Lisenziyalaşdırma Qaydası

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il
21 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir

 


 

Əlavə № 1

1. Ümumi müddəalar

1.1. Bu Qayda Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmışdır və bəzi fəaliyyət növləri (o cümlədən dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar fəaliyyət növləri) ilə məşğul olmaq üçün lisenziyanın verilməsi, dayandırılması, bərpası və ləğvi qaydasını müəyyən edir.

1.2. Lisenziya - təşkilatı-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə (bundan sonra - ərizəçi) müvafiq sahibkarlıq fəaliyyəti növlərini həyata keçirməyə icazə verən rəsmi sənəddir.

1.3. Lisenziya hər bir fəaliyyət növü üçün ayrıca verilir. Ərizəçinin fəaliyyəti çoxprofilli (çoxyönümlü) olduqda, o, bir neçə lisenziyaya malik ola bilər. Ərizəçi yalnız lisenziya aldıqdan sonra (bu Qaydanın 3.16-cı bəndi nəzərə alınmaqla) həmin lisenziyada göstərilən fəaliyyət növü ilə müəyyən edilmiş qaydada məşğul ola bilər.

1.4. Xarici hüquqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri bu Qaydada göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə olmadığı halda, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydaya uyğun olaraq lisenziya almalıdırlar.

1.5. Lisenziyanın sahibi ona verilən lisenziyadan yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz. Verilmiş lisenziyanın qüvvəsi lisenziya sahibinin təsisçisi olduğu hüquqi şəxslərə, habelə lisenziyanın sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə bağlanmış müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.

1.6. Fərdi əmək müqaviləsi (kontraktı) və ya tapşırıq əsasında lisenziya sahibinin adından hərəkətlər edən şəxsə lisenziyanın müvəqqəti olaraq verilməsi lisenziyanın başqa şəxsə verilməsi sayılır.

1.7. Lisenziyalar müddətsiz verilir.

1.8. Lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri bu Fərmanın 2 və 3 nömrəli əlavələrində müəyyən edilmişdir, lisenziya verilməsi üzrə dövlət rüsumunun ödənilməsi ilə əlaqədar digər məsələlər “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

2. Lisenziya verən dövlət orqanları

2.1. Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar fəaliyyət növləri istisna olmaqla, sahibkarlıq fəaliyyətinin lisenziya tələb olunan bütün növləri üzrə lisenziyalar Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən verilir.

2.2. Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verən dövlət orqanları bu Fərmanın 3 nömrəli əlavəsində nəzərdə tutulmuşdur.

2.3. Lisenziyalaşdırma sahəsində xüsusi səlahiyyətli orqan olan Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi (bundan sonra - Nazirlik) aşağıdakı funksiyaları həyata keçirir:

2.3.1. lisenziyalaşdırma ilə bağlı dövlət tənzimlənməsinin əsas istiqamətlərini işləyib hazırlayır;

2.3.2. lisenziyalaşdırma məsələləri üzrə hüquqi aktların layihələrini hazırlayır;

2.3.3. dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar fəaliyyət növləri istisna olmaqla, lisenziya tələb olunan bütün digər fəaliyyət növləri üzrə lisenziyaları “ASAN xidmət” mərkəzlərində, habelə “Elektron lisenziya” portalı vasitəsilə verir, həmin lisenziyaları dayandırır, bərpa və ya ləğv edir;

2.3.4. dövlət orqanları və təsərrüfat subyektləri tərəfindən lisenziyalaşdırma sahəsində qanunvericiliyə riayət olunmasına nəzarət edir və lisenziyalaşdırma qaydalarının tətbiqinə dair izahatlar verir;

2.3.5. lisenziyalaşdırma sahəsində metodik rəhbərliyi və informasiya təminatını həyata keçirir;

2.3.6. lisenziyalaşdırma sahəsində sənədlərin formasını və onların doldurulması qaydasını müəyyən edir;

2.3.7. ölkədə lisenziyaların vahid reyestrini aparır;

2.3.8. lisenziya blanklarının hazırlanmasına sifariş verir, onların bölgüsünü həyata keçirir, blanklardan istifadənin uçot və hesabatını aparır.

2.4. Lisenziya verən dövlət orqanı lisenziya alınması üçün təqdim edilən ərizəyə baxarkən:

2.4.1. sahibkarlıq fəaliyyəti növünün xüsusiyyətlərindən asılı olaraq zəruri hesab etdikdə, aidiyyəti dövlət orqanlarının rəyini alır;

2.4.2. ərizələrin araşdırılması və rəy alınması məqsədi ilə ekspert və ya mütəxəssis cəlb edir;

2.4.3. lisenziya tələb olunan fəaliyyət növünün həyata keçirilməsi obyektlə bağlı olduqda, həmin obyektin lisenziya alınması üçün təqdim edilən ərizəyə əlavə olunan sənədlərdə göstərilən məlumatlara uyğunluğunu yerində qiymətləndirir.

2.5. Nazirliyin lisenziyalaşdırma məsələləri üzrə qərarı lisenziya verən dövlət orqanları, həmçinin digər mərkəzi icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər üçün məcburidir.

2.6. Lisenziya verən dövlət orqanı verdiyi, dayandırdığı, bərpa və ya ləğv etdiyi lisenziyalar barədə məlumatları özündə ehtiva edən reyestr aparır. Reyestrə yeni məlumatlar daxil edildikdə və ya mövcud məlumatlar dəyişdikdə, onlar lisenziya verən dövlət orqanı tərəfindən lisenziyaların vahid reyestrinə daxil edilməsi üçün hər ayın 10-dək elektron qaydada Nazirliyə təqdim edilir.

2.7. Nazirlik verdiyi, dayandırdığı, bərpa və ya ləğv etdiyi lisenziyalar barədə məlumatı reyestrdə qeydə alındığı tarixdən 3 iş günü müddətində lisenziya verilmiş fəaliyyət növü üzrə müvafiq nəzarət orqanına göndərir.

2.8. Lisenziya verən dövlət orqanı verdiyi, dayandırdığı, bərpa və ya ləğv etdiyi lisenziyalar barədə məlumatı reyestrdə qeydə alındığı tarixdən 3 iş günü müddətində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və ya müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyinə göndərir.

2.9. Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının verdikləri lisenziyalar yalnız Naxçıvan Muxtar Respublikasının ərazisində qüvvədədir.

3. Lisenziyanın verilməsi qaydası

3.1. Lisenziya almaq üçün ərizəçi lisenziya verən dövlət orqanına aşağıdakı sənədləri təqdim edir:

3.1.1. lisenziya almaq üçün aşağıdakıları əks etdirən ərizə:

1. ərizəçi fiziki şəxs olduqda - onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilməsi, ünvanı);

2. ərizə hüquqi şəxsin (xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin) adından verildikdə - onun adı və hüquqi ünvanı;

3. tələbin qısa məzmunu;

4. ərizənin tərtib edildiyi tarix və ərizəçinin imzası;

5. hüquqi şəxsin (xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin) rəhbərinin və ya nümayəndəsinin imzası və hüquqi şəxsin (xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin) möhürü;

6. ərizəyə əlavə olunan sənədlərin siyahısı;

3.1.2. hüquqi şəxsin, xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin dövlət reyestrindən çıxarışının surəti;

3.1.3. ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;

3.1.4. ərizədə qeyd olunan obyektlərdən hər biri üçün ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti (əgər lisenziya tələb olunan fəaliyyətin həyata keçirilməsi obyektlə bağlıdırsa);

3.1.5. fəaliyyət növünün xüsusiyyətindən asılı olaraq, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən şərtlərin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi əlavə şərtlərin yerinə yetirildiyini təsdiq edən sənədlər.

3.2. Bu Fərmanın 2 nömrəli əlavəsinin 7.3-cü bəndi üzrə lisenziyanın verilməsi üçün ərizəçi ilə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında lisenziya müqaviləsi imzalanır.

3.3. Ərizəçidən bu Qaydada nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır.

3.4. Lisenziya almaq üçün təqdim edilən ərizə və ona əlavə olunan sənədlər lisenziya verən dövlət orqanı tərəfindən qəbul edilir və qeydə alınır. Lisenziya verən dövlət orqanı tərəfindən “Elektron lisenziya” portalı vasitəsilə lisenziya verilməsi üçün sənəd qəbulunun və lisenziya verilməsinin xüsusiyyətləri “Elektron lisenziya” portalı haqqında Əsasnamədə müəyyən edilir.

3.5. Lisenziya verən dövlət orqanı, zəruri hesab etdikdə konkret fəaliyyət növünün xüsusiyyətlərindən asılı olaraq müvafiq rəy alınması üçün aidiyyəti dövlət orqanlarına müraciət edə bilər. Həmin müraciətə 7 iş günü müddətində baxılaraq rəy verilir (aidiyyəti dövlət orqanının əsaslandırılmış müraciəti ilə həmin müddət 20 gündən çox olmayan müddətə uzadıla bilər). Bu müddət ərzində rəy bildirilmədikdə, müsbət rəy verilmiş hesab olunur. Dövlət orqanı verdiyi rəyi qanuna istinad edərək əsaslandırmalıdır. Aidiyyəti dövlət orqanının rəy verməsi üçün müəyyən olunan müddət bu Qaydanın 3.10-cu bəndində göstərilən lisenziya verilməsi ilə bağlı müddətə daxil edilmir.

3.6. Lisenziya verən dövlət orqanı, sahibkarlıq fəaliyyəti növünün xüsusiyyətlərindən asılı olaraq, lisenziya verilməsi ilə əlaqədar faktiki hallarla bağlı sualları izah etmək üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə uyğun olaraq ekspert və ya mütəxəssis cəlb edə bilər. Lisenziya verən dövlət orqanı ekspert və ya mütəxəssisin cəlb olunması ilə bağlı aidiyyəti dövlət orqanına müraciət etdikdə, həmin dövlət orqanı 1 iş günü ərzində öz ekspert və ya mütəxəssisini lisenziya verən dövlət orqanına təqdim etməlidir. Ekspert rəyinin alınması və ya mütəxəssis fikrinin ifadəsi üçün təyin olunan müddət 5 iş günündən çox olmamalıdır və həmin müddət bu Qaydanın 3.10-cu bəndində göstərilən lisenziya verilməsi ilə bağlı müddətə daxil edilmir.

3.7. Ərizədə və ona əlavə edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, lisenziya verən dövlət orqanı ərizənin qeydiyyata alındığı tarixdən 5 iş günündən gec olmayaraq həmin çatışmazlıqların aradan qaldırılması üçün ərizəçiyə məlumat verir. Bütün çatışmazlıqlar eyni zamanda ərizəçiyə bildirilməlidir. Ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 iş günü ərzində aradan qaldırmalıdır. Bu zaman lisenziyanın verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət bu Qaydanın 3.10-cu bəndində göstərilən lisenziya verilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.

3.8. Ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları aradan qaldırdığı barədə məlumat verdikdə, lisenziya verən dövlət orqanı ərizəyə və ona əlavə olunmuş sənədlərə baxılmanın nəticəsi əsasında bu Qaydanın 3.10-cu bəndində göstərilən müddətdə müvafiq qərar qəbul edir.

3.9. Lisenziya tələb olunan fəaliyyət növünün həyata keçirilməsi obyektlə bağlı olduqda, lisenziya verən dövlət orqanı həmin obyektin lisenziyanın alınması üçün təqdim edilən ərizəyə əlavə olunan sənədlərdə göstərilən məlumatlara uyğunluğunu yerində qiymətləndirir.

3.10. Lisenziya verən dövlət orqanı təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmanın nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 10 iş günündən (bu Qaydanın 3.5-3.7-ci bəndlərinin müddəaları nəzərə alınmaqla) gec olmayaraq lisenziyanın verilməsi və ya verilməsindən imtina haqqında qərar qəbul edir və bu barədə ərizəçiyə məlumat verir.

3.11. Lisenziyanın verilməsindən yalnız qanunla nəzərdə tutulmuş hallarda imtina oluna bilər, bu imtinadan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.12. Lisenziyanın verilməsindən imtina üçün əsaslar müəyyən edilmədikdə, ərizəçiyə lisenziya verilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət rüsumunun ödənilməsi tələb olunduğu hallarda lisenziya müvafiq dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd təqdim edildikdə verilir.

3.13. Lisenziyada aşağıdakı məlumatlar göstərilir:

3.13.1. lisenziya verən dövlət orqanının adı;

3.13.2. hüquqi şəxslər, xarici hüquqi şəxsin filial və ya nümayəndəliyi üçün - lisenziya verilən hüquqi şəxsin, xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin adı və hüquqi ünvanı;

3.13.3. fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyətini təsdiq edən sənədə dair məlumat (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilmişdir, ünvanı);

3.13.4. həyata keçirilməsinə lisenziya verilən fəaliyyət növü;

3.13.5. lisenziya verilən fəaliyyətin həyata keçirildiyi obyektin ünvanı (əgər lisenziya tələb olunan fəaliyyətin həyata keçirilməsi obyektlə bağlıdırsa);

3.13.6. lisenziyanın qeydiyyat nömrəsi və verilmə tarixi.

3.14. Lisenziya onu verən dövlət orqanının rəhbəri və ya rəhbərin həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

3.15. Hüquqi şəxs yenidən təşkil edildikdə, bu Qaydanın 3.13.2-ci və ya 3.13.3-cü yarımbəndlərində nəzərdə tutulmuş məlumatlar dəyişdikdə, yaxud lisenziya itirildikdə, ərizəçi 15 gün müddətində lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün ərizə və lisenziyanın yenidən rəsmiləşdirilməsinə əsas olan sənədləri təqdim etməlidir.

3.16. Lisenziyanın yenidən rəsmiləşdirildiyi müddətdə ərizəçi öz fəaliyyətini əvvəlki lisenziya əsasında, lisenziya itirildikdə isə müvafiq lisenziya verən dövlət orqanının verdiyi arayış əsasında həyata keçirir. Lisenziya verən dövlət orqanının rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş həmin arayış lisenziyanın yenidən rəsmiləşdirilməsinə əsas olan sənədlər təqdim edildikdən sonra verilir.

3.17. Fəaliyyət növünün bir neçə alt növünü eyni vaxtda həyata keçirmək üçün müraciət olunduqda, lisenziya bir blankda və bir qeydiyyat nömrəsi ilə verilir. Lisenziya sahibi fəaliyyət növünün lisenziyada göstərilməyən digər alt növləri ilə məşğul olmaq üçün lisenziya verən dövlət orqanına ərizə ilə müraciət etdikdə, ona mövcud lisenziya blankı dəyişdirilmədən, ayrıca blankda və ayrı qeydiyyat nömrəsi ilə lisenziya verilir.

4. Lisenziyanın əlavəsi

4.1. Lisenziyanın əlavəsi aşağıdakı hallarda verilir:

4.1.1. həyata keçirilməsi obyektlə bağlı olan lisenziya tələb edilən fəaliyyət növü ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirildikdə;

4.1.2. bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulmuş fəaliyyət növləri ilə əlaqədar lisenziya alınması üçün müraciət edildikdə.

4.2. Aşağıdakı fəaliyyət növləri üzrə ərizəçinin məşğul ola biləcəyi iş və xidmətlərin siyahısı lisenziyanın əlavəsində göstərilir:

4.2.1. özəl tibb fəaliyyəti;

4.2.2. tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işləri;

4.2.3. tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi;

4.2.4. tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri.

4.3. Həyata keçirilməsi obyektlə bağlı olan lisenziya tələb olunan fəaliyyət növü ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirildiyi halda, ərizəçiyə ilk dəfə verilən lisenziya ilə birlikdə hər bir obyekt üçün, onun ünvanı göstərilməklə, lisenziyanın əlavəsi təqdim olunur.

4.4. Ərizəçi bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olmaq istədikdə, ona ilk dəfə verilən lisenziya ilə birlikdə məşğul ola biləcəyi iş və xidmətlərin siyahısı göstərilməklə lisenziyanın əlavəsi təqdim olunur.

4.5. Lisenziya verildikdən sonra lisenziya sahibi lisenziyada göstərilən fəaliyyət növünü başqa obyektlərdə də həyata keçirmək və ya lisenziyanın əlavəsində göstərilməyən iş və xidmətlərlə məşğul olmaq üçün lisenziyanın əlavəsinin alınması ilə bağlı lisenziya verən dövlət orqanına ərizə ilə müraciət edə bilər. Həmin müraciətə bu Qaydanın 3.4-3.12-ci bəndlərində nəzərdə tutulan qaydada baxılır və bu zaman ərizəçi tərəfindən bu Qaydanın 3.1.4-cü və (və ya) 3.1.5-ci yarımbəndlərində nəzərdə tutulan sənədlər təqdim edilir.

4.6. Lisenziyanın əlavəsi bu Qaydanın 3.14-cü bəndində nəzərdə tutulmuş qaydada imzalanır və təsdiq edilir.

5. Lisenziya şərtlərinə riayət olunmasına nəzarət

5.1. Lisenziya sahibinin lisenziya şərtlərinə riayət etməsinə nəzarəti sahəvi qanunlarla müəyyən olunmuş qaydada müvafiq nəzarət orqanı həyata keçirir.

5.2. Lisenziya şərtlərinə riayət olunmasına nəzarət sahəsində yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçirilir.

5.3. Nəzarət orqanı lisenziya sahibinin Nazirlik tərəfindən verilən lisenziyada göstərilən fəaliyyəti həyata keçirərkən Azərbaycan Respublikası qanunlarının tələblərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi əlavə şərtlərə riayət etməməsi hallarını aşkar etdikdə lisenziyanın dayandırılması üçün Nazirliyə əsaslandırılmış təqdimat göndərir.

6. Lisenziyanın dayandırılması, bərpası və ləğvi

6.1. Lisenziya verən dövlət orqanı lisenziyanı aşağıdakı hallarda dayandırır:

6.1.1. lisenziya sahibi müvafiq ərizə təqdim etdikdə;

6.1.2. Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan hallarda və qaydada dövlət orqanları tərəfindən lisenziya sahibinin fəaliyyəti dayandırıldıqda;

6.1.3. lisenziya sahibinin lisenziyada göstərilən fəaliyyəti həyata keçirərkən Azərbaycan Respublikası qanunlarının tələblərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi əlavə şərtlərə riayət etməməsi lisenziya verən dövlət orqanı tərəfindən müəyyən edildikdə;

6.1.4. lisenziya sahibinin müflisləşməsi faktı qanunla müəyyən olunmuş qaydada təsdiq edildikdə;

6.1.5. qanunla nəzərdə tutulan digər hallarda.

6.2. Lisenziya onu verən dövlət orqanının qərarı ilə dayandırılır. Həmin qərarda dayandırılmaya əsas verən hallar və lisenziyanın dayandırıldığı müddət göstərilməlidir. Bu Qaydanın 6.1.3-cü yarımbəndində göstərilən əsaslarla lisenziyanın dayandırılması haqqında qərarda həmçinin dayandırılmaya səbəb olan halların aradan qaldırılması üçün görülməli tədbirlər və lisenziyanın dayandırıldığı müddətdə həmin halların aradan qaldırılmamasının nəticəsi göstərilməlidir.

6.3. Lisenziyanın dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqdan sonra lisenziya onun sahibinin müraciətinə əsasən bərpa edilir. Lisenziya sahibi öz fəaliyyətini dayandırdıqdan və ya onun fəaliyyəti dayandırıldıqdan sonra müvafiq lisenziya alınması üçün yeni şərtlər müəyyən edildikdə lisenziya sahibi bu Qaydanın 3.1.5-ci yarımbəndində nəzərdə tutulan sənədləri təqdim etdiyi halda lisenziya bərpa edilir. Lisenziya verən dövlət orqanı tərəfindən bu barədə qərar qəbul edildikdə lisenziya bərpa edilmiş hesab olunur.

6.4. Lisenziya verən dövlət orqanı lisenziyanı aşağıdakı hallarda ləğv edir:

6.4.1. lisenziya sahibi müvafiq ərizə təqdim etdikdə;

6.4.2. lisenziya verilməsi üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumat aşkar olunduqda;

6.4.3. məhkəmənin müvafiq qərarı olduqda;

6.4.4. hüquqi şəxs, xarici hüquqi şəxsin filialı və ya nümayəndəliyi ləğv edildikdə və fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə;

6.4.5. bu Qaydanın 6.1.3-cü yarımbəndində göstərilən əsaslarla lisenziyanın dayandırılmasına səbəb olan hallar lisenziyanın dayandırılması haqqında qərarda göstərilən müddətdə aradan qaldırılmadıqda;

6.4.6. qanunla nəzərdə tutulan digər hallarda.

6.5. Lisenziya verən dövlət orqanı lisenziyanın dayandırılması, bərpa və ya ləğv edilməsi haqqında qərar qəbul etdiyi vaxtdan 3 iş günü müddətində lisenziyanın sahibinə yazılı məlumat verir.

6.6. Bu Qaydanın 3.17-ci bəndinə uyğun olaraq verilmiş lisenziyada göstərilən fəaliyyət növünün bir və ya bir neçə alt növünü həyata keçirmək hüququnun dayandırılması (bu Qaydanın 6.1.2-ci və 6.1.4-cü yarımbəndləri istisna olmaqla) və ya ona xitam verilməsi (bu Qaydanın 6.4.4-cü yarımbəndi istisna olmaqla) həmin lisenziyada göstərilən fəaliyyət növünün digər alt növlərinin həyata keçirilməsinə mane olmur.

7. Lisenziya verən dövlət orqanının vəzifəli şəxslərinin və ərizəçilərin məsuliyyəti

7.1. Lisenziya verən dövlət orqanının vəzifəli şəxsi lisenziyalaşdırma qaydalarını pozduqda və ya həmin qaydalara riayət etmədikdə qanunla müəyyən olunmuş hallarda məsuliyyət daşıyır.

7.2. Ərizəçilər təqdim etdikləri sənədlərin və onlarda göstərilən məlumatın düzgünlüyünə görə qanunla müəyyən edilmiş hallarda məsuliyyət daşıyırlar.

7.3. Lisenziya verən dövlət orqanının qəbul etdiyi qərarlardan və onun vəzifəli şəxsinin hərəkətlərindən inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında