Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi haqqında

Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmişdir

Ə S A S N A M Ə

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi (bundan sonra- Agentlik) torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkilinin, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanıdır.

1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Əsasnaməsini, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3. Agentlik bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını həyata keçirərkən mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Agentlik müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin adı və Agentliyin öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

1.5. Agentliyin saxlanma xərcləri Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

1.6. Agentlik Bakı şəhərində yerləşir.

2. Agentliyin fəaliyyət istiqamətləri

2.0. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. torpaq bazarının təşkil edilməsi, inzibati ərazi vahidi daxilində xüsusi mülkiyyətçilərin torpaq inhisarçısına çevrilməsinə yol verilməməsi üçün tədbirlər görür;

2.0.2. bütün torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən torpaq sahələrindən səmərəli istifadə edilməsində, torpaqların mühafizəsinin və keyfiyyətinin yaxşılaşdırılmasında, torpaq sahəsi üzərində öhdəlik, məhdudiyyət və servitutların yerinə yetirilməsində torpaq qanunvericiliyinin tələblərinə riayət edilməsini təmin edir.

3. Agentliyin vəzifələri

3.0. Agentlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.0.1. torpaq bazarını təşkil etmək, torpaq bazarı subyektlərinin hüquq və vəzifələrini əhali arasında təbliğ etmək, torpaq bazarını tənzimləyən rəsmi məlumatların müntəzəm toplanmasını, xüsusi bülletenlər və kütləvi informasiya vasitələri ilə açıqlanmasını təmin etmək;

3.0.2. özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin qiymətləndirilməsini və satışını həyata keçirmək;

3.0.3. dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan dövlət mülkiyyətində olan obyektlərin yerləşdiyi və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaqlarını icarəyə və istifadəyə vermək, bu məqsədlə bağlanmış əqdlərin qeydiyyatını aparmaq, icarə haqlarının müəyyən edilməsi ilə bağlı təkliflər hazırlayıb təqdim etmək, digər dövlət torpaqlarının icarəyə və istifadəyə verilməsinə rəy vermək;

3.0.4. torpaqların dövlət idarəetməsinin təşkili ilə bağlı icra hakimiyyəti orqanlarının, dövlət müəssisə və təşkilatlarının fəaliyyətini əlaqələndirmək;

3.0.5. torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi barədə vəsatətlərə baxmaq, aidiyyəti orqanlarla razılaşdırılması, əsaslandırılması istiqamətində tədbirlər görmək və təkliflər vermək;

3.0.6. bələdiyyə mülkiyyətinə torpaq alınması barədə vəsatətlərə baxmaq, aidiyyəti orqanlarla razılaşdırılması, əsaslandırılması istiqamətində tədbirlər görmək və təkliflər vermək;

3.0.7. dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi ilə bağlı işləri təşkil etmək, müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə və ya icarəyə verilən dövlət mülkiyyətində olan torpaqlara dair hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxslə mülki və torpaq qanunvericiliyinə uyğun müqavilə bağlamaq;

3.0.8. dövlət və özəlləşdirilən müəssisələrə məxsus torpaq sahələrinin zəbt olunması və qanunazidd formada istifadə olunması hallarının qarşısını almaq üçün tədbirlər görmək, bu məqsədlə aidiyyəti orqanlara məlumat vermək, o cümlədən məhkəmə qarşısında iddia qaldırmaq;

3.0.9. dövlət, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılmasına, onların təyinatının dəyişdirilməsinə razılıq vermək, dövlət və özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin təyinatı üzrə istifadəsinin vəziyyətini araşdırmaq məqsədi ilə monitorinq aparmaq;

3.0.10. dövlət, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılması hallarını araşdırmaq və aşkar edilmiş pozuntu hallarının aradan qaldırılması üçün tədbirlər görmək, o cümlədən belə hallar barədə səlahiyyətli dövlət orqanlarına məlumat vermək;

3.0.11. torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən torpaqların hüquqi rejiminə, kateqoriyasına və məqsədli təyinatına uyğun istifadə edilməsinə nəzarət etmək;

3.0.12. torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirmək;

3.0.13. fəaliyyət istiqamətləri üzrə torpaq haqqında qanunvericiliyin tələblərini pozan şəxsləri inzibati məsuliyyətə cəlb etmək, inzibati işlərə baxmaq və həmin şəxslər barəsində inzibati tənbehi tədbirləri görmək;

3.0.14. torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə həyata keçirilən faydalı qazıntıların hasilatı, aqrokimyəvi, meşə-meliorasiya, geoloji kəşfiyyat, axtarış işlərində aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması sahəsində tədbirlər görmək;

3.0.15. torpaq qanunvericiliyinin pozulması ilə əlaqədar torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin, habelə digər fiziki və hüquqi şəxslərin vurduqları ziyanın ödənilməsindən imtina edildikdə, məhkəmə qarşısında iddia qaldırmaq;

3.0.16. torpaqlardan səmərəli istifadə, onların mühafizəsi məsələləri, torpaq islahatı, torpaqla bağlı digər məsələlərin həlli ilə əlaqədar dövlət orqanlarının və bələdiyyələrin torpaq qanunvericiliyinin tələblərinə uyğun gəlməyən inzibati aktlarının ləğv edilməsi barədə müvafiq orqanlar və ya məhkəmə qarşısında iddia qaldırmaq;

3.0.17. qanunla müəyyən edilmiş əsaslar olduqda, mülkiyyətə, istifadəyə və icarəyə verilmiş torpaqlar üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsi üçün tədbirlər görmək;

3.0.18. Agentliyin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təklif vermək;

3.0.19. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və tədbirlər görmək;

3.0.20. bu Əsasnamə ilə müəyyən edilən vəzifə və hüquqlarını Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaradılan vahid informasiya sistemini tətbiq etməklə həyata keçirmək.

4. Agentliyin hüquqları

4.0. Agentlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.0.1. torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin təmin edilməsi məqsədi ilə tədbirlər həyata keçirmək;

4.0.2. fəaliyyət istiqamətləri üzrə monitorinqlər və müşahidələr aparmaq, monitorinqlər və müşahidələr zamanı qanun pozuntuları aşkar edildikdə, hüquq mühafizə və digər dövlət orqanları ilə əlaqəli fəaliyyət göstərmək;

4.0.3. torpaq sahələrinin istifadəyə verilməsi barədə təkliflər vermək;

4.0.4. dövlət əmlakının özəlləşdirilməsinin dövlət proqramının icrası barədə müəyyən olunmuş qaydada hesabatın hazırlanmasında iştirak etmək;

4.0.5. dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.0.6. fəaliyyət istiqamətlərinə uyğun olaraq rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təkliflər vermək;

4.0.7. fəaliyyət istiqamətləri üzrə qanunvericilik aktlarının layihəsini hazırlamaq və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim etmək;

4.0.8. fəaliyyət istiqamətləri üzrə təlimat, qayda və digər normativ aktların layihələrini hazırlamaq və təsdiq edilmək üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim etmək;

4.0.9. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

4.0.10. torpaqların idarə olunması sahəsində Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təkliflər vermək.

5. Agentliyin fəaliyyətinin təşkili

5.1. Agentliyin strukturuna onun aparatı daxildir.

5.2. Agentliyə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir.

5.3. Direktor Agentliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

5.4. Agentliyin direktorunun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır.

5.5. Agentliyin direktoru:

5.5.1. Agentliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.5.2. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Agentliyin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edilmək üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edir;

5.5.3. Agentliyin direktorunun müavinləri və Agentliyin struktur bölmələrinin rəhbərləri istisna olmaqla, Agentliyin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onların barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

5.5.4. Agentliyin xərclər smetasına uyğun olaraq ona ayrılmış vəsaitin istifadəsinə sərəncam verir;

5.5.5. işçilərin ixtisasının artırılması və onların peşə hazırlığının təmin edilməsi üçün tədbirlər görür;

5.5.6. bütün dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər ilə münasibətlərdə Agentliyi təmsil edir;

5.5.7. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə mütəmadi olaraq hesabat verir.

5.6. Agentliyin direktoru, onun müavinləri və aidiyyəti struktur vahidlərinin (şöbələrin) rəhbərləri vəzifələrinə görə eyni zamanda torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə dövlət müfəttişləridir. Agentliyin dövlət nəzarətinin həyata keçirilməsi həvalə edilmiş işçiləri isə torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə müfəttişlərdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında