Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında

Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmişdir

Ə S A S N A M Ə

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra - Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır.

1.2. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Əsasnaməsini, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3. Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) vasitəsilə həyata keçirir.

1.4. Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını həyata keçirərkən mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.5. Xidmət müstəqil balansa, qanunvericiliyə uyğun istifadəsində olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin adı və Xidmətin öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

1.6. Xidmətin saxlanma xərcləri Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr, habelə tabeliyində olan yerli qurumların fəaliyyət istiqamətləri üzrə göstərdiyi xidmətlərə görə alınan xidmət haqlarından daxil olan vəsaitlərdən maliyyələşdirilir.

1.7. Xidmət Bakı şəhərində yerləşir.

2. Xidmətin fəaliyyət istiqamətləri

2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir;

2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır;

2.0.3. daşınmaz əmlakın inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsini təmin edir;

2.0.4. daşınmaz əmlakın, o cümlədən torpaqların, tikililərin, binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış və bağ evlərinin, habelə müəssisələrin qiymətləndirilməsini təşkil edir.

3. Xidmətin vəzifələri

3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmət aşağıdakı vəzifələri yerinə yetirir:

3.0.1. paralel olaraq yazı üsulu ilə kağız üzərində (yazılı sənədlər) və elektron daşıyıcılar üzərində məlumatları dövlət reyestrinə daxil etmək;

3.0.2. hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək;

3.0.3. təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq;

3.0.4. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək;

3.0.5. hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək;

3.0.6. hüquqları dövlət qeydiyyatına almaq, habelə tikintisi başa çatdırılmamış daşınmaz əmlaka və onun hissələrinə mülkiyyət hüququnu və onun ipoteka ilə yüklülüyünü qabaqcadan qeydiyyata almaq;

3.0.7. hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək;

3.0.8. dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək;

3.0.9. pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununun birmənalı başa düşülməsinə imkan verməyən dərəcədə zədələnmiş sənədləri hüquqların dövlət qeydiyyatı üçün qəbul etməmək;

3.0.10. dövlət reyestrinə daxil edilən hər bir daşınmaz əmlak obyektinə Azərbaycan Respublikasının ərazisində dəyişməyən, təkrarlanmayan, daşınmaz əmlak obyektinin vahid şəkildə olduğunu göstərən daşınmaz əmlakın dövlət reyestr nömrəsi vermək;

3.0.11. hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək;

3.0.12. daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış vermək və ya belə arayış verməkdən imtina etmək;

3.0.13. hüquq sahibinin sorğusuna əsasən, ona məxsus olan daşınmaz əmlak haqqında digər şəxslərə verilən arayışlar barədə hüquq sahibinə məlumat vermək;

3.0.14. dövlət reyestrini, ərizə jurnalını və hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər daxil edilən qovluqları daimi saxlamaq;

3.0.15. hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək;

3.0.16. məhv olmuş daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatını ləğv etmək;

3.0.17. qanunla müəyyən edilmiş müddətədək daşınmaz əmlak üzərində hüquqların qeydiyyatını aparmış dövlət orqanlarının verdikləri dövlət reyestrində saxlanılmalı olan məlumatları dövlət reyestrinə daxil etmək;

3.0.18. daşınmaz əmlakın ipotekası barəsində verilən qiymətli kağızlar haqqında məlumatları dövlət reyestrinə daxil etmək;

3.0.19. yaşayış fondundan qeyri-yaşayış fonduna və ya əksinə keçirilmiş daşınmaz əmlak obyektləri barədə məlumatları dövlət reyestrinə daxil etmək;

3.0.20. daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid dövlət kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək;

3.0.21. ayrı-ayrı daşınmaz əmlak obyektləri üzrə kadastr tərtib edən və aparan icra hakimiyyəti orqanlarının təqdim etdikləri məlumatların daşınmaz əmlakın vahid dövlət kadastrına daxil edilməsində iştirak etmək;

3.0.22. daşınmaz əmlakın vahid dövlət kadastrı məlumatlarının sorğu əsasında dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə verilməsində iştirak etmək;

3.0.23. daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək;

3.0.24. tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək;

3.0.25. mülkiyyət növündən asılı olmayaraq daşınmaz əmlakın qiymətləndirilməsini təşkil etmək, daşınmaz əmlakın qiymətləndirilməsini (dövlət müəssisə və obyektləri istisna olmaqla) və bu sahədə nəzarəti həyata keçirmək, daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində qiymətləndiricilərin fəaliyyətinə nəzarət etmək;

   3.0.26. dövlət reyestrinə daxil edilmiş daşınmaz əmlakın inventar və bazar münasibətlərinə uyğun real dəyəri üzrə məlumat bankının yaradılmasını təmin etmək;

3.0.27. daşınmaz əmlakın inventar və bazar münasibətlərinə uyğun real dəyəri haqqında məlumatı sorğu əsasında dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə vermək;

3.0.28. dövlət mənzil fondu obyektlərinin xüsusi mülkiyyətə verilməsini rəsmiləşdirmək;

3.0.29. vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək;

3.0.30. daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması sahəsində funksiyaların icrası və aidiyyəti üzrə əlaqələndirilməklə, məkan məlumatları infrastrukturunun formalaşdırılmasında iştirak etmək;

3.0.31. daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq;

3.0.32. bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəy verilməsində iştirak etmək;

3.0.33. dövlət rüsumlarının və fəaliyyət istiqamətləri üzrə tabeliyində olan yerli qurumların göstərdiyi xidmətlərə görə xidmət haqlarından daxilolmaların mühasibat və statistik uçotunu aparmaq, həmin vəsaitin vaxtında və tam həcmdə aidiyyəti üzrə köçürülməsini təmin etmək, göstərilən xidmətlər müqabilində alınan xidmət haqlarından Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş qaydada istifadə etmək;

3.0.34. fəaliyyət istiqamətləri üzrə göstərilən xidmət haqlarının tarifləri barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə təklif vermək;

3.0.35. fəaliyyət istiqamətləri üzrə aşkar olunan qanun pozuntuları ilə bağlı tədbirlər görülməsini təmin etmək;

3.0.36. Xidmətin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təklif vermək;

3.0.37. Xidmətin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və tədbirlər görmək;

3.0.38. bu Əsasnamə ilə müəyyən edilən vəzifə və hüquqlarını Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaradılan vahid informasiya sistemini tətbiq etməklə həyata keçirmək.

4. Xidmətin hüquqları

4.0. Xidmət öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.0.1. dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.0.2. fəaliyyət istiqamətləri üzrə qanunvericilik aktlarının layihələrini hazırlamaq və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim etmək;

4.0.3. qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətlərinə dair məsələlərin icrası ilə bağlı təlimat, qayda və digər normativ aktların layihələrini hazırlamaq və təsdiq edilmək üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim etmək;

4.0.4. fəaliyyət istiqamətləri üzrə göstərdiyi xidmətlərə görə xidmət haqqı almaq və bu sahədən daxil olan vəsaitdən müəyyən edilmiş qaydada istifadə etmək;

4.0.5. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

4.0.6. xarici, yerli hüquqi və fiziki şəxslərdən qrant və yardımlar almaq.

5. Xidmətin fəaliyyətinin təşkili

5.1. Xidmətin tərkibinə onun aparatı və tabeliyində olan yerli qurumlar daxildir.

5.2. Xidmətə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis rəhbərlik edir.

5.3. Rəis bu Əsasnamə ilə Xidmətə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

5.4. Xidmət rəisinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır.

5.5. Xidmətin rəisi:

5.5.1. Xidmətin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.5.2. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Xidmətin aparatının və tabeliyində olan yerli qurumlarının strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edilmək üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edir;

5.5.3. Xidmət rəisinin müavinləri, Xidmətin aparatının struktur bölmələrinin rəhbərləri və Xidmətin tabeliyində olan yerli qurumların rəhbərləri və müavinləri istisna olmaqla, Xidmətin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onların barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

5.5.4. Xidmətin xərclər smetasına uyğun olaraq ona ayrılmış vəsaitin istifadəsinə sərəncam verir;

5.5.5. Xidmətin aparatının və yerli qurumlarının işçiləri tərəfindən aparılan tədbirlərə nəzarət edir;

5.5.6. işçilərin ixtisasının artırılması və onların peşə hazırlığının təmin edilməsi üçün tədbirlər görür;

5.5.7. tabeliyində olan yerli qurumlara icrası məcburi olan əmr və göstərişlər verir;

5.5.8. bütün dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər ilə münasibətlərdə Xidməti təmsil edir;

5.5.9. Xidmətin fəaliyyəti barədə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə mütəmadi olaraq hesabat verir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında