Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 107 

 Bakı şəhəri, 19 mart 2018-ci il

“Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil qrantının verilməsi Qaydaları, o cümlədən təhsil qrantının məbləği”nin təsdiq edilməsi haqqında

“Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 yanvar tarixli 3567 nömrəli Sərəncamının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil qrantının verilməsi Qaydaları, o cümlədən təhsil qrantının məbləği” təsdiq edilsin (əlavə olunur).

 

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.az və www.xalqqazeti.com saytlarında tanış ola bilərsiniz.

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2018-ci il 19 mart

tarixli 107 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

            

Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil qrantının verilməsi Qaydaları, o cümlədən təhsil

qrantının məbləği

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 yanvar tarixli 3567 nömrəli Sərəncamının 3.1-ci  bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tədris dilinə uyğun hazırlıq kurslarında və ali təhsilin bakalavriat, magistratura, doktorantura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) dövlət büdcəsindən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılan vəsait hesabına Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları olan təhsilalanların (bundan sonra – proqram iştirakçıları) təhsilinin təşkili məqsədi ilə təhsil qrantının verilməsi qaydalarını, o cümlədən təhsil qrantının məbləğini müəyyən edir.

1.2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə “Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 yanvar tarixli 3567 nömrəli Sərəncamının 1-ci hissəsi ilə təsis edilmiş təhsil qrantı proqramında (bundan sonra - proqram) iştirak edəcək ölkələri, ölkələr üzrə kvotaları, namizədlərin seçimi meyarlarını və bunlar əsasında qrant alacaq proqram iştirakçılarının siyahısını  hər il aprelin 1-dək növbəti tədris ili üçün müəyyən edir.

1.3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən seçimi həyata keçirilmiş və yekun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə təsdiq olunmuş siyahı üzrə Azərbaycan Respublikasının Təhsil Nazirliyi proqram iştirakçılarının təhsil alacaqları Azərbaycan Respublikasının ali təhsil müəssisələrini müəyyən edir və təhsil qrantı ilə əhatə olunan xərclərin müvafiq ali təhsil müəssisələri tərəfindən onlara ödənilməsini təmin edir.

 

2. Proqram iştirakçılarının xərcləri

 

2.1. Təhsil qrantı dövlət hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, yataqxana və ya mənzil kirayəsi, gündəlik qidalanma, tədris ədəbiyyatı ilə təminat, nəqliyyatdan (taksi xidmətindən başqa) istifadə, kommunal xidmətlər, tibbi yardım və ildə bir dəfə ölkələrindən gəliş-gediş xərclərini əhatə edir. Proqram çərçivəsində ödənişlər bu məqsədlə dövlət büdcəsindən ayrılan və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müvafiq ali təhsil müəssisəsinə köçürülən vəsait hesabına bu Qaydaların əlavəsi ilə müəyyən olunmuş məbləğdə həmin ali təhsil müəssisəsi vasitəsilə həyata keçirilir.

2.2. Təhsil haqqı ilə bağlı xərclərə təhsil dövrü üçün bakalavriat, magistratura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində təhsil haqqı və dil (tədris dilinə uyğun olaraq) hazırlığı kursları üzrə xərclər, həmçinin doktorantura səviyyəsi üçün təhsil haqqı və dil (tədris dilinə uyğun olaraq) hazırlığı kursları üzrə xərclərlə yanaşı, elmi tədqiqat xərcləri də aiddir.

2.3. Nəqliyyat xərclərinə proqram iştirakçılarının ildə bir dəfə (tədris ilinin əvvəlində Azərbaycan Respublikasına gəliş və tədris ilinin sonunda ölkələrinə gediş) Azərbaycan Respublikasına gəliş-gedişi üçün beynəlxalq reyslər üzrə təyyarə biletinin (“ekonom sinif” üzrə bir baqaj xərci ödənilməklə) alınması xərcləri aiddir.

2.4. Aylıq təqaüd xərcləri proqram iştirakçısının yataqxana və ya mənzil kirayəsi, gündəlik qidalanma, tədris ədəbiyyatı ilə təminat, ictimai nəqliyyatdan (taksi xidmətindən başqa) istifadə və kommunal xərclərini əhatə edir. Bu xərclər proqram iştirakçısı Azərbaycan Respublikasına daxil olduqdan etibarən təhsil müddətinin sonunadək olan dövrü əhatə edir. Aylıq təqaüdlər Azərbaycan Respublikasında ali təhsil pilləsinin təhsil səviyyələri üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti”nin 1.5-ci bəndi ilə müəyyənləşdirilmiş normativ müddətə uyğun olaraq, bu Qaydaların 3.2.3-cü yarımbəndində göstərilən hallar istisna olmaqla, hər tədris ili ən çoxu 10 (on) ay olmaqla ödənilir.

2.5. Tibbi yardım xərclərinə bu Qaydaların əlavəsi ilə müəyyənləşdirilmiş məbləğə uyğun Azərbaycan Respublikasında təhsil aldığı müddətdə proqram iştirakçısına göstərilən tibbi xidmət və dərman alınması xərcləri daxildir.

2.6. Viza və qeydiyyat xərclərinə proqram iştirakçılarının Azərbaycan Respublikasında vizanın alınması ilə bağlı xərcləri və proqram iştirakçılarının Azərbaycan Respublikasında müvəqqəti yaşama icazəsinin alınması xərcləri aiddir.

 

3. Proqram iştirakçılarının xərclərinin ödənilməsi

 

3.1. Hər bir proqram iştirakçısı proqram çərçivəsində nəzərdə tutulan xərclər və onların ödənilməsi proseduru barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ali təhsil müəssisələri tərəfindən məlumatlandırılır. Ali təhsil müəssisəsi ilə proqram iştirakçısı arasında bu Qaydaların tələblərinə müvafiq qaydada xərclərin ödənilməsi şərtlərini, eləcə də tərəflərin digər məsuliyyət və öhdəliklərini özündə əks etdirən, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş formaya uyğun müqavilə imzalanır. Proqram iştirakçılarının xərclərinin maliyyələşdirilməsi il ərzində müvafiq ali təhsil müəssisələrinin sifarişləri əsasında vəsaitin Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həmin ali təhsil müəssisələrinə köçürülməsi yolu ilə həyata keçirilir.

3.2.  Proqram iştirakçılarının xərclərinin ödənilməsi aşağıdakı prosedurlar əsasında həyata keçirilir:

3.2.1. hər il üçün təhsil haqqı ilə bağlı xərclərin ödənilməsi  ali təhsil müəssisəsinin təqdim etdiyi sifarişlər əsasında ildə 2 (iki) dəfə olmaqla, hər bir semestrin əvvəlində Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müvafiq ali təhsil müəssisələrinin hesabına köçürmə yolu ilə həyata keçirilir;

3.2.2. proqram iştirakçılarının nəqliyyat, viza və qeydiyyat xərcləri təqdim olunan müvafiq təsdiqedici sənədlər əsasında hesablanmaqla, Azərbaycan Respublikasının Təhsil Nazirliyinə göndərilən sifarişə uyğun olaraq ayrılan vəsait hesabına ali təhsil müəssisəsi tərəfindən ödənilir. Nəqliyyat, viza və qeydiyyat xərcləri proqram iştirakçısı tərəfindən ödənildiyi halda, həmin vəsaiti müvafiq təsdiqedici sənədlər əsasında ali təhsil müəssisəsi proqram iştirakçısının yerli bankdakı milli valyuta hesabına ödəyir. Əgər nəqliyyat və viza xərci ödəniş edilməli tarixdən öncə proqram iştirakçısı tərəfindən xarici valyuta ilə ödənilmişdirsə, bu halda nəqliyyat və viza xərcləri ona ödənişin rəsmiləşdirilməsi tarixinə olan rəsmi məzənnə əsasında manatla ödənilir;

3.2.3. bu Qaydaların 2.4-cü bəndində qeyd olunan proqram iştirakçısının aylıq təqaüdləri ali təhsil müəssisəsi tərəfindən hər ay onun yerli bankdakı milli valyuta hesabına köçürülür. Proqram iştirakçıları tədris ilinin sonunda fövqəladə hal və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində öz ölkələrinə gedə bilmədikdə və onların hər hansı maliyyə mənbəyi olmadıqda, bu zaman sözügedən fövqəladə hal və ya qarşısıalınmaz qüvvənin təsiri aradan qalxana və proqram iştirakçıları öz ölkələrinə gedənə qədər müvafiq ali təhsil müəssisəsinin vəsatəti əsasında onlara tam aylıq təqaüd ödənilir;

3.2.4. proqram iştirakçısı üçün Azərbaycan Respublikasında təhsil aldığı müddətdə nəzərdə tutulan tibbi yardım haqqının ödənilməsi müvafiq ali təhsil müəssisəsinin sifarişi əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyindən ayrılan vəsait hesabına həmin ali təhsil müəssisəsi tərəfindən təşkil edilir. Proqram iştirakçılarının tibbi yardımla bağlı xərcləri Azərbaycan Respublikasında təhsil aldıqları müddətdə proqram iştirakçılarını müqavilə əsasında müəyyən olunmuş qaydada tibbi xidmətlə təmin edən sığortaçı tərəfindən təqdim olunan, eləcə də digər təsdiqedici sənədlər əsasında ödənilir.

3.3. Müvafiq ali təhsil müəssisəsi hər semestrin sonunda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə və Azərbaycan Respublikasının Təhsil Nazirliyinə həmin semestrdə fənlər üzrə proqram iştirakçılarının aldıqları yekun qiymətlərin hesabatlarını təqdim etməlidir. Proqram iştirakçılarının təqdim edilən hesabatda əks olunan fənlər üzrə göstəriciləri 51 baldan aşağı olduğu təqdirdə, bu akademik müvəffəqiyyətsizlik hesab edilir və bu hal aradan qaldırılana qədər növbəti semestrlər üçün proqram iştirakçılarının xərclərinin ödənilməsi müvəqqəti olaraq dayandırılır. Bu zaman bütün xərclər proqram iştirakçısı, yaxud hər hansı fiziki və ya hüquqi şəxs tərəfindən ödənilir.

3.4. Proqram iştirakçılarının bir təhsil proqramından və ya bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, xaric edilməsi, akademik məzuniyyət alması və bərpa olunması məsələləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın 4.10-cu bəndinə uyğun olaraq tənzimlənir. Proqram iştirakçısı ali təhsil müəssisəsindən xaric edildikdə, təhsil müəssisəsi 3 (üç) iş günü ərzində bu barədə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə məlumat verməlidir.

3.5. Proqram iştirakçılarının təhsil müddətinin üzrlü (xəstəlik, ailə vəziyyəti və s.) və ya onlardan asılı olmayan səbəblərə görə uzadılması halında, onların və ya ali təhsil müəssisəsinin müraciəti əsasında yalnız 1 (bir) əlavə semestr üzrə xərclərin ödənişi həyata keçirilə bilər.

 

__________________

 

“Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları  üçün  Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil qrantının verilməsi Qaydaları, o cümlədən təhsil qrantının məbləği”nə

 

əlavə

 

Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində

verilən təhsil qrantının məbləği

                                                                                                      

                                                                                                                                                                                              (manatla)

 

Hazırlıq kursu və təhsil səviyyələri üzrə

təhsil haqqı

(illik maksimum məbləğ)

Aylıq təqaüd xərcləri (viza, qeydiyyat, yataqxana və ya mənzil kirayəsi, gündəlik qidalanma, zəruri tədris ədəbiyyatı ilə təminat, nəqliyyatdan (taksi xidmətindən başqa) istifadə, kommunal xidmətlər, ildə bir dəfə ölkələrinə gediş və gəliş)

 

 

 

 

İllik tibbi yardım

tədris dilinə uyğun

hazırlıq kursu

bakalavriat

magistratura

doktorantura

tibb təhsili üzrə əsas təhsil

rezidentura

2000

3000

3500

4000

3500

4000

800

200

 

 

  Qeyd. Proqram iştirakçılarının viza və qeydiyyat xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğlərə uyğun, nəqliyyat xərcləri isə faktiki xərclər üzrə təqdim olunan müvafiq təsdiqedici sənədlər əsasında ödənilir.

________________

          №-li nüsxə


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında