Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 220

  Bakı şəhəri, 16 may 2018-ci il

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanının 7.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin Nizamnaməsi” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin strukturu” təsdiq edilsin (2 nömrəli əlavə).

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının
Baş naziri

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.az və www.xalqqazeti.com  saytlarında tanış ola bilərsiniz.

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2018-ci il 16 may

tarixli 220 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

1 nömrəli əlavə

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin

 

NİZAMNAMƏSİ

 

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxs (bundan sonra – İnstitut) “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanına əsasən yaradılan və qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmaların aparılmasını, elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsini, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların layihələrinin hazırlanmasını və aidiyyəti üzrə təqdim edilməsini, qida məhsullarına dair digər beynəlxalq standartların qida məhsullarının istehsalçıları tərəfindən könüllü tətbiqinin təmin edilməsini, qida məhsullarının təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətlərinin göstərilməsini həyata keçirən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra – Agentlik) strukturuna daxil olmayan tabeliyindəki qurumdur.

  1.  İnstitut öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının “Publik hüquqi şəxslər haqqında” Qanununu və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin aktlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları və bu Nizamnaməni rəhbər tutur.
  2.  İnstitut öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən, dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
  3. İnstitutun müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, üzərində öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.
  4. İnstitut sahibkarlıq fəaliyyəti ilə yalnız həmin fəaliyyət bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etdiyi hallarda məşğul ola bilər.  İnstitutun fəaliyyəti nəticəsində əldə olunan vəsaitlər onun fəaliyyətinin təmin edilməsinə yönəldilir.
  5.  İnstitutun rəsmi adı aşağıdakı kimidir:
    1. Azərbaycan dilində - Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində Azərbaycan Qida Təhlü-kəsizliyi İnstitutu publik hüquqi şəxs;
    2.  ingilis dilində - Azerbaijan Food Safety Institute public legal entity under the Food Safety Agency of the Republic of Azerbaijan.
  6.  İnstitut Bakı şəhərində yerləşir.

 

  1.  İnstitutun fəaliyyətinin məqsədi və istiqamətləri

 

  1. İnstitutun fəaliyyətinin əsas məqsədi insanların həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etməkdən ibarətdir.
  2. İnstitut aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
    1. qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdır-maların və tədqiqatların aparılması;
    2. malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartla, texniki reqlamentlə və digər normativ hüquqi aktlarla müəyyən olunmuş tələblərə uyğunluğunun qiymətləndirilməsinin həyata keçirilməsi;
    3. qida təhlükəsizliyi sahəsində risk qiymətləndirilməsinin elmi əsaslarının formalaşdırılması və elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsinin həyata keçirilməsi;
    4. elmi cəhətdən əsaslandırılmış və qida təhlükəsizliyinə dair mövcud beynəlxalq standartların, norma və qaydaların tələbləri nəzərə alınmaqla, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların (sanitariya norma və qaydalarının, habelə gigiyena normativlərinin) və digər normativ hüquqi aktların layihələrinin işlənilib hazırlanması;
    5. qida təhlükəsizliyinə dair beynəlxalq standartların qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən subyektlər tərəfindən könüllü tətbiq edilməsi ilə bağlı tövsiyələrin hazırlanması, məsləhətlərin verilməsi, tələb olunan sənədlərin hazırlanması və təlimlərin keçirilməsi;
    6. qida məhsullarının təhlükəsizlik və minimum keyfiyyət göstəriciləri üzrə laboratoriya analizi, ekspertiza və tədqiqat (ölçmə) xidmətlərinin göstərilməsi;
    7. qida təhlükəsizliyi sahəsində mütəxəssislərin hazırlan-ması məqsədi ilə təlim və tədrislərin təşkili;
    8. elmi-praktiki konfransların, simpoziumların, seminar-ların, yığıncaqların və görüşlərin təşkili; 
    9.  qida təhlükəsizliyi sahəsində əhalinin məlumat-landırılması məqsədi ilə maarifləndirmə işlərinin həyata keçirilməsi.

 

  1.  İnstitutun vəzifələri

 

3.1. İnstitut bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

  1. qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmaların və tədqiqatların aparılmasını həyata keçirir, bu sahənin elmi əsaslarını işləyib hazırlayır və Agentliyə təkliflər verir;
  2. hüquqi və fiziki şəxslər üçün qida təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri göstərir;
  3. fəaliyyət istiqamətlərinə uyğun olaraq rəy verir;
  4. elmi cəhətdən əsaslandırılmış və qida məhsullarının təhlükəsizliyinə dair mövcud beynəlxalq standartların, norma və qaydaların tələbləri nəzərə alınmaqla, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların (sanitariya norma və qaydalarının, habelə gigiyena normativlərinin) və digər normativ hüquqi aktların layihələrini işləyib hazırlayır və Agentliyə təqdim edir;
  5. qida təhlükəsizliyi sahəsində risk qiymətləndirilməsinin və risklərin idarə edilməsinin elmi əsaslarını işləyib hazırlayır və Agentliyə təkliflər verir;
  6.  risk qiymətləndirilməsi zamanı insanların həyat və sağlamlığı üçün mövcud və ya gələcəkdə yarana biləcək təhlükələri araşdırır və həmin təhlükələrin qarşısının alınması istiqamətində Agentliyə təkliflər verir;
  7. qida məhsullarının təhlükəsizliyi sahəsində beynəlxalq təcrübəni, o cümlədən mövcud beynəlxalq standartların, norma və qaydaların tələblərini araşdırır və onların tətbiqi imkanlarını qiymətləndirir;
  8. qida təhlükəsizliyinə dair beynəlxalq standartların tətbiq edilməsi üzrə məsləhətlər verir və təlimlər keçirir;
  9. rasional fizioloji normaların, habelə qida təhlükəsizliyi baxımından insanlar üçün qida mənbəyi olan heyvanların və bitkilərin sağlamlığına, habelə insan üçün qida mənbəyi olan heyvanların yemlənməsində istifadə olunan yem və yem əlavələrinə dair texniki normativ hüquqi aktların hazırlanmasında iştirak edir;
  10.  qida məhsulları və onların təhlükəsizliyi sahəsində əhalinin, habelə qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən subyektlərin məlumatlandırılması məqsədi ilə məktəbə-qədər və orta təhsil müəssisələrində və digər yerlərdə düzgün qidalanma, qida mədəniyyəti və s. məsələlərlə bağlı maarifləndirmə işlərini həyata keçirir;
  11.  qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, qida məhsullarının təhlükəsizliyi sahəsində elmi-texniki nailiyyətlərin tətbiqinin təmin olunması, habelə qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən subyektlər tərəfindən qabaqcıl beynəlxalq idarəetmə sistemlərinin tətbiq edilməsi ilə bağlı təkliflər verir;
  12.  fəaliyyət istiqamətləri üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, beynəlxalq elmi-praktiki konfranslar, seminarlar və sair bu kimi tədbirlər təşkil edir;
  13.  qida təhlükəsizliyi sahəsində elmi, texniki və praktiki məsləhət xidmətlərinin göstərilməsini həyata keçirir;
  14.  qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı təkliflər verir;
  15.  Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq, təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə laboratoriya analizi, ekspertiza və tədqiqat (ölçmə) xidmətləri göstərir, habelə milli istinad laboratoriyası funksiyalarını həyata keçirir;
  16.  tabeliyindəki akkreditasiya olunmuş laboratoriyalarda Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq götürülmüş nümunələrin vahid metodika əsasında qiymətləndirilməsini təmin edir, aşkarlanmış pozuntuların aradan qaldırılması üçün Agentliyə təkliflər verir;
  17.  qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən subyektlərdə qida təhlükəsizliyi göstəriciləri üzrə tədqiqatların aparılması ilə bağlı xidmətlərin göstərilməsini təşkil edir;
  18.  dövlət və kommersiya sirrinin qorunması, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görür;
  19.  öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin edir;
  20.  fəaliyyət istiqamətləri üzrə kadr hazırlığını təmin edir, həmçinin qida təhlükəsizliyi sahəsində mütəxəssislərin hazırlanması üçün tədbirlər görür;
  21.  yüksəkixtisaslı kadrların qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırma və tədqiqat işlərinin aparılmasına köməklik göstərir;
  22.  fəaliyyəti ilə bağlı arayış və hesabatlar hazırlayır, Agentliyə təqdim edir;
  23.  kargüzarlığı, vətəndaşların qəbulunu, onların təklif, ərizə və şikayətlərinə baxılmasını normativ hüquqi aktların tələblərinə uyğun təşkil edir;
  24.  Azərbaycan Respublikası Prezidentinin aktları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.

 

  1.  İnstitutun hüquqları

 

  1.  İnstitut öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1.1. fəaliyyət istiqamətlərinə və vəzəfələrinə uyğun olaraq, dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək, onlardan belə məlumatları (sənədləri) almaq, təhlillər və müşahidələr aparmaq, rəylər vermək, təklif və arayışlar hazırlamaq;

4.1.2. fəaliyyət istiqamətləri üzrə təlimlər, seminarlar, elmi-praktiki konfrans və simpoziumlar keçirmək, habelə xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

4.1.3. fəaliyyətinə dair analitik materiallar hazırlamaq, tədqiqatlar aparmaq, təkliflər vermək;

4.1.4. Agentliyin razılığı ilə filial, nümayəndəlik və idarələr yaratmaq;

  1.  Agentliyin razılığı ilə beynəlxalq və regional təşkilatlarda Agentliyi təmsil etmək;
  2. fəaliyyət istiqamətləri üzrə müqavilələr bağlamaq, onların yerinə yetirilməsinə nəzarət etmək;
  3. müstəqil ekspert, mütəxəssis və məsləhətçiləri öz fəaliyyətinə cəlb etmək;
  4. Azərbaycan Respublikası Prezidentinin aktları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

 

  1. İnstitutun fəaliyyətinin idarə olunması

 

5.1. İnstitut öz fəaliyyətində mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

5.2. İnstitut kollegial icra orqanı olan İdarə Heyəti tərəfindən idarə edilir.

5.3. İdarə Heyəti İnstituta rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi 3 (üç) nəfərdən - Agentliyin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və onun iki müavinindən ibarətdir.

5.4. İdarə Heyətinin sədri müvəqqəti olaraq öz vəzifələrini icra etmədikdə və ya edə bilmədikdə, onun səlahiyyətlərinin icrasını İdarə Heyəti sədrinin müəyyən etdiyi İdarə Heyətinin digər üzvü həyata keçirir.

5.5. İdarə Heyəti aşağıdakı vəzifələri yerinə yetirir:

5.5.1. İnstitutun fəaliyyətinə dair illik və Agentliyin tələbi ilə rüblük və ya digər hesabatları hazırlayaraq Agentliyə təqdim edir;

5.5.2. İnstitutun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı hüquqi aktların layihələrinə baxır, həmin layihələri Agentliyə təqdim edir;

5.5.3. ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə edilməsini təmin edir;

5.5.4. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxır və qərar qəbul edir;

5.5.5. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində İnstitutun Aparatının və qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını hazırlayaraq təsdiq olunması üçün Agentliyə təqdim edir;

5.5.6. fəaliyyətinə dair daxili qaydaları, habelə onun idarə, filial və nümayəndəliklərinin əsasnamələrini hazırlayır və təsdiq olunması üçün Agentliyə təqdim edir;

5.5.7. İdarə Heyətinin və İnstitutun əməkdaşlarının fəaliyyəti zamanı maraqlar münaqişəsinin istisna olunmasının qayda və şərtlərini müəyyənləşdirir və onların icrasına nəzarət edir;

5.5.8. İnstitutun təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin İnstitutun idarə, filial və nümayəndəliklərinin yaradılması barədə Agentliyin razılığı ilə qərar qəbul edir;

5.5.9. Agentliyin razılığı ilə İnstitutun xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri İnstitutun aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul edir;

5.5.10. aidiyyəti şəxslə dəyəri İnstitutun aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul edir;

5.5.11. İnstitutun kənar auditorunu təyin edir və audit hesabatını qəbul edir;

5.5.12. İnstitutun göstərdiyi xidmətlərin və gördüyü işlərin qiymətləri ilə bağlı Agentliyə təkliflər verir;

5.5.13. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görür;

5.5.14. cari və operativ məsələlər barədə Agentliyi məlumatlandırır.

5.6. İdarə Heyətinin iclasları ayda bir dəfədən az olmayaraq çağırılır. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin sədri və ya digər üzvü çıxış edir. İdarə Heyətinin iclaslarını İdarə Heyətinin sədri və ya onu əvəz edən İdarə Heyətinin digər üzvü çağırır. İdarə Heyətinin iclasları İdarə Heyəti üzvlərinin ən azı ikisi iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasları müvafiq qaydada protokollaşdırılır və müzakirəyə çıxarılmış məsələlərə dair qərarlar qəbul edilir. İdarə Heyətinin iclasında hər iştirakçı bir səsə malik olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səslərin sayı bərabər olduqda, İdarə Heyətinin sədrinin (və ya onu əvəz edən İdarə Heyətinin digər üzvünün) səsi həlledici sayılır. Səsvermə zamanı iştirakçıların bitərəf qalmasına icazə verilmir.

5.7. İdarə Heyətinin sədri:

5.7.1. İnstitutun fəaliyyətinə rəhbərliyi həyata keçirir və onu təmsil edir;

5.7.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir;

5.7.3. öz təşəbbüsü və ya İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;

5.7.4. öz təşəbbüsü, habelə İdarə Heyətinin hər hansı digər üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;

5.7.5. İnstitutun fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

5.7.6. İnstitutun fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

5.7.7. Agentliyin razılığı ilə İnstitutun təsərrüfat cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir;

5.7.8. İnstitutun, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsinə dair qərarlar qəbul edir;

5.7.9. İnstitutun əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;

5.7.10. İnstitutun, o cümlədən onun idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

5.7.11. Agentliyin razılığı ilə dəyəri Agentlik tərəfindən müəyyən ediləcək məbləğdə olan əqdlərin (mühüm əqdlərin) bağlanılması haqqında qərar qəbul edir;

5.7.12. İnstitutun fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görür;

5.7.13. İnstitutun fəaliyyət istiqamətləri üzrə məşvərətçi komitələr və işçi qrupları yaradır;

5.7.14. İdarə Heyətinin fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür;

5.7.15. İnstitutda kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

5.7.16. İnstitutda vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını təmin edir;

5.7.17. səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir;

5.7.18. Agentliyin tapşırığı ilə konfrans, iclas, seminar və digər tədbirlərin keçirilməsini təşkil edir;

5.7.19. İnstitutun fəaliyyəti ilə bağlı illik maliyyə hesabatlarını Agentliyə təqdim edir;

5.7.20. Agentliyin rəhbərliyinin tapşırıqlarını yerinə yetirir.

5.8. İdarə Heyətinin üzvü:

5.8.1. İdarə Heyətinin səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edir;

5.8.2. İdarə Heyətinin iclasının gündəliyi və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olur;

5.8.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirir;

5.8.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə İdarə Heyətinin iclaslarında baxmaq barədə təkliflər verir;

5.8.5. İdarə Heyətinin qərarları, iclas protokolları və digər sənədlərlə tanış olur.

5.9. İdarə Heyətinin üzvləri İdarə Heyətinin iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər.

 

  1.  İnstitutun fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

 

  1. Təsisçi adından İnstitutun fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının qanunvericiliyi və bu Nizamnamə əsasında Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası-nın Nazirlər Kabineti və Agentlik həyata keçirirlər.
  2. İnstitutun inkişaf istiqamətlərini Agentlik müəyyən edir.

 

  1.  İnstitutun nizamnamə fondu, əmlakı və  maliyyə-təsərrüfat fəaliyyəti

 

  1.  İnstitutun əmlakı nizamnamə fondundan, ona təsisçilər tərəfindən verilmiş digər əmlakdan, dövlət vəsaitlərindən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan və qanunla qadağan edilməyən digər vəsaitlərdən formalaşır.
  2. İnstitutun əmlakı onun balansında göstərilir.
  3. İnstitutun nizamnamə fondu 1.000 (bir min) manatdır.
  4.  İnstitutun illik maliyyə hesabatları, illik büdcəsi, o cümlə-dən maliyyə ilinin sonuna İnstitutun hesabında qalan vəsaitin yönəldilməsi istiqamətləri və işçilərinin say həddi Agentlik tərəfindən təsdiq edilir.
  5.  İnstitut balansında və istifadəsində olan əmlakın saxlanılmasına, qorunmasına və ondan səmərəli istifadə edilməsinə görə məsuliyyət daşıyır. İnstitut balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.
  6. İnstitut sərəncamında olan vəsaitdən bu Nizamnaməyə uyğun olaraq istifadə edir.

7.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısında nəzərdə tutulmuş İnstitutun məhsullarının (mallarının, işlərinin, xidmətlərinin) qiymətləri tənzimlənən qiymətlərə aiddir.

 

  1.  Uçot və hesabat

 

8.1. İnstitut “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotunu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

8.2. İnstitut “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik uçot aparır, statistik hesabatları tərtib və təqdim edir.

8.3. İnstitut idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

8.4. İnstitut öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

 

  1. İnstitutun yenidən təşkili və ləğv edilməsi

 

  1.  İnstitut Azərbaycan Respublikasının Prezidenti tərəfindən yenidən təşkil olunur və ya ləğv edilir.

 

_____________________


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında