Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 517  
 

 Bakı şəhəri, 16 dekabr 2016-cı il

2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına  hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında

 “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 sentyabr tarixli 1040 nömrəli Fərmanının 3-cü hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının  Nazirlər Kabineti  QƏRARA ALIR:

1. 2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi məqsədi ilə Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılsın.

2. Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın tərkibi təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan  Respublikasında  əhalinin siyahıyaalınması  2019-cu il 1 oktyabr tarixli saat 00.00 vəziyyətinə, sorğu yolu ilə aparılsın.

4. Əhalinin siyahıyaalınmasına hazırlıq vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə 2018-ci il 1-10 oktyabr tarixlərində Qəbələ rayonunda əhalinin sınaq siyahıyaalınması keçirilsin.

5. Nəzərə alınsın ki, əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsinə yerli icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi məsuliyyət daşıyırlar.

6. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin hesablamaları əsasında əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması, siyahıyaalmaya cəlb ediləcək şəxslərin əmək və xidmət haqlarının ödənilməsi və digər təşkilati məsələlərin həllini təmin etmək məqsədi ilə 2018-2022-ci illərin dövlət büdcəsində hər il müvafiq məbləğdə vəsait nəzərdə tutulsun.

7. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsini, yekunlarının işlənilməsini, nəticələrinin dərc edilərək yayılmasını təmin etmək məqsədi ilə siyahıyaalma  qrupunun yaradılmasına icazə verilsin və onun fəaliyyəti Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə 2017-2022-ci illər üzrə hər il üçün razılaşdırılmış işçilərin say həddi və əməkhaqqı fondu daxilində müddətli əmək müqaviləsi ilə işçilər cəlb olunmaqla təmin edilsin.

8. Siyahıyaalma qrupu aşağıdakı işçilərdən təşkil edilir:

8.1. siyahıyaalma qrupunun rəhbəri;

8.2. siyahıyaalma qrupu rəhbərinin müavini;

8.3. siyahıyaalma qrupu rəhbərinin şəhər, rayon və şəhər rayonları üzrə  nümayəndələri (bir il müddətinə);

8.4. baş iqtisadçılar;

8.5. aparıcı iqtisadçılar;

8.6. iqtisadçılar;

8.7. siyahıyaalma məlumatlarının elektron məlumat sisteminə daxil edilməsi üzrə kompüter operatorları (hər 1 milyon əhali üçün  25 nəfər hesabı ilə bir il müddətinə).

9. Əhalinin siyahıyaalınması, o cümlədən sınaq siyahıyaalınmasının  başlanılmasına 1 (bir) ay qalmış şəhər, qəsəbə və kəndlərdə orta hesabla 14 min nəfər əhalini əhatə edən siyahıyaalma məntəqələri yaradılsın.

10. Siyahıyaalma məntəqələri aşağıdakı işçilərdən təşkil olunur:

10.1. siyahıyaalma məntəqəsinin müdiri (60 təqvim günü müddətinə);

10.2. siyahıyaalma məntəqəsi müdirinin müavini (60 təqvim günü müddətinə);

10.3. təlimatçı-nəzarətçilər (orta hesabla 5 sayıcıya bir təlimatçı-nəzarətçi hesabı ilə 30 təqvim günü müddətinə);

10.4. sayıcılar (orta hesabla hər 300 nəfər əhaliyə bir əsas və 14 min nəfər əhaliyə bir ehtiyat sayıcı hesabı ilə 26 təqvim günü müddətinə).

11. Siyahıyaalma məntəqələrinin işçilərlə komplektləşdirilməsi rayon (şəhər) məşğulluq orqanlarında işaxtaran kimi qeydiyyata alınmış vətəndaşları, iş yerlərində əməkhaqları saxlanılmaqla yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların işçilərini, müəllim və tələbələri, uçot sahəsində səriştəsi olan digər şəxsləri mülki-hüquqi müqavilələr üzrə cəlb etməklə həyata keçirilsin.

12. Azərbaycan Respublikasının  Dövlət Statistika Komitəsi:

12.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla Siyahıyaalma qrupunun işçilərinin aylıq vəzifə maaşlarının və siyahıyaalma məntəqələri işçilərinin xidmət haqlarının məbləğlərini müvafiq işçilərin vəzifə maaşları məbləğlərinə uyğunlaşdıraraq 1 (bir) ay müddətində təsdiq etsin;

12.2. əhalinin siyahıyaalınması, o cümlədən sınaq siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onların keçirilməsini, yekunlarının işlənilməsini, nəticələrinin dərc edilərək yayılmasını təmin etmək məqsədi ilə 2018-2022-ci illər üzrə hər növbəti il üçün maliyyə vəsaitinə olan tələbatı müəyyənləşdirib müvafiq büdcə layihəsini hər il iyul ayının 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin;

12.3. 2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının hazırlanıb keçirilməsi üzrə təqvim planını    2017-ci il fevral ayının 1-dək təsdiq etsin;

12.4. Azərbaycan Respublikasının müvafiq dövlət orqanları və elm təşkilatlarının iştirakı ilə əhalinin siyahıyaalınmasının keçirilməsi üzrə siyahıyaalma və sorğu vərəqələrinin layihəsini 2017-ci ilin sonunadək hazırlayıb təsdiq etsin, siyahıyaalma məlumatlarının elektron məlumat sisteminə daxil edilməsi, işlənilməsi və yekunlarının əldə edilməsi məqsədi ilə proqram təminatlarının hazırlanmasını təmin etsin;

12.5. 2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi qaydalarını 2018-ci il may ayının 1-dək hazırlayıb təsdiq etsin;

12.6. 2018-ci ilin sonunadək əhalinin siyahıyaalınması ilə bağlı şəhər, rayon və şəhər rayonları üzrə təşkilati planların tərtib olunmasını təmin etsin;

12.7. əhalinin siyahıyaalınması, o cümlədən sınaq siyahıyaalınmasının başlanılmasına azı 6 (altı) ay qalmış onların keçirilməsi üçün zəruri olan metodoloji və digər materialların, siyahıyaalma və sorğu vərəqələrinin, habelə əhalinin məlumatlandırılması üçün əyani vəsaitlərin çap edilməsini, reklam çarxlarının hazırlanmasını təmin etsin;

12.8. əhalinin siyahıyaalınmasının əhəmiyyəti, onun mütəşəkkil keçirilməsində vətəndaşların rolu, köməyi və digər məsələlər haqqında respublikanın kütləvi informasiya vasitələrində xüsusi maarifləndirici materialların işıqlandırılması üçün müvafiq tədbirlər görsün;

12.9. siyahıyaalma məntəqələrinin işinə cəlb ediləcək şəxslərin 2019-cu ilin avqust-sentyabr aylarında seçilib təlimatlandırılmasını  təmin etsin;

12.10. əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə əlaqədar qarşıya çıxan və bu qərarla tənzimlənməyən məsələlərə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı tələb olunduqda təkliflərini təqdim etsin.

13. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının şəhər, rayon, şəhər rayonlarının icra hakimiyyətləri:

13.1. siyahıyaalma ilə əlaqədar hazırlıq və onun keçirilməsi üzrə nəzərdə tutulmuş tədbirlərin vaxtında və mütəşəkkil yerinə yetirilməsini, qarşıya çıxan çətinliklərin operativ surətdə aradan qaldırılmasını təmin etmək məqsədi ilə 2016-cı ilin sonunadək Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavininin, şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçıları müavinlərinin sədrliyi ilə əhalinin siyahıyaalınmasına yardım komissiyaları yaratsınlar;

13.2. 2018-ci il oktyabr ayının 1-dək yaşayış məntəqələrinin adlarının və inzibati sərhədlərinin dəqiqləşdirilməsini, küçələrin adlarının, məhəllələrin, evlərin və mənzillərin nömrələrinin qaydaya salınmasını,  şəhər, qəsəbə, kənd və sahə inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədləri əsasında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təsdiq etdiyi formalar üzrə məlumatların yerli statistika orqanlarına təhvil verilməsini təmin etsinlər, 2018-ci ilin oktyabr ayından 2019-cu ilin sonunadək inzibati ərazi bölgülərinin və yaşayış məntəqələrinin adlarının və onlardakı ünvanların  dəyişdirilməsi barədə təklif verilməsini dayandırsınlar;

13.3. 2019-cu il avqust ayının 1-dək əhalinin siyahıyaalınmasına hazırlıq, onun keçirilməsi və siyahıyaalma materiallarının qəbul edilib saxlanmasını təmin etmək üçün siyahıyaalma məntəqələrini telefon rabitəsi və digər zəruri avadanlıqla təchiz olunmuş sahələrlə təmin etsinlər.

14. Qəbələ Rayon İcra Hakimiyyəti əhalinin sınaq siyahıyaalınmasının keçirilməsini təmin etmək məqsədi ilə bu qərarın 13.2-ci və 13.3-cü bəndlərində göstərilmiş hazırlıq işlərinin Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş təqvim planında nəzərdə tutulmuş müddətdə yerinə yetirilməsini təmin etsin.

15. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət  Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş qaydada və təyin olunmuş müddətdə tabeliklərindəki rejimli obyektlərdə olan şəxslərin siyahıyaalınmasını və siyahıyaalma materiallarının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə təqdim olunmasını təmin etsinlər.

16. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş qaydada və təyin olunmuş müddətdə işləmək, təhsil almaq və digər məqsədlərlə xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə siyahıyaalınmasını və siyahıyaalma materiallarının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə təqdim olunmasını təmin etsin.

17. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, “Azərbaycan Hava Yolları”, “Azərbaycan Dəmir Yolları” və  "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"  qapalı səhmdar cəmiyyətləri, şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş qaydada və təyin olunmuş müddətdə mehmanxanalarda, qatarlarda, gəmilərdə, hava və dəniz limanlarında, vağzallarda və stansiyalarda hərəkətdə olan əhalinin siyahıyaalınmasının aparılması üçün zəruri tədbirlərin görülməsini təmin etsinlər.

18. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi siyahıyaalma kadrlarına olan tələbatın ödənilməsi məqsədi ilə rayon (şəhər) məşğulluq orqanlarında işaxtaran kimi qeydiyyata alınmış uçot sahəsində səriştəsi olan vətəndaşların əhalinin siyahıyaalınmasının keçirilməsinə cəlb edilməsində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə köməklik göstərsin.

19. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi öz xərcləri çərçivəsində şəhər, rayon və şəhər rayonlarının yaşayış məntəqələrinin 1:5000 miqyasında (ərazisi 10 kv.km-ə qədər olan yaşayış məntəqələrinin 1:2000 miqyasında) sxematik planlarını və rayonların 1:100000 miqyasında (əhalinin sıx yaşadığı ərazilərdə 1:50000 miqyasında) sxematik xəritələrini hazırlayıb kağız və elektron formada 2018-ci il sentyabr ayının 1-dək (Qəbələ rayonu üzrə 2017-ci il sentyabr ayının 1-dək) Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə təqdim etsin.

20. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı radio və televiziyada müntəzəm olaraq xüsusi verilişlər təşkil etsin və bununla bağlı həyata keçirilən tədbirlərin geniş işıqlandırılmasını təmin etsin.

21. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasında əhalinin siyahıyaalınması dövründə telekommunikasiya şəbəkələrinin işinin dayanıqlılığını təmin etmək üçün zəruri tədbirlər görsün.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2016-cı il 16 dekabr tarixli 517 nömrəli qərarına əlavə

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə
Mərkəzi Komissiyanın tərkibi

Elçin Əfəndiyev

Azərbaycan Respublikası Baş nazirinin müavini-  komissiyanın sədri

Tahir Budaqov

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri- komissiya sədrinin müavini

Cabbar Musayev

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının rəhbəri- komissiyanın katibi

     Komissiyanın üzvləri:

İlqar Fətizadə 

Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini

Əli Abdullayev

Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini

Sevinc Həsənova

- Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Mətin Kərimli                    

- Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Kərim Vəliyev                   

- Azərbaycan Respublikası müdafiə nazirinin müavini

İsmət Əliyev                     

- Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Ceyhun Həsənov

- Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi

Faiq Tağı-zadə

- Azərbaycan Respublikası fövqəladə hallar nazirinin  müavini

Nadir Hüseynov

- Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Elsevər Ağayev                 

- Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Firudin Qurbanov

- Azərbaycan Respublikası təhsil nazirinin müavini

Cavid Nəcəfov                   

- Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi Aparatının  rəhbəri

Rüstəm Şahbazov

- Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi  sədrinin müavini

Gəray Fərhadov               

- Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini

Aynur Sofiyeva                 

- Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini

İsmayıl Bağırov           

-  Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

Pərviz Musayev                 

- Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini

Azad Ələkbərov                  

- Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

Fidumə Hüseynova             

- Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini

İlyas Əliyev                         

- Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin birinci müavini

Rəşad Nəsirov                    

- “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında