Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir
Əlavə 1
Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi
1. Ümumi müddəalar
1.1. Bu Qayda xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissəsini və ödənilmə mexanizmini müəyyən edir.
1.2. Azərbaycan mənşəli qeyri-neft məhsullarının (bundan sonra – qeyri-neft məhsulları) ixracatçısı olaraq Azərbaycan Respublikasında vergi ödəyicisi kimi uçota alınmış fiziki və hüquqi şəxslər (bundan sonra – ixracatçı) bu Qaydada müəyyən olunmuş dəstək tədbirlərindən istifadə etmək hüququna malikdirlər.
1.3. Bu Qayda xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının 27-ci mal qrupuna (mineral yanacaq, neft və onların qovulma məhsulları, bitum tərkibli maddələr, mineral mumlar) daxil olan məhsullara, eləcə də dövlət mülkiyyətində olan və ya səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə (bu Qaydanın 4.7-ci bəndi istisna olmaqla) şamil edilmir.
1.4. Bu Qaydada nəzərdə tutulmuş dəstək tədbirlərinin maliyyələşdirilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Dəstək tədbirlərinin təşkili və dəstək məbləğinin ödənilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilir.
1.5. Bu Qaydada (4.4-cü bənd istisna olmaqla) nəzərdə tutulmuş dəstək tədbirlərində iştirak edəcək ixracatçılar Nazirlik tərəfindən keçirilən müsabiqə əsasında seçilir. Müsabiqənin təşkili və keçirilmə qaydasını Nazirlik müəyyən edir.
1.6. Bu Qaydada nəzərdə tutulmuş dəstək məbləğinin ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir.
1.7. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.7.1. ixracatçı – malları ixrac edən şəxs;
1.7.2. dəstək tədbiri – xarici ölkələrə ixrac missiyalarının təşkili, xarici bazarların araşdırılması və marketinq fəaliyyəti, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, ixracla bağlı xarici ölkələrdə sertifikat və patent alınması, tədqiqat-inkişaf proqram və layihələrinin həyata keçirilməsi;
1.7.3. dəstək məbləği – dəstək tədbirinin həyata keçirilməsi üçün ödənilən maliyyə vəsaiti;
1.7.4. ixrac missiyası – qeyri-neft məhsullarının yeni ixrac bazarlarına çıxış imkanlarını aşkar etmək və mövcud ixrac bazarlarında ixracatçıların biznesini daha da genişləndirmək üçün təşkil edilən fəaliyyət;
1.7.5. bazar araşdırması – qeyri-neft məhsullarının və ya məhsul qruplarının ixracı üçün yeni və mövcud ixrac bazarlarına çıxış imkanlarının tədqiqi məqsədi ilə təşkil edilən fəaliyyət;
1.7.6. tədqiqat-inkişaf proqramı – ixracyönümlü yeni məhsulun və ya istehsal texnologiyalarının yaradılması və inkişaf etdirilməsi, habelə mövcud məhsulun istehsal xərclərinin azaldılması və əlavə dəyərinin artırılması məqsədi ilə həyata keçirilən fəaliyyət.
2. İxrac missiyalarının təşkili
2.1. Azərbaycan Respublikasının iqtisadi və ticarət əlaqələri, qeyri-neft məhsullarının ixrac potensialı, habelə ixracatçılardan daxil olmuş müraciətlər nəzərə alınmaqla, ixrac missiyalarının tarixi və səfər ediləcək xarici ölkələr Nazirlik tərəfindən müəyyən edilir və onun rəsmi internet saytında yerləşdirilir.
2.2. Hər ixrac missiyasının müddəti 4 (dörd) gündən və hər ixrac missiyasında iştirak edən ixracatçıların sayı 20 (iyirmi) nəfərdən artıq ola bilməz. Hər ixrac missiyasında ixracatçı bir nümayəndə ilə təmsil edilə bilər.
2.3. Bu Qaydaya əsasən təşkil edilən ixrac missiyasının sayı təqvim ili ərzində 10-dan (ondan) çox ola bilməz.
2.4. İxrac missiyasında iştirak edən ixracatçıların xarici ölkəyə səfəri ilə bağlı təşkilati işlər (mehmanxana, nəqliyyat (taksi istisna olmaqla), tərcümə xidmətləri, görüş yerlərinin və avadanlıqların icarəsi) Nazirlik tərəfindən təmin edilir.
3. Bazar araşdırmasına dəstək
3.1. Bazar araşdırması ixracatçıların sifarişi əsasında həyata keçirilir.
3.2. Bazar araşdırmasının keçirilməsi ilə bağlı ixracatçılardan daxil olmuş sifarişlərin qiymətləndirilməsi meyarlarını Nazirlik müəyyən edir.
3.3. Bazar araşdırması Nazirliyin təşkil etdiyi müsabiqə əsasında seçilən ixtisaslaşmış yerli və xarici hüquqi və fiziki şəxslərlə bağlanan müqavilə əsasında həyata keçirilir. Müsabiqənin təşkili və keçirilmə qaydasını Nazirlik müəyyən edir.
3.4. Hər bir bazar araşdırmasına görə ödənilən dəstək məbləği 20 000 (iyirmi min) manatdan artıq ola bilməz.
3.5. Bazar araşdırmasının nəticələri barədə sifariş vermiş ixracatçıya məlumat verilir və həmin nəticələr Nazirliyin rəsmi internet saytında yerləşdirilir.
4. “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi və marketinq fəaliyyətinin dəstəklənməsi
4.1. “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi və marketinq fəaliyyətinin dəstəklənməsi aşağıdakı tədbirlərdən ibarətdir:
4.1.1. beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə iştirak;
4.1.2. beynəlxalq sərgi və yarmarkalarda fərdi qaydada iştirak;
4.1.3. dövlət mülkiyyətində olan və ya səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər vasitəsilə “Made in Azerbaijan” brendinin təşviqi;
4.1.4. xarici ölkələrdə fəaliyyət göstərən mağazalarda, o cümlədən rüsumsuz ticarət (“duty free”) mağazalarında “Made in Azerbaijan” rəflərinin təşkili;
4.1.5. xarici ölkələrin ictimai yerlərində və kütləvi informasiya vasitələrində “Made in Azerbaijan” brendinin təbliği.
4.2. Beynəlxalq sərgi və (və ya) yarmarkalarda vahid ölkə stendi ilə iştirak aşağıdakı qaydada həyata keçirilir:
4.2.1. növbəti ildə ixracatçıların iştirakı nəzərdə tutulan sərgi və (və ya) yarmarkaların siyahısı və həmin sərgi və (və ya) yarmarkalarda iştirak edəcək ixracatçıların maksimum sayı, Azərbaycan Respublikasının iqtisadi və ticarət əlaqələri, Azərbaycan məhsullarının ixrac potensialı, habelə ixracatçılardan daxil olmuş müraciətlər nəzərə alınmaqla, hər il mayın 1-dən gec olmayaraq Nazirlik tərəfindən müəyyən edilir və onun rəsmi internet saytında yerləşdirilir;
4.2.2. beynəlxalq sərgi və yarmarkaların təşkili ilə bağlı təşkilati işlər (sərgi və yarmarkanın keçiriləcəyi məkanda yerin icarəsi, stendin hazırlanması, dizaynı və quraşdırılması, nümayiş etdiriləcək məhsulların daşınması) Nazirlik tərəfindən həyata keçirilir.
4.3. Bu Qaydaya əsasən vahid ölkə stendi ilə iştirak edilən beynəlxalq sərgi və yarmarkaların cəmi təqvim ili ərzində 5-dən (beşdən) artıq ola bilməz.
4.4. Bu Qaydanın 4.2.1-ci və 4.2.2-ci yarımbəndlərində nəzərdə tutulan sərgi və (və ya) yarmarkalar istisna olmaqla, xarici ölkələrdə təşkil edilən digər sərgi və (və ya) yarmarkalarda ixracatçıların bu Qaydaya uyğun olaraq fərdi qaydada iştirakı barədə qərar onlardan daxil olmuş müraciətlər əsasında Nazirliyin təsdiq etdiyi meyarlar əsasında qəbul edilir.
4.5. Bu Qaydaya uyğun olaraq beynəlxalq sərgi və ya yarmarkada fərdi qaydada iştirakla bağlı ixracatçılara ödənilən dəstək məbləğinə həmin sərgi və ya yarmarkanın keçirildiyi məkanda yerin icarəsinə, stendin hazırlanması, dizaynı və quraşdırılmasına, nümayiş etdiriləcək məhsulların daşınmasına çəkilən xərclər daxildir.
4.6. Bu Qaydaya əsasən beynəlxalq sərgi və ya yarmarkada fərdi qaydada iştirak edən ixracatçılara ödənilən dəstək məbləği bu Qaydanın 4.5-ci bəndində nəzərdə tutulan işlərə görə çəkilən xərclərin 30 (otuz) faizini (5 (beş) min manatdan artıq olmamaqla) təşkil edir.
4.7. Dövlət mülkiyyətində olan və ya səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər vasitəsilə “Made in Azerbaijan” brendinin təşviqi aşağıdakı qaydada həyata keçirilir:
4.7.1. dövlət mülkiyyətində olan və ya səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən “Made in Azerbaijan” brendinin təşviq edilməsi onların xarici ölkələrdə yerləşən nümayəndəlik və filialları vasitəsilə həyata keçirilir;
4.7.2. “Made in Azerbaijan” brendini xarici ölkələrdə təşviq edəcək dövlət mülkiyyətində olan və ya səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin siyahısı Nazirlik tərəfindən həmin hüquqi şəxslərlə razılaşdırılmaqla müəyyən edilir və Nazirliyin rəsmi internet saytında dərc edilir.
4.8. Xarici ölkələrdə fəaliyyət göstərən mağazalarda, o cümlədən rüsumsuz ticarət (“duty free”) mağazalarında “Made in Azerbaijan” rəflərinin təşkili aşağıdakı qaydada həyata keçirilir:
4.8.1. “Made in Azerbaijan” rəflərinin yerləşdirilməsi nəzərdə tutulan xarici ölkələrdə fəaliyyət göstərən mağazaların, o cümlədən rüsumsuz ticarət mağazalarının siyahısı, Azərbaycan Respublikasının iqtisadi və ticarət əlaqələri, Azərbaycan məhsullarının ixrac potensialı, habelə ixracatçılardan daxil olmuş müraciətlər nəzərə alınmaqla, Nazirlik tərəfindən müəyyən edilir və onun rəsmi internet saytında dərc edilir;
4.8.2. “Made in Azerbaijan” rəflərinin yerləşdirilməsi nəzərdə tutulan xarici ölkələrdə fəaliyyət göstərən mağazaların, o cümlədən rüsumsuz ticarət mağazalarının siyahısının müəyyənləşdirilməsi meyarlarını Nazirlik təsdiq edir;
4.8.3. bu Qaydaya uyğun olaraq “Made in Azerbaijan” rəflərinin yerləşdirilməsi nəzərdə tutulan xarici ölkələrdə fəaliyyət göstərən mağazaların, o cümlədən rüsumsuz ticarət mağazalarının sayı təqvim ili ərzində 2-dən (ikidən) artıq ola bilməz;
4.8.4. bu Qaydanın 4.8.1-ci yarımbəndinə uyğun olaraq müəyyən edilən xarici ölkələrdə fəaliyyət göstərən mağazalarda, o cümlədən rüsumsuz ticarət mağazalarında yerləşdirilməsi nəzərdə tutulan məhsulların siyahısını Nazirlik müəyyən edir;
4.8.5. bu Qaydanın 4.8.1-ci yarımbəndinə uyğun olaraq müəyyən edilən xarici ölkələrdə fəaliyyət göstərən mağazalarda, o cümlədən rüsumsuz ticarət mağazalarında “Made in Azerbaijan” rəfləri həmin mağaza sahibləri ilə Nazirlik arasında bağlanan müqavilə əsasında yerləşdirilir. Bu müqaviləni Nazirlik adından bağlamaq hüququ üçüncü şəxslərə verilə bilər.
4.9. Xarici ölkələrdə fəaliyyət göstərən mağazalarda, o cümlədən rüsumsuz ticarət mağazalarında “Made in Azerbaijan” rəflərinin yerləşdirilməsi ilə bağlı ödənilən dəstək məbləğinə yerlərin icarəyə götürülməsi və idarə olunması, həmin rəflərdə yerləşdiriləcək malların daşınması və gömrük rəsmiləşdirilməsi xərcləri daxildir.
4.10. Xarici ölkələrin ictimai yerlərində və kütləvi informasiya vasitələrində “Made in Azerbaijan” brendinin təbliği aşağıdakı qaydada həyata keçirilir:
4.10.1. “Made in Azerbaijan” brendi təşviq ediləcək xarici ölkələr, həmin ölkələrdə reklam yerləşdiriləcək ictimai yerlər və kütləvi informasiya vasitələri Nazirlik tərəfindən təsdiq edilən meyarlar əsasında müəyyən edilir;
4.10.2. “Made in Azerbaijan” brendi təşviq ediləcək xarici ölkələrin ictimai yerlərində və kütləvi informasiya vasitələrində reklam yerləşdirilməsi Nazirliklə bağlanan müqavilə əsasında həyata keçirilir. Bu müqaviləni Nazirlik adından bağlamaq hüququ üçüncü şəxslərə verilə bilər.
4.11. Xarici ölkələrin ictimai yerlərində və kütləvi informasiya vasitələrində “Made in Azerbaijan” brendinin təşviq edilməsi ilə bağlı ödənilən dəstək məbləğinə reklam kampaniyalarının aparılması ilə bağlı xərclər daxildir.
5. Sertifikat və patent alınmasına dəstək
İxracatçıların xarici ölkələrdə məhsula sertifikat və patent almasına, habelə əmtəə nişanlarının qeydiyyatına görə onlara ödənilən dəstək məbləği qeyd olunan işlərlə bağlı çəkilən xərclərin 50 (əlli) faizini (5 (beş) min manatdan artıq olmamaqla) təşkil edir.
6. Tədqiqat-inkişaf proqramlarına dəstək
6.1. Tədqiqat-inkişaf proqramları ixracatçıların sifarişi əsasında Nazirliyin keçirdiyi müsabiqə əsasında seçilən ixtisaslaşmış yerli və ya xarici hüquqi və ya fiziki şəxslər tərəfindən həyata keçirilir. Müsabiqənin təşkili və keçirilməsi qaydasını Nazirlik müəyyən edir.
6.2. Tədqiqat-inkişaf proqramlarının təşkili ilə bağlı ixracatçılardan daxil olmuş sifarişlərin qiymətləndirilməsi meyarlarını Nazirlik müəyyən edir.
6.3. Hər bir tədqiqat-inkişaf proqramına görə ödənilən dəstək məbləği çəkilən xərclərin 50 (əlli) faizini (hər bir layihə üzrə 100 000 (yüz min) manatdan artıq olmamaqla) təşkil edir.
6.4. Təqvim ili ərzində keçirilən tədqiqat-inkişaf proqramlarının sayı 10-dan (ondan) artıq ola bilməz.
7. Dəstək məbləğinin ödənilməsi qaydası
7.1. Bu Qaydaya uyğun olaraq beynəlxalq sərgi və yarmarkalarda fərdi qaydada iştirak, habelə sertifikat və patent alınması ilə bağlı dəstək məbləği aşağıdakı qaydada ödənilir:
7.1.1. beynəlxalq sərgi və yarmarkalarda fərdi qaydada iştirakı başa çatdığı, yaxud sertifikat və patent aldığı tarixdən 30 (otuz) iş günü müddətində ixracatçı dəstək məbləğini əldə etmək məqsədi ilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada Nazirliyə ərizə təqdim edir;
7.1.2. ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
1. görülmüş iş, göstərilmiş xidmət və ya icarə haqqını təsdiq edən sənədin (invoys, hesab-faktura), bağlanmış müqavilənin, vəsaitin ödənilməsini və ya xərcin çəkilməsini təsdiq edən sənədin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti;
2. beynəlxalq sərgi və ya yarmarkada fərdi qaydada iştirakla bağlı yazılı, foto və ya video hesabat;
3. dəstək sayəsində alınmış sertifikatın, patent və ya əmtəə nişanının qeydiyyat sənədinin, həmin sertifikatın, patentin və ya əmtəə nişanının alınması məqsədi ilə rüsum və xidmət haqlarının ödənilməsini təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;
7.1.3. Nazirlik ərizəyə və ona əlavə olunmuş sənədlərə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 30 (otuz) iş günü müddətində baxır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və dəstək verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq Nazirlik onların aradan qaldırılması üçün ərizəçiyə məlumat təqdim edir, yaxud sifarişli poçt göndərişi vasitəsilə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir;
7.1.4. ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman ərizəyə baxılması ilə bağlı müddətin axımı dayandırılır. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur;
7.1.5. ixracatçıya dəstək məbləğinin ödənilməsi haqqında qərar qəbul edildiyi gündən 20 (iyirmi) iş günü müddətində Nazirlik dəstək məbləğini müraciət edən şəxsin bank hesabına köçürür;
7.1.6. dəstək məbləği manatla ödənilir. Xarici valyuta ilə çəkilmiş xərcin hesablanması ödənişi təsdiq edən sənədlərdə göstərilən tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş valyuta məzənnəsinə uyğun aparılır;
7.1.7. dəstək məbləği ixracatçının müraciətinin qəbulu haqqında elanın dərc olunduğu tarixdən əvvəlki 6 (altı) ay ərzində onun çəkdiyi xərcləri əhatə edir.
7.2. Bu Qaydanın 3-cü və 6-cı hissələrində, habelə 4.2-ci, 4.8-ci və 4.10-cu bəndlərində nəzərdə tutulmuş dəstək tədbirlərinə görə dəstək məbləği Nazirliklə dəstək tədbirini həyata keçirəcək şəxs arasında bağlanmış müqaviləyə əsasən ödənilir.
7.3. Dövlət mülkiyyətində olan və ya səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər vasitəsilə “Made in Azerbaijan” brendinin təşviqi ilə bağlı çəkilən xərclərə görə dəstək məbləği onların təqdim etdiyi hesablamalar və təsdiqedici sənədlər əsasında, sənədlər təqdim edildiyi gündən 20 (iyirmi) iş günü müddətində Nazirlik tərəfindən ödənilir.
8. Keçid müddəaları
8.1. 2017-ci ildə ixracatçıların vahid ölkə stendi ilə iştirakı nəzərdə tutulan beynəlxalq sərgi və (və ya) yarmarkaların siyahısı və həmin sərgi və (və ya) yarmarkalarda iştirak edəcək ixracatçıların maksimum sayı bu Qayda qüvvəyə mindiyi tarixdən 30 (otuz) gün müddətində Nazirlik tərəfindən müəyyən olunur və Nazirliyin rəsmi internet saytında yerləşdirilir.
8.2. Bu Qaydanın 8.1-ci bəndində nəzərdə tutulmuş siyahı və say müəyyən olunduqdan sonra 50 (əlli) iş günü müddətində 2017-ci ildə beynəlxalq sərgi və ya yarmarkalarda vahid ölkə stendi ilə iştirak edəcək ixracatçıların müəyyənləşdirilməsi üçün Nazirlik tərəfindən müsabiqə elan olunur və elan Nazirliyin rəsmi internet saytında yerləşdirilir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.