Aprelin 27-də BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Konventri Universitetinin professoru, İnam, Sülh və Sosial Əlaqələr üzrə Mərkəzin direktoru Mayk Hardinin moderatorluğu ilə “Bakı prosesi: Qlobal mədəniyyətlərarası dialoq üçün yeni çağırışlara cavab” mövzusunda bölmə iclası keçirilib.
Moderator “Bakı Prosesi” barədə məlumat verib. Bildirib ki, “Bakı Prosesi” beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqun qurulmasında uğurlu platformadır. 2008-ci ildən başlayan “Bakı Prosesi” münaqişələrin, böhranların qarşısının alınması, insan haqlarının təmin edilməsinə öz töhfələrini verib. Bu proses institut və təşkilatları bir araya gətirən önəmli və nadir platformadır.
“Bakı Prosesi”nin uğurlarından danışan moderator bildirib ki, layihə çərçivəsində üç dəfə Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Mütəxəssisləri bir araya toplayan bu forumlar dondurulmuş münaqişələr, qadın hüquqları, irqçilik, məcburi miqrasiyalar və digər məsələlər üzrə dialoqların aparılması üçün mühüm şərtlərdir.
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Təşkilat Komitəsinin sədri Əbülfəs Qarayev “Bakı Prosesi”nin əhəmiyyətini vurğulayıb. Bu təşəbbüsün Prezident İlham Əliyev tərəfindən irəli sürüldüyünü qeyd edən nazir “Bakı Prosesi”nin geniş vüsət aldığını söyləyib.
Nazir deyib ki, “Bakı Prosesi”nin mədəniyyətlərarası dialoqun qurulmasında önəmli yer tutmasının səbəblərindən biri də beynəlxalq təşkilatlar tərəfindən göstərilən dəstəkdir. Vətəndaş cəmiyyətinin maraqlarını əks etdirən “Bakı Prosesi” artıq diplomatik termin kimi qəbul olunub.
Hazırda dünyada mövcud olan məcburi miqrasiya problemlərinə toxunan Ə.Qarayev diqqətə çatdırıb ki, erməni işğalı nəticəsində Azərbaycan əhalisinin təxminən hər 8 nəfərindən biri qaçqın və məcburi köçkünə çevrilib.
“Bakı Prosesi”nin müvəqqəti baxış olmadığını vurğulayan nazir bildirib ki, gözləntilərə nail olmaq istəyirik, hər şeyə rəğmən bu prosesi davam etdirəcəyik.
BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir Forum çərçivəsində “Bakı prosesi: Qlobal mədəniyyətlərarası dialoq üçün yeni çağırışlara cavab” mövzusunda bölmə iclasının önəmli olduğunu vurğulayıb. Bildirib ki, mədəniyyətlərarası dialoqa töhfə verən “Bakı Prosesi” tolerantlıq, dözümlülük, qarşılıqlı anlaşma və dialoqun təşviqinə əsaslanır. Bu ideyalar BMT-nin Sivilizasiyalar Alyansının da əsas məqsədləridir.
Bu ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini diqqətə çatdıran Nasir Əbdüləziz Əl-Nasir coğrafi mövqeyinə və etnik tərkibinə görə mədəni müxtəlifliyə malik olan Azərbaycanda multikulturalizmin dövlət siyasəti kimi qəbul olunduğunu söyləyib. Eyni zamanda, vurğulayıb ki, İnklüziv cəmiyyət kimi Azərbaycan modelini örnək götürmək olar.
“Bakı Prosesi”nin reallıq olduğunu vurğulayan
ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycri deyib ki, bu prosesə uğur qazandırmaq üçün Azərbaycana toplaşmışıq. Bu Forum, eyni zamanda, bir-bizimizi tanımaq üçün gözəl fürsətdir. Qarşılıqlı anlaşmanın təmin edilməsi, terrorizm, ekstremizmlə mübarizə aparmaq üçün sıx əməkdaşlıq vacibdir. Müxtəlif mədəniyyətlərin, dinlərin, millətlərin olması mehriban yaşamağımıza sədd olmamalıdır. Bir-birimizə yardımçı olmalıyıq.
Əbdüləziz bin Osman Əl-Tüveycri bildirib ki, ISESCO “Bakı Prosesi”nin daha da genişlənməsinə öz dəstəyini bundan sonra da əsirgəməyəcək.
“Global Compas” təşkilatının təsisçisi və baş icraçı direktoru Jan Kristof Bas dünyada sülhün və sabitliyin təmin edilməsində cəmiyyətin bütün təbəqələrinin bu prosesə cəlb olunmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, Forum çərçivəsində keçirilən Biznes simpoziuma iş adamlarının da qatılmasını mədəniyyətlərarası dialoqun daha geniş təşviqi istiqamətində uğurlu addım saymaq olar.
UNESCO-nun mədəniyyətlərarası dialoq sektorunun sədri Ann-Belinda Peris Forum çərçivəsində bəşəriyyət üçün önəmli olan məsələlərin müzakirə edildiyini diqqətə çatdırıb. Mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, terrorizm, ekstremizmlə mübarizə aparılmasının vacibliyini qeyd edərək bildirib ki, bu vaxta qədər terrorizm dünya iqtisadiyyatına 14 trilyon dollardan artıq maddi zərər vurub.
Ann-Belinda Peris UNESCO olaraq “Bakı Prosesi” çərçivəsində həlli vacib olan bəşəri problemlərin aradan qaldırılmasında həyata keçirilən işləri yüksək qiymətləndirdiklərini söyləyib.
BMT-nin Sivilizasiyalar Alyansının səfiri Pan Quanq 2011-ci ildən “Bakı Prosesi”nə qoşulduğunu və bir sıra vacib görüşlərdə iştirak etdiyini vurğulayıb. Qeyd edib ki, Şərq ilə Qərbin qovuşuğunda yerləşən Azərbaycan bütün dinlərin və mədəniyyətlərin təmsilçilərinin sülh, qarşılıqlı hörmət şəraitində yaşadığı ölkədir. Qədim tarixə malik bu nadir ölkə daim mədəniyyətlərarası dialoqa öz töhfəsini verib.
Pan Quanq, həmçinin bildirib ki, dünyada mədəniyyətlərarası dialoqun formalaşdırılması üçün kütləvi informasiya vasitələrinin də böyük rolu var. Mətbuat nümayəndələri insanlara başqalarının mədəniyyətinə hörmətlə yanaşmağı aşılamalıdır. Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bu gün dünyada terrorçuların və ekstremist qüvvələrin əlində 5 mindən çox internet səhifəsi var. Onlar bu səhifələrdən öz məqsədlərini yaymaq, nifrət nitqləri və təhdid etmək üçün istifadə edirlər.
Bu problemlərin aradan qaldırılması üçün internetin güclü şəkildə inkişafını təmin etmək, gənclərin elmə, təhsilə həvəsini artırmaq vacibdir.
Bölmə iclasının sonunda suallar cavablandırılıb.
AZƏRTAC
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.