Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında

Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmişdir

Ə S A S N A M Ə

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra - Komitə) dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, bu sahəyə investisiyaların cəlb olunması, daşınmaz əmlakın dövlət reyestrinin aparılması, daşınmaz əmlakın vahid dövlət kadastrının aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsinin təşkili, torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarət, torpaq bazarının təşkili sahəsində (bundan sonra - müvafiq sahədə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

1.2. Komitə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

1.3. Komitə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Komitə müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

1.5. Komitənin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

1.6. Komitə Bakı şəhərində yerləşir.

2. Komitənin fəaliyyət istiqamətləri

2.0. Komitənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;

2.0.2. müvafiq sahənin inkişafını təmin edir;

2.0.3. müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirir;

2.0.4. Azərbaycan Respublikasının ərazisində və xarici ölkələrdə yerləşən dövlət əmlakını idarə edir və onun barəsində sərəncam verir, dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq məqsədilə tədbirlər görür;

2.0.5. dövlət əmlakının, o cümlədən dövlət mənzil fondunun və torpaqlarının özəlləşdirilməsini həyata keçirir;

2.0.6. dövlət əmlakının və onun barəsində bağlanmış əqdlərin qeydiyyatını aparır, dövlət əmlakının inventarlaşdırılmasını təşkil edir;

2.0.7. özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələrinə investisiyaların cəlb olunmasını təmin edir, özəlləşdiriləcək dövlət müəssisələrinin dövlətsizləşdirilməyə hazırlanması və sağlamlaşdırılması sahəsində tədbirlər görür;

2.0.8. özəlləşdirilmiş müəssisələrin inkişafına dəstək verir və onların fəaliyyətinin stimullaşdırılması sahəsində müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir, dövlət müəssisələri özəlləşdirildikdən sonra onların yeni mülkiyyətçiləri tərəfindən həmin müəssisələrə investisiya qoyuluşu üzərində nəzarəti təmin edir;

2.0.9. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirir;

2.0.10. daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının və onun tərkib hissəsi olan torpaq reyestrinin tərtib edilməsini və aparılmasını həyata keçirir;

2.0.11. ünvan reyestrinin aparılmasını həyata keçirir, daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin edir;

2.0.12. daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin, torpaq sahələrinin planı və ölçüsünün tərtib edilməsini təmin edir;

2.0.13. daşınmaz əmlakın, o cümlədən torpaqların, tikililərin, binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış və bağ evlərinin, habelə müəssisələrin qiymətləndirilməsini təşkil edir;

2.0.14. dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinə, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirir, torpaqların münbitliyinin təmin olunmasına (münbitliyin bərpasına və artırılmasına nəzarət istisna olmaqla) dövlət nəzarətinin həyata keçirilməsində iştirak edir;

2.0.15. torpaq bazarının təşkili istiqamətində tədbirlər görür;

2.0.16. torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli məqsədilə yerquruluşu işlərini təşkil edir və həyata keçirir;

2.0.17. daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının və torpaq kadastrının, yerquruluşu işlərinin aparılması məqsədləri üçün xüsusi (sahəvi) təyinatlı geodeziya işlərini təşkil edir, yerinə yetirir və bu sahədə dövlət nəzarətini həyata keçirir;

2.0.18. ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin sərhədlərinin müəyyən edilməsi işlərini yerinə yetirir və xəritələrini hazırlayır;

2.0.19. bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində hazırlanmış xəritələrini, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edir.

3. Komitənin vəzifələri

3.0. Komitə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.0.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək;

3.0.2. müvafiq sahədə dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini təmin etmək;

3.0.3. dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi ilə bağlı icra hakimiyyəti orqanlarının, dövlət müəssisə və təşkilatlarının fəaliyyətini əlaqələndirmək;

3.0.4. strukturuna daxil olan qurum vasitəsilə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaratmaq;

3.0.5. dövlət əmlakının özəlləşdirilməsini həyata keçirmək və dövlət əmlakının alıcıları ilə bağlanmış alqı-satqı müqavilələrinin şərtlərinə riayət edilməsinə nəzarət etmək;

3.0.6. aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları ilə birlikdə fəaliyyət istiqamətləri üzrə məqsədli proqramların hazırlanmasını və həyata keçirilməsini təşkil etmək;

3.0.7. qiymətli kağızlar bazarının formalaşdırılması üzrə təkliflərin hazırlanmasında iştirak etmək;

3.0.8. sosial sahələrin inkişafına dövlət köməyi mexanizmlərinin hazırlanmasında, mənzil-kommunal təsərrüfatında islahatların, infrastruktur layihələrinin istiqamətlərinin müəyyənləşdirilməsində və həyata keçirilməsində iştirak etmək;

3.0.9. dövlət əmlakı barəsində sərəncam vermək, dövlət əmlakının idarə edilməsinə və ondan səmərəli istifadə olunmasına nəzarət etmək, bu məqsədlə tabeliyindən və sahə mənsubiyyətindən asılı olmayaraq dövlət müəssisələrində, nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərdə monitorinq və araşdırmalar aparmaq;

3.0.10. əsas fondların təzələnməsi, yenidən qiymətləndirilməsi, amortizasiya normalarının hazırlanması ilə əlaqədar təkliflər vermək və onların tətbiq edilməsində iştirak etmək;

3.0.11. dövlət əmlakının mühafizəsinə və qorunub saxlanılmasına nəzarəti həyata keçirmək, dövlət müəssisə və təşkilatları tərəfindən dövlət əmlakının inventar siyahılarının tərtib olunmasını təşkil etmək, daşınmaz dövlət əmlakının təyinatının dəyişdirilməsinə razılıq vermək;

3.0.12. dövlət əmlakından istifadə olunması barədə aidiyyəti dövlət orqanları ilə birlikdə statistik hesabat formalarını hazırlamaq, əmlakın inventar siyahıları, habelə əmlakdan istifadə barədə hesabatlar əsasında dövlət əmlakından təyinatı üzrə səmərəli istifadə olunması vəziyyətini təhlil etmək, bu sahədə müvafiq qanunvericiliyi pozan müəssisə və təşkilatların rəhbərliyinin hərəkətləri barədə məlumatları aidiyyəti dövlət orqanlarına təqdim etmək;

3.0.13. dövlət əmlakının registrinin aparılmasını təşkil etmək, bu məqsədlə mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, dövlət təşkilatlarından zəruri məlumatlar almaq, bu sahədə qanunvericiliyi pozan vəzifəli şəxsləri müəyyən edilmiş qaydada məsuliyyətə cəlb etmək;

3.0.14. daşınmaz dövlət əmlakını icarəyə və istifadəyə vermək, bu məqsədlə bağlanmış əqdlərin qeydiyyatını aparmaq, icarə haqlarının müəyyən edilməsi ilə bağlı təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim etmək, daşınar dövlət əmlakının icarəyə və istifadəyə verilməsinə dair razılıq vermək və bu sahədə nəzarəti həyata keçirmək;

3.0.15. strukturuna daxil olan qurum vasitəsilə dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan, dövlət mülkiyyətində olan obyektlərin yerləşdiyi və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaqlarını icarəyə və istifadəyə vermək, bu məqsədlə bağlanmış əqdlərin qeydiyyatını aparmaq, icarə haqlarının müəyyən edilməsi ilə bağlı təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim etmək, digər dövlət torpaqlarının icarəyə və istifadəyə verilməsinə rəy vermək;

3.0.16. dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrindən səmərəli istifadə olunmasına nəzarət etmək və dövlət təşkilatlarının yerləşdirilməsi barədə təkliflər vermək;

3.0.17. dövlət əmlakının girov qoyulmasına razılıq vermək və bu barədə əqdlərin qeydiyyatını aparmaq, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərə məxsus obyektlərin (əsas vəsaitlərin) girov qoyulmasına razılıq vermək;

3.0.18. dövlət əmlakının satıcısı səlahiyyətlərini həyata keçirmək, nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərə məxsus obyektlərin (əsas vəsaitlərin) satılmasına razılıq vermək;

3.0.19. tabeliyindən və sahə mənsubiyyətindən asılı olmayaraq, dövlət mülkiyyətində olan, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərə məxsus obyektlərin (əsas vəsaitlərin) balansdan balansa verilməsinə razılıq və silinməsinə dair rəy vermək;

3.0.20. dövlət müəssisələrinin və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərin təsisçisi və iştirakçısı kimi çıxış etmək, dövlət təşkilatları tərəfindən dövlət müəssisələrinin (o cümlədən onların filial və nümayəndəliklərinin) yaradılmasına, yenidən təşkilinə, ləğv olunmasına və təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi şəxslərin yaradılmasında dövlət əmlakının pay şəklində qoyuluşuna razılıq vermək;

3.0.21. Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, dövlət mülkiyyəti əsasında yaradılan və ya səhmləri (payları) dövlətə məxsus olan müəssisələrin idarə edilməsini təşkil etmək, fəaliyyət istiqamətləri üzrə həmin müəssisələrin rəhbərlərini təyin etmək və ya təyin edilməsi ilə bağlı təqdimat vermək, onlarla əmək müqavilələri bağlamaq;

3.0.22. dövlət müəssisələrinin nizamnamələrini təsdiq etmək və nizamnamə kapitalında dövlətə məxsus payın (səhmlərin) miqdarı 20 faiz və ondan artıq olan hüquqi şəxslərin nizamnamələrinin təsdiq edilməsinə razılıq vermək;

3.0.23. birgə müəssisələrdə dövlətə məxsus payın (səhmlərin) miqdarının dəyişdirilməsinə razılıq vermək və həmin paydan səmərəli istifadə edilməsinə nəzarəti həyata keçirmək;

3.0.24. Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, müəssisələrin nizamnamə kapitalında dövlətə məxsus payların (səhmlərin) saxlanılmasını və idarə olunmasını təmin etmək, onlardan səmərəli istifadəyə nəzarəti həyata keçirmək, o cümlədən idarəetmə məqsədilə payları (səhmləri) hüquqi və ya fiziki şəxslərə vermək;

3.0.25. dövlət müəssisələrinin, dövlət əmlakının (obyektlərinin) və hüquqi şəxslərin nizamnamə kapitalında dövlətə məxsus səhmlərin (payların) idarəetməyə verilməsi barədə təkliflər vermək, bununla bağlı müsabiqələr təşkil etmək, müqavilələr bağlamaq və həmin müqavilələrin icrasına nəzarəti həyata keçirmək;

3.0.26. dövlət müəssisələrinin və nizamnamə kapitalında dövlətin payı olan ödəniş qabiliyyəti olmayan müəssisələrin fəaliyyətini, maliyyə vəziyyətini təhlil edib rəy vermək, özəlləşdirilən müəssisə və obyektlərin müflisləşmə prosedurunu həyata keçirmək;

3.0.27. müflis elan olunmuş dövlət müəssisələrinin əmlakının və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərin dövlətə məxsus əmlakının satışını təşkil etmək;

3.0.28. dövlət əmlakının bələdiyyə mülkiyyətinə verilməsi barədə təqdimat vermək və qəbul olunmuş qərar əsasında əmlakın bələdiyyə mülkiyyətinə verilməsini həyata keçirmək;

3.0.29. Azərbaycan Respublikasının adından əmlakın alınmasını və satılmasını təşkil etmək;

3.0.30. dövlət əmlakı barəsində bağlanmış əqdlər Azərbaycan Respublikasının iqtisadi maraqlarına ziyanla nəticələndikdə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, həmin əqdlərlə bağlı məhkəmədə iddia qaldırmaq, dövlət mülkiyyətində olan, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərlə bağlı məhkəmə mübahisələrində dövlətin mənafeyini təmsil etmək;

3.0.31. dövlət və özəlləşdirilən müəssisələrə məxsus obyektlərin (əmlakın) və torpaq sahələrinin zəbt olunması və qanunazidd formada istifadə olunması hallarının qarşısını almaq üçün tədbirlər görmək, bu məqsədlə aidiyyəti orqanlara məlumat vermək, o cümlədən məhkəmə qarşısında iddia qaldırmaq;

3.0.32. mülkiyyət hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikasını xarici ölkələrin müvafiq orqanlarında təmsil etmək;

3.0.33. dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi ilə əlaqədar iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafının təhlilində, proqnozlaşdırılmasında və perspektiv inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində, müvafiq inkişaf proqramlarının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

3.0.34. özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələrində və özəlləşdirmə prosesində olan müəssisələrdə rəqabətədavamlı malların istehsalı üçün lazımi tədbirlər həyata keçirmək, dövlət müəssisələrinin mövcud vəziyyətini, inkişaf meyillərini və özəlləşdirilməsi imkanlarını təhlil etmək və təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim etmək;

3.0.35. dövlət əmlakının müvafiq üsullarla özəlləşdirilməsi barədə qərar qəbul etmək və özəlləşdirilməsini həyata keçirmək;

3.0.36. dövlət əmlakının özəlləşdirilməsi prosesini ictimai nəzarət və şəffaflıq prinsipləri əsasında həyata keçirmək;

3.0.37. özəlləşdirilməsi barədə qərar qəbul edilmiş dövlət müəssisələrinin restrukturizasiyasını və özəlləşdirməqabağı sağlamlaşdırılması tədbirlərini həyata keçirmək;

3.0.38. özəlləşdirilməsi barədə qərar qəbul edilmiş dövlət müəssisə və obyektlərinin əmlakının, birgə müəssisələrin nizamnamə kapitalındakı dövlətin payının, dövlət əmlakının ilkin (start) satış qiymətini müəyyən etmək, bu məqsədlə məsləhətçilər və müstəqil qiymətləndiricilər cəlb etmək;

3.0.39. strukturuna daxil olan qurum vasitəsilə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin qiymətləndirilməsini və satışını həyata keçirmək;

3.0.40. dövlət müəssisə və təşkilatlarının tərkibindən onların hər hansı bölməsinin (bina, tikili, qurğu və digər əmlakın) çıxarılmasını və ayrıca özəlləşdirilməsini həyata keçirmək, habelə dövlət orqanlarının, dövlət büdcəsindən maliyyələşən təşkilatların, dövlət müəssisələrinin və dövlət təsərrüfat cəmiyyətlərinin fəaliyyəti üçün lazım olmayan və yararsız olan əmlakını onların müraciətləri əsasında sərəncama götürmək;

3.0.41. özəlləşdirilən müəssisə və obyektlərə, habelə ləğv olunan dövlət təşkilatlarına və müəssisələrinə məxsus olmuş sosial-mədəni, kommunal-məişət, mülki müdafiə, səfərbərlik təyinatlı obyektlərin və özəlləşdirilməsi nəzərdə tutulmayan digər əmlakın aidiyyəti üzrə balansdan balansa verilməsi barədə təkliflər vermək və qəbul olunmuş qərar əsasında əmlakın balansdan balansa verilməsinə nəzarəti həyata keçirmək;

3.0.42. dövlət əmlakının özəlləşdirilməsinə dair alğı-satqı və girov müqavilələri bağlamaq, onların qeydiyyatını aparmaq və icrasını təmin etmək;

3.0.43. dövlət müəssisə və obyektlərinin investisiya müsabiqələri vasitəsilə özəlləşdirilməsini təşkil etmək, bu barədə müqavilələr bağlamaq və həmin müqavilələrin icrasına nəzarəti həyata keçirmək;

3.0.44. dövlət əmlakının özəlləşdirilməyə hazırlanması, qiymətləndirilməsi və satışı prosesinə maliyyə məsləhətçilərini cəlb etmək və onlarla müqavilələr bağlamaq;

3.0.45. dövlət müəssisələrinin səhmdar cəmiyyətinə çevrilməsi barədə qərar qəbul etmək və təsisçi qismində çıxış etmək, onların dövlət qeydiyyatına alınmasını və özəlləşdirilməsini təmin etmək, səhmdar cəmiyyətlərinin və nizamnamə kapitalında dövlətin payı olan birgə müəssisələrin idarəetmə orqanlarında dövlətin nümayəndəsini təyin etmək;

3.0.46. dövlət əmlakının özəlləşdirilməsi prosesində təsis olunmuş və tam özəlləşdirilməmiş səhmdar cəmiyyətlərinə məxsus daşınar və daşınmaz əmlakın satılmasına, icarəyə verilməsinə, digər qaydada özgəninkiləşdirilməsinə razılıq vermək;

3.0.47. səhmlərinin tamamilə və ya nəzarət zərfinin dövlət mülkiyyətində saxlanılması barədə qərar qəbul olunmuş səhmdar cəmiyyətlərinə məxsus daşınmaz əmlakı icarəyə vermək, daşınar əmlakın icarəyə verilməsinə razılıq vermək və bu sahədə nəzarəti həyata keçirmək;

3.0.48. birgə müəssisələrin nizamnamə kapitalındakı dövlətin payının özəlləşdirilməsinə dair əqdlər bağlamaq və alıcılara həmin payın satılmasına dair şəhadətnamələr vermək;

3.0.49. dövlət əmlakının özəlləşdirilməsindən, icarəyə verilməsindən və onun barəsində həyata keçirilən digər əməliyyatlardan əldə edilən vəsaitin statistik və mühasibat hesabatlarını aparmaq, həmin vəsaitin dövlət büdcəsinə daxil olmasını təmin etmək;

3.0.50. dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsaitdən ayırmaları dövlət əmlakının özəlləşdirilməsində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili və müəssisələrin özəlləşdirmə qabağı sağlamlaşdırılması, özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanılması və mühafizəsi, mülkiyyət hüquqlarının qorunması ilə bağlı Azərbaycan Respublikasını xarici ölkələrin müvafiq orqanlarında, habelə məhkəmə orqanlarında təmsiletmə xərclərinin ödənilməsi məqsədilə istifadə etmək;

3.0.51. fəaliyyət istiqamətlərinə aid sahələrdə təsdiq edilmiş dövlət proqramlarının icrası barədə müəyyən olunmuş qaydada hesabat vermək;

3.0.52. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini fəaliyyət istiqamətləri üzrə təmin etmək;

3.0.53. özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələri və onların özəlləşdirilməsi ilə bağlı məsələlərin icrası ilə əlaqədar beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq etmək, onların, habelə xarici ölkələrin müvafiq qurumlarının keçirdiyi tədbirlərdə iştirak etmək;

3.0.54. özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələrinə, habelə onların özəlləşdirilməsi ilə bağlı həmin müəssisələrə xarici investisiyaların cəlb olunması strategiyasını müəyyənləşdirmək və həyata keçirmək;

3.0.55. özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələrinə, o cümlədən onların özəlləşdirilməsi ilə bağlı həmin müəssisələrə investisiyaların cəlb edilməsi məqsədilə tədbirlər həyata keçirmək, bu məsələlərlə əlaqədar investisiya layihələrinin (proqramlarının) iqtisadi səmərəliliyi və məqsədəuyğunluğu barədə rəy vermək, özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələrinə və onların özəlləşdirilməsi ilə bağlı həmin müəssisələrə investisiyaların cəlb edilməsi sahəsində bağlanılmış müqavilələrin icrası zamanı dövlət mənafelərinin qorunmasına nəzarəti həyata keçirmək;

3.0.56. özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələrinə, o cümlədən onların özəlləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə-iqtisadi təşkilatlar və xarici dövlətlər tərəfindən həmin müəssisələrə verilən kreditlərdən istifadə məqsədilə aidiyyəti nazirlik, komitə və təşkilatlar cəlb olunmaqla investisiya layihələrinin müsabiqələrini təşkil etmək;

3.0.57. özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələrinə, o cümlədən onların özəlləşdirilməsi ilə bağlı həmin müəssisələrə verilən maliyyə və texniki yardımların əlaqələndirilməsində, həmin məsələlərlə əlaqədar verilmiş xarici kreditlərdən (yardımlardan) məqsədli və səmərəli istifadə olunmasına nəzarəti həyata keçirmək;

3.0.58. dövlət müəssisələrinin özəlləşdirməqabağı və özəlləşdirilmiş müəssisələrin investisiya qoyuluşu imkanları haqqında məlumat bankı yaratmaq, potensial investorlar arasında həmin müəssisələrin imkanları ilə bağlı zəruri məlumatların yayılmasını təşkil etmək;

3.0.59. özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələri üzrə, o cümlədən onların özəlləşdirilməsi ilə bağlı investisiya layihələrinin hazırlanması və həyata keçirilməsi sahəsində tədbirlər həyata keçirmək, dövlət əmlakının özəlləşdirilməsinin, özəlləşdirilmiş müəssisələrin fəaliyyətinin dəstəklənməsi məqsədilə xüsusi əhəmiyyət kəsb edən investisiya layihələrinin icrasını təmin etmək üçün təkliflər hazırlamaq və təqdim etmək;

3.0.60. özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələrinə, o cümlədən onların özəlləşdirilməsi ilə bağlı investisiya qoyuluşuna dair təkliflərin ekspertizasını həyata keçirmək;

3.0.61. özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələrinə investisiya qoyuluşu və onların özəlləşdirilməsi ilə bağlı xarici investorlarla danışıqlarda dövləti təmsil etmək, dövlət və özəlləşdirilmiş müəssisələrin investisiya qoyuluşu sahəsində qanuni mənafelərini müdafiə etmək;

3.0.62. Azərbaycan Respublikasında xarici investisiyalı müəssisələrin uçotunu aparmaq, bu sahədə mövcud olan problemlərin aşkar edilməsini və onların aradan qaldırılmasını təmin etmək məqsədilə təhlil aparmaq və tədbirlər həyata keçirmək;

3.0.63. özəlləşdirilmiş dövlət müəssisələrinin səmərəli fəaliyyət göstərməsi üçün əlverişli mühitin yaradılması, investisiya mühitinin yaxşılaşdırılması və investisiyaların stimullaşdırılması ilə bağlı təkliflər hazırlamaq və tədbirlər həyata keçirmək;

3.0.64. özəlləşdirilmiş müəssisələrin yeni mülkiyyətçiləri tərəfindən özəlləşdirmə barədə bağlanılmış əqdlərdə nəzərdə tutulmuş öhdəlik və şərtlərin, o cümlədən investisiya qoyuluşu (onun istiqamətləri, həcmi və müddətləri), sosial, iqtisadi və digər tələblərin yerinə yetirilməsinə nəzarəti həyata keçirmək;

3.0.65. dövlət müəssisələrinin özəlləşdirmədən sonrakı fəaliyyətinin dəstəklənməsi və investisiya qoyuluşunun səmərəliliyinin təmin olunması məqsədilə mütəmadi olaraq onların fəaliyyət göstəricilərini araşdırmaq və monitorinqini aparmaq;

3.0.66. özəlləşdirilən müəssisə və obyektlərin yenidən təşkilinin və ləğvinin qanunauyğunluğunu təhlil etmək və bu sahədə qanun pozuntuları aşkar olunduqda aidiyyəti orqanlar qarşısında məsələ qaldırmaq;

3.0.67. özəlləşdirilən müəssisələrin sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, daxili tələbatın yerli istehsal hesabına təmin edilməsi, rəqabət qabiliyyətinin yüksəldilməsi məqsədilə onlara investisiya qoyuluşu, maliyyə, kredit, vergi, informasiya-metodiki, kadrların hazırlanması və digər sahələrdə kömək göstərilməsi üçün təhlillər aparmaq, müasir texnologiyaların tətbiqi üzrə təkliflər hazırlamaq, innovasiya prosesinin sürətləndirilməsi tədbirlərinin həyata keçirilməsini təmin etmək;

3.0.68. strukturuna daxil olan qurum vasitəsilə dövlət, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılmasına, onların təyinatının dəyişdirilməsinə razılıq vermək, dövlət və özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin təyinatı üzrə istifadəsi vəziyyətinin araşdırılması məqsədilə monitorinq aparmaq;

3.0.69. strukturuna daxil olan qurum vasitəsilə dövlət, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılması hallarını araşdırmaq və aşkar edilmiş pozuntu hallarının aradan qaldırılması üçün fəaliyyət istiqamətləri üzrə tədbirləri həyata keçirmək, o cümlədən belə hallar barədə səlahiyyətli dövlət orqanlarına məlumat vermək;

3.0.70. dövlətin payı olan hüquqi şəxslərdə dövlət büdcəsinə çatacaq dividendlərin hesablanmasını və verilməsini araşdırmaq, bu sahədə qanun pozuntuları aşkar olunduqda aidiyyəti orqanlar qarşısında məsələ qaldırmaq;

3.0.71. özəlləşdirmə prosesində əmək kollektivi üzvlərinin hüquqlarının və sosial ədalət prinsipinin qorunmasını təmin etmək;

3.0.72. dövlət, özəlləşdirilən müəssisə və obyektlərin vergi və digər borclarının vaxtında ödənilməməsi səbəbindən yaranan borclarla əlaqədar ödəmənin əmlaka yönəldilməsinə razılıq vermək;

3.0.73. özəlləşdirilən müəssisələrin fəaliyyətinin dəstəklənməsi məqsədilə özəlləşdirilən müəssisə və obyektlərin dövlət müəssisələri ilə qarşılıqlı münasibətlərini tənzimləmək və onların fəaliyyətini əlaqələndirmək, dövlət ehtiyaclarının təmin edilməsi üçün özəlləşdirilən müəssisə və obyektlərə dövlət sifarişlərinin verilməsi işinin təşkilində iştirak etmək;

3.0.74. dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə istehsalın səmərəliliyinin artırılması ilə bağlı dövlət müəssisələrinin uzunmüddətli inkişaf planlarını razılaşdırmaq, dövlət müəssisələrinin, habelə özəlləşdirilən müəssisə və obyektlərin perspektiv inkişaf və biznes planlarına dair rəy vermək, investisiya qoyuluşunun genişləndirilməsi ilə bağlı tövsiyələr vermək;

3.0.75. dövlət əmlakının idarə edilməsini və özəlləşdirilməsini, onun barəsində sərəncam verilməsini və qeydiyyatının aparılmasını, özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələrinə, o cümlədən onların özəlləşdirilməsi ilə bağlı həmin müəssisələrə investisiyaların cəlb olunmasını, dövlət müəssisələri özəlləşdirildikdən sonra onların yeni mülkiyyətçiləri tərəfindən həmin müəssisələrə investisiya qoyuluşu üzərində nəzarəti təmin etmək;

3.0.76. özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələrinin və onların özəlləşdirilməsi ilə bağlı həmin müəssisələrin investisiya fəaliyyətini pozmuş hüquqi və fiziki şəxslər barədə tədbirlər görmək;

3.0.77. dövlət əmlakından istifadə vəziyyətinin müəyyənləşdirilməsi, müəssisələrin özəlləşdirmə qabağı sağlamlaşdırılması üçün təhlillərin aparılması, özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələrinə və həmin müəssisələrin özəlləşdirilməsi ilə bağlı onlara investisiya qoyuluşlarının səmərəliliyinin yüksəldilməsi və özəlləşdirilən müəssisələrin fəaliyyətinin dəstəklənməsi sahəsində tədbirlərin müəyyən edilməsi məqsədilə dövlət mülkiyyətində olan və özəlləşdirilən müəssisələrdə araşdırmalar təşkil etmək, araşdırmaların nəticələri barədə məlumatları aidiyyəti orqanlara təqdim etmək;

3.0.78. dövlət material ehtiyatlarının saxlanılması və istifadə olunmasına dair təkliflərin hazırlanmasında iştirak etmək;

3.0.79. mülkiyyət növündən asılı olmayaraq daşınmaz əmlakın qiymətləndirilməsini təşkil etmək, daşınmaz əmlakın qiymətləndirilməsini və bu sahədə nəzarəti həyata keçirmək, daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində qiymətləndiricilərin fəaliyyətinə nəzarət etmək,

3.0.80. kadastr uçotuna alınması məqsədi ilə daşınmaz əmlakın kütləvi inventarlaşdırılmasını və qiymətləndirilməsini həyata keçirmək;

3.0.81. strukturuna daxil olan qurum vasitəsilə dövlət əmlakının, o cümlədən dövlət mülkiyyətinə keçməklə müsadirə olunmuş əmlakın və müəyyən olunmuş hallarda borclara görə üzərinə həbs qoyulmuş dövlət əmlakının hərraclarda satışını təşkil etmək;

3.0.82. dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərracların keçirilməsini tənzimləyən sənədlərin nümunələrini təsdiq etmək, strukturuna daxil olan qurum vasitəsilə müsabiqələri və hərracları keçirmək;

3.0.83. strukturuna daxil olan qurum vasitəsilə dövlət mənzil fondu obyektlərinin xüsusi mülkiyyətə verilməsini rəsmiləşdirmək;

3.0.84. strukturuna daxil olan qurumlar vasitəsilə vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrinin, fərdi, kollektiv və kooperativ bağlarının, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək;

3.0.85. strukturuna daxil olan qurum vasitəsilə daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək;

3.0.86. strukturuna daxil olan qurum vasitəsilə daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək, daşınmaz əmlakın vahid dövlət kadastrını, dövlət torpaq kadastrını və onun tərkib hissəsi olan torpaq reyestrini tərtib etmək və aparmaq, daşınmaz əmlakın kadastr qiymətinin müəyyən edilməsi sahəsində tədbirlər görmək;

3.0.87. dövlət torpaq kadastrının aparılmasını təmin etmək məqsədilə strukturuna daxil olan qurum vasitəsilə geodeziya, topoqrafiya, kartoqrafiya, yerquruluşu, torpaq tədqiqatı işlərini həyata keçirmək, müvafiq dövlət və bələdiyyə orqanları ilə birlikdə torpaq, aqrokimya, geobotanika və digər axtarış işlərinin aparılmasını təşkil etmək;

3.0.88. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

3.0.89. strukturuna daxil olan qurumlar vasitəsilə mərzçəkmə işlərini aparmaq və mərz nişanları qoymaq;

3.0.90. strukturuna daxil olan qurum vasitəsilə daşınmaz əmlakla bağlı inventarlaşdırma işlərinin aparılmasının və texniki sənədlərin tərtibinin, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərinin özəl hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilməsini təşkil etmək və akkreditə olunmuş qurum vasitəsilə bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;

3.0.91. strukturuna daxil olan qurum vasitəsilə ünvan reyestrini tərtib etmək və aparmaq, daşınmaz əmlak obyektlərinə ünvan vermək, ünvan reyestrində saxlanılan və açıq hesab edilən məlumatları internet saytında yerləşdirmək;

3.0.92. strukturuna daxil olan qurum vasitəsilə ünvan reyestrinin məlumatlarını Ünvan Reyestri İnformasiya Sisteminə daxil etmək və onun aparılmasını təmin etmək;

3.0.93. strukturuna daxil olan qurum vasitəsilə ünvan reyestrinə daxil edilmiş ünvan rekvizitləri hesab edilən nəqliyyat infrastrukturu obyektlərinin adlarını və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən lövhələri hazırlamaq və daşınmaz əmlak obyektlərində yerləşdirmək;

3.0.94. strukturuna daxil olan qurum vasitəsilə dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın vahid dövlət kadastrının məlumatlarının, torpaq sahələrinin yerquruluşu planından və torpaq kadastrı məlumatlarından çıxarışların verilməsini təmin etmək;

3.0.95. strukturuna daxil olan qurumlar vasitəsilə dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinə, torpaqlardan istifadəyə və onların mühafizəsinə, xüsusi (sahəvi) təyinatlı geodeziya fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək, torpaqların münbitliyinin təmin olunmasına (münbitliyin bərpasına və artırılmasına nəzarət istisna olmaqla) dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək;

3.0.96. strukturuna daxil olan qurum vasitəsilə mülkiyyət növündən asılı olmayaraq torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəricilərinin dəqiqləşdirilməsi, torpaq sahələrində baş verən dəyişikliklərin vaxtında aşkara çıxarılması və qiymətləndirilməsi, torpaqların münbitliyinin müəyyən edilməsi məqsədilə tədqiqat və monitorinq aparmaq;

3.0.97. strukturuna daxil olan qurum vasitəsilə sahəvi kadastrların məlumatlarını daşınmaz əmlakın vahid dövlət kadastrına daxil etmək, daşınmaz əmlakın ayrı-ayrı növləri üzrə sahəvi kadastr aparan dövlət orqanları ilə işləri əlaqələndirmək, dövlət torpaq kadastrı, yerquruluşu, xüsusi (sahəvi) təyinatlı geodeziya işləri nəticəsində əldə olunan məlumatların və sənədlərin saxlanılmasını və istifadəsini təmin edən tədbirləri həyata keçirmək;

3.0.98. daşınmaz əmlakın idarə olunmasının, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının elektron variantda vahid informasiya sistemində aparılmasını təmin etmək;

3.0.99. daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrası və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək;

3.0.100. bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin sərhədlərini aidiyyəti orqanlarla birlikdə müəyyən etmək və torpaqları müvafiq bələdiyyələrə təhvil vermək, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəy vermək;

3.0.101. strukturuna daxil olan qurum vasitəsilə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə uyğun olaraq rayon, şəhər və digər yaşayış məntəqələrinin və bələdiyyələrin sərhədlərini naturada müəyyən etmək, elektron daşıyıcıda və kağız üzərində xəritələşdirilməsini həyata keçirmək;

3.0.102. strukturuna daxil olan qurum vasitəsilə inzibati ərazi vahidlərinin və inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması məqsədilə sərhədlərinin müəyyən edilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərini yerinə yetirmək, yerquruluşu sənədlər qovluğunu hazırlamaq, xəritələri hazırlamaq və təsdiq etmək;

3.0.103. strukturuna daxil olan qurum vasitəsilə “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati ərazi vahidlərində dövlət torpaq kadastrının aparılması məqsədilə kadastr-planaalma işlərini həyata keçirmək;

3.0.104. bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində hazırlanmış xəritələrini, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək;

3.0.105. torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi barədə vəsatətlərə baxmaq və aidiyyəti orqanlarla razılaşdırılmış təklifləri əsaslandırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək;

3.0.106. bələdiyyə mülkiyyətinə torpaq alınması barədə vəsatətlərə baxmaq və aidiyyəti orqanlarla razılaşdırılmış təklifləri əsaslandırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək;

3.0.107. torpaqların şorlaşma, şorakətləşmə və müxtəlif antropogen və texnogen çirklənmələrdən mühafizəsi, torpaqların münbitliyinin qorunması layihələrinin tərtibində və həyata keçirilməsində iştirak etmək, dövlət torpaq kadastrının aparılması ilə bağlı həmin layihələrin yerinə yetirilməsinə nəzarət etmək;

3.0.108. torpaqların kənd təsərrüfatı və meşə təsərrüfatı dövriyyəsindən çıxarılması ilə əlaqədar olaraq kənd təsərrüfatı və meşə təsərrüfatı itkilərinin miqdarının müəyyən edilməsi barədə təkliflərin verilməsində iştirak etmək;

3.0.109. təsərrüfat fəaliyyətinin torpağa olan zərərli nəticələrinin təhlil edilməsində, torpaqda baş verən hər hansı mənfi proseslərin əmələ gəlməsinin öncədən müəyyənləşdirilməsində və onlara qarşı mübarizə tədbirlərinin hazırlanmasında digər dövlət orqanları ilə qarşılıqlı fəaliyyət göstərmək;

3.0.110. hər il 1 yanvar vəziyyətinə əvvəlki il üçün torpaq fondunun növlərinə, torpaqların rekultivasiyasına, mülkiyyətçilər və istifadəçilər üzrə torpaq bölgüsünə, hər 5 ildən bir isə torpaqların keyfiyyətinə (bonitirovka, iqtisadi qiymətləndirmə) dair hesabatları tərtib etmək və aidiyyəti üzrə təqdim etmək;

3.0.111. kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balları müəyyənləşdirmək, habelə torpağın normativ qiymətinin müəyyənləşdirilməsinə və torpaqlardan səmərəli istifadə olunması və onların mühafizəsini təmin edən iqtisadi həvəsləndirmə tədbirlərinə dair təkliflər hazırlamaq;

3.0.112. torpaqların zonalaşdırılması barədə təkliflər vermək;

3.0.113. münbitlik xassələrini itirmiş torpaqların müvəqqəti əkin dövriyyəsindən çıxarılmasına (konservasiyasına) dair təkliflər verilməsində, torpaqların münbitliyinin bərpası, artırılması və onların mühafizəsi üzrə investisiya proqramlarının ekspertizasının həyata keçirilməsində, gələcəkdə həmin sahələrin kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsi barədə təkliflər verilməsində iştirak etmək;

3.0.114. çirklənmiş, öz keyfiyyətini itirmiş və yararsız hala düşmüş (tənəzzülə uğramış) torpaqların konservasiya edilməsinə dair təkliflərin hazırlanmasında iştirak etmək;

3.0.115. torpaq ehtiyatlarından istifadə olunmasında proqramların, sxemlərin və yerquruluşu layihələrinin dövlət ekspertizasını aparmaq, şəhərsalma və tikinti qanunvericiliyinə uyğun olaraq ərazi planlarına və baş planlara müvafiq rəy vermək;

3.0.116. dövlət torpaq kadastrının aparılması və yerquruluşu işlərinin həyata keçirilməsi ilə bağlı layihə-axtarış və təcrübi-eksperimental işlərin aparılmasını təşkil etmək;

3.0.117. torpaq bazarını təşkil etmək, torpaq bazarı subyektlərinin hüquq və vəzifələrini əhali arasında təbliğ etmək, torpaq bazarını tənzimləyən rəsmi məlumatların müntəzəm toplanmasını, xüsusi bülletenlər və kütləvi informasiya vasitələri ilə açıqlanmasını təmin etmək;

3.0.118. torpaq, su, meşə, şəhər və digər kadastr işlərinin aparılması üçün geodeziya istinad şəbəkəsinin yaradılmasında, topogeodeziya, kartoqrafiya və kadastr plan və xəritələrinin tərtibatında, yeniləşdirilməsində və təminatı işlərinin həyata keçirilməsində iştirak etmək və onlardan istifadə etmək, fəaliyyət istiqamətləri üzrə plan və xəritələri hazırlamaq;

3.0.119. yerquruluşu və kadastr məqsədləri üçün daimi fəaliyyət göstərən geodeziya istinad məntəqələri şəbəkəsinin yaradılmasını, istismarını təşkil etmək və şəbəkə xidmətinin fasiləsizliyini təmin etmək;

3.0.120. müasir geodeziya alətlərinin və cihazlarının tətbiqi üçün şərait yaratmaq və tədbirlər görmək;

3.0.121. vahid koordinat və hündürlük sistemində obyekt və sənaye komplekslərinin, şəhər və başqa yaşayış məntəqələrinin ərazisinin 1:2000 və daha böyük, tikilməmiş (açıq) ərazilərdə isə 1:5000 və daha kiçik miqyaslı topoqrafik xəritələrinin təzələnməsində və çoxməqsədli topoqrafik planaalmasında iştirak etmək;

3.0.122. müəyyən edilmiş qaydada razılaşdırılmaqla aerofotoplanaalma işlərinin həyata keçirilməsində və digər təşkilatların həmin məlumatlarla müəyyən olunmuş qaydada təmin edilməsində iştirak etmək;

3.0.123. torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə həyata keçirilən faydalı qazıntıların hasilatı, aqrokimyəvi, meşə-meliorasiya, geoloji-kəşfiyyat, axtarış işlərində aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması sahəsində tədbirlər görmək;

3.0.124. fəaliyyət istiqamətləri üzrə qanunvericiliyin tələblərini pozan şəxsləri inzibati məsuliyyətə cəlb etmək, inzibati işlərə baxmaq və həmin şəxslər barəsində inzibati tənbeh tədbirləri görmək;

3.0.125. fəaliyyət istiqamətləri üzrə dövlət rüsumlarının məbləği və xidmət haqlarının tarifləri barədə aidiyyəti üzrə təkliflər vermək, müvafiq sahələrdə göstəricilərin ümumiləşdirilməsini təmin etmək, statistikasını aparmaq, məlumat bankını yaratmaq;

3.0.126. müvafiq sahədə işlərin maliyyələşdirilməsinə dair təkliflər hazırlamaq, büdcədən ayrılan vəsait əsasında dövlət sifarişlərini həyata keçirmək, ayrılan büdcə vəsaitindən, tabeliyində olan qurumların göstərdiyi xidmətlərə görə xidmət haqları üzrə daxilolmalardan, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını, habelə ödənilən dövlət rüsumlarının dövlət büdcəsinə köçürülməsini təmin etmək;

3.0.127. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək, habelə konfransların, seminarların, treninq kurslarının keçirilməsini təşkil etmək;

3.0.128. müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;

3.0.129. Komitənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;

3.0.130. Komitənin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və müəyyən edilmiş qaydada tədbirlər görmək.

4. Komitənin hüquqları

4.0. Komitə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.0.1. müvafiq sahəni tənzimləyən qanunvericilik aktlarının layihəsini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;

4.0.2. dövlət müəssisələrinə onların fəaliyyətinin tənzimlənməsi üçün icrası məcburi olan göstərişlər vermək;

4.0.3. mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, yerli özünüidarəetmə orqanlarından, hüquqi və fiziki şəxslərdən fəaliyyət istiqamətləri üzrə məlumatlar (sənədlər) almaq;

4.0.4. müvafiq sahəyə aid Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;

4.0.5. fəaliyyət istiqamətləri üzrə monitorinqlər və müşahidələr aparmaq, monitorinqlər və müşahidələr zamanı qanun pozuntuları aşkar edildikdə hüquq-mühafizə və digər dövlət orqanları ilə əlaqəli fəaliyyət göstərmək;

4.0.6. Azərbaycan Respublikasında sahəvi kadastrları tərtib edən və aparan digər dövlət orqanları ilə əməkdaşlıq etmək və məlumat mübadiləsi həyata keçirmək;

4.0.7. torpaq ehtiyatlarından səmərəli istifadə və onların mühafizəsi məsələləri üzrə yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin qanunvericiliyin tələblərinə uyğun gəlməyən qərarlarının icrasının dayandırılması və ya ləğv edilməsi barədə aidiyyəti orqanlar qarşısında məsələ qaldırmaq və ya məhkəmə qarşısında iddia qaldırmaq;

4.0.8. torpaq istifadəçiləri tərəfindən torpaq qanunvericiliyinin tələbləri müntəzəm olaraq pozulduqda, ayrılmış torpaq sahəsindən təyinatı üzrə istifadə edilmədikdə və ya qanunvericiliklə müəyyən edilmiş digər hallarda, həmin sahənin torpaq istifadəçisindən geri alınması barədə tədbirlər görmək, rayon, şəhər icra hakimiyyəti orqanı və ya bələdiyyə qarşısında vəsatət qaldırmaq, məhkəmədə iddiaçı qismində çıxış etmək;

4.0.9. torpaq sahələrinin istifadəyə verilməsi barədə vəsatət vermək;

4.0.10. ölkə ərazisində həyata keçirilən aerofotoplanaalma işlərinin nəticələri olan məlumatlardan istifadə etmək;

4.0.11. fəaliyyət istiqamətləri üzrə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

4.0.12. fəaliyyət istiqamətləri üzrə rəy vermək, təhlillər, ümumiləşdirmələr və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq, təkliflər vermək;

4.0.13. səlahiyyətlərinə aid edilmiş məsələlərin işlənib hazırlanması və yerinə yetirilməsi üçün xarici və yerli ekspertləri və məsləhətçiləri, məsləhətçi şirkətləri cəlb etmək, onlarla müqavilələr bağlamaq;

4.0.14. müqavilələr bağlamaq, tabeliyində olan qurumların fəaliyyət istiqamətləri üzrə göstərdiyi xidmətlərə görə alınan xidmət haqlarından daxil olan vəsaitdən istifadəni təmin etmək;

4.0.15. öz adından məhkəmələrdə iştirak etmək;

4.0.16. tabeliyində hüquqi şəxs statuslu qurumlar yaratmaq, onları yenidən təşkil etmək və ləğv etmək;

4.0.17. dövri mətbuat orqanı təsis etmək, xüsusi bülletenlər və digər nəşrlər buraxmaq.

5. Komitənin fəaliyyətinin təşkili

5.1. Komitənin aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyində olan digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair) Komitənin vahid sistemini təşkil edir. Komitə öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.

5.2. Komitənin strukturu, Komitənin aparatının və onun strukturuna daxil olan qurumların işçilərinin ümumi say tərkibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.

5.3. Komitənin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Komitənin sədri rəhbərlik edir. Komitənin sədri Komitəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.4. Komitənin sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır. Komitə sədrinin müavinləri onlara sədr tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

5.5. Komitənin sədri vəzifəsinə görə eyni zamanda Azərbaycan Respublikasının torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə Baş Dövlət Müfəttişidir. Onun aidiyyəti müavini isə Azərbaycan Respublikasının torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə Baş Dövlət Müfəttişinin müavinidir.

5.6. Komitənin müvafiq qurumunun direktoru, onun müavinləri və aidiyyəti struktur vahidlərinin (şöbələrinin) rəhbərləri vəzifəsinə görə eyni zamanda torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə dövlət müfəttişidir. Komitənin müvafiq qurumunda dövlət nəzarətinin həyata keçirilməsi həvalə edilmiş işçilər isə torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə müfəttişlərdir.

5.7. Komitənin yerli qurumlarının rəhbərləri vəzifələrinə görə müvafiq rayon və şəhər torpaqlarından istifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə rayon, şəhər dövlət müfəttişləridir. Yerli qurumların dövlət nəzarətinin həyata keçirilməsi həvalə edilmiş işçiləri müvafiq rayon və şəhər torpaqlarından istifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə müfəttişlərdir.

5.8. Komitənin sədri:

5.8.1. Komitənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.8.2. müavinləri arasında vəzifə bölgüsü aparır, onların, habelə Komitənin digər vəzifəli şəxslərinin ştat, kadr, maliyyə, təsərrüfat və digər məsələlər üzrə səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;

5.8.3. Komitənin aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla) və elmi-texniki şurasının əsasnamələrini təsdiq edir;

5.8.4. Komitənin strukturuna daxil olmayan tabeliyindəki hüquqi şəxslərin nizamnamələrini təsdiq edir;

5.8.5. müəyyən edilmiş struktur, əməkhaqqı fondu, işçilərin say həddi daxilində Komitənin aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;

5.8.6. Komitənin aparatının işçilərini, Komitənin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini, onların struktur bölmələrinin rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, onların barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

5.8.7. əmr və sərəncam formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların, habelə Komitə tərəfindən qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

5.8.8. Komitənin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

5.8.9. səlahiyyətləri daxilində korrupsiyaya qarşı tədbir görür;

5.8.10. Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət orqanları, idarə, müəssisə və təşkilatları, hüquqi və fiziki şəxsləri ilə, habelə beynəlxalq təşkilatlarla münasibətlərdə Komitəni təmsil edir, danışıqlar aparır, verilmiş səlahiyyətlər daxilində müvafiq beynəlxalq sənədləri imzalayır;

5.8.11. Komitəyə aid edilmiş məsələlər üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar vəsaitlərin formalaşdırılması ilə bağlı təkliflər verir;

5.8.12. dövlət büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir;

5.8.13. Komitənin dövlət qulluqçusu olan işçilərinə dövlət qulluğunun baş müşaviri və ondan aşağı olan ixtisas dərəcələri verir;

5.8.14. özəlləşdirilmək məqsədilə Komitənin sərəncamına verilmiş qurumların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, onların barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

 5.8.15. dövlət müəssisələrinin çevrilməsi nəticəsində təsis olunmuş səhmdar cəmiyyətlərinin idarə heyəti sədrlərini qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin və vəzifədən azad edir.

5.9. Komitənin sədri öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti icrasını müavinlərindən birinə tapşıra bilər.

5.10. Komitədə Komitə sədrindən (kollegiyanın sədri), onun müavinlərindən və Komitənin digər rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Komitənin kollegiyasının tərkibinə mütəxəssislər və alimlər də daxil edilə bilər.

5.11. Komitənin kollegiyasının üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

5.12. Komitənin kollegiyası öz iclaslarında Komitənin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.

5.13. Komitənin kollegiyası qərar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir:

5.13.1. Komitə ilə digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ hüquqi aktları;

5.13.2. qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən Komitəyə tapşırılmış konkret normativ hüquqi aktları;

5.13.3. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktları;

5.13.4. aidiyyəti dövlət orqanları ilə razılaşdırılmalı olan normativ hüquqi aktları;

5.13.5. Komitə sədrinin təşəbbüsü ilə Komitənin kollegiyasının müzakirəsinə çıxarılan aktları;

5.13.6. bu Əsasnamənin 5.13.1-ci - 5.13.5-ci yarımbəndlərinə uyğun olaraq, Komitənin kollegiyasının qəbul etdiyi normativ hüquqi aktların ləğvi və ya onlarda dəyişikliklər edilməsi barədə normativ hüquqi aktları.

5.14. Komitənin kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Komitənin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Komitənin kollegiyasının qərarları qəbul edilərkən səslər bərabər olarsa, kollegiyanın sədrinin səsi həlledici hesab edilir.

5.15. Komitənin kollegiyasının qərarları protokolla rəsmiləşdirilir və Komitənin sədri tərəfindən təsdiq edilir.

5.16. Komitənin kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda, Komitənin sədri bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək, öz qərarını həyata keçirir. Komitənin kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.

5.17. Komitənin kollegiyasının iclaslarına digər icra hakimiyyəti orqanlarının və təşkilatların, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilər.

5.18. Müvafiq sahədə elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Komitədə ictimai əsaslarla fəaliyyət göstərən elmi-texniki şura yaradılır. Elmi-texniki şuranın tərkibi Komitə sədri tərəfindən təsdiq edilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında