İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin  Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması və Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 964 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.2-ci bəndinə uyğun olaraq investisiyaların təşviqi ilə bağlı mexanizmin və normativ hüquqi aktın hazırlanması məqsədi ilə qərara alıram:

1. “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi investisiya təşviqi sənədinin və həmin sənədi almaq üçün ərizənin formalarını bir ay müddətində müəyyən etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. bu fərmanla təsdiq edilmiş Qaydanın 10-cu hissəsinə uyğun olaraq investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələrini, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləği və həyata keçiriləcəyi inzibati ərazi vahidlərini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifləri əsasında bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.5. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi investisiya təşviqi sənədini almış şəxslərə qanunla nəzərdə tutulmuş güzəştlərin tətbiqi üçün müvafiq tədbirlər görsünlər.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 yanvar 2016-cı il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında