“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 968-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 968-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 15-1.3-cü maddəsinə uyğun olaraq, dövlət qulluqçusunun şəxsi işinin aparılmasının yeni qaydaları ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.3. həmin Qanunun 15-1.4-cü maddəsinə uyğun olaraq, dövlət qulluqçusunun şəxsi işinin aparılması ilə bağlı tələblərin pozulmasına görə inzibati məsuliyyət müəyyən edən qanun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.4. həmin Qanunun 15-2.3-cü maddəsinə uyğun olaraq, dövlət qulluqçusunun xidməti vəsiqəsinin nümunəsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.5. beynəlxalq təcrübə nəzərə alınmaqla “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın layihəsini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.7. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.8. bu Fərmanın 7-ci hissəsində nəzərdə tutulmuş proqram təminatının hazırlanması üçün tələb olunan vəsaitin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılması üçün tədbirlər görsün;
1.9. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Bu fərmanın 1.5-ci bəndində nəzərdə tutulmuş Strategiya layihəsi hazırlanarkən həmçinin aşağıdakı məsələlər nəzərə alınsın:
2.1. dövlət qulluğunda institusional islahatlar;
2.2. dövlət qulluğunda kadr siyasəti;
2.3. dövlət qulluğunda rotasiya;
2.4. dövlət qulluqçularının peşəkarlığının və səmərəliliyinin artırılması məqsədi ilə dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqi;
2.5. dövlət qulluqçularının fasiləsiz peşəkar inkişafının təmin edilməsi;
2.6. dövlət qulluğunun informasiya təminatı, o cümlədən elektron dövlət qulluğunun inkişaf etdirilməsi;
2.7. dövlət qulluqçularının stimullaşdırılması məqsədi ilə mütərəqqi motivasiya (həvəsləndirmə) sisteminin yaradılması.
3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında “İşçilərin Şəxsi İşlərinin Elektron Məlumat Sistemi” (bundan sonra – Sistem) yaradılsın.
4. Müəyyən edilsin ki:
4.1. Sistem proqram təminatı vasitəsilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının hər bir işçisi üçün elektron şəxsi iş qovluğunun yaradılmasını, şəxsi iş qovluğunda olan sənədlərin və məlumatların elektron qaydada tərtib olunmasını və aparılmasını, habelə Sistemdə olan məlumatların daim yenilənməsini təmin edir;
4.2. Sistemin administratoru funksiyasını Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirir, texniki təminatını və işlək vəziyyətdə olmasını Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, təhlükəsizliyini Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti təmin edir.
5. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası:
5.1. Sistemin proqram təminatının hazırlanmasını və tətbiqini təmin etsin;
5.2. “İşçilərin Şəxsi İşlərinin Elektron Məlumat Sistemi”ndən istifadə qaydalarını iki ay müddətində müəyyən etsin;
5.3. bu Fərmanın 7-ci hissəsində nəzərdə tutulmuş proqramın tətbiqi ilə bağlı zəruri tədbirlər görsün və görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi bu Fərmanın 4.2-ci və 5.1-ci bəndlərindən irəli gələn zəruri tədbirlərin görülməsini təmin etsin.
7. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılsın ki, Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi vəzifəli şəxslərin şəxsi iş qovluğunun elektron qaydada tərtib olunması və aparılması ilə bağlı müvafiq proqram təminatını həmin proqramın administratoru olan Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklifləri əsasında doqquz ay müddətində hazırlayıb Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etsin.
8. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 28; 2002, № 8, maddə 495; 2005, № 12, maddə 1111; 2007, № 12, maddə 1241; 2008, № 5, maddə 363; 2010, № 2, maddə 80; 2017, № 8, maddə 1518) 3.1-ci bəndində “maddəsində” sözü “, 15-1.3-cü və 15-2.3-cü maddələrində” sözləri ilə əvəz edilsin.
9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 fevral 2018-ci il
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.