2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Müsavat partiyasının və NİDA Vətəndaş Hərəkatının iştirakdan imtina etməsi ilə əlaqədar

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının

B Ə Y A N A T I

 

2015-ci il noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə Müsavat partiyası öz iştirakının dayandırılması və partiyanın qeydə alınmış namizədlərinin geri çağrılmasının həmin namizədlərin mülahizəsinə verilməsi barədə qərar qəbul etmişdir.

Bildiririk ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 154.1-ci maddəsinə əsasən siyasi partiya öz nizamnaməsinə uyğun olaraq, siyasi partiyaların bloku isə ona daxil olan siyasi partiyaların səlahiyyətli nümayəndələrinin qərarı ilə səsvermə gününə ən geci 10 gün qalanadək istənilən vaxt müvafiq dairə seçki komissiyasına yazılı ərizə verərək, birmandatlı seçki dairəsi üzrə irəli sürülmüş namizədi, qeydə alınmış namizədi geri çağırmaq hüququna malikdir.

Seçki Məcəlləsinin 99.4-cü maddəsinə əsasən isə seçki bülletenləri Mərkəzi Seçki Komissiyasının qərarı ilə onun nümayəndələrinin müşahidəsi altında poliqrafiya müəssisələrində səsvermə gününə ən azı 10 gün qalmış hazırlanır.

Müsavat  Partiyasının bu barədə  qərarının  məhz cari ilin noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərə 10 gündən az müddət qalmış vaxtda qəbul edilməsi Seçki Məcəlləsinin tələblərinin pozulması ilə yanaşı, həmçinin keçiriləcək seçkilərə şüurlu olaraq əngəllər törətmək kimi qiymətləndirilir.

Səsvermə prosesində seçicilərin çaşdırılmasına xidmət edən bu addım seçki subyekti olmayan, seçki prosesində ümumiyyətlə iştirak etməyən və namizəd qeydə aldırmaq hüququna malik olmayan NİDA Vətəndaş Hərəkatının belə bəyanat verməsi ilə daha da qabarıq ortaya çıxmışdır.

Təəssüflər olsun ki, seçki təcrübəsinə mənfi təsirsiz ötüşməyən belə neqativ addımlar onlar tərəfindən davamlı olaraq atılmaqdadır.

Belə ki, Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərin təxirə salınaraq 4 ay sonraya təyin olunması da Müsavat Partiyası tərəfindən irəli sürülmüşdür.

Halbuki, bu təklifi irəli sürənlər bilməlidirlər ki, Azərbaycan Respublikasının Konstitusiyasının 84-cü maddəsinin ll hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir və onun iddia edilən müddətə və əsaslarla təxirə salınması qaydası seçki qanunvericiliyində ümumiyyətlə nəzərdə tutulmamışdır.

Bütün bu hərəkətlər onu sübut edir ki, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin qanunun tələblərinə uyğun olaraq keçirilməsi Müsavat partiyasının və NİDA Vətəndaş Hərəkatının maraqlarına cavab vermir. 

Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında