməlidirlər.
2.4. Yaşıllıqların mühafizəsinə dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifələri aşağıdakılardır:
2.4.1. yaşıllıqların mühafizəsi sahəsində istifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən bu Qaydanın 1.7-ci bəndində göstərilən tədbirlərin yerinə yetirilməsini, fiziki və hüquqi şəxslərin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsini, bitkilərə aqrotexniki qulluq edilməsi və fitosanitar tədbirlərin aparılması vəziyyətini yoxlamaq, həmin Qanunun tələblərinə uyğun olaraq yaşıllıqların bərpasına və artırılmasına nəzarət etmək;
2.4.2. şəhərlərin və digər yaşayış məntəqələrinin baş və müfəssəl planları hazırlanarkən yaşıllıq ərazilərinin şəhərsalma normalarına uyğun olmasını yoxlamaq;
2.4.3. yaşıllıqların mühafizəsinə dair dövlət proqramı çərçivəsində müvafiq tədbirlərin yerinə yetirilməsini əlaqələndirmək;
2.4.4. yaşıllıqların salınması və bərpası üçün əkin materialları yetişdirmək məqsədi ilə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tələblərinə uyğun olaraq torpaq sahələrinin ayrılmasına nəzarət etmək;
2.4.5. ərazi planlaşdırılması sənədlərinin tələblərini, yerli iqlim şəraitini nəzərə almaqla, yaşıllıq salınması üçün faydalı bitki cinsini və növünü müəyyənləşdirmək;
2.4.6. xəstəlik və zərərvericilərin təsiri nəticəsində, habelə kimyəvi maddələr və digər tullantılar ilə ciddi zədələnmiş, qurumuş, ətrafdakılar üçün təhlükəli (o cümlədən aşma təhlükəsi) olan ağac və kollar kəsildikdən sonra həmin ərazinin mülkiyyətçiləri və istifadəçiləri tərəfindən mövcud vəziyyət nəzərə alınmaqla, yaşıllıqların bərpasına nəzarəti həyata keçirmək;
2.4.7. yaşıllıqların götürülməsi (kəsilməsi), zədələnməsi və ya məhv edilməsi zamanı onların bərpa dəyərinin, bitkilərin cinsi, növü, yaşı və digər keyfiyyət göstəriciləri nəzərə alınmaqla, həmin tarixə olan bazar qiymətləri əsasında hesablanmasını həyata keçirmək;
2.4.8. yaşıllıqların mühafizəsinə ictimai nəzarəti həyata keçirmək istəyən şəxslərin müraciətlərinə baxmaq;
2.4.9. yaşıllıqların mühafizəsi sahəsində əhalinin maarifləndiril-məsi işini təşkil etmək;
2.4.10. istifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində göstərilən hallarda və qaydada yaşıllığın götürülməsi haqqında qərarlarının qəbuluna və yerinə yetirilməsinə nəzarət etmək;
2.4.11. zədələnmə və ya məhvolma hallarında yaşıllıqların həmin yerdə eyni və ya yerli şəraitə daha yaxşı uyğunlaşan münasib bitki cinsləri və növlərindən istifadə olunmaqla, ərazinin mülkiyyətçiləri və istifadəçiləri tərəfindən bərpa olunmasına nəzarət etmək;
2.4.12. yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə tədbirlərinin müəyyənləşdirilməsində və təşkilində iştirak etmək.
2.5. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaşıllıqların mühafizəsinə dövlət nəzarəti sahəsində hüquqları aşağıdakılardır:
2.5.1. yaşıllıq üçün nəzərdə tutulan torpaq sahələrinin təyinatına uyğun istifadəsinə nəzarət etmək, belə torpaqlarda tikintilərin aparılmasının qarşısının alınması və hasarlanmış ərazilərin sökülməsi üçün aidiyyəti qurumlar qarşısında məsələ qaldırmaq;
2.5.2. yaşıllıqlar olan torpaq sahələrinin özəlləşdirilməsinə qarşı ciddi tədbirlər görülməsi və bu torpaqlar üzrə verilmiş icarə, istifadə və mülkiyyət hüququna dair sənədlərin ləğv edilməsi məqsədi ilə aidiyyəti orqanlar qarşısında məsələ qaldırmaq;
2.5.3. yaşıllıqların mühafizəsi sahəsində pozuntuların aradan qaldırılmasını fiziki və hüquqi şəxslərdən, dövlət və bələdiyyə orqanlarından tələb etmək;
2.5.4. yaşıllıqların mühafizəsi sahəsində inzibati xətalar haqqında işlərə baxmaq, şəxslərin əməlində cinayət tərkibi olduqda həmin işləri aidiyyəti üzrə göndərmək;
2.5.5. yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin pozulması nəticəsində vurulmuş ziyanın həcmini müəyyən etmək (müəyyən edilməsində iştirak etmək);
2.5.6. istifadədə və mülkiyyətdə olan yaşıllıqların inventarizasiyasının aparılmasını və yaşıllıqların qorunub mühafizəsi ilə bağlı tədbirlər planının hazırlanmasını və razılaşdırılmasını tələb etmək.
3. Yaşıllıqların mühafizəsinə dövlət nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi və aşkar olunmuş pozuntular barədə görülən tədbirlər
3.1. Yaşıllıqların mühafizəsinə dövlət nəzarət tədbirlərinin nəticələri 2 (iki) nüsxədə tərtib olunan aktla rəsmiləşdirilir. Aktın 1 (bir) nüsxəsi müvafiq dövlət orqanı, bələdiyyə, fiziki və hüquqi şəxsə təqdim edilir, digəri isə səlahiyyətli orqanda saxlanılır. Aktı imzalayanlar öz rəyini bildirmək (akta əlavə etmək) hüququna malikdir.
3.2. Tərtib olunmuş aktda aşağıdakılar olmalıdır:
3.2.1. nəzarət tədbiri aparılan dövlət orqanı, bələdiyyə, fiziki və hüquqi şəxs haqqında məlumatlar (ünvanı, rəhbərin və səlahiyyətli nümayəndənin soyadı, adı, atasının adı, VÖEN);
3.2.2. nəzarətin aparılmasının hüquqi əsası, səbəbləri və müddəti;
3.2.3. nəzarət tədbirinin nəticələri.
3.3. Yaşıllıqların mühafizəsi sahəsində aparılan dövlət nəzarəti zamanı aşkar olunmuş qanun pozuntuları ilə bağlı təqsirkar şəxslər barədə inzibati xətalar və cinayət məcəllələrinə uyğun tədbirlər görülür.
3.4. Yaşıllıqların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən qurumun (səlahiyyətli şəxslərin) qərarlarının icrası fiziki, hüquqi və vəzifəli şəxslər üçün məcburidir, bu qərarlardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.
4. Yaşıllıqların mühafizəsinə ictimai nəzarətin həyata keçirilməsi qaydası
4.1. Yaşıllıqların mühafizəsinə ictimai nəzarəti həyata keçirmək istəyən şəxslər nəzarətin aparılmasından 5 (beş) iş günündən əvvəl yazılı şəkildə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edərək, nəzarətin həyata keçirilməsi yeri və vaxtı barədə məlumat verməlidirlər.
4.2. Yaşıllıqların mühafizəsinə ictimai nəzarəti həyata keçirən fiziki şəxslərin və vətəndaş cəmiyyəti institutları, o cümlədən ictimai birliklərin vəzifələri aşağıdakılara riayət etməkdir:
4.2.1. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun və digər normativ-hüquqi aktların tələblərinə əməl etmək;
4.2.2. yaşıllıqların zibillənməsinə, istehsalat və məişət tullantıları ilə çirklənməsinə yol verməmək;
4.2.3. yaşıllıqlarda yanğın təhlükəsizliyinə əməl etmək.
4.3. Yaşıllıqların mühafizəsinə ictimai nəzarəti həyata keçirən fiziki şəxslər və vətəndaş cəmiyyəti institutları, o cümlədən ictimai birliklər aşağıdakı hüquqlara malikdirlər:
4.3.1. istifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanlarından, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanlarından və bələdiyyələrdən yaşıllıqların vəziyyəti, yaşıllıq ərazilərinə təsiri ola bilən yeni obyektlərin yerləşdirilməsi, yaşıllıqların inkişafı və bioloji müxtəlifliyin qorunması üzrə görülmüş və planlaşdırılan tədbirlər, yaşıllıq ərazisi daxilində torpaqların kateqoriyasının dəyişdirilməsi, yaşıllıqların mühafizəsinin təmin edilməsi barədə məlumatlar almaq;
4.3.2. yaşıllıq ərazisində olan bitkilərin bioloji müxtəlifliyinin qorunub saxlanılması və səmərəli istifadəsi üzrə təkliflər vermək;
4.3.3. yaşıllıq ərazilərinə təsiri ola bilən yeni obyektlərin və qurğuların yerləşdirilməsi layihələrinin ictimai ekoloji ekspertizasını təşkil etmək və keçirmək;
4.3.4. yaşıllıqların mühafizəsinə və inkişafına dair qərarların hazırlanmasında və müzakirəsində iştirak etmək, habelə bu sahədə maraqlı olan əhali ilə məsləhətləşmələrin aparılması təşəbbüsü ilə çıxış etmək;
4.3.5. yaşıllıq ərazilərinə baxış keçirmək;
4.3.6. yaşıllıqların mühafizəsinə ictimai nəzarətin nəticələrini kütləvi informasiya vasitələri ilə ictimaiyyətə çatdırmaq və bu sahədə ictimai müzakirələr keçirmək;
4.3.7. şəhərlərdə və digər yaşayış məntəqələrində yaşıllıqların zədələnməsinin, məhv edilməsinin, yaşıllıq ərazilərində qanunazidd digər hərəkətlərin qarşısının alınması məqsədi ilə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr qarşısında vəsatət qaldırmaq;
4.3.8. xəstəlik və zərərvericilərin təsiri nəticəsində, habelə kimyəvi maddələr və digər tullantılar ilə ciddi zədələnmiş, qurumuş, ətrafdakılar üçün təhlükəli (o cümlədən aşma təhlükəsi) olan ağac və kollar kəsildikdən sonra həmin ərazinin mülkiyyətçilərindən və istifadəçilərindən mövcud vəziyyət nəzərə alınmaqla, yaşıllıqların bərpasını tələb etmək.
____________________
№-li nüsxə
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.