“ASAN Viza” sisteminin inkişafı və təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN Viza” sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi:
1.1. “ASAN Viza” sisteminin idarə edilməsi, inkişafı və təkmilləşdirilməsinin özünümaliyyələşdirmə mexanizmi çərçivəsində həyata keçirilməsi məqsədi ilə həmin sistemin dövlət-özəl tərəfdaşlığı (Public-Private Partnership) prinsipi əsasında fəaliyyətini təmin etsin;
1.2. əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasına səfər etmək üçün elektron vizanın sürətləndirilmiş qaydada alınması ilə bağlı müraciət etdikdə belə müraciətlərə “ASAN Viza” sistemi vasitəsilə 3 saat ərzində baxılmasını təmin etsin;
1.3. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrə getməsi üçün zəruri vizaların “ASAN Viza” sistemi (“ASAN Viza 2.0”) vasitəsilə alınmasını təmin etmək üçün təkliflərini versin;
1.4. “ASAN Viza” sistemində bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan dəyişikliklərin aparılmasını təmin etsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 762) ilə təsdiq edilmiş “ASAN Viza” sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.2.3-cü yarımbənddə “dövlət rüsumunun” sözlərindən sonra “və digər ödənişlərin (bundan sonra ödənişlərin)” sözləri əlavə edilsin;
2.2. 1.2.4-cü yarımbənddə “müddətində” sözündən sonra “, həmin vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə 3 saat ərzində” sözləri əlavə edilsin;
2.3. 1.6-cı bənd üzrə:
2.3.1. birinci cümlədə “dövlət büdcəsi və normativ hüquqi aktlarla qadağan olunmayan digər” sözləri “normativ hüquqi aktlarla qadağan olunmayan” sözləri ilə əvəz edilsin;
2.3.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Sistemin saxlanılması, idarə edilməsi, fəaliyyəti və ya inkişafı dövlət-özəl tərəfdaşlığı prinsipinə uyğun olaraq özəl investisiyaların cəlb edilməsi yolu ilə həyata keçirildikdə, investisiya xərclərinin ödənilməsi Operatorla investor arasında qarşılıqlı razılıq əsasında şərtlər və ödənişlər müəyyən edilməklə həyata keçirilir.”;
2.4. 6.1.2.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“6.1.2.1. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sərhədkeçmə sənədlərinin fotoşəkil olan səhifəsinin skan edilmiş surəti və bu Əsasnamənin 7.4-cü bəndində qeyd edilən digər məlumatlar;”;
2.5. 6.1.3-cü bənddə “dövlət rüsumunun ödənilməsi” sözləri “ödənişlərin həyata keçirilməsi” sözləri ilə əvəz edilsin;
2.6. 7.3-cü bənddə “Əcnəbi” sözü “Bu Əsasnamənin 7.3-1-ci bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, əcnəbi” sözləri ilə əvəz edilsin;
2.7. Aşağıdakı məzmunda 7.3-1-ci bənd əlavə edilsin:
“7.3-1. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasına səfər etmək üçün elektron vizanın sürətləndirilmiş qaydada alınması ilə bağlı müraciət etdikdə belə müraciətə 3 saat ərzində baxılır.”;
2.8. 7.4-cü bənddə “ərizə-anket məlumatlarını” sözləri “məlumatları” sözü ilə əvəz edilsin;
2.9. 7.4.1-ci yarımbənddə “adı” sözü “digər adları” sözləri ilə əvəz edilsin;
2.10. 7.5-ci bənd aşağıdakı redaksiyada verilsin:
“Məlumatlar əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən yoxlanıldıqdan və təsdiqləndikdən sonra ona ödəniş imkanları təqdim olunur. Elektron vizanın verilməsinə görə müəyyən olunmuş ödənişlər Sistem vasitəsilə elektron qaydada həyata keçirilir.”;
2.11. 7.6-cı və 7.13-cü bəndlərdə “Dövlət rüsumu ödənildikdən” sözləri “Ödənişlər həyata keçirildikdən” sözləri ilə əvəz edilsin;
2.12. 7.7-ci bəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Bunun üçün həmin şəxslərin vətəndaşı olduqları və ya daimi yaşadıqları ölkə elektron viza verilən ölkələrin siyahısında olmalıdır.”;
2.13. 7.9-cu bənddə “rüsum ödəməklə” sözləri “ödənişləri həyata keçirməklə” sözləri ilə əvəz edilsin;
2.14. 7.11-ci bənddə “hüquqi şəxs” sözlərindən sonra “əldə etdiyi kod əsasında” sözləri əlavə edilsin;
2.15. 7.12-ci bənddə “dövlət rüsumu” sözləri “ödənişlər” sözü ilə əvəz edilsin;
2.16. 7.17-ci bəndə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Azərbaycan Respublikasına səfər etmək üçün elektron vizanın sürətləndirilmiş qaydada alınması ilə bağlı müraciət edildikdə isə elektron vizada ölkəyə daxil olma tarixi viza müraciətinin edildiyi tarixə müəyyən olunur.”;
2.17. 7.21-ci bənddə “və əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən çap edilərək Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən pasportla birgə təqdim olunur” sözləri “, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən elektron viza məlumatlarını sərhədkeçmə sənədi ilə birgə təqdim edir” sözləri ilə əvəz edilsin;
2.18. aşağıdakı məzmunda 7.24-cü bənd əlavə edilsin:
“7.24. Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində sərhədkeçmə sənədi ilə elektron vizada qeyd edilən məlumatlar arasında uyğunsuzluqlar aşkar edildikdə, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs məlumatlarda müvafiq düzəlişlər edərək vizanın təkrar alınması üçün həmin məntəqələrdə quraşdırılmış terminallar vasitəsilə müraciət edə bilər. Belə müraciətlərə baxılarkən bu Əsasnamənin təcili səfərlər üçün elektron viza alınması ilə bağlı müddəaları tətbiq edilir.”;
2.19. 8.2.1-ci yarımbənddə “nömrəsi” sözündən sonra “və maşınla oxuna bilən xüsusi kod” sözləri əlavə edilsin;
2.20. 8.2.2-ci yarımbənddə “maşınla oxuna bilən xüsusi kod” sözləri “ASAN Viza” təsviri” sözləri ilə əvəz edilsin;
2.21. 8.2.4-cü yarımbənddə:
2.21.1. “adı və atasının adı” sözləri “digər adları” sözləri ilə əvəz edilsin;
2.21.2. “yeri” sözündən sonra “, cinsi” sözü əlavə edilsin;
2.22. 8.2.6-cı yarımbənddə:
2.22.1. birinci abzasda “cümlələr” sözündən sonra “verilsin” sözü əlavə edilsin;
2.22.2. üçüncü abzasın birinci cümləsində “və sərhəd nəzarət-buraxılış məntəqəsindən keçərkən pasportla birgə təqdim olunur” sözləri “, dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən elektron viza məlumatları sərhədkeçmə sənədi ilə birgə təqdim edilir” sözləri ilə əvəz edilsin;
2.22.3. aşağıdakı məzmunda dördüncü və beşinci abzaslar əlavə edilsin:
“Elektron viza müraciətdə təqdim olunan məlumatlar əsasında verilir. Elektron vizadakı məlumatlar səyahət sənədindəki məlumatlara uyğun gəlmədiyi halda elektron viza etibarsız hesab edilir. Elektron viza almaq üçün edilən müraciətdə təqdim olunmuş məlumatlara görə müraciət edən şəxs birbaşa məsuliyyət daşıyır.
Siz Azərbaycan Respublikasının ərazisini ölkəyə daxil olarkən təqdim etdiyiniz elektron viza əsasında tərk etməlisiniz (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən ölkədə müvəqqəti olma müddətinin uzadıldığı və ya müvəqqəti yaşama icazəsinin verildiyi hallar istisna olmaqla).”;
2.23. həmin Əsasnaməyə əlavə aşağıdakı redaksiyada verilsin:
“ASAN Viza” sistemi
haqqında Əsasnaməyə
əlavə
Elektron viza blankının nümunəsi
Azərbaycan Respublikası / Republic of Azerbaijan
Elektron viza / Electronic visa
AE 000000000
|
Tarixdən/Valid from:
|
|
Tarixədək etibarlıdır/Valid until:
|
|
Vizanın növü/Type of visa:
|
|
Girişlərin sayı/Number of entries:
|
|
Səfərin məqsədi/Purpose of visit:
|
|
Qalma müddəti/Duration of stay:
|
|
Vizanı rəsmiləşdirən orqan/Visa issuing authority:
|
|
Şəxsi məlumatlar/Personal information
|
Soyadı/Surname:
|
|
Digər adları/Other names:
|
|
Vətəndaşlığı/Citizenship
|
|
Vətəndaşlığı olmayan şəxsin daimi yaşadığı ölkə/Country of habitual residence of a stateless person:
|
|
Doğum tarixi/Date of birth:
|
|
Doğum yeri/Place of birth:
|
|
Cinsi/Sex
|
|
Sərhədkeçmə sənədinə dair məlumatlar /Travel document’s information
|
Növü/Type:
|
|
Nömrəsi/Number:
|
|
Etibarlılıq müddəti/Date of expiration:
|
|
Qeydlər/Notes
|
This visa is a pre-entry permission for you to travel to, and seek entry, into the Republic of Azerbaijan. The entry may be refused in the cases prescribed by the Migration Code of the Republic of Azerbaijan.
Electronic visa is not sticked in passport and must be presented with passport at the border-control post. If the e-visa is not used within the period of validity, it becomes invalid.
Please note that e-visa is issued on the basis of provided information in the e-visa application and if the information on a travel document does not match with the information on issued e-visa, then the e-visa is invalid. Please note that an applicant is responsible for information provided in e-visa application form.
You must leave the territory of the Republic of Azerbaijan with the e-visa that was used to enter the country (except in cases when the period of temporary stay in the country is extended or a temporary residence permit is issued by the State Migration Service of the Republic of Azerbaijan).
|
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 iyun 2017-ci il
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.