Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 217 

Bakı şəhəri, 15 may 2018-ci il

“Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması  Qaydası”nın təsdiq edilməsi haqqında

“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 iyun tarixli 190 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə və “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 840-VQD nömrəli Qanununun tətbiqi və “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin
2014-cü il 27 iyun tarixli 190 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 dekabr tarixli 1718 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

“Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

Novruz Məmmədov
 Azərbaycan Respublikasının
Baş naziri

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə  www.cabmin.gov.az və www.xalqqazeti.com saytlarında tanış  ola bilərsiniz.

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2018-ci il 15 may

tarixli 217 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən hazırlanmışdır və meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydasını tənzimləyir.

1.2. Bu Qaydanın tələbləri Azərbaycan Respublikasının ərazisində yaşıllıqların mühafizəsi sahəsində hüquq münasibətlərinin subyektləri olan dövlət orqanlarına, bələdiyyələrə, fiziki və hüquqi şəxslərə şamil edilir.

1.3.  Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.3.1. yaşıllıqların uçotu və kadastrı - yaşıllıqların kəmiyyət və keyfiyyət göstəriciləri, növü, ərazisi və onlar barədə digər zəruri məlumatların məcmusu;

1.3.2. yaşıllıqların monitorinqi - yaşıllıqların vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması məqsədi ilə onların xüsusiyyətlərini və xassələrini müəyyən edən müntəzəm müşahidə və tədqiqatlar sistemi.

1.4. Yaşıllıqların uçotu və monitorinqi istifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrində (bələdiyyə mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) yerli icra hakimiyyəti orqanları, yaşıllıqların kadastrının aparılması isə bu Qaydaya uyğun olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilir.

1.5. Bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu və monitorinqini bələdiyyələr aparır.

1.6. Yaşıllıqların uçotu, kadastrı və monitorinqi bu Qaydaya uyğun olaraq, vahid metodika əsasında həyata keçirilir.

1.7. Yaşıllıqların uçotu, kadastrı və monitorinqi yaşıllıqların növləri üzrə ayrıca aparılır.

1.8. Vətəndaş cəmiyyəti institutları, Azərbaycan Respublikasının vətəndaşları yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin həyata keçirilməsi ilə əlaqədar işlərdə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq iştirak edirlər.

1.9. Fiziki və hüquqi şəxslərin yaşıllıqların uçotu, kadastrı və monitorinqi barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyindən və müvafiq bələdiyyələrdən məlumat almaq hüququ vardır.

 

2. Yaşıllıqların uçotunun və kadastrının aparılması qaydası

 

2.1. Yaşıllıqların uçotu və kadastrı aşağıdakı məqsədlər üçün aparılır:

2.1.1. yaşıllıqların kəmiyyət və keyfiyyət göstəriciləri, növü, ərazisi və onlar barədə digər məlumatların toplanması;

2.1.2. yaşıllıqların sanitariya-gigiyena və fitosanitar normalarına uyğunluğunun təmin edilməsi;

2.1.3. yaşıllıqların səmərəli idarə edilməsinə və mühafizəsinə nail olunması;

2.1.4. yaşıllıqların mövcud vəziyyəti haqqında ətraflı məlumat əldə etmək imkanının yaradılması.

2.2. Yaşıllıqların uçotu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müasir topoqrafiya, geodeziya alətlərindən, kosmik və aerofoto çəkiliş şəkilləri əsasında yaradılmış ortofotoplanlardan və müvafiq proqram təminatından istifadə etməklə, əsasən ilin yaz və payız aylarında, habelə elmi-praktiki dəstəyə ehtiyac olduqda elmi müəssisə və təşkilatların əməkdaşlarını və ixtisaslaşdırılmış mütəxəssislərini Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq cəlb etməklə aşağıdakı ardıcıllıqla aparılır:

2.2.1. yaşıllıq əraziləri barədə məlumatlar yaşıllıqların mühafizə, torpaq, tikinti və şəhərsalma sahəsində normativ hüquqi və texniki normativ hüquqi aktlar nəzərə alınmaqla çöl tədqiqat işləri nəticəsində dəqiqləşdirilir;

2.2.2. çöl tədqiqat işləri nəticəsində yaşıllıqların növləri, ağac, kol, gül-çiçək və ot bitkiləri (qazonlar) birillik və çoxillik olmaqla qruplara ayrılır, müvafiq yaşıllıq ərazisində olan ağacların və kolların sayı, hər birinin diametri (santimetrlə - torpaq səthindən götürülməklə), gül-çiçək və ot bitkilərinin (qazonların) kvadratmetrlə ölçüləri və bioloji inkişaf vəziyyəti araşdırılır, onların nə zaman salınması öyrənilir və ya illik həlqələrinin sayılması yolu ilə yaşı müəyyən edilir;

2.2.3. yaşıllıqların bioloji, sanitariya-gigiyena və fitosanitar vəziyyəti 3 ballıq şkalaya uyğun qiymətləndirilir:

1. yaxşı - yaşıllıqlar növlərinə və cins tərkibinə görə normal inkişaf edir, ağacların gövdələri düzdür, kökdən tumurcuqlanması (çiçəklənməsi) müşahidə olunmur, xəstəliklərin yayılması və zərərvericilərlə sirayətlənmə dərəcəsi aşağıdır, habelə zədələnmiş, qurumuş, ətrafdakılar üçün təhlükəli (o cümlədən aşma təhlükəsi) olan ağaclar yoxdur;

2. kafi - yaşıllıqlar növlərinə və cins tərkibinə görə normal inkişaf edir, lakin lazımi aqrotexniki qulluq göstərilmədiyinə görə ağacların gövdələri əyridir, xəstəliklər  və zərərvericilərlə sirayətlənmə və quruma əlamətləri müşahidə olunur;

3. qeyri-kafi - yaşıllıqların növlərinə və cinslərinə görə deqradasiyası aşkar şəkildə müşahidə olunur, aqrotexniki norma və qaydalara riayət edilmir, xəstəliklərin yayılması və zərərvericilərlə sirayətlənmə və quruma əlamətləri yüksəkdir, ciddi zədələnmə mövcuddur (meteoroloji, mexaniki, kimyəvi və digər səbəblər göstərilməklə);

2.2.4. çöl-tədqiqat və ya kameral şəraitdə yaşıllıq ərazilərinin sərhədləri daxilində olan bütün konturların (çevrələrin) daxilindəki topoqrafik elementlər (yaşayış və infrastruktur obyektləri, su hövzələri, stasionar avadanlıqlar və s.), kolluqlar, daşlıqlar, qumsallıqlar, bataqlıqlar və sair yaşıllıq əraziləri istifadə edilib-edilməməsindən asılı olmayaraq yaşıllıqların kadastrının məlumat bazasına daxil edilməsi üçün ortofotoplanlar üzərinə köçürülür və müvafiq miqyaslara uyğun laylar üzrə şərti işarələrlə göstərilir;

2.2.5. Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş, habelə nadir və növü kəsilmək təhlükəsi qarşısında olan ağac və kollar uçot məlumatlarında (plan, xəritə, sxemlərdə) xüsusi işarələrlə (rəng fərqi ilə) qeydə alınır;

2.2.6. çöl-tədqiqat və ya kameral şəraitdə işlər yekunlaşdıqdan sonra ortofotoplanlarda müəyyən edilmiş konturlar yaşıllıqların kadastrının məlumat bazasına köçürülür, sahələr müvafiq proqram təminatı vasitəsilə hesablanır və ərazilər üzrə yekun yaşıllıq eksplikasiyası tərtib edilir;

2.2.7. çöl-tədqiqat və ya kameral şəraitdə işlənmiş materiallara əsasən yaşıllıqların kadastrının məlumat bazasında cəmləşdirilmiş informasiyaya uyğun olaraq, yaşıllıqlar üzrə 1:5000, 1:10000, 1:25000 miqyaslarında, zərurət yarandıqda isə daha irimiqyaslı rəqəmsal xəritələr, planlar və sxemlər tərtib olunur, ehtiyac olduqda çap edilir.

2.3. İstifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə yerli icra hakimiyyəti orqanları tərəfindən ayrı-ayrı inzibati ərazi vahidləri üzrə yaşıllıqların uçotunun nəticələri barədə hesabatlar təyinatından və istifadə qaydasından (rejimindən) asılı olaraq, şəhərlərdə və digər yaşayış məntəqələrində, infrastruktur obyektlərinin hüdudlarında olan yaşıllıqlar aşağıdakı növlər üzrə tərtib edilir:

2.3.1. ümumi istifadədə olan yaşıllıqlar (park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan və digər yaşıllıqlar);

2.3.2. məhdud istifadəli yaşıllıqlar (məhəllədaxili, təhsil və səhiyyə, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar);

2.3.3. xüsusi təyinatlı yaşıllıqlar (sənaye müəssisələri və kompleksləri ilə yaşayış zonaları arasında, infrastruktur obyektlərinin (magistral dəmir və avtomobil yollarının, enerji kəmərlərinin və obyektlərinin, su kanallarının, digər bu kimi obyektlərin) hüdudlarında salınmış yaşıllıq zolaqları, tingliklər (şitilliklər), küçə yaşıllıqları, mühafizə, sanitariya-mühafizə və digər qoruyucu zonalarda, o cümlədən su mühafizə zonalarının və onların sahil mühafizə zolaqlarının altında olan torpaqlarda, xatirə kompleksləri (xiyabanlar) və qəbiristanlıqlar ərazisində olan və digər yaşıllıqlar).

2.4. İstifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə yerli icra hakimiyyəti orqanları tərəfindən yaşıllıqların uçotu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 18 dekabr tarixli 566 nömrəli qərarı ilə ArcGİS proqramında mdb formatında təsdiq edilmiş Azərbaycan Respublikasının şəhər və qəsəbələrinin yaşıllıq ərazilərinin (ağac, kol, gül-çiçək və ot bitkiləri ilə əhatə olunan torpaq sahələri ayrı-ayrılıqda göstərilməklə) sərhədlərinin qrafik təsvirini (müvafiq döngə nöqtələri və onların koordinatları) əks etdirən xəritələr nəzərə alınmaqla aparılmalıdır.

2.5. Bu Qaydaya uyğun olaraq, uçota alınan yaşıllıqlar barədə məlumatlar istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə isə yerli icra hakimiyyəti orqanları tərəfindən hər il yanvarın 1-nə ümumiləşdirilir və tərtib olunmuş hesabatlar müvafiq dövlət orqanları və ya bələdiyyələr tərəfindən fevralın 20-dək  təsdiq edilərək kağız və elektron daşıyıcılarda (gücləndirilmiş elektron imza ilə) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir.

2.6. Yaşıllıqların uçot hesabatlarına aşağıdakı məlumatlar daxil edilməlidir:

2.6.1.yaşıllıqların yerləşdiyi torpaq sahələrinin hüquqi statusu;

2.6.2. bu Qaydanın 2.2-ci bəndinin müddəaları nəzərə alınmaqla, yaşıllıqların kəmiyyət və keyfiyyət göstəriciləri (izahat arayışı ilə birlikdə);

2.6.3. yaşıllıqların təyinatından və istifadə rejimindən asılı olaraq, növləri və cins tərkibi (ağac, kol, gül-çiçək və ot bitkiləri (qazonlar) üzrə), ərazisi və onların iqtisadi qiymətləndirilməsini əhatə edən digər məlumatlar;

2.6.4. yaşıllıqların kadastrının məlumat bazasında cəmləşdirilmiş informasiyaya uyğun olaraq rəqəmsal xəritələr, planlar və sxemlər.

2.7. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanlarından, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələrdən, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə yerli icra hakimiyyəti orqanlarından kağız və elektron daşıyıcılarda daxil olan uçot hesabatların yaratdığı yaşıllıqların kadastrının məlumat bazasında toplayaraq respublika üzrə ümumiləşdirir və rəsmi internet səhifəsində yerləşdirir.

2.8. İstifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrində bələdiyyələr, digər torpaq sahələrində yerli icra hakimiyyəti orqanları bu Qaydaya uyğun uçotu aparılmış yaşıllıqlarda hər il 20 fevral tarixindən sonra baş vermiş dəyişiklikləri (artım və ya azalma) nəzərə alaraq, növbəti ilin 1 yanvar tarixinə olan hesabatlarında əks etdirirlər.

2.9. İstifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrində bələdiyyələr, digər torpaq sahələrində yerli icra hakimiyyəti orqanları aidiyyəti üzrə yaşıllıqların uçota alınmamasına, kəmiyyət və keyfiyyət göstəricilərinin tam və dürüst əks olunmamasına, onların növlərinin, yaşıllıq ərazilərinin və yaşıllıq barədə digər məlumatların təhrif edilməsinə və bu məlumatların Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.

2.10. İstifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrində bələdiyyələr, digər torpaq sahələrində yerli icra hakimiyyəti orqanları tərəfindən qeydiyyata alınmış yaşıllıqların təyinatının və ya yerləşdiyi ərazilərin hüquqi statusunun dəyişdirilməsi, texnogen və ya təbii xarakterli fövqəladə halların (ekoloji fəlakət) baş verməsi, yaşıllıqların mühafizəsi sahəsində hüquq münasibətlərinin subyektləri tərəfindən qanunvericiliyin pozulması nəticəsində yaşıllıqların kütləvi şəkildə məhv edilməsi hallarında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının nümayəndələrinin iştirakı ilə bu yaşıllıqların planlaşdırılmamış uçotu aparılır və nəticələri barədə həmin Nazirliyə dərhal məlumat verilir.

2.11. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən istifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyə mülkiyyətində olan torpaq sahələrində bələdiyyələrin, digər torpaq sahələrində yerli icra hakimiyyəti orqanlarının uçot hesabatları, ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin, habelə yaşıllıqların mühafizəsinə dövlət və ictimai nəzarət formalarında aparılmış işlərin nəticələri, mövcud geodeziya, topoqrafiya və kartoqrafiya məlumatları, elmi tədqiqat araşdırmaları yaşıllıqların kadastrının məlumat bazasına daxil olunur və yaşıllıqların kadastrının formalaşdırılması üçün Azərbaycan Respublikasının inzibati-ərazi vahidləri üzrə kadastr sənədləri sistemi tətbiq edilir.

2.12. Yaşıllıqların kadastr sənədləri sistemi texniki kadastr sənədlərindən ibarətdir.

2.13. Azərbaycan Respublikasının inzibati-ərazi vahidləri üzrə tərtib olunan aşağıdakı sənədlər texniki kadastr sənədləri hesab edilir:

2.13.1. yaşıllıqların plan-xəritə materialları, kəmiyyət və keyfiyyət göstəriciləri, onların uçotu üzrə  hesabatlar və cədvəllər;

2.13.2. yaşıllıq ərazilərinin ölçülərini, onların yerləşdiyi torpaq sahələrini əks etdirən məlumatlar və xəritələr.

2.14. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaşıllıqların kadastrına aid toplanmış məlumatlar əsasında:

2.14.1. yaşıllıq ərazilərinin qeydiyyatını, onların ekoloji, iqtisadı, kəmiyyət və keyfiyyət cəhətdən qiymətləndirilməsini, geobotaniki və digər tədqiqat işlərini, yaşıllıqların vəziyyəti üzərində operativ müşahidələri, habelə yaşıllıqların kadastrının aparılmasını həyata keçirir və onların müfəssəl siyahısını tərtib edir;

2.14.2. yaşıllıqların vəziyyəti barədə uzunmüddətli və operativ məlumatlara olan tələb və ehtiyacın sistematik öyrənilməsini həyata keçirir, yaşıllıqların kadastrının daimi təkmilləşdirilməsi üzrə yaranan yaşıllıqlara və təbiəti mühafizə ehtiyaclarına dair məlumatların yaşıllıqların kadastrı sənədlərinə daxil edilməsi üçün tədbirlər görür;

2.14.3. yaşıllıqların inkişafı üçün tədbirlərin planlaşdırılmasında iştirak edir;

2.14.4. yaşıllıqlar haqqında məlumatların sistemləşdirilməsini, öyrənilməsini və saxlanılmasını, habelə yaşıllıqların kadastrının materiallarının nəşrini təmin edir.

2.15. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi apardığı yaşıllıqların kadastrını yaşıllıqların mühafizəsi sahəsində hüquq münasibətlərinin subyektlərindən əldə etdiyi məlumatlar əsasında dəqiqləşdirir və hər il martın 31-dək təsdiq edərək rəsmi internet səhifəsində yerləşdirir.

2.16. Yaşıllıqların uçotunun və kadastrının aparılması prosesinə dair texniki (forma və ona əlavələr) sənədlərin nümunələri Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada çap edilir və yaşıllıqların mühafizəsi sahəsində hüquq münasibətlərinin subyektlərinə təqdim edilir.

 

3. Yaşıllıqların monitorinqinin aparılması qaydası

 

3.1. Yaşıllıqların monitorinqinın aparılmasının məqsədi hər hansı bir yaşıllıq obyektində təbii proseslərin gedişini izləmək, bu sahədə çoxməqsədli informasiyanı toplamaq, yaşıllıqlarda baş verən dəyişiklikləri vaxtında aşkar etmək, onların vəziyyətini və dinamikasını qiymətləndirmək və proqnozlaşdırmaq, onlara mənfi təsirlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün yaşıllıqların üzərində müntəzəm müşahidələr və tədqiqatlar aparmaq, antropogen təsirlər nəticəsində yaşıllıq üçün kritik vəziyyətin yaranması haqqında toplanmış məlumatlar əsasında  xəbərdarlıq etməkdir.

3.2. Əhatə dairəsinə görə monitorinq lokal (məhdud (məhəlli) sahədə), regional və qlobal-biosfer sahələrə bölünür.

3.3. Təyinatına görə yaşıllıqların monitorinqi baza, yaxud fon, impakt, regional və sürətli lokal təsir dairələrinə bölünür.

3.4. Yaşıllıqların monitorinqi ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin, bütövlükdə biosfer monitorinqin tərkib hissəsi kimi Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə aparılır və aşağıdakıları nəzərdə tutur:

3.4.1. yaşıllıqların üzərində müntəzəm müşahidələr, torpaq, iqlim, aqrokimyəvi, geobotaniki, geomorfoloji, geodeziya, kartoqrafiya, digər çöl və laboratoriya tədqiqatları, habelə kosmik və aerofoto çəkiliş materialları əsasında yaşıllıqların təhlükəli kimyəvi maddələrlə zədələnməsi vəziyyətini, ölçülərinin və digər kəmiyyət və keyfiyyət göstəricilərinin dəyişməsini öyrənir;

3.4.2. yaşıllıq ərazilərinin torpaqlarının münbitliyinin (humusun) itirilməsi, təbii və antropogen təsirlər nəticəsində müxtəlif dərəcədə pozulmuş bu torpaqların rekultivasiyası üzərində səyyar, stasionar və yerin məsafədən tədqiq edilməsi (aerokosmik tədqiqatlar) metodlar kompleksindən istifadə etməklə müşahidələrin aparılmasını əhatə edir.

3.5. Yaşıllıqların monitorinqinin aparılması ildə ən azı bir dəfə həyata keçirilir.

3.6. Yaşıllıqların monitorinq müşahidələrinin (tədqiqatlarının) nəticələri (mətn, cədvəl və qrafik materiallar) hər il yaşıllıqların növləri üzrə, onların keyfiyyəti və mövcud vəziyyəti haqqında məlumatlara daxil edilir.

3.7. İstifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrində bələdiyyələr, digər torpaq sahələrində yerli icra hakimiyyəti orqanları tərəfindən aparılan yaşıllıqların monitorinqinin nəticələri çərçivəsində yaşıllıqlarda baş verən dəyişikliklər barədə məlumat hər il yanvarın 1-nə olan vəziyyətə  ümumiləşdirilir və uçot hesabatları ilə birlikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir.

3.8. Yaşıllıqların monitorinqi aşağıdakı üsullarla aparılır:

3.8.1. yaşıllıqların ekoloji funksiyalarını tam öyrənmək məqsədi ilə müşahidə yerlərinin, təbiət və təbii amillər nəticəsində geosistemdə gedən dəyişikliklərin istiqamətinin və dinamikasının müəyyənləşdirilməsi;

3.8.2. müşahidələrin aparılmasında, məlumatların toplanmasında, təhlilində və ümumiləşdirilməsində yeni texnologiyalardan, yerli və aerokosmik çəkilişlərdən, müxtəlif xəritə materiallarından istifadə edilməsi;

3.8.3. yaşıllıq ərazilərində zərərvericilərin və xəstəlik mənbələrinin aşkarlanması, onların yayılmasının qarşısının alınması üçün fitosanitar tədbirlərin həyata keçirilməsinin təmin edilməsi.

3.9. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaşıllıqların uçotu və monitorinqi məlumatları əsasında:

3.9.1. istifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrində bələdiyyələr, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanları ilə birlikdə yaşıllıqların vəziyyətini, onların növlərini müəyyən edir, bitki örtüyünün deqradasiyasına səbəb olan əsas amilləri öyrənir, yaşıllıqların kəmiyyət və keyfiyyət dəyişmələrini qiymətləndirir və məhsuldarlığın yüksəldilməsinə düzgün istiqamət verəcək yeni texnologiyaların tətbiqi üzrə tövsiyələr verir, habelə yaşıllıqların mühafizəsinə dair proqramlar, bülletenlər hazırlayır;

3.9.2. iqlim, aqroekoloji, geobotaniki və digər tədqiqat işlərinin aparılması, yaşıllıq sahələrinin müxtəlif miqyaslarda xəritələrinin tərtib edilməsi, yaşıllıqların vəziyyəti üzərində operativ monitorinq müşahidələrinin aparılması üçün plan və xəritə materiallarının hazırlanmasını həyata keçirir;

3.9.3. yaşıllıqların monitorinq müşahidələrinin daimi təkmilləşdirilməsi üzrə yaşıllıqların mühafizəsinə dair məlumatların monitorinq sənədlərinə daxil edilməsi üçün tədbirlər görür;

3.9.4. yaşıllıqların monitorinqi ilə bağlı toplanmış materialların və məlumatların sistemləşdirilməsini, eyni zamanda həmin məlumatların təhlil edilməsini, saxlanılmasını və nəşrini, habelə bu sahə üzrə dövlət informasiya sistemləri ilə inteqrasiyanı təmin edir.

3.10. Yaşıllıqların monitorinqi yaşıllıqların kadastrı hüdudlarında aparılır.

 

 

_____________________


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında