Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

           № 434                                                                              

Bakı şəhəri, 2 noyabr 2016-cı il

“Yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə formaları və Qaydası”nın təsdiq edilməsi haqqında

“Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 iyun tarixli 190 nömrəli Fərmanının 1.1.14-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə formaları və Qaydası” təsdiq edilsin (əlavə olunur).

Artur Rasi-zadə,
 Azərbaycan Respublikasının Baş naziri

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2016-cı  il 2 noyabr

tarixli 434 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

Yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə formaları və Qaydası

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21.3-cü maddəsinə əsasən hazırlanmışdır və meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə formalarını və onların tətbiqi mexanizmini müəyyən edir.

1.2. Yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə yaşıllıqların salınması, bərpası və genişləndirilməsi tədbirlərinin yerinə yetirilməsinə marağın təmin edilməsinə yönəldilmişdir.

1.3. Yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə aşağıdakı istiqamətlərdə həyata keçirilir:

1.3.1. yaşıllıqların salınmasını, bərpasını və genişlənməsini sürətləndirən tədbirlərin proqnozlaşdırılması və maliyyələşdirilməsi;

1.3.2. yaşıllıqların mühafizəsi sahəsində müxtəlif iqtisadi həvəsləndirmə tədbirlərinin tətbiq edilməsi;

1.3.3. yaşıllıqların salınması, bərpası və genişlənməsi tədbirlərini həyata keçirmək məqsədi ilə beynəlxalq təşkilatlar və digər donorlar tərəfindən maliyyə vəsaiti, qrantlar və digər yardımlar ayrılmasının dəstəklənməsi.

1.4. Yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə ilə bağlı tələb olunan xərclər dövlət büdcəsindən maliyyələşən qurumlar üzrə ödənişli əsaslarla göstərdikləri xidmətlərdən əldə olunan büdcədənkənar xüsusi vəsaitlər, digər qurumlar üzrə isə qanunvericiliklə qadağan olunmayan fəaliyyətlərindən daxil olan vəsaitlər hesabına həyata keçirilir.

 

 

2. Yaşıllıqların mühafizəsi sahəsində iqtisadi  həvəsləndirmə formaları

 

2.1. Yaşıllıqların mühafizəsi  sahəsində iqtisadi həvəsləndirmə formaları aşağıdakılardır:

2.1.1. fəxri diplomlarla təltif edilmə;

2.1.2. pul və ya xatirə hədiyyəsi ilə mükafatlandırılma;

2.1.3. yaşıllıq salınması və bərpası məqsədi ilə su təminatını yaratma və əkin materialları, avadanlıq, inventar və digər vasitələrlə əvəzsiz təmin edilmə;

2.1.4. yaşıllıqların salınması, bərpası, genişləndirilməsi və mühafizə tədbirlərinin yerinə yetirilməsi sahəsində layihələrin maliyyə mənbələrinin axtarılmasına dəstək verilmə.

2.2. Yaşıllıqların salınması, bərpası, genişləndirilməsi və mühafizəsi sahəsində qabaqcıl təcrübənin geniş tətbiqi və respublikada yayılması ümumrespublika müsabiqəsinin təşkili yolu ilə həyata keçirilir.

2.3. Yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə aşağıdakı mənbələr hesabına maliyyələşdirilir:

2.3.1. yerli büdcələrin vəsaiti;

2.3.2. ətraf mühitin mühafizəsi üzrə fondların vəsaiti;

2.3.3. tikinti layihələrinin ekologiya bölmələrinin vəsaiti;

2.3.4. fiziki və hüquqi şəxslərin könüllü ianələri və qrantlar;

2.3.5. beynəlxalq və yerli təşkilatların ayırmaları;

2.3.6. qanunvericiliyə zidd olmayan digər mənbələr.

 

3. Yaşıllıqların mühafizəsi sahəsində iqtisadi  həvəsləndirmə qaydası

 

3.1. Yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə bələdiyyələr və istifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanları tərəfindən aidiyyəti üzrə həyata keçirilir.

3.2. Yaşıllıqların mühafizə sahəsində iqtisadi həvəsləndirmə yaşıllıqların salınması, bərpası, genişləndirilməsi və mühafizə tədbirlərinin yerinə yetirilməsi sahəsinə maraq göstərən hüquqi şəxslərə, birbaşa bu işə cəlb olunmuş işçilərə və vətəndaşlara şamil olunur.

3.3. İqtisadi həvəsləndirmənin hansı formasının tətbiqinin müəyyənləşdirilməsi üçün yaşıllıqlar salınan, bərpa olunan, genişləndirilən və mühafizə tədbirləri həyata keçirilən bələdiyyələr və istifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanları tərəfindən mütəxəssislərdən və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən ibarət komissiyalar yaradılır.

3.4. Yaşıllıqların (ağac və həmişəyaşıl kolların) salınması üzrə nəticələrin qiymətləndirilməsində ərazinin iqlimi, torpağın ekoloji vəziyyəti, bitmə zonalarına uyğun bioloji inkişaf normaları (faizləri), aqrotexniki xidmət, kənar müdaxilələrdən (mal-qaranın otarılması, kəsilmə və zədələnmə halları) mühafizə olunması vəziyyəti əsas götürülür və dağ zonası üçün dəmyə salınan yaşıllıqlarda bioloji inkişaf norması - 65 faiz, dağ və dağətəyi zona üçün - 70 faiz, aran-mexaniki suvarılan zona üçün - 70 faiz, bütün zonalarda damcılı suvarılan yaşıllıqlarda - 80 faiz qəbul edilir.

3.5. Yaşıllıq salınmış ərazilər, geniş boş torpaq sahələrinin çatışmazlığı müşahidə olunan iri şəhərlərdə müəssisə və təşkilatlar üçün 0,5 hektardan sonra, vətəndaşlar üçün 0,1 hektardan, digər inzibati rayonlarda müəssisə və təşkilatlar üçün 1,0 hektardan sonra, vətəndaşlar üçün 0,5 hektardan sonra götürülür.

3.6.Yaşıllıqların bioloji inkişaf normalarının (faizlərinin) və mühafizəsinin qiymətləndirilməsi hər ilin sentyabr ayında həyata keçirilir və nəticələrindən asılı olaraq mükafatlandırılma aşağıdakı qaydada aparılır:

3.6.1. ağacların bitmə zonalarına uyğun olan bioloji inkişaf normaları əldə edən və mühafizəsi “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun təşkil olunan:

3.6.1.1. idarə, müəssisə və təşkilatlara - fəxri diplom və minimum əməkhaqqının beş misli miqdarında birdəfəlik mükafat;

3.6.1.2. birbaşa bu işə cəlb olunmuş işçilərə - aylıq vəzifə maaşının iki misli miqdarında birdəfəlik mükafat;

3.6.1.3. vətəndaşlara - fəxri diplom və 800 (səkkiz yüz) manat məbləğində birdəfəlik mükafat;

3.6.2. həmişəyaşıl kolların bitmə zonalarına uyğun olan bioloji inkişaf normaları əldə edən və mühafizəsi “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun  təşkil olunan:

3.6.2.1. idarə, müəssisə və təşkilatlara - fəxri diplom və minimum əməkhaqqının üç misli miqdarında birdəfəlik mükafat;

3.6.2.2. birbaşa bu işə cəlb olunmuş işçilərə - aylıq vəzifə maaşının bir misli miqdarında birdəfəlik mükafat;

3.6.2.3. vətəndaşlara - fəxri diplom və 400 (dörd yüz) manat məbləğində birdəfəlik mükafat;

3.6.3. Bu Qaydanın 3.4-cü bəndində nəzərdə tutulan bioloji inkişaf normalarını yerinə yetirən və 5 (beş) il müddətində ardıcıl olaraq həmin yaşıllıqlara aqrotexniki qulluq göstərilməsini, onların zədələnmədən və məhv olmaqdan, habelə xəstəlik və zərərvericilərdən mühafizəsini həyata keçirənlərə - fəxri diplom və 1500 (bir min beş yüz) manat məbləğində birdəfəlik mükafat.

3.7. Yaşıllıqların salınması, bərpası, genişləndirilməsi və mühafizəsi ilə əlaqədar ayrı-ayrı fiziki və hüquqi şəxslərin, vətəndaşların müraciətlərinə bələdiyyələrdə və istifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanlarında, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanlarında “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır və müvafiq qərarlar qəbul edilir.

3.8. Yaşıllıqların salınması, bərpası, genişləndirilməsi və mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə məqsədi ilə fiziki və hüquqi şəxslərə ilkin olaraq su təminatı yaradılır və “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.0.6-cı maddəsinə uyğun olaraq onlar əkin materialları, avadanlıq, inventar və digər vasitələrlə əvəzsiz təmin edilirlər.

          №-li nüsxə

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə  www.cabmin.gov.az və www.xalqqazeti.com  saytlarında tanış  ola bilərsiniz.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında