“Elektron ipoteka” sistemi haqqında

Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 24 noyabr tarixli fərmanı ilə təsdiq edilmişdir

Ə S A S N A M Ə

 

1. Ümumi müddəalar

 

1.1. Bu Əsasnamə “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanına və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli 813 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron hökumət” portalı haqqında Əsasnamə”yə  uyğun olaraq hazırlanmışdır və “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin (bundan sonra –  ipoteka krediti) verilməsi məqsədi ilə “Elektron ipoteka” sisteminin (bundan sonra – elektron sistem) fəaliyyətinin təşkilinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

1.2. Elektron sistem “Elektron hökumət portalı”nda yaradılır və ona inteqrasiya edilir.

1.3. Elektron sistem Cəmiyyətin vəsaiti hesabına ipoteka kreditləşməsi sahəsində elektron xidmətlərin mərkəzləşdirilmiş qaydada təqdim olunmasına, istifadəçilərin onlardan istifadə etməsinə, iştirakçıların elektron sistemə qoşulmuş informasiya sistemləri və ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müvafiq sənədlər barədə  informasiya əldə olunmasına xidmət edir.

1.4. Elektron sistemin fəaliyyətinin təşkili, idarə olunması və inkişafı elektron sistemin operatoru (bundan sonra – Operator) kimi Cəmiyyət tərəfindən təmin edilir.

1.5. Elektron sistemin saxlanılma, fəaliyyət və inkişaf xərcləri  Cəmiyyətin hesabına və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

 

2. Əsas anlayışlar

 

2.1. Bu Əsasnamənin məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. elektron sistemin iştirakçıları – informasiya sistemləri və ehtiyatları portala qoşulmuş və elektron sistem vasitəsilə informasiya mübadiləsində iştirak edən dövlət qurumları;

2.1.2. elektron sistemin istifadəçiləri – Azərbaycan Respublikasının vətəndaşı olan ipoteka krediti almaq istəyən şəxslər, ipoteka kreditlərinin verilməsində iştirak edən müvəkkil banklar, sığortaçılar və qiymətləndiricilər;

2.1.3. elektron kabinet – elektron sistemin istifadəçisi tərəfindən müvafiq autentifikasiyadan keçməklə yaradılan, yalnız gücləndirilmiş elektron imza sertifikatı və (və ya) Cəmiyyət tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, istifadəçinin özü barədə olan məlumatlarla tanış olmasını və onları əldə etməsini, ödənişləri həyata keçirməsini, həmçinin onun sistemin iştirakçıları ilə qarşılıqlı əlaqəsini təmin edən xüsusi fərdi elektron səhifə;

2.1.4. kredit tarixçəsi – müvəkkil bank tərəfindən formalaşdırılan və ipoteka kreditinə, o cümlədən ipoteka krediti almaq istəyən şəxsin kredit üzrə öhdəliklərinin icrasına dair məlumatları əks etdirən sənədlər toplusu.

2.2. Bu Əsasnamədə istifadə olunan digər anlayışlar ipoteka kreditləşməsi sahəsində digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş mənaları ifadə edir.

 

3. Elektron sistemin məqsədi və fəaliyyət prinsipləri

 

3.1. Elektron sistemin tətbiqinin məqsədi ipoteka kreditlərinə çıxış imkanlarının sadələşdirilməsindən, ipoteka krediti almaq istəyən şəxslər üçün bərabər şərait yaradılmasından, müraciətlərə baxılma zamanı şəffaflığın və operativliyin təmin edilməsindən, habelə informasiya-kommunikasiya texnologiyalarının imkanlarından faydalanaraq tələb olunan sənədləri real vaxt rejimində əldə etməklə, sərf olunan vaxta və xərclərə qənaət olunmasına, göstərilən xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılmasına nail olmaqdan ibarətdir.

3.2. Elektron sistemin fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin     2013-cü il 5 fevral tarixli 813 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron hökumət” portalı haqqında Əsasnamə”də müəyyən olunmuş prinsiplər əsasında həyata keçirilir.

 

4. Elektron sistemin texniki-texnoloji infrastrukturu

 

4.1. Elektron sistemin texniki-texnoloji infrastrukturu aşağıdakı əsas komponentlərdən ibarətdir:

4.1.1. elektron sistemin proqram-texniki vasitələri;

4.1.2. “Elektron ipoteka” şlüzü;

4.1.3. telekommunikasiya kanalları;

4.1.4. elektron sistemin ehtiyat mərkəzi.

4.2. Elektron sistemin proqram-texniki vasitələri elektron xidmətlər göstərilməsini, istifadəçilərin onlardan istifadəsini, informasiya mübadiləsinin həyata keçirilməsini, portalın fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini təmin edir.

4.3. “Elektron ipoteka” şlüzü iştirakçıların informasiya sistemlərinin inteqrasiyasını, qarşılıqlı əlaqəsini, onlar arasında sorğular vasitəsilə informasiya mübadiləsinin aparılmasını və müvafiq məlumatlar əldə edilməsini təmin edir.

4.4. Elektron sistem onun fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, operativ və keyfiyyətli xidmət göstərilməsini, o cümlədən elektron informasiya mübadiləsini təmin edən dayanıqlı, mühafizə olunan, yüksəkötürücülü fiber-optik əsas və ehtiyat telekommunikasiya xətlərinə malikdir. Elektron sistem ipoteka kreditləri üzrə mərkəzləşdirilmiş informasiya sistemidir və ipoteka kreditləri üzrə ödənişlərin real vaxt rejimində qəbul edilməsini təmin edən ödəniş sistemlərinə inteqrasiya olunmalıdır.

4.5. Elektron sistemin fəaliyyətinin dayanıqlılığını və təhlükəsizliyini təmin etmək məqsədi ilə elektron sistemin alternativ ehtiyat mərkəzi yaradılır və elektron sistemin proqram-texniki vasitələrinin nüsxəsi bu mərkəzdə saxlanılır.

4.6. Elektron sistem oxşar interfeysə malik olan informativ və interaktiv hissələrdən ibarətdir. İnformativ hissə istifadə üçün daim açıqdır, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanının 5.1 – 5.3-cü, 5.6-cı və 5.8-ci bəndlərində nəzərdə tutulan məlumatlardan, informativ xidmətlərdən və interaktiv xidmətlər barədə məlumatlardan ibarətdir. Fərdi məlumatların mühafizəsi, habelə elektron sistem vasitəsilə həyata keçirilən əməliyyatların və istifadə olunan elektron xidmətlərin dəqiq və ünvanlı həyata keçirilməsi üçün interaktiv hissə gücləndirilmiş elektron imza sertifikatı və (və ya)  kod-parol ilə daxil olmağa imkan verən müxtəlif autentifikasiya mexanizmləri ilə təchiz olunmalıdır.

 

5. Təhlükəsizlik tədbirləri

 

5.1. Elektron sistemdə məlumatların işlənilməsi zamanı avtomatlaşdırılmış texniki vasitələrin işinin pozulmasına gətirib çıxaran təsirlərə yol verilməməlidir.

5.2. Məlumatların mühafizə səviyyəsinin daim nəzarətdə saxlanılması, onların təhlükəsizliyinə qarşı yönələn təhdidlərin müəyyən edilməsi və ehtimal edilən təhdidlərin neytrallaşdırılmasını təmin edən mühafizə sisteminin işlənib hazırlanması və daim təkmilləşdirilməsi elektron sistemin təhlükəsizliyinin vacib elementi olmalıdır.

5.3. Cəmiyyət məlumatlara qanunsuz müdaxilə faktlarının vaxtında aşkar edilməsi, qanunsuz müdaxilənin, məlumatların surətinin çıxarılmasının və (və ya) bu məlumatların onlarla işləməyə icazəsi olmayan şəxslərə ötürülməsinin qarşısının alınması, dəyişdirilmiş və ya məhv edilmiş məlumatların dərhal bərpası imkanının olmasını təmin etməlidir.

5.4. Elektron sistem üzrə məlumatların təhlükəsiz şəkildə yazılması, sistemləşdirilməsi, yenilənməsi, dəyişdirilməsi, çıxarılması, adsızlaşdırılması, saxlanılması, ötürülməsi, məhv edilməsi üçün mühafizə vasitələrinin və üsullarının istismar və texniki sənədlərə uyğunluğu barədə müvafiq sənəd olmalı, onlar istismar və texniki sənədlərə uyğun quraşdırılmalı və istismara verilməlidir.

 

6. Elektron sistemin funksiyaları

 

6.1. Elektron sistem vasitəsilə aşağıdakılar təmin edilir:

6.1.1. ipoteka kreditinin alınması üçün tələb olunan sənədlərin siyahısı və şərtlər barədə məlumatın olması;

6.1.2. ipoteka krediti almaq istəyən şəxsin imkanının ipoteka kalkulyatoru vasitəsilə ilkin olaraq müəyyənləşdirilməsi;

6.1.3. hər bir müvəkkil bank üzrə ipoteka kreditinin alınması üçün ipoteka krediti almaq istəyən şəxsin ödəməli olduğu xidmət haqqının, habelə hər bir qiymətləndiricinin xidmətləri üzrə xidmət haqqının məbləğləri barədə məlumatın olması;

6.1.4. ipoteka krediti almaq istəyən şəxsin müvəkkil banka elektron müraciətinin real vaxt rejimində göndərilməsi, qeydiyyata alınması və münasib görüş vaxtının təyin edilməsi;

6.1.5. ipoteka kreditinin alınması üçün tələb olunan və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanının 7.2.1 – 7.2.7-ci, habelə bu Əsasnamənin 6.2.7 – 6.2.9-cu yarımbəndlərində nəzərdə tutulmuş məlumatların alınması;

6.1.6. ipoteka krediti almaq üçün müraciət etmiş şəxs üçün elektron kabinetin yaradılması;

6.1.7. ipoteka krediti almaq üçün müraciət etmiş şəxslərin müvəkkil bank (banklar) tərəfindən vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatının aparılması;

6.1.8. ödənişlərin, o cümlədən annuitet və sığorta ödənişlərinin elektron formada həyata keçirilməsi imkanının yaradılması;

6.1.9. Cəmiyyət ilə müvəkkil banklar arasında maliyyələşdirilmiş ipoteka kreditləri üzrə məlumat mübadiləsinin təşkil edilməsi;

6.1.10. ipoteka kreditlərinə zəmanət verilməsi mexanizminin təmin edilməsi.

6.2. Elektron sistemin fəaliyyəti ilə əlaqədar Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən müvafiq dövlət qurumlarının informasiya sistemlərindən aşağıda qeyd olunan məlumatların elektron sistemə ötürülməsi təmin edilir:

6.2.1. ipoteka krediti almaq istəyən şəxsin şəxsiyyətini təsdiq edən sənəd üzrə məlumatlar;

6.2.2. ipoteka krediti almaq istəyən şəxsin nikah (və ya nikahın pozulması) haqqında şəhadətnaməsi üzrə məlumatlar;

6.2.3. ipoteka krediti almaq istəyən şəxsin (birgə borcalanın) iş yerini və gəlirlərini təsdiq edən məlumatlar;

6.2.4. ipoteka krediti almaq istəyən şəxsin ailə tərkibi barədə məlumatlar;

6.2.5. ipoteka krediti almaq istəyən şəxsin vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi;

6.2.6. ipoteka krediti almaq istəyən şəxsin mərkəzləşdirilmiş kredit reyestrindən məlumatları;

6.2.7. ipoteka qoyulan daşınmaz əmlakla bağlı dövlət reyestrindən məlumatlar;

6.2.8. güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olan şəxslər barədə məlumatlar;

6.2.9. ipoteka krediti almaq istəyən şəxsin sosial sığorta ödənişləri barədə məlumatlar.

 

7. Elektron sistemin Operatorunun funksiyaları

 

7.0. Operator elektron sistemin fəaliyyətini təmin etmək üçün aşağıdakı funksiyaları həyata keçirir:

7.0.1. elektron sistemin fəaliyyətini təşkil etmək, onun vasitəsilə iştirakçıların və istifadəçilərin dayanıqlı, etibarlı və təhlükəsiz məlumat mübadiləsi aparmasını təmin etmək;

7.0.2. elektron sistemə qoşulan informasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin dayanıqlı və etibarlı fəaliyyətinin təmin olunmasını iştirakçılardan tələb etmək;

7.0.3. elektron sistemə qoşulacaq informasiya sistemləri və ehtiyatları müəyyən edilmiş texniki tələblərə cavab vermədiyi hallarda, onlarda zəruri dəyişiklik və təkmilləşdirmə aparılmasını iştirakçılardan tələb etmək;

7.0.4. müəyyən edilmiş texniki tələblərə uyğun olmayan informasiya sistemləri və ehtiyatlarının elektron sistemə qoşulmasından imtina etmək;

7.0.5. elektron sistemdən istifadə qaydaları barədə iştirakçıları və istifadəçiləri məlumatlandırmaq və metodiki köməklik göstərmək;

7.0.6. elektron sistemin komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və saxlanılmasını təmin etmək, tərtib olunmuş qrafik üzrə müvafiq profilaktik işlər aparmaq;

7.0.7. elektron sistemin iştirakçılarına informasiya sistemləri arasında informasiya mübadiləsinin sistem vasitəsilə həyata keçirilməsi üzrə təkliflər vermək, həmin təkliflər qəbul edildiyi halda onların həyata keçirilməsində iştirak və yerinə yetirilməsinə nəzarət etmək;

7.0.8. elektron sistemə ötürülən məlumatların etibarlılığını, əlçatanlığını, təhrifolunmazlığını və konfidensiallığını təmin etmək;

7.0.9. elektron sistemin iştirakçıları tərəfindən sistemə ötürülən məlumatların tamlığına, həmin məlumatların sistemə qanunla müəyyən edilmiş qaydada və müddətdə ötürülməsinə nəzarət etmək;

7.0.10. elektron sistemə qoşulmuş informasiya sistemləri və ehtiyatları ləğv edildikdə, mülkiyyətçisi dəyişdikdə və ya digər dəyişikliklər olduğu halda müvafiq tədbirlər görmək;

7.0.11. əsas avadanlıqlarda hər hansı bir qəza (xəta) baş verdiyi halda elektron sistemin iştirakçılarını bu barədə məlumatlandırmaq, dərhal onun aradan qaldırılması üçün müvafiq tədbirlər görmək, baş vermiş qəzanın (xətanın) qısa müddət ərzində aradan qaldırılması mümkün olmadıqda, portalın ehtiyat mərkəzinin fəaliyyətə başlamasını təmin etmək;

7.0.12. elektron sistemdən istifadə və sistemin funksiyaları ilə bağlı maarifləndirmə və məlumatlandırma işi aparmaq;

7.0.13. qanunla müəyyən edilmiş qaydada informasiya təhlükəsizliyini təmin etmək və fərdi məlumatların mühafizəsini təşkil etmək.

 

8. Elektron sistemdən  istifadə imkanları

 

8.0. Elektron sistemin istifadəçiləri elektron sistemdən aşağıdakı istifadə imkanlarına malikdirlər:

8.0.1. ipoteka krediti almaq istəyən şəxslər:

1. elektron kabinet yaratmaq;

2. ipoteka kreditinin alınması üçün tələb olunan sənədlərin siyahısı və şərtlər barədə məlumat almaq;

3.     imkanını ipoteka kalkulyatoru proqramı vasitəsilə ilkin olaraq müəyyənləşdirmək;

4. müvəkkil banka elektron müraciəti real vaxt rejimində göndərmək;

5. ödənişləri elektron formada həyata keçirmək;

8.0.2. müvəkkil banklar:

1. ipoteka krediti almaq istəyən şəxslərin müraciətlərini növbəlik əsasında qeydiyyata almaq;

2. ipoteka krediti almaq istəyən şəxslə münasib görüş vaxtını təyin etmək;

3. ipoteka kreditinin verilməsinə dair ilkin razılıq və ya əsaslandırılmış imtina barədə qərar qəbul edildiyi gün bunu ipoteka krediti almaq istəyən şəxsə bildirmək;

4. ipoteka krediti almış şəxslərin kredit tarixçəsini yaratmaq, redaktə etmək, kredit tarixçəsi üzrə sənədlərin surətlərini elektron sistemə daxil etmək;

5. ipoteka kreditinin alınması üçün tələb olunan və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanının 7.2.1 – 7.2.7-ci, habelə bu Əsasnamənin 6.2.7 – 6.2.9-cu yarımbəndlərində nəzərdə tutulmuş məlumatları almaq;

6. ipoteka kreditinin ilkin və yenidən maliyyələşdirilməsi üçün Cəmiyyətə müraciət etmək və tələb olunan sənədlərin surətlərini Cəmiyyətə təqdim etmək;

7. elektron sistem üzrə aidiyyəti statistik məlumatlardan və hesabatlardan istifadə etmək;

8.0.3. sığortaçılar:

1. ipoteka krediti almaq istəyən şəxslərin Azərbaycan Respublikası ­Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 3.1.16-cı yarımbəndində nəzərdə tutulmuş sığorta müqavilələrinə dair məlumatları elektron sistemə daxil etmək;

2. elektron sistem üzrə aidiyyəti statistik məlumatlardan və hesabatlardan istifadə etmək;

8.0.4. qiymətləndiricilər:

1.  yaşayış sahəsinin qiymətləndirmə aktını müraciət edən şəxsə təqdim etmək və elektron sistemdə yerləşdirmək;

2. elektron sistem üzrə aidiyyəti statistik məlumatlardan və hesabatlardan istifadə etmək.

 

9. Elektron sistemin fəaliyyətinin təşkili

 

9.1. Elektron sistem “Elektron hökumət” portalına inteqrasiya olunmaqla fəaliyyət göstərir.

9.2. İpoteka krediti almaq istəyən şəxslər elektron sistemə gücləndirilmiş elektron imza sertifikatı və (və ya) Operator tərəfindən verilən kod-parol ilə daxil olurlar.

9.3. Bu Əsasnamənin 9.2-ci bəndində qeyd olunan şəxslər istisna olmaqla, elektron sistemin digər istifadəçilərinin informasiya sistemlərinin və ehtiyatlarının elektron sistemə qoşulması onların bu Əsasnamənin əlavəsindəki formaya uyğun olaraq Operatora ünvanlandığı ərizə əsasında həyata keçirilir.

9.4. Ərizə Operatora daxil olduqdan sonra,  ərizəçinin informasiya sistemlərinin və ehtiyatlarının elektron sistemə qoşulmasına və təhlükəsizliyinin təmin edilməsinə dair texniki imkanları 10 (on) iş günü müddətində Operator tərəfindən yoxlanılır.

9.5. Yoxlamanın nəticəsi müsbət olduqda, Operatorla elektron sistemə qoşulmaq üçün müraciət etmiş qurum arasında müqavilə bağlanılır və belə istifadəçinin elektron sistemlə qarşılıqlı fəaliyyəti müəyyən edilmiş texniki tələblər əsasında bağlanan bu müqavilə ilə tənzimlənir.

9.6. Elektron sistemə qoşulma haqqında müqavilədə aşağıdakılar göstərilməlidir:

9.6.1. elektron sistemin istifadəçisi olan qurumun adı;

9.6.2. elektron sistemin istifadəçisinin sistemə qoşulan informasiya sisteminin və ehtiyatının adı;

9.6.3. elektron sistemin istifadəçisinin sistemə ötürdüyü məlumatların siyahısı;

9.6.4. elektron sistemin texniki infrastrukturuna məsul şəxs haqqında məlumat;

9.6.5. tərəflərin hüquq və vəzifələri;

9.6.6. tərəflərin məsuliyyəti və mübahisələrin həlli qaydası;

9.6.7. tərəflərin mühüm hesab etdiyi digər müddəalar.

9.7. İnformasiya sistemləri və ehtiyatları yoxlanılmaq üçün elektron sistemin test bölməsinə qoşulduqdan və test bölməsində yoxlanıldıqdan sonra, Operatorun uyğunluğa dair rəyinə əsasən müəyyən edilmiş texniki tələblərə cavab verdikdə, onların 7 (yeddi) iş günü müddətində elektron sistemə qoşulması təmin edilir.

9.8. Həmin texniki tələblərə cavab verməyən informasiya sistemləri və ehtiyatları Operatorun əsaslandırılmış tələbinə uyğun olaraq onların sahibi tərəfindən zəruri texniki tədbirlər və təkmilləşdirmələr aparıldıqdan sonra sistemə qoşulur.

9.9. İnformasiya sistemləri və ehtiyatları, elektron sistemin istifadəçiləri və  ya iştirakçıları (hüquqi varisi olmadan) ləğv edildikdə, onlar sistemdən ayrılır. Bu halda Operatorla elektron sistemin istifadəçisi və ya iştirakçısı arasında 3 (üç) iş günü müddətində qarşılıqlı məlumatlandırma (bildirişin göndərilməsi) həyata keçirilir.

9.10. Elektron sistemin istifadəçisi və iştirakçısı elektron sistemə qoşulmuş informasiya sistemləri və ehtiyatları vasitəsilə təqdim olunan məlumatların məzmununa, dəqiqliyinə, tamlığına və etibarlılığına görə məsuliyyət daşıyır.

9.11. Elektron sistemin istifadəçisi normativ hüquqi aktların tələblərini, müqavilənin şərtlərini pozduqda və ya sistemin fəaliyyətini ləngidəcək, dayandıracaq və ya ona zərər vura biləcək davranışlara yol verdikdə, Operator tərəfindən onun sistem üzrə fəaliyyəti bu nöqsanlar aradan qaldırılanadək dayandırılır.

 

10. Yekun müddəalar

 

10.1. Elektron sistemin fəaliyyəti ilə əlaqədar tələb olunan məlumatlar elektron sistemə inteqrasiya olunmuş informasiya sistemlərindən və informasiya ehtiyatlarından ödənişsiz şərtlərlə əldə edilir. 

10.2. Elektron sistemə inteqrasiya olunmuş dövlət qurumlarının informasiya sistemlərinin və informasiya ehtiyatlarının məlumatlarından istifadə elektron sistemin istifadəçiləri üçün ödənişsiz əsaslarla təşkil edilir.

10.3. Elektron sistem vasitəsilə ipoteka kreditinin verilməsinə dair bu Əsasnamə ilə tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na və Cəmiyyətin ipoteka kreditləşməsini tənzimləyən digər qaydalarına uyğun tənzimlənir.

 

“Elektron ipoteka” sistemi haqqında
Əsasnaməyə Əlavə

İnformasiya sistemlərinin və ehtiyatlarının
“Elektron ipoteka” sisteminə qoşulması üçün
Ərizə

 

 

 

1. Sistemin istifadəçisi haqqında məlumat

İstifadəçinin adı

 

Hüquqi ünvanı

 

Faktiki ünvanı

 

İnformasiya sisteminin tam adı

 

İnformasiya ehtiyatının tam adı

 

İnformasiya sisteminin yoxlanılmasına dair məlumat

yoxlamanın aparıldığı tarix

yoxlamanın nəticəsinə dair rəy (müvafiq cavabı qeyd etməli)

__ __________ 20___ il

müsbət                mənfi

2. Əlaqə məlumatları

 

Soyadı, adı, atasının adı

İş telefonu

Mobil telefonu

Elektron poçt ünvanı

(e – mail)

Qoşulma üzrə məsul şəxs

 

 

 

 

İstifadəçinin texniki dəstəyinin təmin olunmasına məsul şəxs

 

 

 

 

 

 

 

 

           

3. Səlahiyyətli vəzifəli şəxs        

 

Soyadı, adı, atasının adı ___________________

Vəzifəsi ________________________

İmza ______________________

Tarix: “___” ______________ 20 ____il

M.Y.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında