№ 499
Bakı şəhəri, 12 dekabr 2016-cı il
“Reklam qurğularına Texniki Tələblər”in təsdiq edilməsi barədə
“Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Reklam qurğularına Texniki Tələblər” təsdiq edilsin (əlavə olunur).
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri
Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.az və www.xalqqazeti.com saytlarında tanış ola bilərsiniz.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2016-cı il 12 dekabr
tarixli 499 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
Reklam qurğularına Texniki Tələblər
1. Ümumi müddəalar
1.1. Bu Texniki Tələblər “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 4.8-ci maddəsinə uyğun olaraq hazırlan-mışdır.
1.2. Bu Texniki Tələblər reklamın istehlakçıya çatdırılması üçün istifadə olunan ixtisaslaşdırılmış stasionar və səyyar reklam qurğularına qoyulan tələbləri müəyyən edir.
1.3. Nəqliyyat vasitələrində yerləşdirilən reklam qurğuları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 fevral tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi Normaları”nın tələblərinə uyğun olmalıdır.
2. Reklam qurğularına qoyulan ümumi tələblər
-
Reklam qurğuları şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də sanitariya norma və qaydalarının tələblərinə (o cümlədən, işıqlandırma və elektromaqnit şüalanmasına qoyulan tələblərə) uyğun layihələndirilməli, hazırlanmalı və yerləşdirilməli, təhlükəsiz istismar üçün yararlı olmalıdırlar.
-
Reklam qurğusu yerləşdirildiyi ərazinin estetik görünüşünə xələl gətirməməli, mühəndis qurğusu üzərində yerləşdirildikdə, həmin qurğunun estetik görkəmini pozmamalı, konstruktiv baxımdan davamlılığa və dayanıqlılığa mənfi təsir göstərməməlidir.
2.3. Açıq məkanda yerləşdirilən reklam qurğuları yol hərəkətinin təhlükəsizliyi tələblərinə cavab verməli, yol iştirakçıları üçün təhlükə yaratmamalı, sürücülərin yol şəraitini qiymətləndirməsinə mane olmamalı və çətinləşdirməməli, yol hərəkəti nişanlarına və yazılarına bənzəməməlidir. Yol örtüyünün üzərində, yol hərəkəti nişanlarında, onların dirəklərində və digər tənzimləmə vasitələrində, yol qurğularında və avtomobil yollarında quraşdırılmış müşahidə kameralarının görüntülərinə məhdudiyyət yarada biləcək yerlərdə reklamın yerləşdirilməsinə yol verilmir.
2.4. Açıq məkanda reklam qurğuları yerləşdirilərkən, avtomobil yollarına və küçələrə xidmətin rahatlığı, həmçinin yol nişanları və göstəriciləri (o cümlədən, təhlükəli və çətin keçilən sahələri əks etdirən marşrut xəritələri və sxemləri), svetoforlar və yol hərəkəti təşkilinin digər texniki nizamlama vasitələrinin tətbiqi imkanları nəzərə alınmalıdır.
2.5. Yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılan, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissələrində reklam qurğularının yerləşdirilməsinə yol verilmir.
2.6. Avtomobil yollarının torpaq sahəsində qaçan sətirlə reklam yayımlayan qurğuların yerləşdirilməsinə yol verilmir.
2.7. Səsli reklam qurğuları Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın tələblərinə uyğun olmalıdır.
2.8. Bütün növ reklam qurğularında reklam məlumatları və təsvirləri istehlakçılara aşağıdakı vasitələrlə çatdırıla bilər:
2.8.1. hərəkətsiz poliqrafik posterlər vasitəsilə (kağız, vinil və s.);
2.8.2. təsvirin dinamik dəyişdiyi sistemlərdə posterlərin yayımlanması vasitəsilə (roller sistemləri, prizmatronlar və s.);
2.8.3. elektron daşıyıcılarda təsvirlərin təqdim olunması vasitəsilə.
2.9. Qurğunun reklam səthinin aşağı hissəsində qurğunun mülkiyyətçisi, onun əlaqə nömrəsi və qurğunun nömrəsi barədə məlumatlar yerləşdirilməlidir. Həmin məlumatlar nəqliyyat vasitələrinin ən yaxın hərəkət zolağından, yaxud səkidən oxuna biləcək ölçülərdə təqdim edilməlidir.
2.10. Reklam qurğusunun işıqlandırılması üçün elektrik və yanğın təhlükəsizliyi tələblərinə cavab verən, yanğından mühafizə sistemi ilə təchiz olunmuş, sənaye istehsalı olan işıq qurğularından istifadə edilməlidir. İşıqlandırma qurğusu reklam qurğusunun konstruksiyasına etibarlı bərkidilməli, külək, qar və vibrasiya təsirlərinə davam gətirməlidir. Reklam qurğusunun işıqlandırılması üçün istifadə edilən işıq qurğuları işıq şüalarının yolun hərəkət istiqamətinə düşməyəcəyi şəkildə quraşdırılmalıdır.
2.11. Reklam qurğularının bərkidici hissələrinin (boltlar, dayaq hissələri və s.) üzəri dekorativ elementlərlə örtülməlidir.
2.12. Reklam qurğusunun bərkidici boltlarının hündürlüyü onun yerləşdiyi yerin səviyyəsindən 0,02 metrdən çox olmamalıdır.
2.13. Reklam qurğusundan yalnız reklamın yayımlanması məqsədi ilə istifadə oluna bilər.
2.14. Reklam yayıcısı reklam qurğusunun montajından, yaxud demontajından sonra ərazinin abadlığını bərpa etməlidir. Reklam qurğusu bünövrəsi ilə birlikdə demontaj edilməlidir.
3. Reklam qurğularının müxtəlif növlərinə qoyulan xüsusi tələblər
-
Pərakəndə ticarət köşkünün üzərinə yerləşdirilən reklam qurğusu pərakəndə ticarət köşkünün konstruktiv elementlərinə montaj edilən və köşkün konstruktiv hissəsi olmayan kiçikölçülü reklam qurğusudur. Pərakəndə ticarət köşkünün üzərinə yerləşdirilmiş reklam qurğusunun bir tərəfinin reklam yerləşdirilən səthinin xarici ölçüləri 0,90-1,50 x 1,20-2,10 metrədək təşkil edir. Pərakəndə ticarət köşkünün üzərinə yerləşdirilən reklam qurğusu daxili işıqlandırmaya malik olmalıdır. Pərakəndə ticarət köşklərinin üzərində yerləşdirilən və obyektin adı, mənsubiyyəti, fəaliyyət növü, ünvanı, iş rejimi, həmçinin digər qeyri-kommersiya məqsədli məlumatı istehlakçıya çatdıran lövhələr reklam daşıyıcıları hesab edilmir.
-
Dayanacaq meydançasında yerləşdirilən reklam qurğusu ictimai nəqliyyatı gözləmə meydançasının konstruktiv elementlərinə montaj edilən ikitərəfli kiçikölçülü reklam qurğusudur. Dayanacaq meydançasının üzərinə yerləşdirilmiş reklam qurğusunun bir tərəfinin reklam yerləşdirilən səthinin xarici ölçüləri 1,10-1,30 x 1,90-2,10 metrədək, dayaq dirəyinin hündürlüyü 0,30-0,60 metrədək təşkil edir. Dayanacaq meydançasında yerləşdirilən reklam qurğusu daxili işıqlandırmaya malik olmalıdır.
-
Tent ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərinin üzərinə, vitrinlərin, bina və digər tikililərin qapı və pəncərələrinin üzərinə yerləşdirilən günlük şəklində reklam qurğularıdır. Tent bərkidici elementlərdən, karkasdan və yumşaq, yaxud sərt materialdan hazırlanmış reklam səthindən ibarətdir. Bir binada yerləşən tentlər eyni formaya malik olmalıdırlar. Tentin reklam yerləşdirilən səthinin sahəsi onun günlüyünün sahəsi ilə müəyyənləşdirilir. Üzərində obyektin adı, mənsubiyyəti, fəaliyyət növü, ünvanı, iş rejimi, həmçinin digər qeyri-kommersiya məqsədli məlumatın yerləşdiyi tentlər reklam daşıyıcıları hesab edilmir.
-
Reklam çətiri açıq havada olan ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərində yerləşdirilən çətir şəklində reklam qurğusudur. Çətirin reklam yerləşdirilən səthinin sahəsi onun günbəzinin sahəsi ilə müəyyənləşdirilir.
-
Transparant iki ayrı dirək, yaxud bina arasında bərkitmə qurğuları və burazla (metal kəndirlə) asqı şəklində yerləşdirilmiş reklam qurğusudur. Bir qayda olaraq, yumşaq materiallardan (parça, tor, süni dəri və s.) hazırlanaraq buraz (metal kəndir) vasitəsilə yer səviyyəsindən ən azı 6,00 metr hündürlükdə dirəklərə və ya binalara bağlanılır. Transparantın bir tərəfinin reklam yerləşdirilən səthinin xarici ölçüləri 0,50-1,10 x 5,00-15,00 metrədək təşkil edir. Transparant qurğusunun kiçik, orta və ya böyükölçülü qurğulara aid edilməsi bu Texniki Tələblərin 4.5-ci bəndinə uyğun olaraq müəyyən edilir. Transparantın avtomobil yolunun üzərində, yaxud kənarında yerləşdirilməsinə, şəhərin işıqlandırılması dirəklərinə birləşdirilməsinə yol verilmir. Asma transparantlar şəhər elektrik nəqliyyat vasitələrinin və küçələrin işıqlandırılması sisteminin fəaliyyətinə mane olmamalıdır.
-
Bayraq bünövrə, flaqştok və parçadan ibarət ikitərəfli stasionar reklam qurğusudur. Adətən, üzərində müəssisənin və ya təşkilatın loqotipi, yaxud digər reklam xarakterli məlumatlar yerləşdirilir. Bayraq öz dirəyi üzərində, yaxud binaların üzərində yerləşdirilə bilər. Bayrağın ölçüləri hər bir hal üçün fərdi qaydada müəyyənləşdirilir.
-
Afişa stendi bir və ya iki reklam səthinə malik olan, ayrıca dayaqlı kiçikölçülü reklam qurğusudur. Afişa stendi qurğusunun bir tərəfinin reklam yerləşdirilən səthinin xarici ölçüləri 1,00-2,00 x 1,50-2,50 metrədək, aşağı küncünün yerdən hündürlüyü 0,20-0,50 metr təşkil edir. Afişa stendindən teatr, kinoteatr, idman və digər kütləvi tədbirlərin repertuarı barədə məlumatın yerləşdirilməsi məqsədi ilə istifadə olunur. Afişa stendlərində yayımlanan reklam materiallarında yalnız keçirilən tədbirlərin sponsorları barədə məlumatlar yerləşdirilə bilər. Bu reklam qurğuları işıqlandırılmaya malik olmur.
-
Kronşteyn panel binaların üzərinə, işıq və ya ayrı dirəklərə yerləşdirilən ikitərəfli, daxili işıqlandırmaya malik kiçikölçülü reklam qurğusudur. Ayrıca dayaq üzərində yerləşdirilən kronşteyn panel qurğusunun bir tərəfinin reklam yerləşdirilən səthinin xarici ölçüləri 0,60-1,00 x 1,00-1,20 metrədək, dayaq dirəyinin hündürlüyü 2,00-5,00 metr təşkil edir. Bir dirək üzərində birdən çox reklam qurğusunun yerləşdirilməsinə yol verilmir. Bir yolayrıcından digərinədək küçənin eyni tərəfində yerləşdirilmiş kronşteyn panellər yerdən eyni məsafədə quraşdırılmalı və piyada hərəkəti zonasına nisbətdə eyni tərəfə çevrilmiş olmalıdır. Yol kənarında yolun hərəkət hissəsinin üzərində yerləşdirilmiş kronşteyn panellərin aşağısından yerədək olan məsafə 4,50 metrdən az olmamalıdır. Kronşteyn panellər piyada hərəkəti zonasında yerləşdirildikdə bu məsafə 3,00 metr, qazonun üzərində yerləşdirildikdə 2,00 metrdən az olmamalıdır. Binaların üzərinə quraşdırılmış kronşteyn panellər ikinci mərtəbənin pəncərəsinin aşağısı səviyyəsindən hündürdə olmamaq şərtilə yerləşdirilməli və binaya bərkidildiyi yerdən 1,20 metrdən artıq çıxıntı əmələ gətirməməlidir. Binaya bərkidilmiş kronşteyn panel qurğusunun reklam yerləşdirilən səthinin xarici ölçüləri 0,70-0,80 x 1,00-1,20 metrədək təşkil edir. Binaya bərkidilmiş kronşteyn panel qurğusunun aşağı küncünün yerdən hündürlüyü 2,20 metrdən az olmamalıdır.
-
Dayaqlı işıqlandırılan qutu ayrıca dayaqlı, ikitərəfli, daxili işıqlandırmaya malik kiçikölçülü reklam qurğusudur. Dayaqlı işıqlandırılan qutunun bir tərəfinin reklam yerləşdirilən səthinin xarici ölçüləri 1,10-1,30 x 1,90-2,10 metrədək, dayaq dirəyinin hündürlüyü 0,40 - 0,60 metrədək təşkil edir.
-
Reklam tumbası üç xarici reklam səthinə və daxili işıqlandırmaya malik reklam qurğusudur. Reklam tumbasının ölçüləri fərdi qaydada müəyyənləşdirilir.
3.11. Elektron ekran (elektron tablo) işıq-diodlar, lampalar, digər işıq mənbələri və işıqəksetdirən elementlər hesabına ekran səthində təsvirin göstərilməsi üçün nəzərdə tutulmuş reklam qurğularıdır. Elektron ekran ayrı dayaq üzərində, yaxud bina və tikilinin divarı üzərində yerləşdirilə bilər. Elektron ekran qurğusunun ölçüləri, o cümlədən reklam səthinin sahəsi və dayaq dirəyinin hündürlüyü hər bir reklam qurğusu üçün fərdi qaydada müəyyənləşdirilir.
3.12. Ayrıca dayaqlı reklam lövhəsi daxili və ya xarici işıqlandırmaya malik orta, yaxud böyükölçülü reklam qurğusudur. Reklam lövhəsi bünövrə, karkas, dayaq və reklam yerləşdirilən səthdən ibarətdir. Tərəflərinin sayı 3-dən çox ola bilməz. Reklam lövhəsinin bir tərəfinin reklam yerləşdirilən səthinin xarici ölçüləri 2,00-4,00 x 4,00-8,00 metrədək, dayaq dirəyinin hündürlüyü 2,20-8,00 metrədək təşkil edir. Birtərəfli variantda hazırlanmış reklam lövhələrinin arxa tərəfi dekorativ tərtibatlı olmalıdır.
3.13. Meqabord daxili və xarici işıqlandırmaya malik böyükölçülü reklam qurğusudur. Meqabord bünövrə, karkas, dayaq və reklam səthindən ibarətdir. Tərəflərinin sayı 3-dən çox ola bilməz. Meqabord bir tərəfinin reklam yerləşdirilən səthinin xarici ölçüləri 4,00–6,00 x 8,00-15,00 metrədək, dayaq dirəyinin hündürlüyü 8,00-18,00 metrədək təşkil edir. Birtərəfli variantda hazırlanmış meqabordun arxa tərəfi dekorativ tərtibatlı olmalıdır.
3.14. Divar panosu (brandmauer) binaların pəncərələr olmayan divarına, yaxud səthinə yerləşdirilən, birtərəfli, xarici işıqlandırmaya malik böyükölçülü reklam qurğusudur. Divar panosunun ölçüləri binanın memarlıq quruluşundan və pəncərələr olmayan divarının ölçüsündən asılı olaraq fərdi qaydada müəyyənləşdirilir. Divar panosunun reklam səthinin minimum ölçüsü 9 kv.m təşkil edir.
3.15. Binaların damında hərflər və loqotiplər şəklində yerləşdirilən reklam qurğuları reklam səthi (hərflər, simvollar, rəqəmlər), bədii elementlər (loqotip, nişanlar və s.) və dayaq elementlərindən ibarət, yalnız daxili işıqlandırmaya malik reklam qurğularıdır. Binaların damında yerləşdirilən reklam qurğularının hündürlüyü 1-3 mərtəbəli binalar üçün 1,80 metrdən, 4-7 mərtəbəli binalar üçün 3,00 metrdən, 8-12 mərtəbəli binalar üçün 4,00 metrdən, 13-17 mərtəbəli binalar üçün 5,00 metrdən, 18 və daha çox mərtəbəsi olan binalar üçün 6,00 metrdən çox olmamalıdır. Reklam qurğularının uzunluğu fasadın uzunluğu 35,00 metrədək olduqda, onun uzunluğunun 80 faizindən, 35,00 metrdən çox olduqda, onun uzunluğunun 50 faizindən çox olmamalıdır.
3.16. Fasad reklamları ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərinin giriş hissələrindəki fasadlarında, birinci və ikinci mərtəbələrin pəncərələri arasında yerləşdirilən reklam qurğularıdır. Qurğunun aşağı küncünün yerdən hündürlüyü ən azı 2,00 metr təşkil edir. Qurğu binaya bərkidildiyi yerdən 0,20 metrdən artıq çıxıntı əmələ gətirməməli və sahəsi yerləşdiyi bina və ya tikilinin fasadının 1/10 hissəsindən artıq olmamalıdır. Fasad reklamları ərazinin və binanın bədii-arxitektura görkəminə uyğun şəkildə hazırlanmalı və ölçüləri razılaşdırılmış layihə əsasında fərdi qaydada müəyyənləşdirilməlidir. Fasad reklamlarının hazırlanmasında üfüqi, yaxud şaquli jalüz şəklində montaj edilmiş, içinə işıq-diodlar quraşdırılmış boru və lamellər və ya işıq-diodlu tor texnologiyalarından istifadə edilə bilər. Boru və lamellərdən istifadə edildikdə, onlar arasındakı məsafə boru, yaxud lamelin enindən ən azı 2 dəfə çox olmalıdır. İşıq-diodlu tor texnologiyası tətbiq edildiyi zaman işıq-diodların ölçüsü 0,08 x 0,08 metrdən çox olmamalı, yaxud onların korpusunun diametri 0,08 metri aşmamalıdır. İşıq-diodların korpusları arasındakı minimal məsafə korpusun ölçüsünü aşmamalı, həmçinin 0,04 metrdən az olmamalıdır.
3.17. Fərdi layihələr əsasında hazırlanmış reklam qurğuları həcm-fəza quruluşuna malik olan, həm həcmi, həm də səthi reklamın yayımı üçün istifadə edilən qurğulardır (hava şarları, dirijabllar, aerostatlar və s.). Bu qurğuların ölçüləri razılaşdırılmış layihə əsasında fərdi qaydada müəyyənləşdirilir.
4. Reklam qurğularının xarici görünüşünə və qurğulara texniki xidmətə qoyulan tələblər
-
Reklam qurğusunun hissələri bütöv, karkası rənglənmiş olmalı, mexaniki zədələri, üzərində pas, çirk, yaxud yapışdırılmış elanlar, kənar yazı və təsvirlər olmamalıdır.
-
Sutkanın qaranlıq vaxtlarında reklam qurğularının işıqlandırılması küçələrin işıqlandırılma qrafikinə uyğun olmalıdır.
-
Reklam qurğusunun mülkiyyətçisi sahib olduğu qurğulara qulluğu, onların yuyulmasını və təmizliyini təmin etməlidir.
-
Dayanacaq meydançalarında yerləşdirilən reklam qurğuları həftədə 2 dəfədən az olmamaqla, kiçikölçülü reklam qurğuları ayda 2 dəfədən az olmamaqla, ortaölçülü reklam qurğuları iki ayda 1 dəfədən az olmamaqla, böyükölçülü reklam qurğuları isə ildə 2 dəfədən (mart-aprel və avqust-sentyabrda) az olmamaqla təmizlənməlidir.
-
Bir tərəfinin reklam yerləşdirilən səthinin sahəsi 4,50 kv.m-dək olan qurğular kiçikölçülü, 4,50 kv.m-dən 9,00 kv.m-dək olan qurğular ortaölçülü, 9,00 kv.m-dən çox olan qurğular isə böyükölçülü reklam qurğuları hesab edilir.
__________________
№-li nüsxə
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.