Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 135 

Bakı şəhəri, 6 aprel 2018-ci il

Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 6 sentyabr tarixli 1593 nömrəli Fərmanının 3.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi əsasında publik hüquqi şəxs statuslu Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi yaradılsın.

2. “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin Nizamnaməsi” təsdiq edilsin (1 nömrəli əlavə).

3. “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin strukturu” təsdiq edilsin
(2 nömrəli əlavə).

4. Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzində (bundan sonra – Mərkəz) təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

4.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

4.1.1. Mərkəzin nizamnaməsinin və strukturunun təsdiq edilməsi;

4.1.2. işçilərin say həddinin və nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

4.1.3. Mərkəzin yenidən təşkili və ləğv edilməsi.

4.2. Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinə (bundan sonra – Agentlik):

4.2.1. inkişaf istiqamətlərinin müəyyən edilməsi, illik maliyyə hesabatlarının təsdiq edilməsi;

4.2.2. icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

4.2.3. təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi;

4.2.4. xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılmasına razılıq verilməsi.

5. Mərkəzin işçilərinin say həddi 13 ştat vahidi müəyyən edilsin.

6. Agentlik:

6.1. Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin balansındakı əmlakın yeni yaradılmış publik hüquqi şəxs statuslu Mərkəzin balansına verilməsini bir ay müddətində təmin etsin;

6.2. Mərkəzin balansındakı dövlət əmlakının qiymətləndirilərək, onun nizamnamə fondunda əksini tapması üçün müvafiq tədbirlərin bir ay müddətində görülməsini təmin etsin.

6.3. Mərkəzin fəaliyyətini təmin etmək məqsədi ilə bir ay müddətində Müşahidə Şurasının sədrini və üzvlərini, müəyyən edilmiş struktur və işçilərin say həddi daxilində Mərkəzin Nizamnaməsində müəyyən edilmiş icra orqanının rəhbərliyini təyin etsin və ştat cədvəlini təsdiq etsin;

6.4. bu qərardan irəli gələn digər məsələləri həll etsin.

7. Mərkəz dövlət qeydiyyatına alınması üçün bu qərarın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsin.

8. Agentlik Mərkəzin dövlət qeydiyyatına alındığı gündən üç gün müddətində bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının
 Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında