24 noyabr 2015-ci il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə, məhkəmə katibləri Fəraid Əliyev və Elməddin Hüseynovun
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, sədr müavini Natiq Məmmədov, katibi Arifə Muxtarova, katibi Mikayıl Rəhimov, üzvləri Şaitdin Əliyev, Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Bəxşeyiş Əsgərov, Almas Qəhramanlı və Etibar Quliyevin,
ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirovun və həmin kafedranın dosenti, hüquq üzrə fəlsəfə doktoru Sübhan Əliyevin, mütəxəssislər Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları Ulduzə Həmidova və Gülnar Əhmədovanın iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə və 130-cu maddəsinin VIII hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı qaydasında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabr ayının 1-də keçirilmiş seçkilərin nəticələrinə dair konstitusiya işinə baxdı.
Hakimlər R.Qvaladze və K.Şəfiyevin məruzələrini, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri M.Pənahovun çıxışını, ekspertlər E.Nəsirov və S.Əliyevin rəyini, mütəxəssislər U.Həmidova və G.Əhmədovanın arayışını dinləyib müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin II hissəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2015-ci il tarixli 1371 saylı Sərəncamı ilə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 2015-ci il noyabrın 1-nə təyin edilmiş və həmin gün keçirilmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 171.2-ci maddəsinin tələblərinə görə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası səsvermə günündən ən geci 20 gün keçənədək dairə seçki komissiyalarının protokollarını (bu Məcəlləyə uyğun olaraq onlara əlavə edilən sənədlərlə birlikdə) yoxlayır, 24 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim edir.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinin düzgünlüyünü yoxlayır və təsdiq edir.
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 54.1-ci maddəsinə görə Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinin yoxlanılması və təsdiq edilməsi qaydaları Azərbaycan Respublikası Seçki Məcəlləsi ilə müəyyən edilir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 171.3-cü maddəsində müəyyən edilmiş qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq mütəxəssisləri cəlb etməklə Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim olunmuş sənədlərin Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğunluğunu yoxlayır.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 2015-ci il noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsi üçün səsvermənin ümumi yekunları haqqında Mərkəzi Seçki Komissiyasının protokolunu, habelə dairə seçki komissiyalarının protokollarını və onlara əlavə edilən sənədləri 2015-ci il noyabrın 18-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim etmişdir.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi təqdim olunmuş sənədlərin Azərbaycan Respublikası Seçki Məcəlləsinə uyğunluğunu yoxlayarkən aşağıdakıları müəyyən etmişdir.
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinə dair 2015-ci il 18 noyabr tarixli protokoluna əsasən:
1) Seçici siyahılarına daxil edilmiş seçicilərin ümumi sayı - 5.211.765 (beş milyon iki yüz on bir min yeddi yüz altmış beş);
2) Səsvermədə iştirak edən seçicilərin sayı - 2.894.515 (iki milyon səkkiz yüz doxsan dörd min beş yüz on beş);
3) Dairə seçki komissiyalarının sayı - 125 (bir yüz iyirmi beş);
4) Dairə seçki komissiyaları tərəfindən təqdim edilmiş protokolların sayı - 125 (bir yüz iyirmi beş);
5) Mərkəzi Seçki Komissiyası protokolunun tərtib edilməsi üçün əsas götürülmüş dairə seçki komissiyaları protokollarının sayı - 124 (bir yüz iyirmi dörd);
6) Səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki dairələrinin sayı - 1 (bir);
7) Səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin sayı - 58 (əlli səkkiz) olmuşdur.
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının səsvermənin ümumi yekunları haqqında 2015-ci il 18 noyabr tarixli protokolundan göründüyü kimi, 125 seçki dairəsindən 124 seçki dairəsi üzrə səsvermənin nəticələri etibarlı hesab edilmiş və deputat seçilmiş namizədlər müəyyən olunmuşlar.
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 10 noyabr 2015-ci il tarixli 44/310 saylı; 11 noyabr 2015-ci il tarixli 45/312 saylı; 13 noyabr 2015-ci il tarixli 47/326 saylı; 14 noyabr 2015-ci il tarixli 48/329 saylı; 17 noyabr 2015-ci il tarixli 50/342 saylı; 18 noyabr 2015-ci il tarixli 51/344 və 51/345 saylı qərarları ilə 12 saylı Qaradağ-Binəqədi-Yasamal; 35 saylı Xətai üçüncü; 53 saylı Quba-Qusar; 63 saylı Sabirabad birinci; 69 saylı Cəlilabad-Masallı-Biləsuvar; 79 saylı İmişli; 82 saylı Ağcabədi; 83 saylı Ağcabədi-Füzuli və 85 saylı Şamaxı seçki dairələrinin hər birində bir seçki məntəqəsi; 15 saylı Yasamal birinci və 12 saylı Laçın seçki dairələrinin hər birində iki seçki məntəqəsi; 90 saylı Ağdaş seçki dairəsində 40 seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilmişdir.
90 saylı Ağdaş seçki dairəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən və həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etdiyindən bu seçki dairəsi üzrə seçkilər etibarsız hesab edilmişdir.
Beləliklə, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən 53 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilmişdir.
Beş seçki məntəqəsi üzrə nəticələr dairə seçki komissiyaları tərəfindən etibarsız hesab edilmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.12-ci maddəsinə əsasən seçki komissiyalarının protokolları seçki komissiyasının həlledici səs hüquqlu üzvləri tərəfindən tərtib edilir və seçki komissiyasının həlledici səs hüquqlu üzvlərinin ümumi sayının ən azı 2/3-si tərəfindən imzalanır. Həmin Məcəllənin 28.2-ci maddəsinə görə isə Mərkəzi Seçki Komissiyasının qərarları açıq səsvermə yolu ilə Mərkəzi Seçki Komissiyasının iclasında komissiya üzvlərinin 17-si və ya 18-i iştirak edərsə - azı 12 üzvün səs çoxluğu ilə qəbul edilir.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilmiş səsvermənin ümumi yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2015-ci il 18 noyabr tarixli protokolundan göründüyü kimi, bu sənəd Mərkəzi Seçki Komissiyasının 18 həlledici səs hüquqlu üzvlərindən 17-si imzalamışdır.
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının materialları Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə daxil olduqdan sonra Məhkəmə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 171.3-cü maddəsinin, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 54.4-cü maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim edilmiş sənədlərin yoxlanılması üçün ekspert və müvafiq mütəxəssisləri cəlb etmiş, Bakı, Sumqayıt, Gəncə, Şirvan, Şəki Apellyasiya Məhkəmələrindən, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsindən, Azərbaycan Respublikası Ali Məhkəməsindən və Azərbaycan Respublikası Prokurorluğundan seçki hüquqlarının müdafiəsi və seçki qanunvericiliyinin pozulması ilə əlaqədar baxılmış şikayət və ərizələr haqqında məlumatları tələb etmişdir.
Ekspert qismində cəlb edilmiş Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının baş müəllimi E.Nəsirovun və həmin kafedranın dosenti S.Əliyevin rəylərinə görə Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2015-ci il 18 noyabr tarixli protokolu və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.2, 100.12, 107.2, 107.3, 108.2 və 171.2-ci maddələrinin tələblərinə uyğundur.
Mütəxəssislər Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları U.Həmidova və G.Əhmədovanın arayışına əsasən, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinə dair 2015-ci il 18 noyabr tarixli protokolu və ona əlavə edilmiş 124 dairə seçki komissiyalarının protokolları Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.2, 100.12, 107.2, 107.3 və 108.2-ci maddələrinə uyğun tərtib edilmişdir. Yoxlanılmış sənədlərdə səhvlər, yolverilməz düzəlişlər və uyğunsuzluqlar aşkar edilməmişdir.
Bakı Apellyasiya Məhkəməsi 23 noyabr 2015-ci il tarixli 5D-174/15 saylı məktubunda bildirmişdir ki, 2015-ci il noyabr ayının 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə bağlı məhkəməyə cəmi 63 şikayət daxil olmuş, bunlardan 6 şikayət aidiyyəti üzrə baxılması üçün göndərilmiş, 5 şikayət mümkün sayılmamış, 51 şikayət təmin edilməmiş, 1 şikayət isə qismən təmin edilərək namizədliyin qeydə alınmaması ilə bağlı Mərkəzi Seçki Komissiyasının qərarı ləğv edilmişdir.
Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin 23 noyabr 2015-ci il tarixli SA-209/2015 saylı məktubuna əsasən, həmin məhkəməyə 2015-ci il noyabr ayının 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə bağlı cəmi 13 şikayət daxil olmuş, bütün şikayətlər təmin edilməmişdir.
Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsi 23 noyabr 2015-ci il tarixli 03-01/2015 saylı məktubla bildirmişdir ki, Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərlə bağlı cəmi 8 şikayət daxil olmuş, o cümlədən 5 şikayət namizədliyin qeydə alınmaması, 3 şikayət isə Dairə Seçki Komissiyalarının protokollarından olmuşdur. İki şikayət baxılması üçün aidiyyəti üzrə göndərilmiş, 6 şikayət isə təmin edilməmişdir.
Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin 20 noyabr 2015-ci il tarixli 6DX-290/2015 saylı məktubundan göründüyü kimi, həmin məhkəməyə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə bağlı cəmi 23 şikayət daxil olmuşdur. Bunlardan 16-sı namizədliyin qeydiyyatı ilə, 7-si isə Dairə Seçki Komissiyalarının protokollarının etibarsız hesab edilməsi ilə bağlı olmuşdur. Bir şikayət təmin edilərək namizədliyin qeydiyyatı ilə bağlı Mərkəzi Seçki Komissiyasının qərarı ləğv edilmiş, bir şikayət baxılması üçün aidiyyəti üzrə göndərilmiş, 21 şikayət təmin edilməmişdir.
Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin 21 noyabr 2015-ci il tarixli 35/964 saylı məktubundan göründüyü kimi, həmin məhkəməyə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə bağlı cəmi 11 şikayət daxil olmuş, 7 şikayət təmin edilməmiş, 2 şikayət mümkün sayılmamış, 1 şikayət təmin edilərək qeydə alınmış namizədin qeydiyyatı ləğv edilmiş, 1 şikayət isə aidiyyəti üzrə baxılması üçün göndərilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 23 noyabr 2015-ci il tarixli 20-03/75 saylı məktubundan göründüyü kimi, 2015-ci il noyabr ayının 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə bağlı şikayətlər daxil olmamışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 noyabr 2015-ci il tarixli 2-509/15 saylı məktubuna əsasən, bu məhkəməyə 2015-ci il noyabr ayının 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə bağlı 64 iş daxil olmuş, 60 iş üzrə şikayətlər təmin edilməyərək, apellyasiya instansiyası məhkəmələrinin qərarları dəyişdirilmədən saxlanılmış, 4 şikayətin qəbulundan isə imtina olunmuşdur.
Azərbaycan Respublikası Prokurorluğunun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə ünvanladığı 21 noyabr 2015-cil tarixli 04-xid 9344 saylı məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilər ilə əlaqədar prokurorluq orqanlarına vətəndaşların seçki hüquqlarının pozulması ilə bağlı 23 müraciət daxil olmuş, onlardan 19-u aidiyyəti üzrə göndərilmiş, 4 müraciət üzrə isə müəlliflərinə qanunvericiliyin tələbləri izah edilmişdir.
Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, 2015-ci il noyabr ayının 1-də keçirilmiş Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2015-ci il 18 noyabr tarixli protokolu və Azərbaycan Respublikası Seçki Məcəlləsinə uyğun olaraq ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.2, 100.12, 107.2, 107.3, 108.2 və 171.2-ci maddələrinin tələblərinə uyğun olduğundan, seçkilərin nəticələri təsdiq edilməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsini və 130-cu maddəsinin VIII, IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanunun 54, 62, 63, 65, 67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. 2015-ci il noyabr ayının 1-də keçirilmiş beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2015-ci il 18 noyabr tarixli protokolu və Azərbaycan Respublikası Seçki Məcəlləsinə uyğun olaraq ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.2, 100.12, 107.2, 107.3, 108.2 və 171.2-ci maddələrinin tələblərinə uyğun hesab edilsin.
2. Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabr ayının 1-də keçirilmiş
1 saylı Şərur-Sədərək,
2 saylı Şərur,
3 saylı Babək-Kəngərli-Naxçıvan,
4 saylı Naxçıvan şəhər,
5 saylı Şahbuz-Babək,
6 saylı Culfa-Babək,
7 saylı Ordubad-Culfa,
8 saylı Binəqədi birinci,
9 saylı Binəqədi ikinci,
10 saylı Binəqədi üçüncü,
11 saylı Qaradağ,
12 saylı Qaradağ-Binəqədi-Yasamal,
13 saylı Xəzər-Pirallahı,
14 saylı Xəzər,
15 saylı Yasamal birinci,
16 saylı Yasamal ikinci,
17 saylı Yasamal üçüncü,
18 saylı Nərimanov-Nizami,
19 saylı Nərimanov birinci,
20 saylı Nərimanov ikinci,
21 saylı Nəsimi birinci,
22 saylı Nəsimi ikinci,
23 saylı Nəsimi-Səbail,
24 saylı Nizami birinci,
25 saylı Nizami ikinci,
26 saylı Sabunçu birinci,
27 saylı Sabunçu ikinci,
28 saylı Sabunçu üçüncü,
29 saylı Səbail,
30 saylı Suraxanı birinci,
31 saylı Suraxanı ikinci,
32 saylı Suraxanı üçüncü,
33 saylı Xətai birinci,
34 saylı Xətai ikinci,
35 saylı Xətai üçüncü,
36 saylı Xətai dördüncü,
37 saylı Nizami birinci (Gəncə),
38 saylı Nizami ikinci (Gəncə),
39 saylı Kəpəz birinci (Gəncə),
40 saylı Kəpəz ikinci (Gəncə),
41 saylı Sumqayıt birinci,
42 saylı Sumqayıt ikinci,
43 saylı Sumqayıt üçüncü,
44 saylı Sumqayıt-Xızı,
45 saylı Abşeron,
46 saylı Şirvan,
47 saylı Mingəçevir,
48 saylı Yevlax,
49 saylı Yevlax-Mingəçevir,
50 saylı Abşeron-Qobustan,
51 saylı Qusar,
52 saylı Quba,
53 saylı Quba-Qusar,
54 saylı Şabran-Siyəzən,
55 saylı Xaçmaz şəhər,
56 saylı Xaçmaz kənd,
57 saylı Kürdəmir,
58 saylı Hacıqabul-Kürdəmir,
59 saylı Salyan,
60 saylı Salyan-Neftçala,
61 saylı Neftçala,
62 saylı Saatlı,
63 saylı Sabirabad birinci,
64 saylı Sabirabad ikinci,
65 saylı Saatlı-Sabirabad-Kürdəmir,
66 saylı Biləsuvar,
67 saylı Cəlilabad şəhər,
68 saylı Cəlilabad kənd,
69 saylı Cəlilabad-Masallı-Biləsuvar,
70 saylı Masallı şəhər,
71 saylı Masallı kənd,
72 saylı Yardımlı-Masallı,
73 saylı Lənkəran şəhər,
74 saylı Lənkəran kənd,
75 saylı Lənkəran-Masallı,
76 saylı Lənkəran-Astara,
77 saylı Astara,
78 saylı Lerik,
79 saylı İmişli,
80 saylı İmişli-Beyləqan,
81 saylı Beyləqan,
82 saylı Ağcabədi,
83 saylı Ağcabədi-Füzuli,
84 saylı Füzuli,
85 saylı Şamaxı,
86 saylı İsmayıllı,
87 saylı Ağsu-İsmayıllı,
88 saylı Göyçay,
89 saylı Göyçay-Ağdaş,
91 saylı Ucar,
92 saylı Zərdab-Ucar,
93 saylı Bərdə şəhər,
94 saylı Bərdə kənd,
95 saylı Tərtər,
96 saylı Goranboy-Naftalan,
97 saylı Goranboy-Ağdam-Tərtər,
98 saylı Şəmkir şəhər,
99 saylı Şəmkir kənd,
100 saylı Şəmkir-Daşkəsən,
101 saylı Göygöl-Daşkəsən,
102 saylı Samux-Şəmkir,
103 saylı Gədəbəy,
104 saylı Gədəbəy-Tovuz,
105 saylı Tovuz,
106 saylı Tovuz-Qazax-Ağstafa,
107 saylı Qazax,
108 saylı Ağstafa,
109 saylı Balakən,
110 saylı Zaqatala,
111 saylı Zaqatala-Balakən,
112 saylı Qax,
113 saylı Şəki şəhər,
114 saylı Şəki kənd birinci,
115 saylı Şəki kənd ikinci,
116 saylı Qəbələ,
117 saylı Oğuz-Qəbələ,
118 saylı Ağdam şəhər,
119 saylı Ağdam kənd,
120 saylı Cəbrayıl-Qubadlı,
121 saylı Laçın,
122 saylı Xankəndi,
123 saylı Kəlbəcər,
124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd,
125 saylı Zəngilan-Qubadlı seçki dairələri üzrə seçkilərin nəticələri təsdiq edilsin.
3. Qərar elan olunduğu andan qüvvəyə minir.
4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
Sədr Fərhad ABDULLAYEV
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.