№ 326
Bakı şəhəri, 24 iyul
2018-ci il
“Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə .............qoşulması Qaydası”nın təsdiq edilməsi haqqında
“Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli 1857 nömrəli Fərmanının 2.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Məişət abonentlərinin tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının
Baş naziri Novruz Məmmədov
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2018-ci il 24 iyul
tarixli 326 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması
QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli 1857 nömrəli Fərmanının 2.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və məişət abonentlərinin (sifarişçilərin) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin (bundan sonra – tikinti obyekti) elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması üzrə proseduru və tələbləri müəyyən edir.
1.2. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.2.1. texniki şərtlər – elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektinin enerji təchizatı şəbəkəsinə (bundan sonra – ETŞ) qoşulması ilə əlaqədar layihə sənədlərinin hazırlanmasına əsas verən və elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir;
1.2.2. enerji təchizatı müəssisəsi (bundan sonra - ETM) – icazə əsasında əhalinin və digər istehlakçıların elektrik enerjisi ilə təchizatına təminat verən hüquqi şəxsdir;
1.2.3. sifarişçi – ETŞ-yə qoşulması nəzərdə tutulan tikinti obyektinə və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət və ya digər əşya hüququ əsasında sahiblik edən məişət abonentidir;
1.2.4. məişət abonenti – yaşayış evlərində, həmçinin qarajlarda məişət ehtiyacları üçün elektrik enerjisindən istifadə etməsi nəzərdə tutulan istehlakçıdır;
1.2.5. qoşulma haqqı – ETM tərəfindən layihə sənədlərinin hazırlanmasına, ETŞ-nin gücləndirilməsinə, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə, elektrik qurğularının ETŞ-yə fiziki qoşulmasına (istifadə olunan mal-materiallara çəkilmiş xərclər də daxil olmaqla) görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bu Qaydanın 1.10-cu bəndinə uyğun olaraq müəyyən etdiyi vahid məbləğdir;
1.2.6. mövcud 0,4 kV-luq şəbəkə – tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazidən 400 metrdən çox olmayan məsafədə quraşdırılmış 0,4 kV-luq transformatorun mövcud olduğu elektrik şəbəkəsidir;
1.2.7. tikinti obyekti – tikinti fəaliyyəti prosesində yaradılan və ya yaradılmış bina və ya qurğulardır;
1.2.8. yaşayış binası – daimi və ya müvəqqəti yaşayış üçün nəzərdə tutulan yaşayış sahələrindən ibarət və ümumi istifadə sahələrinə birbaşa giriş imkanı olan çoxmənzilli tikilidir;
1.2.9. yaşayış evi – otaqlardan, habelə yaşamaq üçün məişət və digər ehtiyacların ödənilməsini nəzərdə tutan yardımçı sahələrdən ibarət, yerləşdiyi torpaq sahəsinə birbaşa girişi olan fərdi müəyyən edilmiş evdir;
1.2.10. balans mənsubiyyəti sərhədi – ETM ilə sifarişçi arasında elektrik qurğularının balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsidir;
1.2.11. qoşulma aktı – sifarişçinin tikinti obyektinin ETŞ-yə qoşulmasını təsdiq edən sənəddir;
1.2.12. qoşulma nöqtəsi – bu Qaydanın 3.2-ci bəndinə uyğun olaraq, ETŞ-yə fiziki qoşulma yeridir.
1.3. Bu Qaydaya uyğun olaraq, hər bir sifarişçinin ETŞ-yə qoşulma hüququ vardır.
1.4. Sifarişçinin tikinti obyektinin ETŞ-yə qoşulması ümumilikdə 24 (iyirmi dörd) gündən gec olmayaraq təmin edilməlidir.
1.5. Bu Qaydada nəzərdə tutulan müddətlərin axımı sifarişçinin müraciət etdiyi tarixdən hesablanır.
1.6. Sifarişçi verilmiş texniki şərtlərin tələbləri ilə razı olmadıqda, inzibati və məhkəmə qaydasında şikayət verə bilər.
1.7. Texniki şərtlərin hazırlanması üçün haqq ödənilmir.
1.8. Sifarişçi “ASAN Kommunal” mərkəzləri (“ASAN Kommunal” mərkəzləri yaradılmayan regionlarda bu mərkəzlər yaradılanadək “ASAN Xidmət” mərkəzləri) (bundan sonra – mərkəzlər) tərəfindən ona verilmiş texniki şərtləri itirdikdə, o, həmin sənədlərin dublikatının alınması üçün mərkəzlərə müraciət etməlidir. Həmin sənədlərin dublikatı müraciət edildiyi gün mərkəzlər vasitəsilə sifarişçiyə ödənişsiz verilməlidir.
1.9. Məişət abonentlərinin tikinti obyektlərinə əlavə güc alması tələb olunduqda, onlara verilmiş mövcud texniki şərtlər nəzərə alınmaqla, bu Qaydaya uyğun olaraq əlavə gücün alınması üçün yeni texniki şərtlər verilməlidir. Əlavə gücün alınması üçün yeni texniki şərtlər verilərkən, sifarişçi tələb etdiyi əlavə gücə uyğun qoşulma haqqı ödəyir.
1.10. Qoşulma haqqının məbləğini sifarişçilərin tələb olunan elektrik enerjisinin gücünə mütənasib olaraq diferensiallaşdırılmış qaydada Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Qoşulma haqqı sifarişçinin tikinti obyektinin ETŞ-yə qoşulmasının 24 (iyirmi dörd) gün müddətində və daha az müddətdə həyata keçirilməsinə görə fərqli məbləğlərdə müəyyən edilir.
2. Texniki şərtlərin və layihə sənədlərinin alınması üçün müraciət edilməsi, habelə həmin sənədlərin hazırlanması və verilməsi
2.1. Texniki şərtlərin və layihə sənədlərinin alınması üçün sifarişçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə ilə (elektron və ya yazılı formada) tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazi üzrə ETM-in mərkəzlərdəki nümayəndəsinə (bundan sonra - ETM-in nümayəndəsi) müraciət edir.
2.2. Sifarişçi bu Qaydanın 2.1-ci bəndinə əsasən texniki şərtlərin və layihə sənədlərinin alınması üçün müraciət edərkən, ETM-in bank hesabına tələb etdiyi elektrik enerjisinin gücünə uyğun olaraq qoşulma haqqı ödəyir.
2.3. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq, ETM-in nümayəndəsi sifarişçinin mərkəzlər vasitəsilə şəxsən təqdim etdiyi və ya elektron formada göndərdiyi ərizəsini və ona əlavə olunmuş sənədləri qəbul etməli və qeydiyyata almalıdır.
2.4. Ərizədə aşağıdakı məlumatlar qeyd edilməlidir:
2.4.1. sifarişçinin soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar, tikinti obyektinin və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinin ünvanı (olduğu yer);
2.4.2. sifarişçinin poçt və elektron ünvanı (elektron ünvanı olduqda);
2.4.3. tələb olunan elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri.
2.5. Ərizəyə ETŞ-yə qoşulması nəzərdə tutulan tikinti obyekti və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənədin surəti əlavə edilməlidir.
2.6. Sifarişçidən bu Qaydada nəzərdə tutulmayan məlumatlar və sənədlər tələb edilə bilməz.
2.7. Qeydiyyat zamanı həmin sənədlərin bu Qaydanın 2.4-cü və 2.5-ci bəndlərinin tələblərinə uyğunluğu yoxlanılır. Sənədlər tələblərə uyğun olduqda, sifarişçi qoşulma haqqını ETM-in bank hesabına köçürür və vəsaitin köçürülməsini təsdiq edən sənədi ETM-in nümayəndəsinə təqdim edir.
2.8. Sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, həmin çatışmazlıqların aradan qaldırılmasının zəruriliyi barədə məlumat dərhal sifarişçiyə bildirilir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələri ona izah edilir. Bu halda sifarişçi qoşulma haqqını sənədlərdəki çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ödəyir.
2.9. Sifarişçi çatışmazlıqları bu barədə məlumatı aldığı tarixdən ən geci 10 (on) gün müddətində aradan qaldırmalıdır. Bu zaman bu Qaydanın 1.4-cü bəndində nəzərdə tutulmuş müddətin axımı dayandırılır. Çatışmazlıqların aradan qaldırıldığı barədə sifarişçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.
2.10. Sifarişçi sənədlərdə aşkar olunmuş çatışmazlıqları bu Qaydanın 2.9-cu bəndində göstərilən müddətdə aradan qaldırmadıqda, müraciətin baxılmamış saxlanılması haqqında qərar qəbul edilir və bu barədə məlumat 2 (iki) gün müddətində mərkəzlər və ya sifarişli poçt göndərişi vasitəsilə sifarişçiyə təqdim edilir, ərizəsində qeyd olunduğu hallarda, həmçinin elektron poçt ünvanına da göndərilir.
2.11. ETM-in nümayəndəsi bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulan sənədləri icraata qəbul etdikdən sonra, elektrik xətlərinin keçəcəyi ərazinin xüsusiyyətlərinə uyğun olaraq, elektrik xətlərinin çəkilməsinin razılaşdırılması tələb olunan qurumların, habelə avtomobil yolları mülkiyyətçilərinin (sahiblərinin), yerli icra hakimiyyəti orqanlarının və qanunda nəzərdə tutulan digər qurumların rəyinin alınmasını təmin etməlidir. Bu məqsədlə ETM-in nümayəndəsi bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulan sənədləri icraata qəbul etdiyi gündən etibarən 1 (bir) gün ərzində enerji mənbəyini, həmin mənbədən tikinti obyektinə elektrik enerjisinin (gücünün) verilməsi üçün optimal trassanı (yolu) və həmin trassa (yol) üzrə elektrik xətlərinin çəkilməsi üçün rəyi tələb olunan qurumları müəyyənləşdirir.
2.12. Bu Qaydanın 2.11-ci bəndinə əsasən, ETM-in nümayəndəsi tikinti obyektinə elektrik enerjisi (gücü) verilməsi üçün seçilən trassa (yol) üzrə rəyi tələb olunan qurumlara həmin gün müraciət edir. ETM-in nümayəndəsi tərəfindən edilmiş müraciətə və təqdim olunmuş sənədlərə həmin qurumlar 3 (üç) gündən gec olmayaraq münasibət bildirməlidirlər. Həmin qurumlar tərəfindən münasibət bildirilərkən, layihə sənədlərində nəzərə alınması üçün trassanın (yolun) razılaşdırılmasına aid texniki tələblər və işlərin icrasına tələb olunan vəsait ayrıca göstərilir. Həmin müddətdə münasibət bildirilmədikdə, məsələ razılaşdırılmış hesab edilir.
2.13. ETM-in nümayəndəsi qurumların razılığını aldığı gün texniki şərtlər və layihə sənədlərinin hazırlanması üçün ETM-ə müvafiq sənədlərlə müraciət edir.
2.14. ETM 8 (səkkiz) gün müddətində sifarişçinin tikinti obyektinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtləri və layihə sənədlərini hazırlayır. Sənədlərin hazırlanması prosesi çərçivəsində tikinti obyektinə yerində baxış zamanı məişət abonentinin cəlbi nəzərdə tutulmur.
2.15. ETM tərəfindən texniki şərtlər və layihə sənədləri mərkəzlərə təqdim olunduğu gün ETM-in nümayəndəsi onları sifarişçiyə mərkəzlər vasitəsilə təqdim edir və ya sifarişli poçtla, həmçinin sifarişçinin ərizəsində qeyd olunduğu hallarda elektron poçt ünvanına da göndərir.
2.16. ETM-in hazırladığı texniki şərtlər və layihə sənədləri sifarişçiyə məlumat üçün təqdim edilir (göndərilir). Sifarişçi texniki şərtlərdə göstərilən qoşulmaya dair tələblərin yerinə yetirilməsinə görə məsuliyyət daşımır.
2.17. Yaşayış binalarının ETŞ-yə qoşulması üçün ümumi texniki şərtlərin verildiyi və həmin texniki şərtlərin tələblərinin icra olunduğu nəzərə alınaraq, həmin binalarda yerləşən mənzillərin ETŞ-yə qoşulması üçün ayrıca texniki şərtlərin və layihə sənədlərinin alınması, həmçinin qoşulma haqqının ödənilməsi tələb olunmur.
2.18. Texniki şərtlər bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən birtipli formada tərtib edilir.
2.19. Texniki şərtlər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsi ilə müəyyən edilmiş tələblər və ərazi planlaşdırılması sənədləri nəzərə alınmaqla verilir.
2.20. Tikintiyə icazə icraatı çərçivəsində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq, tikinti obyekti üçün texniki şərtlər sifarişçinin müvafiq yerli icra hakimiyyəti orqanına müraciətinə əsasən həmin orqanın sorğusu ilə bu Qaydada nəzərdə tutulmuş tələblərə əməl olunmaqla verilir. Həmin texniki şərtlər Azərbaycan Respublikasının Tikinti və Şəhərsalma Məcəlləsinin 77.1-ci maddəsində nəzərdə tutulmuş müddətə verilir. Bu müddətdə sifarişçi ilə ETM arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmadıqda, verilmiş texniki şərtlər qüvvədən düşmüş hesab edilir.
2.21. Müvafiq yerli icra hakimiyyəti orqanı tərəfindən mərkəzlər vasitəsilə göndərilən sorğuya sifarişçinin ərizəsinin surəti ilə yanaşı, tikinti ərazisinin vəziyyət planı, tikinti obyektinin yerləşəcəyi torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənədin surəti, obyektin istismarı üçün mühəndis-kommunikasiya təminatına dair tələbat göstəriciləri barədə sənədlər və obyektin tikintisinə dair layihənin surətləri əlavə edilir.
2.22. ETM-in mərkəzlərdəki nümayəndəsi müvafiq yerli icra hakimiyyəti orqanının sorğusunu və sifarişçinin ərizəsini, müvafiq yerli icra hakimiyyəti orqanı isə sifarişçinin ərizəsini qəbul etməkdən imtina edə bilməz.
2.23. Sifarişçinin inşa ediləcək tikinti obyektinin ETŞ-yə qoşulması sifarişçi tərəfindən həmin tikinti obyektinin tikintisinə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq icazə alındıqdan sonra onun müraciətinə əsasən, bu Qaydaya müvafiq olaraq həyata keçirilir.
3. Tikinti-quraşdırma işlərinin aparılması və ETŞ-yə fiziki qoşulma
3.1. Tikinti obyektindən və ya tikinti obyektinin yerləşəcəyi torpaq sahəsindən (ETM-in müəyyən etdiyi yerdən) ETŞ-yə qoşulma nöqtəsinədək elektrik xətlərinin çəkilməsini və tikinti-quraşdırma işlərini ETM həyata keçirir. Bu zaman sifarişçi bu Qaydanın 1.2.5-ci yarımbəndində nəzərdə tutulan qoşulma haqqından əlavə heç bir haqq ödəmir.
3.2. Qoşulma nöqtəsi tikinti obyektlərinə ən yaxın məsafədə yerləşən yarımstansiyada, transformator məntəqəsində, elektrik xəttində, paylayıcı lövhədə olmalıdır.
3.3. Elektrik enerjisi sayğacı sifarişçinin tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin sərhədində (girişində), qidalandırıcı kabelin uclarında, ETM nümayəndəsinin maneəsiz baxış keçirə biləcəyi yerdə quraşdırılmalıdır.
3.4. Sifarişçinin sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”na müvafiq olaraq tənzimlənir.
3.5. ETM ilə sifarişçi arasında elektrik qurğularının balans mənsubiyyəti sərhədi elektrik enerjisi sayğacının quraşdırıldığı yerlə və qoşulma aktı ilə müəyyən edilir.
3.6. ETM ilə sifarişçi arasında elektrik qurğularının istismarına görə məsuliyyət sərhədi balans mənsubiyyəti sərhədi ilə müəyyən edilir.
3.7. Tikinti obyektinin ETŞ-yə qoşulması və ya tikinti obyektinin yerləşəcəyi torpaq sahəsində (ETM-in müəyyən etdiyi yerdə) ETŞ-yə qoşulma ilə əlaqədar elektrik xətlərinin çəkilməsi və tikinti-quraşdırma işləri bu Qaydanın 2-ci hissəsinə uyğun olaraq verilmiş texniki şərtlərə əsasən 10 (on) gün müddətində yerinə yetirilir.
4. Tikinti obyektinə elektrik enerjisinin verilməsi
4.1. Bu Qaydanın 3-cü hissəsində nəzərdə tutulmuş işlər yerinə yetirildikdən sonra 2 (iki) gün müddətində sifarişçinin və ETM-in nümayəndələrinin iştirakı ilə görülən işlərə baxış keçirilir və bunun nəticəsi olaraq həmin gün ETM ilə sifarişçi arasında iki nüsxədə qoşulma aktı imzalanır, elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır və ETM elektrik enerjisinin verilməsini təmin edir.
4.2. Qoşulma aktı imzalandığı halda, ETM tərəfindən elektrik enerjisinin alqı-satqı müqaviləsinin bağlanılmasından imtina edilə bilməz.
4.3. ETM ilə sifarişçi arasında qoşulma aktı bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən birtipli formada tərtib edilir.
Qeyd. Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
“Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”na
1 nömrəli əlavə
Məişət abonentlərinin elektrik enerjisi (gücü) alması üçün
TEXNİKİ ŞƏRTLƏR № _______
“_____” _______________ 20 __ il
______________________________________________________ (texniki şərtləri alan şəxsin soyadı, adı, atasının adı, təşkilatın adı, ünvanı)
surəti: Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinə
______________________________________________________
(mərkəzi idarə və ya onun yerli strukturu)
______________________________________________________
(müraciət sənədinin daxilolma nömrəsi və tarixi)
Sifarişçinin tikinti obyektlərinin və ya elektrik qurğularının enerji təchizatı şəbəkəsinə qoşulması:
1. Tələb olunan güc ___________________
2. Qoşulma gərginliyi _____________________
3. Elektrik təchizatının etibarlığına görə kateqoriyası ______
4. Qoşulma nöqtəsi _________________________________
(yarımstansiya, transformator məntəqəsi,
elektrik xətti və ya paylayıcı lövhə)
5. Quraşdırılacaq elektrik xətti _________________________
6. Tikinti obyektində quraşdırılacaq elektrik avadanlıqları ____
7. Uçot cihazları ______________________
8. Uçot cihazlarının quraşdırılması nöqtəsi _______________
Təsdiq edirəm:
Texniki şərti verən enerji təchizatı müəssisəsi _________________
______________________________________________________
“__________”_______________20____ il
M.Y.
__________________
|
“Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”na
2 nömrəli əlavə
Elektrik şəbəkəsinə qoşulma
AKTI
___ _______ 20_____ il ___________ şəhəri (rayonu)
Biz, aşağıda imza edənlər:
1. Enerji təchizatı müəssisəsinin nümayəndəsi ___________
______________________________________________________
(vəzifəsi, soyadı, adı, atasının adı)
2. Sifarişçi (və ya nümayəndəsi) _______________________
(vəzifəsi, soyadı, adı, atasının adı)
3. Tikinti təşkilatının nümayəndəsi ______________________
(vəzifəsi, soyadı, adı, atasının adı)
______________________________________________________
(tikinti obyektinin yerləşdiyi ünvan)
ünvanında yerləşən tikinti obyektinədək quraşdırılmış elektrik qurğularına və elektrik xətlərinə baxış keçirdik. Baxış zamanı elektrik xətləri və qurğularının layihəyə və tikinti normalarına uyğun quraşdırıldığı və elektrik şəbəkəsinə qoşulmaq üçün hazır olduğu müəyyən edildi.
Layihə sənədi _______ №-si ilə ______ tarixində verilmişdir.
Qeyd edilənləri nəzərə alaraq, tikinti obyektinin enerji təchizatı müəssisəsinin şəbəkəsinə qoşulmasına qərar verildi.
Qoşulma başa çatdırıldı _______ _____________
(tarix) (saat)
Enerji təchizatı müəssisəsi ilə sifarişçi arasında enerji təchizatı şəbəkəsinin balans mənsubiyyəti sərhədi aşağıdakı kimi müəyyən edildi:
______________________________________________________
(enerji təchizatı şəbəkəsinin balans mənsubiyyəti sərhədi müəyyən olunmuş yer)
______________________________________________________
İmzalar:
________________ _________________________
(soyadı, adı)
________________ _________________________
(soyadı, adı)
________________ _________________________
(soyadı, adı)
M.Y.
_____________________
|
№-li nüsxə
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.