Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

  № 462   

                  Bakı şəhəri, 16 noyabr 2016-cı il

 

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının xəzinə hesabına köçürülməsi,  istifadə  edilməsi,  uçota  alınması   və   hesabatın təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1381-IVQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli 1605 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. “Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə ödənilən dövlət rüsumundan qeydiyyat orqanı işçilərinin (“ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən işçilər istisna olmaqla) sosial müdafiəsini gücləndirmək və maddi təminatı yaxşılaşdırmaq məqsədi ilə qeydiyyat orqanının xüsusi hesabına köçürülən 30 faizlik vəsaitdən istifadə haqqında hesabatın dərc edilməsi barədə forma”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 iyun tarixli 130 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 628; 2013, № 3, maddə 343) ləğv edilsin.

Artur Rasi-zadə,
Azərbaycan Respublikasının
Baş naziri

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə  www.cabmin.gov.az və www.xalqqazeti.com  saytlarında tanış  ola bilərsiniz.

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2016-cı il 16 noyabr

tarixli 462 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə  ödənilən  dövlət  rüsumunun  həmin xidmətləri və  hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının, habelə    dövlət    notariat    kontorlarının    xəzinə    hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra – Qanun) nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalar “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun mədaxil mənbələrinə aid edilən xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təşkil edilən xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumlarına şamil edilmir.

 

2. Əsas anlayışlar

 

2.1. Bu Qaydalarda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. dövlət rüsumu tutan təşkilat – Qanunda nəzərdə tutulan xidmətləri və hüquqi hərəkətləri (bundan sonra – xidmətlər və hüquqi hərəkətlər) həyata keçirən və ya həmin xidmətləri və hüquqi hərəkətləri təşkil edən dövlət orqanları, onların müvafiq qurumları, habelə dövlət notariat kontorları;

2.1.2. büdcədənkənar vəsaitlər – xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu tutan təşkilatların xəzinə hesabına köçürülmüş dövlət rüsumunun 25 faizi;

2.1.3. büdcədənkənar smeta – cari maliyyə ili üçün dövlət rüsumu tutan təşkilatlar tərəfindən tərtib olunmuş və bu Qaydalara uyğun təsdiq edilmiş gəlir və xərc istiqamətləri;

2.1.4. büdcədənkənar vəsaitlərin sərəncamçısı – xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya həmin xidmətləri və hüquqi hərəkətləri təşkil edən dövlət rüsumu tutan təşkilatlar.

2.2. Maddi təminatı yaxşılaşdırmaq məqsədi ilə dövlət rüsumu tutan təşkilatların işçilərinə verilən məvacibə görə fiziki şəxslərin gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tutulur.

 

3. Xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət  rüsumunun köçürülməsi

 

3.1. Dövlət rüsumları milli valyutada nağd, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə və ya köçürmə yolu ilə ödənilir. Dövlət rüsumunun nağd şəkildə ödənilməsi barədə ödəyiciyə müəyyən edilmiş formada bank və ya poçt qəbzinin əsli, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə müvafiq ödəmə sistemindən çıxarış, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank və ya poçt sənədi verilir.

3.2. Rayon, şəhər üzrə maliyyə idarələrinin (şöbələrinin) xəzinədarlıq strukturları və regional (zona) xəzinədarlıq orqanları daxil olmuş dövlət rüsumlarını “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarına uyğun qaydada büdcə gəlirlərinin təsnifatı üzrə uçota alırlar.

3.3. “Avtomobil Yolları”  Məqsədli Büdcə Fondunun mədaxil mənbələrinə aid edilən nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsi və Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün ödənilən dövlət rüsumu tam məbləğdə dövlət büdcəsinə daxil edilir.

3.4. Büdcədənkənar vəsaitlər üzrə əməliyyatların həyata keçirilməsi üçün dövlət rüsumu tutan təşkilatların  müvafiq rayon, şəhər üzrə maliyyə idarələrinin və şöbələrinin xəzinədarlıq strukturlarında və regional (zona) xəzinədarlıq orqanlarında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən xəzinə hesabı açılır.

3.5. Dövlət rüsumuna görə dövlət büdcəsinə daxil olmuş məbləğin 75 faizi dövlət büdcəsinin gəlirlərinə, 25 faizi dövlət rüsumu tutan təşkilatların büdcədənkənar gəlirlərinə aid edilir. Dövlət büdcəsinə daxil olmuş vəsaitlərin 25 faizinin dövlət rüsumu tutan təşkilatların xəzinə hesabına köçürülməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən büdcə gəlirlərinin müvafiq təsnifatı üzrə daxilolmaların azaldılması hesabına həyata keçirilir.

3.6. Büdcədənkənar vəsaitlər üzrə gəlirlərin və xərclərin məbləği büdcə qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət büdcəsinin tərtibi prosesində proqnozlaşdırılır. Növbəti ilin büdcədənkənar vəsaitlər üzrə gəlirlərinin və xərclərinin proqnozlaşdırılması üçün dövlət rüsumu tutan təşkilatlar tərəfindən aidiyyəti üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə və yerli maliyyə orqanlarına iyulun 1-dək aşağıdakı sənədlər və məlumatlar təqdim edilir:

3.6.1. dövlət rüsumunun (xidmətlərin və ya hüquqi hərəkətlərin) büdcə gəlirlərinin iqtisadi təsnifat üzrə keçən ildə faktiki və cari ildə gözlənilən icrası;

3.6.2. növbəti il üçün dövlət rüsumunun proqnozuna dair hesablamalar;

3.6.3. növbəti il üçün təklif olunan dövlət rüsumunun 25 faizi üzrə büdcədənkənar vəsaitlərin məbləği;

3.6.4. növbəti il üçün dövlət rüsumunun 25 faizi üzrə büdcədənkənar vəsaitlər üzrə gəlirlər və xərclər smetasının layihəsi;

3.6.5. dövlət rüsumunun 25 faizi üzrə büdcədənkənar vəsaitlərin xərclərinin hər bir xərc maddəsi üzrə keçən ildə faktiki və cari ildə gözlənilən icrası;

3.6.6. növbəti il üçün dövlət rüsumunun 25 faizi hesabına büdcədənkənar vəsaitlər üzrə gəlirlər və xərclər smetasının layihəsi xərclərinin hər bir xərc maddəsi üzrə hesablamalar.

3.7. Maliyyə orqanı iyul-avqust aylarında dövlət rüsumu tutan təşkilatlarla təqdim olunmuş layihələr üzrə müzakirələr aparır. Müzakirələrin nəticələri protokolla rəsmiləşdirilir.

3.8. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi növbəti ilin dövlət büdcəsi haqqında qanun qəbul edildikdən sonra 10 (on) gün müddətində büdcədənkənar vəsaitlərin bölgüsünü icmallaşdıraraq təsdiq edir və dövlət rüsumu tutan təşkilatlara göndərir.

3.9. Büdcədənkənar vəsaitlər üzrə gəlirlər və xərclərin smetaları fevralın 25-dən gec olmayaraq, dövlət rüsumu tutan təşkilatın rəhbəri və aşağıdakı dövlət orqanlarının rəhbərləri tərəfindən təsdiq edilir:

3.9.1. Azərbaycan Respublikasının dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyələşən dövlət rüsumu tutan təşkilatlar üzrə - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən;

3.9.2. Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşən dövlət rüsumu tutan təşkilatlar üzrə - Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi tərəfindən;

3.9.3. Azərbaycan Respublikasının digər şəhər və rayonlarının dövlət büdcəsinin yerli xərclərindən maliyyələşən dövlət rüsumu tutan təşkilatlar üzrə - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rayon, şəhər maliyyə idarələrinin (şöbələrinin) təqdimatı ilə müvafiq rayon, şəhər icra hakimiyyəti orqanları tərəfindən.

3.10. Təsdiq edilmiş büdcədənkənar vəsaitlər üzrə gəlirlər və xərclər smetasının bir nüsxəsi maliyyə orqanında qalır, bir nüsxəsi dövlət rüsumunu tutan təşkilata, bir nüsxəsi isə müvafiq xəzinədarlıq orqanlarına təqdim edilir.

 

4. Büdcədənkənar vəsaitlərin istifadə edilməsi

 

4.1. Büdcədənkənar vəsaitlər təsdiq edilmiş gəlirlər və xərclər smetasına uyğun olaraq dövlət rüsumunu tutan təşkilatların işçilərinin maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə təyinatı üzrə istifadə edilir.  Gəlirlər və xərclər smetasının təsdiq edilməsinə qədər büdcədənkənar vəsaitlərin xərclənməsinə yol verilmir.

4.2. Dövlət rüsumu tutan təşkilatların işçilərinin büdcədənkənar vəsaitlər hesabına hər ay üzrə mükafatlandırılması dövlət büdcəsində bu orqanlar üçün müəyyən olunmuş aylıq əməkhaqqı fondunun (vəzifə maaşına əlavələr istisna olmaqla) 2 misli həcmindən çox olmamaqla nəzərdə tutulur.

4.3. Büdcədənkənar vəsaitlərin dövlət rüsumunu tutan təşkilatların işçilərinin maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə istifadə edilməsi Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq həyata keçirilir.

4.4. İlin sonuna büdcədənkənar vəsaitin istifadə olunmayan məbləği dövlət büdcəsinin vahid xəzinə hesabına köçürülür.

 

5.  Büdcədənkənar vəsaitlərin uçota alınması və hesabatların təqdim edilməsi

 

5.1. Dövlət rüsumu tutan təşkilatlar tərəfindən büdcədənkənar vəsaitlərin uçotu Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən edilən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda büdcə təşkilatları üçün milli mühasibat uçotu standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair təlimata uyğun aparılır

5.2. Rayon, şəhər üzrə maliyyə idarələrinin (şöbələrinin) xəzinədarlıq strukturları və regional (zona) xəzinədarlıq orqanları tərəfindən büdcədənkənar vəsaitlər üzrə daxilolmalar “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarına uyğun olaraq büdcə gəlirlərinin təsnifatı üzrə uçota alınır.

5.3. Dövlət rüsumunu tutan təşkilatlar büdcədənkənar vəsaitlər üzrə gəlirlər və xərclər smetasının  icrası barədə bu Qaydalara əlavə olunmuş formada rüblük hesabat tərtib edir və hər rübdən sonrakı ayın 20-dək aidiyyəti üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Naxçıvan Muxtar  Respublikasının Maliyyə Nazirliyinə və ya yerli maliyyə orqanlarına təqdim edirlər.

5.4. Dövlət büdcəsi gəlirlərinin təsnifatının yarımmaddələr üzrə səhvən ödənilmiş dövlət rüsumunun geri qaytarılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”na uyğun həyata keçirilir.

5.5. Müvafiq maliyyə orqanı düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu üzrə daxil olmuş  büdcədənkənar vəsaitlərin qaytarılmasını təmin edir və büdcədənkənar vəsaitlərin mədaxilini faktiki qaytarılmış məbləğ qədər azaldır.

 

   Qeyd. Bu Qaydalarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

____________

          №-li nüsxə


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında