Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması Qaydaları

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir

I. Ümumi müddəalar
1. Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması Qaydaları (bundan sonra - Qaydalar) "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə əsasən hazırlanmışdır və fərdi məlumatların informasiya sistemlərinin (bundan sonra - İnformasiya sistemləri) dövlət reyestrinin tərtib edilməsi və aparılması qaydalarını müəyyən edir.
2. Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestri (bundan sonra - Dövlət reyestri) İnformasiya sistemləri barədə məlumatları əks etdirən dövlət informasiya ehtiyatıdır.
3. Dövlət reyestri və onun informasiya sistemi Azərbaycan Respublikasının mülkiyyətidir.
4. Dövlət reyestrinin aparılması ilə bağlı xərclər dövlət büdcəsi hesabına maliyyələşdirilir.
II. Dövlət reyestrinin formalaşdırılmasının əsas prinsipləri
5. Dövlət reyestrinin formalaşdırılmasının və fəaliyyətinin əsas prinsipləri aşağıdakılardır:
5.1. mövcud qanunvericiliyin tələblərinə riayət edilməsi;
5.2. informasiyanın aktuallığının və təhlükəsizliyinin təmin edilməsi;
5.3. Dövlət reyestrinin proqram-texniki komponentlərinin inkişaf imkanlarının təmin edilməsi.
III. Reyestrin operatoru
6. Dövlət reyestri Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (bundan sonra - Reyestrin operatoru) tərəfindən aparılır.
7. Reyestrin operatoru:
7.1. İnformasiya sistemlərinin dövlət qeydiyyatına alınmasının və dövlət qeydiyyatının ləğv edilməsinin kağız daşıyıcı üzərində və elektron formada təşkili və idarə olunmasını təmin edir;
7.2. Dövlət reyestrinə metodik, informasiya-linqvistik, proqram-texniki dəstəyi təmin edir;
7.3. Dövlət reyestrindən çıxarışlar verir;
7.4. Dövlət reyestrinə daxil edilmiş məlumatların arxivləşdirilməsini və saxlanılmasını təşkil edir;
7.5. Dövlət reyestrinin dayanıqlı işləməsini və informasiya təhlükəsizliyini təmin edir.
IV. Dövlət reyestrinin formalaşdırılması və aparılması
8. Dövlət qeydiyyatına alınmış informasiya sistemləri haqqında məlumatlar Dövlət reyestrinə daxil edilir.
9. Dövlət reyestrinə daxil edilən məlumatlar informasiya sistemlərinin dövlət qeydiyyatı və ya dövlət qeydiyyatının ləğv edilməsi ilə bağlı məlumatlardan, habelə "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun 15.4-cü maddəsində nəzərdə tutulmuş məlumatlardan ibarətdir.
10. Reyestrin operatoru elektron və ya kağız daşıyıcılarda təqdim olunmuş məlumatları dövlət reyestrinə daxil edir və informasiya sisteminin mülkiyyətçisinə dövlət reyestrindən çıxarış verir.
11. İnformasiya sisteminin mülkiyyətçisi dövlət reyestrinə daxil edilmək üçün təqdim etdiyi məlumatların tam və düzgün olmasını təmin etməlidir.
12. Reyestrin operatoru informasiya sistemi haqqında məlumatları dəqiqləşdirmək məqsədi ilə əlavə məlumat tələb edə bilər və ya informasiya sistemi ilə bilavasitə tanış ola bilər.
13. İnformasiya sistemində dəyişiklik edildikdə və ya həmin sistem ləğv edildikdə, informasiya sisteminin mülkiyyətçisi dövlət reyestrində müvafiq düzəlişlər edilməsi üçün üç iş günü müddətində Reyestrin operatoruna yazılı surətdə müraciət etməlidir.
14. Reyestrin operatoru, bir qayda olaraq, ən azı beş ildə bir dəfə dövlət reyestrində informasiya sistemləri haqqında mövcud olan müvafiq məlumatların tam və düzgün olmasını informasiya sisteminin mülkiyyətçisinə sorğu verməklə və ya yerində tanış olmaqla dəqiqləşdirir.
15. Dövlət reyestrində hər bir informasiya sisteminə ardıcıllıq qaydasında növbəti qeydiyyat nömrəsi verilir.
16. Dövlət reyestrinin elektron formada təşkili və idarə olunması məlumatların avtomatlaşdırılmış qaydada toplanılması, işlənilməsi və mühafizəsini həyata keçirməyə imkan verən xüsusi proqram təminatı vasitəsilə həyata keçirilir.
17. Dövlət reyestrində mövcud informasiya ehtiyatının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onun aktual ehtiyat nüsxəsinin mövcudluğu və saxlanılması təmin olunur.
18. Dövlət reyestrində fərdi məlumatların informasiya sistemləri haqqında məlumatların arxivləşdirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.
V. İnformasiya sistemləri haqqında məlumat
19. Hüquqi və fiziki şəxslər informasiya sistemləri haqqında məlumat almaq hüququna malikdirlər.
20. İnformasiya sistemləri haqqında məlumat Reyestrin operatorunun internet informasiya ehtiyatında yerləşdirilir.
21. İnternet informasiya ehtiyatında informasiya sistemləri haqqında yerləşdirilən məlumatın tərkibi Reyestrin operatoru tərəfindən müəyyən edilir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında