Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№415

 

“Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 221 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 4, maddə 440, № 11, maddə 1513; 2015, № 5, maddə 665; 2016, № 2, maddə 615, №5, maddə 955; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 1 sentyabr tarixli 335 nömrəli qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci hissəyə aşağıdakı məzmunda 2.1.4-1 – 2.1.4-8-ci və 2.1.26-1-ci yarımbəndlər əlavə edilsin:

“2.1.4-1. bazar – müəyyən ərazidə daimi fəaliyyət göstərən, malların satışı və xidmətlərin göstərilməsi üçün ayrılmış ticarət yerlərinə malik əmlak kompleksi;

2.1.4-2. topdansatış bazarı - ticarət yerlərinin 80 faizdən çoxunu topdansatış yerləri təşkil edən bazar;

2.1.4-3. pərakəndə satış bazarı - ticarət yerlərinin 80 faizdən çoxunu pərakəndə satış yerləri təşkil edən bazar;

2.1.4-4. kənd təsərrüfatı məhsulları bazarı - ticarət yerlərinin 80 faizdən çoxu kənd təsərrüfatı məhsullarının satışına ayrılmış ixtisaslaşdırılmış bazar;

2.1.4-5. yaşıl market – yalnız bitkilərin, bitkiçilik məhsullarının və heyvan mənşəli məhsulların satışını həyata keçirən ticarət obyekti;

2.1.4-6. fermer mağazası – yerli fermer, ailə kəndli və ev təsərrüfatları tərəfindən istehsal olunmuş məhsulların satışının həyata keçirildiyi ixtisaslaşdırılmış ticarət obyekti (mağaza);

2.1.4-7. yarmarka – müəyyən edilmiş ərazidə və müddətdə malların satışı (işlərin görülməsi, xidmətlərin göstərilməsi) məqsədi ilə təşkil edilən tədbir;

2.1.4-8. kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkaları – müəyyən edilmiş ərazidə və müddətdə kənd təsərrüfatı və ərzaq məhsullarının satışı (işlərin görülməsi, xidmətlərin göstərilməsi) məqsədi ilə təşkil edilən tədbir;

2.1.26-1. baytarlıq şəhadətnaməsi - malların, о cümlədən heyvan mənşəli məhsulların və xammalın baytarlıq-sanitariya ekspertizasından keçirilməsi barədə müəyyən olunmuş qaydada və nümunədə hazırlanan və müvafiq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təsdiq edilən rəsmi sənəd;”.

2. 3.3-cü bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Fermer mağazalarının lövhələrində əlavə olaraq xüsusi tanıdıcı və fərqləndirici loqotip yerləşdirilməlidir.”.

3. 3.10-cu bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Yaşıl marketlər əlavə olaraq anbar, laboratoriya, avtopark kimi infrastruktura və sertifikatlaşdırılmış ekoloji təmiz kənd təsərrüfatı məhsullarının satışı üçün xüsusi bölmələrə malik olmalıdır.”.

4. 19.1-ci bəndə “pərakəndə satışı” sözlərindən sonra “pərakəndə satış bazarlarında, kənd təsərrüfatı məhsulları bazarlarında, yaşıl marketlərdə, fermer mağazalarında, yarmarkalarda,” sözləri əlavə edilsin.

5. Aşağıdakı məzmunda 20-1-ci hissə əlavə edilsin:

“20-1. Yarmarkaların təşkili

20-1.1. Yarmarkalar yerli icra hakimiyyəti orqanları tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq həmin orqan tərəfindən təşkil olunur. Yarmarkaların təşkil edilməsi üzrə tədbirlər planında yarmarkanın keçiriləcəyi ərazinin və tarixin seçilməsi, satış yerlərinin sxeminin hazırlanması, ticarətin təşkili ilə bağlı xidmətlərin göstərilməsi (ərazinin təmizlənməsi (yığışdırılması), baytarlıq-fitosanitar və sanitar-epidemioloji nəzarət tədbirlərinin görülməsi) və digər müddəalar nəzərdə tutulur.

20-1.2. Kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkaları hər həftənin şənbə və bazar günləri, habelə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təklifi əsasında bayram günləri və digər əlamətdar hadisələrlə bağlı müəyyən edilən günlərdə keçirilir.

20-1.3. Mərkəzi icra hakimiyyəti orqanı, hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs yarmarkanın təşkil edilməsi və keçirilməsi ilə bağlı yerli icra hakimiyyəti orqanına müraciət etməlidir. Yerli icra hakimiyyəti orqanı daxil olmuş müraciətə baxaraq, 5 (beş) iş günü müddətində müvafiq qərar qəbul etməlidir.

20-1.4. Yerli icra hakimiyyəti orqanları bu Qaydaların 20-1.1-ci bəndində nəzərdə tutulan məlumatları əks etdirən tədbirlər planını yarmarkanın keçiriləcəyi tarixdən ən azı 30 gün əvvəl təsdiq etməlidirlər.

20-1.5. Yerli icra hakimiyyəti orqanları sahibkarlıq fəaliyyəti ilə məşğul olan müvafiq hüquqi şəxsləri (özəl biznes strukturlarını) yarmarkaların təşkilinə və keçirilməsinə geniş cəlb etməlidirlər.

20-1.6. Yarmarkanın təşkilatçısı müraciət edən mərkəzi icra hakimiyyəti orqanı, hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə birlikdə yarmarkanın təşkil edilməsi və orada məhsul satışı (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üzrə tədbirlər planını hazırlayıb təsdiq etməli, yarmarkanın dislokasiyasını, iş rejimini, satılacaq məhsulların növünü və satış yerlərini müəyyənləşdirməli, kütləvi informasiya vasitələrində və internet saytlarında yarmarkanın keçirilməsi barədə məlumat verməli, satıcıları satış yerləri, ölçmə vasitələri ilə təmin etməli və yarmarkanın keçirilməsi ilə əlaqədar digər xidmətlərin (ərazinin təmizlənməsi (yığışdırılması), baytarlıq-fitosanitar və sanitar-epidemioloji nəzarət tədbirlərinin görülməsi və s.) göstərilməsini təşkil etməlidir.

20-1.7. Yarmarkanın ərazisində nəzarət ölçmə vasitələrinin quraşdırılması və satılan məhsulların qiymətləri ilə bağlı məlumat lövhələrinin qoyulması yarmarkanın təşkilatçısı tərəfindən təmin olunmalıdır.

20-1.8. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən keçirilən kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkalarının iştirakçılarından (satıcılardan) iştirakla bağlı heç bir haqq tələb olunmur. Kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkalarının təşkili ilə bağlı tələb olunan vəsait Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ərzaq təhlükəsizliyinin təmin edilməsi tədbirləri üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir.

20-1.9. Yarmarkanın keçirilməsi üçün müraciət edən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda, tələb olunan xərclər yarmarkanın təşkilatçısı ilə razılaşdırılmaqla, onun vəsaiti hesabına maliyyələşdirilir.

20-1.10. Yarmarkanın keçiriləcəyi ərazi baytarlıq-fitosanitar, sanitar-epidemioloji və ekoloji nəzarət qaydaları və normalarına, yanğından mühafizə qaydalarına uyğun olmalı və əhalinin gediş-gəlişi üçün rahat yerdə olmalıdır.

20-1.11. Yarmarkaların mədəniyyət, idman, təhsil və səhiyyə müəssisələrinin, avtovağzal, dəmiryol və dəniz vağzallarının ərazilərində, eləcə də yolun hərəkət istiqamətində və yaşıllıq ərazilərində keçirilməsinə yol verilmir.

20-1.12. Yarmarkada satılacaq məhsulların yerləri satış yerlərinin sxeminə uyğun olaraq nömrələnməlidir. Satış yerlərinin sxemi və onların sayı barədə məlumatlar yarmarkada hamının aydın görə biləcəyi yerdə asılmış məlumat lövhəsində əks olunmalıdır.

20-1.13. Yerli icra hakimiyyəti orqanı tərəfindən yarmarkanın keçirilməsi barədə məlumatlar əsasında yarmarkaların reyestri hazırlanır və mütəmadi olaraq yenilənir.

20-1.14. Kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkalarının təşkilinə və onların fəaliyyətinə ümumi nəzarəti Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, digər məhsullar üzrə təşkil olunan yarmarkalara isə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları həyata keçirirlər.”.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri

Bakı şəhəri, 19 oktyabr 2016-cı il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında