2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkilərinə yekun vurulması və Mərkəzi Seçki Komissiyasının seçkilərin nəticələrinə dair protokolunun müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında
Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsinə əsasən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini 2018-ci il fevralın 5-də elan edərək, seçkilərin 2018-ci il aprelin 11-nə təyin olunmasını və qanunvericiliklə müəyyən olunmuş qaydada keçirilməsinin təmin edilməsini Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına həvalə etmişdir.
Mərkəzi Seçki Komissiyası 2018-ci il 6 fevral tarixli Qərarı ilə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179.2-ci maddəsinə uyğun olaraq seçkiləri 2018-ci il aprelin 11-nə təyin etmişdir. Bununla yanaşı, cari ilin əvvəlindən başlayaraq respublika üzrə daimi seçicilər siyahısının Seçki Məcəlləsinin 207-ci maddəsinin tələbi nəzərə alınmaqla tərtib edilməsi, dəqiqləşdirilməsi və ictimailəşdirilməsinə birbaşa rəhbərlik edən Mərkəzi Seçki Komissiyası seçkilərin hazırlanıb keçirilməsi ilə əlaqədar bütün tədbirləri qanunvericiliklə müəyyən olunmuş qaydada vaxtında və keyfiyyətlə həyata keçirmişdir.
Aidiyyəti qurumların iştirakı da təmin edilməklə maddi-texniki bazası möhkəmləndirilmiş aşağı seçki komissiyaları üzvləri üçün geniş maarifləndirmə proqramları təşkil edilmiş, seçicilər və digər çoxsaylı seçki subyektləri bu məqsədlə müxtəlif proqramlara cəlb edilmişlər.
Seçkilərə start verildikdən sonra qeydə alınmış 8 nəfər prezidentliyə namizədin öz platformalarını sərbəst surətdə seçicilərə çatdırmaları üçün internet resursları və sosial şəbəkələr də daxil olmaqla qanunvericilikdə nəzərdə tutulmuş bütün imkanlar və istisnasız bərabər şərait yaradılmış, seçkiqabağı təşviqat subyektləri yaradılmış imkanlardan heç bir maneə olmadan sərbəst şəkildə istifadə etmişlər.
İşğal olunmuş ərazilər istisna olmaqla, respublikanın bütün coğrafiyasını əhatə edən 20%-dək məntəqələrdə quraşdırılmış (1000 seçki məntəqəsində) veb-kameralar vasitəsilə səsvermə prosesini əvvəldən axıra kimi heç bir məhdudiyyət olmadan “online” izləmə imkanları təmin olunmuşdur. Seçkilərdə iştirak edən namizəd və siyasi partiyalar, habelə səsverməni izləyən 59 000-ə yaxın yerli müşahidəçinin, 59 ölkəni, 61 nüfuzlu beynəlxalq qurumu təmsil edən 894 müşahidəçinin, habelə 51 nüfuzlu beynəlxalq KİV-i təmsil edən 118 nəfər jurnalistin daxil olduğu on minlərlə müşahidəçi ordusu ümumilikdə seçki mühitini azad, ədalətli, sivil və müasir tələblərə cavab verən səviyyədə qiymətləndirmişdir.
Seçicilərin yüksək fəallıq nümayiş etdirdiyi səsvermə günü və seçki prosesində hər hansı qanun pozuntusu ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına heç bir şikayət daxil olmamış, seçkilər ümumən azad, ədalətli, şəffaf və geniş aşkarlıq şəraitində keçirilmiş, səsvermənin ilkin nəticələri vaxtında müəyyən edilərək elə həmin gün ictimaiyyətə çatdırılmışdır.
Seçkilərin nəticələrinin rəsmi qaydada müəyyən edilməsi üçün qanunda nəzərdə tutulmuş bütün müvafiq sənədlər aşağı seçki komissiyaları tərəfindən Mərkəzi Seçki Komissiyasına vaxtında təqdim edilmiş, dairə seçki komissiyalarının hamısının səsvermənin nəticələrinə dair protokolları və onlara əlavə edilmiş sənədlər obyektiv və hərtərəfli araşdırılmışdır. Bu zaman səsvermə günü fasiləsiz fəaliyyət göstərmiş veb-kameraların görüntüləri, internet resursları, habelə sosial şəbəkələrdə yayılmış məlumatlar da nəzərdən keçirilərək seçkilərin qanunvericiliyə uyğun keçirilməsinə və mövcud beynəlxalq standartlara cavab verməsinə xələl gətirə biləcək ən kiçik məqamlar belə araşdırılmışdır. Nəticədə 57 saylı Kürdəmir seçki dairəsinin 2 saylı, 69 saylı Cəlilabad–Masallı–Biləsuvar seçki dairəsinin 26 saylı, 73 saylı Lənkəran şəhər seçki dairəsinin 10 saylı və 74 saylı Lənkəran kənd seçki dairəsinin 12 saylı seçki məntəqələrində seçicilərin iradəsinin müəyyən edilməsinə imkan verməyən qanun pozuntuları aşkar edildiyindən həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi və 57 saylı Kürdəmir seçki dairəsinin 2 saylı seçki məntəqəsi məntəqə seçki komissiyasının, habelə 73 saylı Lənkəran şəhər seçki dairəsinin 10 saylı seçki məntəqəsi məntəqə seçki komissiyasının tam tərkibdə buraxılması üçün əsaslar müəyyən edilmişdir.
Ona görə də, qeyd edilənlərlə bağlı müvafiq tədbirlər görülərək dairə seçki komissiyaları protokollarındakı məlumatlar ümumiləşdirilməklə seçkilərin nəticələri barədə Mərkəzi Seçki Komissiyasının protokolu tərtib edilməlidir. Bununla yanaşı, protokol təsdiq edilərək seçkilərə yekun vurulmalı, imzalandıqdan sonra dərc edilmə tələbinə də əməl edilməklə müvafiq sənədlərlə birlikdə seçkilərin nəticələrinin təsdiq olunması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilməlidir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 203.1-ci maddəsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə prezident seçkilərinə yekun vurur və seçkilərin nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Azərbaycan Respublikası Konstitusiyasının 102-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edir.
Seçki Məcəlləsinin 203.5-ci maddəsinə əsasən, prezident seçkilərinin nəticələri haqqında protokol imzalandıqdan sonra 24 saat müddətində dərc edilir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda göstərilənləri əsas götürərək Azərbaycan Respublikası Konstitusiyasının 102-ci, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 203.1-ci və 203.5-ci maddələrinə uyğun olaraq qərara alır:
1. 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkilərinə yekun vurulması ilə əlaqədar aparılmış araşdırmalar nəticəsində 57 saylı Kürdəmir seçki dairəsinin 2 saylı, 69 saylı Cəlilabad–Masallı–Biləsuvar seçki dairəsinin 26 saylı, 73 saylı Lənkəran şəhər seçki dairəsinin 10 saylı və 74 saylı Lənkəran kənd seçki dairəsinin 12 saylı seçki məntəqələri üzrə seçicilərin iradəsinin müəyyən olunmasına imkan verməyən qanun pozuntuları aşkar edildiyindən həmin seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.
2. 57 saylı Kürdəmir seçki dairəsinin 2 saylı və 73 saylı Lənkəran şəhər seçki dairəsinin 10 saylı məntəqə seçki komissiyaları tam tərkibdə buraxılsın.
3. Yuxarıdakılar nəzərə alınmaqla seçkilərin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasının protokolu tərtib edilsin.
4. Seçkilərin nəticələrinə dair protokol təsdiq edilməklə seçkilərə yekun vurulsun.
5. Protokol müvafiq sənədlərlə birlikdə seçkilərin nəticələrinin təsdiq olunması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilsin.
6. Protokol imzalandıqdan sonra 24 saat ərzində dərc edilsin (Əlavə edilir).
7. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.