Azərbaycan Respublikası Prezidentinin 2016-cı il
20 aprel tarixli fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (bundan sonra - Mərkəz) Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 879 nömrəli Fərmanı ilə yaradılmışdır.
1.2. Mərkəz öz fəaliyyətində müstəqildir və Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları və bu Nizamnaməni rəhbər tutur.
1.3. Mərkəzin fəaliyyətinə nəzarət Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
1.4. Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslər ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.5. Mərkəz ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Mərkəz sahibkarlıq fəaliyyəti ilə o hallarda məşğul ola bilər ki, həmin fəaliyyət bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin. Mərkəzin fəaliyyəti nəticəsində əldə olunan vəsaitlər (gəlirlər) onun fəaliyyətinin təmin edilməsinə yönəldilir.
1.6. Mərkəz publik hüquqi şəxsdir və bu Nizamnamə ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyət göstərir.
1.7. Mərkəzin müstəqil balansı, sərəncamında olan əmlakı, xəzinə və bank hesabları, üzərində öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.
1.8. Qanuna uyğun olaraq Mərkəzin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır, o, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edir.
1.9. Mərkəz Bakı şəhərində yerləşir.
2. Mərkəzin fəaliyyətinin məqsədləri və vəzifələri
2.1. Mərkəzin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.
2.2. Mərkəz bu Nizamnamə ilə müəyyən edilmiş məqsədlərə nail olmaq üçün aşağıdakı vəzifələri yerinə yetirir:
2.2.1. qlobal iqtisadi çağırışlara uyğun olaraq ölkənin iqtisadi inkişaf strategiyasının təhlilini (yeni texnologiyalar, innovativ metodlar, preventiv anti-böhran tədbirləri, qlobal maliyyə və iqtisadi konyunkturun tətbiqi imkanları və s. sahələrdə), həmin strategiyanın iqtisadi və digər aspektlərinin ekspertizasını həyata keçirir və onların səmərəli tətbiqi üsulları barədə təkliflər hazırlayır;
2.2.2. mövcud maliyyə-iqtisadi vəziyyəti nəzərə almaqla, ölkə daxilində baş verən sosial-iqtisadi prosesləri təhlil edir, gözlənilən iqtisadi dəyişiklikləri proqnozlaşdırır;
2.2.3. müxtəlif təşkilatların, o cümlədən yerli və beynəlxalq kredit təşkilatlarının ayrı-ayrı sahələr üzrə həyata keçirdikləri layihələr çərçivəsində nəzərdə tutulan islahat xarakterli tədbirlər görülməsində iştirak edir;
2.2.4. ölkənin iqtisadi potensialının artırılması, qeyri-neft sektorunun inkişafı, əlverişli investisiya mühitinin yaradılması, habelə yerli və xarici investorların cəlb edilməsi məqsədi ilə beynəlxalq təcrübəni təhlil edir;
2.2.5. yerli və xarici biznes subyektlərinin iştirakı ilə müvafiq təşviqedici kampaniyaların (həm paytaxtda, həm də regionlarda: elmi dairələrdə və ali təhsil müəssisələrində dəyirmi masaların, sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün biznes ideyalarının formalaşdırılması, biznesin təşkili və inkişaf etdirilməsi istiqamətlərində təlim proqramlarının) keçirilməsi yolu ilə onların aparılan islahatlar prosesində yaxından iştirakını və bu sahədə aidiyyəti dövlət orqanları ilə əməkdaşlığını təmin edir;
2.2.6. xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi baxımından Azərbaycan Respublikasının xaricdə müsbət imicinin formalaşdırılması məqsədi ilə ölkədən kənarda kütləvi informasiya vasitələrində müxtəlif materiallar yayır, müvafiq təbliğat-təşviqat kampaniyaları (biznes konfranslar və s.) keçirir, aparılan iqtisadi islahatların beynəlxalq səviyyədə lobbiləşdirilməsini, müxtəlif sahələr üzrə xarici investorlarla birgə işçi qrupların fəaliyyətini təşkil edir və əlaqələndirir;
2.2.7. qlobal iqtisadi tendensiyaları araşdırır, ölkə daxilində və xaricdə maliyyə-iqtisadi münasibətləri təhlil edir, qonşu dövlətlərlə iqtisadi münasibətlərin inkişafına dair tədqiqatlar aparır, bu sahədə mövcud çağırışları qiymətləndirir və bununla bağlı elmi-analitik və proqnoz xarakterli təkliflər hazırlayır;
2.2.8. aparılan iqtisadi islahatların nəticələrini, islahatların gedişi prosesində dövlət, özəl sektor və ictimaiyyət arasında qarşılıqlı etimadın inkişaf tendensiyasını təhlil edir;
2.2.9. həyata keçirilən iqtisadi islahatların məzmunu və mahiyyəti, islahatların sahibkarlıq fəaliyyəti, investisiya mühiti və ümumilikdə iqtisadiyyat üçün üstünlükləri və verəcəyi səmərələr barədə sahibkarların və ictimaiyyətin məlumatlandırılmasını təmin edir;
2.2.10. təhlilin, tədqiqatın və sorğuların nəticələrini dövlət orqanlarına təqdim edir;
2.2.11. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görür;
2.2.12. beynəlxalq əlaqələr yaradır və əməkdaşlıq edir;
2.2.13. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet səhifəsinin yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin səhifədə yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin edir;
2.2.14. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görür;
2.2.15. fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə baxır;
2.2.16. qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.
3. Mərkəzin hüquqları
3.0. Mərkəz öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları həyata keçirir:
3.0.1. iqtisadi islahatların həyata keçirilməsini nəzərdə tutan hüquqi aktların hazırlanması prosesində iştirak edir;
3.0.2. ali təhsil müəssisələrində və elmi mərkəzlərdə tədqiqatların aparılmasının təşəbbüsçüsü və sifarişçisi kimi çıxış edir;
3.0.3. müqavilə əsasında konsaltinq xidmətləri göstərir;
3.0.4. səlahiyyətlərinə aid olan məsələlər barədə zəruri məlumatları və sənədləri əldə etmək üçün dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə sorğu verir və onlardan belə məlumatları əldə edir;
3.0.5. müqavilə əsasında ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb edir;
3.0.6. həyata keçirilən tədbirlərlə bağlı ictimaiyyəti məlumatlandırır, elmi-analitik jurnal, bülleten buraxır, internet səhifəsi yaradır, kitablar, məqalələr və digər materiallar nəşr edir, habelə aidiyyəti dövlət orqanlarının, özəl sektorun və ictimai birliklərin nümayəndələri ilə birlikdə müvafiq tədbirlər həyata keçirir;
3.0.7. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədi ilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin müvafiq təşkilatları ilə əməkdaşlıq edir və təcrübə mübadiləsi aparır;
3.0.8. fəaliyyət istiqamətlərinə uyğun olaraq konfranslar, müşavirələr, simpoziumlar və digər tədbirlər təşkil edir;
3.0.9. qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirir.
4. Mərkəzin idarə olunması
Mərkəz Müşahidə Şurası və İcraçı direktor tərəfindən idarə olunur.
5. Müşahidə Şurası
5.1. Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi 3 nəfər üzvdən ibarət Müşahidə Şurası (bundan sonra - Şura) həyata keçirir. Şuranın sədrini və digər üzvlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Şura üzvlərinin səlahiyyət müddəti 5 ildir.
5.2. Şuranın sədri və üzvləri ödənişsiz qaydada ictimai əsaslarla fəaliyyət göstərirlər.
5.3. Şura qərar qəbul etməkdə müstəqildir.
5.4. Şura aşağıdakı vəzifələri yerinə yetirir:
5.4.1. Mərkəzin strukturunu, işçilərinin ümumi say həddini və əməkhaqlarını müəyyən edir;
5.4.2. Mərkəzin strateji inkişaf istiqamətlərinə dair qərarlar qəbul edir;
5.4.3. Mərkəzin fəaliyyətinə, əmlakından istifadə olunmasına nəzarət edir;
5.4.4. Mərkəzin İcraçı direktorunun fəaliyyətinə nəzarət edir;
5.4.5. Mərkəzin illik büdcəsini təsdiq edir;
5.4.6. Şuranın, İcraçı direktorun və əməkdaşların fəaliyyəti zamanı maraqlar münaqişəsinin istisna olunmasının qayda və şərtlərini müəyyənləşdirir və onların icrasına nəzarət edir;
5.4.7. Mərkəzin fəaliyyətinin daxili qaydalarını, struktur bölmələrinin, strukturuna daxil olan qurumların və tabeliyindəki digər qurumların (hüquqi şəxslərin, təşkilatların və s.) əsasnamələrini və nizamnamələrini (törəmə publik hüquqi şəxslər istisna olmaqla) təsdiq edir;
5.4.8. işçilərinin ümumi say həddinə uyğun olaraq ştat cədvəlini və xərclər smetasını müəyyən edir;
5.4.9. Mərkəzə işə qəbul, o cümlədən əməkdaşların qiymətləndirilməsi qaydalarını müəyyən edir;
5.4.10. altı aydan bir Mərkəzin maliyyə hesabatını və fəaliyyətinə dair hesabatı hazırlayır və Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.
5.5. Şuranın sədri:
5.5.1. Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir;
5.5.2. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslarda sədrlik edir;
5.5.3. öz təşəbbüsü əsasında və ya Şuranın hər hansı üzvünün və ya İcraçı direktorun xahişi əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edir;
5.5.4. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirləri görür.
5.6. Şura üzvləri:
5.6.1. Şuranın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edir;
5.6.2. Şuranın iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olur;
5.6.3. Şurada qəbul ediləcək qərarlara dair fikir bildirir;
5.6.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxılması barədə təkliflər verir;
5.6.5. Şuranın qərarları, iclas protokolları və digər sənədləri ilə tanış olur;
5.6.6. Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalıdır;
5.6.7. Şuranın iclaslarını üzrsüz səbəbdən buraxmamalıdır;
5.6.8. Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidir.
6. Şuranın iclaslarının keçirilmə qaydası
6.1. Şuranın sədri üç ayda bir dəfədən az olmayaraq Şuranın iclasını çağırır və ona sədrlik edir.
6.2. Şuranın iclası Şuranın hər hansı bir üzvünün və ya İcraçı direktorun tələbi ilə də çağırıla bilər.
6.3. Şuranın sədri İcraçı direktorla məsləhətləşməklə, müzakirə olunacaq məsələləri müəyyən edir və iclasın gündəliyini hazırlayır. Hər bir iclasın reqlamentini, müzakirə ediləcək məsələlərdən asılı olaraq, Şuranın sədri müəyyənləşdirir.
6.4. Şuranın üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə, yazılı məlumat verilir.
6.5. Şuranın iclasında İcraçı direktor da iştirak edir.
6.6. Şuranın sədri öz təşəbbüsü və ya Şuranın hər hansı üzvünün və ya İcraçı direktorun xahişi əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edə bilər.
6.7. Şuranın qərarları açıq səsvermə yolu ilə, iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.
6.8. İclasın gündəliyinə Şuranın hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli və bu məsələnin müzakirəsində iştirak etməməlidir. Bu zaman həmin üzv məsələyə dair səsvermədə iştirak etmir və onun iştirakı yetərsay müəyyən edilərkən nəzərə alınmır.
6.9. Gündəliyə daxil edilməmiş və ya tələb olunan bütün aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılığı olduğu hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.
6.10. Şuranın iclasının nəticəsi Şuranın üzvləri və Şuranın katibi tərəfindən imzalanmış protokolda əks olunmaqla rəsmiləşdirilir. Şuranın katibi Şuranın iclasında iştirak edə bilmədikdə, Şuranın sədri onu əvəz edəcək şəxsi təyin edir. Protokol Şura tərəfindən təsdiq edilərək İcraçı direktora göndərilir.
6.11. Şuranın katibi Şuranın üzvü olmayan əməkdaşlar sırasından Şuranın sədri tərəfindən təyin olunur və Şuranın sədrinə hesabat verir.
6.12. Şuranın katibi:
6.12.1. Şuranın iclaslarını təşkil edir;
6.12.2. Şuranın iclaslarının keçiriləcəyi yer və vaxt barədə Şuranın üzvlərinə, habelə bu Nizamnamənin 6.5-ci və 6.6-cı bəndlərində göstərilən şəxslərə iclasa azı 3 iş günü qalmış yazılı məlumat verir;
6.12.3. Şuranın iclaslarının protokollarını tərtib edir və imzalanmaq üçün Şuranın üzvlərinə təqdim edir;
6.12.4. Şuranın qərarlarının layihələrini hazırlayır, baxılmaq və imzalanmaq üçün Şuranın sədrinə təqdim edir;
6.12.5. Şuranın qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir.
7. İcraçı direktor
7.1. Mərkəzin cari fəaliyyətinə rəhbərliyi İcraçı direktor həyata keçirir.
7.2. Mərkəzin İcraçı direktoru aşağıdakı vəzifələri yerinə yetirir:
7.2.1. Şuranın qərarlarını icra edir;
7.2.2. Mərkəzin fəaliyyətini təşkil edir, onun cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;
7.2.3. Mərkəzin qarşısına qoyulmuş məqsədlərə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq təkliflər təqdim edir;
7.2.4. Mərkəzin strukturunun, işçilərinin ümumi say həddinin və əməkhaqlarının müəyyən edilməsi barədə Şuraya təkliflər verir;
7.2.5. müəyyən edilmiş əməkhaqqı fondu və işçilərin ümumi say həddi daxilində Mərkəzin ştat cədvəlinin müəyyən edilməsinə, xərclər smetasının təsdiq edilməsinə dair Şuraya təkliflər verir;
7.2.6. Mərkəzin fəaliyyətinə dair hesabatları və onun maliyyə hesabatlarını hazırlayıb Şuraya təqdim edir;
7.2.7. bu Nizamnamənin 5.4.9-cu yarımbəndində göstərilən qaydalara uyğun olaraq, işçilərin işə qəbul edilməsi, onların digər vəzifələrə təyin və vəzifədən azad edilməsi, habelə onlar barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin görülməsinə dair əmrlər verir.
7.2.8. Mərkəzin fəaliyyəti ilə bağlı əmrlər verir və Şura tərəfindən qərarların qəbul olunmasında iştirak edir;
7.2.9. Mərkəzin fəaliyyətinə dair illik iş proqramlarını, onların yerinə yetirilməsi haqqında hesabatları təsdiq edir;
7.2.10. Mərkəzin inkişaf strategiyasının formalaşdırılmasına dair Şuraya təkliflər verir;
7.2.11. Şuranın səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar verir;
7.2.12. cari və operativ məsələlər barədə Şuranı məlumatlandırır;
7.2.13. bu Nizamnamənin 5.4.6-cı və 5.4.7-ci yarımbəndlərində göstərilən məsələlərlə əlaqədar təkliflər hazırlayır və təsdiq olunmaq üçün Şuraya təqdim edir;
7.2.14. barəsində qərar verilməsi Şuranın səlahiyyətlərinə aid olan məsələlərə dair məlumat hazırlayaraq Şuraya təqdim edir;
7.2.15. Mərkəzin fəaliyyət istiqamətləri üzrə məşvərətçi komitələr və işçi qruplar yaradır.
8. Mərkəzin nizamnamə fondu, əmlakı və mənfəəti
8.1. Mərkəzin əmlakı təsisçi tərəfindən ödənilən nizamnamə fondundan, ona təsisçi tərəfindən verilmiş digər əmlakdan, fəaliyyət istiqamətlərinə uyğun olaraq sərəncamında olan əmlakın özgəninkiləşdirilməsindən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan və qanunla qadağan edilməyən digər vəsaitlərdən formalaşır.
8.2. Mərkəzin əmlakı əsas fondlardan, dövriyyə vəsaitlərindən və digər maddi və qeyri-maddi aktivlərdən ibarətdir. Mərkəzin əmlakı onun müstəqil balansında əks olunur.
8.3. Mərkəzin sərəncamına verilmiş torpaq sahələri və digər əmlak üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqları Mərkəzə məxsusdur.
8.4. Mərkəz ona verilmiş əmlakdan yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir.
8.5. Mərkəzin nizamnamə fondu 1.000.000 (bir milyon) manatdır.
9. Ləğvetmə və yenidən təşkiletmə
Mərkəzin ləğvi və yenidən təşkili barədə qərarları Azərbaycan Respublikasının Prezidenti qəbul edir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.